Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1231/2025 29.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: borcun ödənilməsi tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 2(021)-305/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 29 iyul 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhər 21 saylı notariat ofisində 18 fevral 2017-ci il tarixdə bağlanmış kredit müqaviləsindən görünür ki, İddiaçı 20300 manat məbləğində pulu faizsiz olaraq xx.xx.2017-ci il tarixinədək ödəmək şərti ilə Cavabdeh borc vermişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13825 manat pulun, həmin məbləğin illik bank uçot faizi və 132 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tanışı olan cababdeh Cavabdeh 18 fevral 2017-ci il tarixdə ondan notarial qaydada 20300 manat pul borc götürmüşdür. Ötən müddət ərzində dəfələrlə göstərilən məbləğin ödənilməsi üçün cavabdehə müraciət etsə də, o, müxtəlif bəhanələr gətirməklə ödəməni bu günədək tam ödəməmişdir. Ümumilikdə, bu qünə kimi cavabdeh ona, cəmi 6475 manat ödəmişdir və 13825 manat borcu qalmışdır. Uzun müddət keçməsinə baxmayaraq bu günə kimi cavabdeh öhdəliyini icra etməsini dəfələrlə tələb etsə də cavabdeh icra etməyərək, borcunu ödəməmişdir. Cavabdehin günahı ucbatından ona həm maddi, həm də mənəvi ziyan dəymişdir və ziyan cavabdehin təqsiri hüquqa zidd əməlləri nəticəsində vurulduğundan, cavabdeh mülki-hüquq məsuliyyəti daşıyır.
4. Bərdə Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 2(021)-305/2025 nömrəli qətnaməsi ilə (hakim Fərman Abdullayev) iddia tələbi təmin edilərək, Cavabdeh 13825 (on üç min səkkiz yüz iyyirmi beş) manat əsas borc, əsas borca xx.xx.2017-ci il tarixdən xx.xx.2024-cü il tarixdək (6 il 8 ay 4 günlük müddət üçün) illik beş faiz dərəcəsi ilə hesablanmış 4609 (dörd min altı yüz doqquz) manat faiz borcu, cəmi 18434 (on səkkiz min dörd yüz otuz dörd) manat vəsait, həmçinin 132 (yüz otuz iki) manat ödənilmiş dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) İddiaçı xeyrinə tutulması qət edilmişdir.
5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.2, 427.4, 442, 443.1, 448.1, 448.2, 739.1 və 739.2-ci maddələrinə, həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il qərarına istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddətinin tətbiq edilməklə iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı tərəfindən hazırki iş üzrə iddia müddəti ötürülmüşdür. Çünki, Bakı şəhəri 21 saylı notariat kontorunda, İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsindən göründüyü kimi, müqavilə xx.xx.2017-ci il tarixdə 10 ay müddətinə bağlanmışdır. Müqavilədən göründüyü kimi iddiaçı cavabdehin kredit müqaviləsi üzrə borcunun olmasından artıq 2017-cı ildə məlumatlı idi. Həmin tarixdən artıq 8 ildən çox müddət keçmişdir. İddiaçı ötən 8 il ərzində müqavilə üzrə pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Halbuki, mülki qanunvericiliyin tələblərinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il nəzərdə tutulmuşdur. Bu isə onu nəzərdə tutur ki, iddiaçı müqavilə üzrə pul borcunun olmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 3 il ərzində məhkəmədə iddia qaldıra bilərdi. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, iddiaçı keçən 8 il ərzində məhkəmədə iddia qaldırmamışdır. Belə olan halda, iddiaçı öz hüquqlarının cavabdeh tərəfindən pozulduğunu bildiyi və ya bilməli olduğu andan onu cavabdehdən tələb etməmişdir. Bildirir ki, ona məhkəmənin ilk hazırlıq iclası barədə məlumat verilmiş, sonrakı məhkəmə proseslərindən heç bir məlumatı olmamış, məhkəmədə iştirakı təmin edilmədiyindən birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi barədə ərizəni məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmənin hazırlıq iclasından sonrakı məhkəmənin hansı vaxta salındığını soruşduqda ona bildirilmişdir ki, bu barədə onun telefonuna sms gələcəkdir. Bir müddət gözlədikdən sonra heç bir bildiriş gəlmədiyini görüb məhkəməyə yaxınlaşıb məhkəmə prosesinin vaxtını öyrənəndə ona bildirilmişdir ki, iddiaçının iddia ərizəsi baxılmamış saxlanılmışdır. Daha sonra xx.xx.2025-ci il tarixdə ona poçt vasitəsilə belə bir məhkəmə qətnaməsi göndərilmişdir. Sonrakı hazırlıq və məhkəmə baxışı barədə heç bir bildiriş gəlməmişdir. Özü maraqlandıqda isə ona bildirilmişdir ki, iddiaçının iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan əlavə bildirir ki, məhkəmə qətnaməsində qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, məhkəmə qətnaməsinin 2-ci səhifəsinin 4-cü abzasında qeyd edilmişdir ki, “Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir.” Bildirir ki, ona növbəti məhkəmə iclasları barədə nə məhkəmə bildirişi, nə də sms xəbərdarlıq göndərilməmiş, məhkəmə prosesindən məlumatı olmamışdır. Həmçinin, bildirir ki, sözügedən müqavilə formal olaraq bağlanmışdır. həmin kredit müqaviləsi üzrə iddiaçı tərəfindən ona heç bir pul məbləği verilməmişdir. Bildirir ki, iddiaçı ilə şərikli iş görmüşlər. Gürcüstan Respublikasından uşaq bezləri gətirib satmaqla bağlı razılığa gəlmişlər. Gürcüstan Respublikasından uşaq bezlərini Azərbaycan Respublikasına gətirib burada satırmışlar. Bir neçə ay yaxşı işləmişlər, qazancları da yaxşı olmuşdur. Lakin daha sonra ziyana uğramışlar və qoyduqları sərmayə batmışdır. Daha sonra İddiaçı ona bildirmişdir ki, «pulu sığortalamaq üçün gedək notariusda formal kredit müqaviləsi bağlayaq, sonra pulu ona verəcək və yenə də Gürcüstandan mal gətirib Bakıda satacağıq». Müqavilə bağladıqdan sonra Qaməddin ona pul verməmişdir. Halbuki, notariusda bağladıqları müqavilə növbəti partiya üçün Gürcüstandan gətirəcəkləri malların təminatı kimi bağlanmış müqavilə idi, müqavilə imzalandıqdan sonra Qaməddin həmin pulu yeni mal gətirmək üçün ona verəcəkdi. Qaməddin notariusa gedərək pulu borc müqaviləsinə çevirməyini və bundan sonra yenidən ona pul verəcəyini bildirmişdir. Onun himayəsində 2003-cü il təvəllüdlü birinci dərəcəli əlil olan övladı vardır. Ailəsi və övladları onun himayəsindədir. Xəstə övladının müalicəsi və müayinəsi üçün mütəmadi olaraq Bakı şəhərinə getməli olur. Ağır xəstəlikdən əziyyət çəkən övladının xəstəliyi ilə əlaqədar Bakı şəhərində həkimlərin müayinəsində və müalicəsində olur. Həmçinin bildirir ki, asan imzası da olmadığından məhkəmə proseslərindən və məhkəmə qətnaməsindən məlumatı olmamışdır. Asan imza nömrəsini isə xx.xx.2025-ci il tarixdə əldə etmişdir ki, qətnamədən apellyasiya şikayəti verə bilsin. Bunlardan əlavə qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi məbləğlər həqiqəti əks etdirmir, borc məbləği şişirdilmişdir. İddiaçının bu qədər müddət gec iddia ərizəsini məhkəməyə verməkdə görünür faiz və dəbbə pulu şişirtmək məqsədi daşımışdır. Bildirir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə borc məbləği, cərimə və faiz miqdаrının bu qədər şişirdilmiş formada tələb etməsi, onun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsı, onsuzda maddi cəhətdən ağır vəziyyətddə olan cavabdehin daha da ağır vəziyyətə düşməsinə səbəb olacaqdır. Yuxarıda qeyd etdiyi kimi, İddiaçı tərəfindən hazırki iş üzrə pul tələbinə dair iddiası əsassız olmaqla yanası qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülməklə verilmişdir.
8. Gəncə Apellyasiya Məhkəməsinin 29 iyul 2025-ci il tarixli 2(104)-1231/2025 nömrəli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 2(021)- 305/2025 nömrəli qətnaməsi «Cavabdeh 3825 (üç min səkkiz yüz iyirmi beş) manat əsas borc, əsas borca xx.xx.2017-ci il tarixdən xx.xx.2024-cü il tarixdək (6 il 8 ay 4 günlük müddət üçün) illik beş faiz dərəcəsi ilə hesablanmış 4609 (dörd min altı yüz doqquz) manat faiz borcu tutularaq İddiaçı xeyrinə tutulması» hissədə ləğv edilmiş və həmin hissədə işin icraatına xitam verilmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı və digər bir nəfər şəxslə şərik iş görmüşlər. Həmin işdən qazanc da götürmüşlər, ziyana da düşmüşlər. Həmin pul 20000 manat deyil, 20300 manat olmuşdur və pulu Gürcüstan Respublikasında müsadirə ediblər. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, 17300 manat əvvəlcə, daha sonra isə 3000 manat olmaqla cəmi 20300 manat məbləğində zərər yaranmışdır. İddiaçının oğlu polis işçisi olduğundan onu borc müqaviləsi bağlamağa məcbur etmişlər. Həmin müqavilə imzalandıqdan sonrakı gün payına düşən 7100 manat pulu ödəmişdir. Son ödənişi 2-3 il bundan əvvəl etmişdir. Dəqiq tarix yadında deyildir. Birinci instansiya məhkəməsində icraat zamanı xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş, həmin gün müvafiq sübutları təqdim etməyi üçün məhkəmə iclası təxirə salınmışdır. Sübut əldə etmək üçün müvafiq orqanlara müraciət etsə də, yalnız məhkəmə sorğusu əsasında cavab verə biləcəkləri bildirilmişdir. Bu barədə məhkəməyə məlumat versə də, növbəti məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilmədiyindən sonrakı məhkəmə iclaslarında iştirak edə bilməmişdir.
11. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı ilə bir yerdə işləmişlər və ziyana düşmüşlər. Həmin ziyanı rəsmiləşdirmək üçün onu məcbur edib hazırki müqaviləni imzalatmışlar. Əslində, isə onun iddiaçıya borcu yoxdur. Şərikli iş görüb Gürcüstandan pampers gətiririb satmışlar. Mayanı iddiaçı vermişdir. Üç nəfər şərik olmuşlar, qazancı da üç yerə bölmüşlər. Həmin pulu isə Gürcüstana aparmış və gömrükdə pulu əlindən almışlar, ziyan bu şəkildə yaranmışdır. Həmin vaxt iddiaçının da bundan məlumatı olmuşdur. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, müsadirə edilən pul 17000-18000 manat vəsait idi. Həmin məbləği bütövlükdə ona borc yazdılar. Pulun bir hissəsini ödəmişdir. Hesab edir ki, o pul ziyan olduğu üçün hər üç şərik arasında bölünməli idi. Buna görə öz payına düşən hissəni, yəni 6000 manat pulu ödəmişdir. Hər il ödəniş etməmişdir, 2018-ci ildə uşağın pensiya kartını vermiş, bir müddət iddiaçı həmin kartdan pul çıxartmışdır. Dekabr ayında ödəniş edib-etmədiyini dəqiq xatırlamır. Əslində 17300 manat zərərdir, daha sonra notariusda başqa bir iş görmək üçün ona iddiaçı tərəfindən 3000 manat pul verilmişdir. 2017-2024-cü illərdə demək olar ki, hər ay ödəniş etmişdir, lakin ödəniş tarixləri dəqiq yadında deyil. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
12. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdehlə əvvəllər şərikli iş görmüşlər. Hazırkı tələb etdiyi pul cavabdehə borc kimi olaraq verdiyi puldu. Bunun əvvəlki işlərinə heç bir qarışacağı yoxdur. 2016-cı ilin noyabr ayından cavabdehə az-az pul vermişdir. 2016-cı ilin sonlarında evini satmış, cavabdeh və digər şəxslə münasibəti yaxşı olduğundan onlara pul vermişdir. Belə ki, cavabdeh ona iş görmək istədiyini bildirmiş və ondan pul istəmişdir. Həmin vaxt pul versə də, nə iş görəcəyinə qarışmamışdır. xx.xx.2017-ci il tarixdə 20300 manat pul verib müqavilə bağlamışlar. Müqavilə üzrə verilmiş pul şərikli iş görmək məqsədilə verilməmiş və həmin vəsaitin cavabdehlə əvvəllər görmüş olduqları şərikli işlə bağlılığı olmamışdır. Razılaşmalarına əsasən həmin pulu ilin sonuna qədər iddiaçı qaytarmalı idi. Cavabdeh öz mağazasını satıb pulu qaytaracağını bildirmişdir. Lakin, vaxt tamam olduqda həmin mağazananın onun dolanışıq yeri olduğunu, bu səbəbdən də mağazanı satmayacağını bildirmişdir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, xx.xx.2018-ci il tarixdən noyabr ayına qədər qardaşı, daha sonra isə özü az-az ödəniş etmiş, ən son 2024-cü ilin iyun ayında ödəniş etmişlər. Ümumilikdə, cavabdeh ona 6475 manat pul qaytarıb. Şifahi razılaşmalarına əsasən cavabdehin qardaşıgil də həmin pulu ödəyəcəklərinə dair öhdəlik götürmüşdülər, lakin borcun bir qismini versələr də, daha sonra ödənişləri dayandırmışlar. Sonuncu dəfə isə 2024-cü ilin noyabr ayında ödəniş olmuşdur, həmin vaxt ona 400 manat pul verilmişdir. Ödənişlərlə bağlı qəbzlər yoxdur, ödənişləri əldən-ələ ödəyib. Cavabdehin himayəsində xəstə uşağı olduğundan məhkəmə tərəfindən hesablanmış faizləri tələb etmir. Ümumiyyətlə, cavabdeh cəmi 10000 manat ödəniş etsə onunla razılaşar. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 13 Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
16. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Qeyd edilməlidir ki, Gəncə Apellyasiya Məhkəməsinin 29 iyul 2025-ci il tarixli 2(104)-1231/2025 nömrəli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 2(021)-305/2025 nömrəli qətnaməsi «Cavabdeh 3825 (üç min səkkiz yüz iyirmi beş) manat əsas borc, əsas borca xx.xx.2017-ci il tarixdən xx.xx.2024-cü il tarixdək (6 il 8 ay 4 günlük müddət üçün) illik beş faiz dərəcəsi ilə hesablanmış 4609 (dörd min altı yüz doqquz) manat faiz borcu tutularaq İddiaçı xeyrinə tutulması» hissədə ləğv edilmiş və həmin hissədə işin icraatına xitam verilmişdir. Bu halda hazırkı apellyasiya baxışı çərçivəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı «Cavabdeh 10000 (on min) manat əsas borc, həmçinin 132 (yüz otuz iki) manat ödənilmiş dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) İddiaçı xeyrinə tutulması» hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni «Cavabdeh 10000 (on min) manat əsas borc, həmçinin 132 (yüz otuz iki) manat ödənilmiş dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) İddiaçı xeyrinə tutulması» hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Bakı şəhər 21 saylı notariat ofisində təsdiqlənmiş 18 fevral 2017-ci il tarixli 3M-78 reyestr nömrəli kredit müqaviləsinə əsasən kreditor İddiaçı tərəfindən borc alan Cavabdeh xx.xx.2017-ci il tarixədək qaytarmaq şərti ilə 20300 manat borc verməyi öhdəsinə götürmüşdür. Borc alan da öz növbəsində həmin borc məbləğini müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsində göstərilən 20300 manat borc məbləği kreditor tərəfindən borc alana ödənilmişdir. Buna baxmayaraq, borc alan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Ona görə iddiaçı (kreditor) hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
29. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
30. İşin müəyyən edilmiş və faktiki hallarından aydın olur ki, Bakı şəhər 21 saylı notariat ofisində təsdiqlənmiş 18 fevral 2017-ci il tarixli 3M-78 reyestr nömrəli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh xx.xx.2017-ci il tarixədək qaytarmaq şərti ilə 20300 manat borc verilmişdir. Həmçinin, cavabdeh də müqavilə üzrə üzərinə düşən öhdəliyin bir qismini icra etmişdir. İddiaçı da hazırda cavabdedən öhdəliyin qalıq icra edilməmiş hissəsinin icrasını tələb edir.
31. Cavabdeh iddiaya etiraz edərək bildirir ki, iddiaçı ilə şərikli iş görmüşlər və maddi ziyana uğramışlar. Həmin ziyanın ödənilməsini təmin etmk məqsədilə iddiaçı tərəfindən ona təzyiq göstərilərək kredit müqaviləsi bağlamağa məcbur edilmişdir
32. Bir sözlə, cavabdeh məcburiyyət qarşısında qalaraq kredit müqaviləsini imzaladığını bildirir.
33. Bu əsasla əqdin mübahisələndirilməsi isə Mülki Məcəllənin 339.4-cü maddəsində nəzərdə tutulmuşdur.
34. Həmin maddənin tələbinə görə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
35. Kollegiya göstərir ki, kredit müqaviləsi üzrə borcun cavabdehə verilməsi sübuta yetirildiyinə görə, yuxarıda qeyd olunan olunan halların mövcudluğunu sübut etmə öhdəliyi də Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən cavabdehin üzərinə düşür. Lakin, cavabdeh qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğunu təsdiq edən heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
36. Bununla belə, iddiaçı tərəf kollegiyanın iclasında izahatında həmin halı təkzib edərək 20300 manat vəsaitin borc olaraq cavabdehə verildiyini bildirmişdir. Eyni zamanda, işin faktiki halları ilə tərəflərin əvvəllər şərikli iş görmüş olması müəyyən edilsə belə, lakin göstərilən hal tərəflər arasındakı kredit müqaviləsinin etibarsızlığına dəlalət edən hal kimi qəbul edilə bilməz. Çünki, iddiaçının cavabdehə 20300 manat borc pul verməsi işdəki sübutların məcmusu ilə öz təsdiqini tapır və iddiaçının bununla bağlı xüsusi sübutetmə vasitələrindən istifadə etməsinə zərurət olmamışdır. Belə ki, tərəflər arasında borc (kredit) müqaviləsinin bağlanması və iddiaçı tərəfindən cavabdehə 10 ay müddətinə qaytarmaq şərti ilə 20300 manat məbləğində borc verməsi yazılı qaydada tərtib olunmuş və notariat qaydasında təsdiq olunmuş müqavilə ilə təsdiq olunur.
37. Kollegiya apellyatorun borcun şişirdilmiş olması barədə dəlili ilə bağlı göstərir ki, bu dəlil formal mülahizə olmaqla cavabdehin subyektiv mülahizəsinə söykənir. Məhkəmə kollegiyasının bu nəticəyə gəlməsinə əsas Mülki Prosessual Məcəllənin 77.1-ci və Mülki Məcəllənin 433.3-cü maddəsidir.
38. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. (Mülki Məcəllənin 433.3-cü maddəsi). Lakin, baxılan işdə cavabdeh tərəfindən edilmiş ödənişlər barədə apellyasiya şikayətinə mötəbər sübutlar (ödəniş qəbzləri, mədaxil orderləri və.s.) təqdim edilməmişdir. Ona görə də kollegiya apellyatorun bu dəlilini əsassız saymışdır.
39. Apellyatorun “iddia verilməsi üçün mülki qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür” barədə arqumenti də kollegiya tərəfindən əsassız sayılmışdır. Ona görə ki, apellyator Cavabdeh hazırkı məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq 2017-2024-cü illərdə demək olar ki, hər ay iddiaçıya borcundan ödəniş etdiyini bildirmişdir (bax qətnamənin 10-cu bəndi). Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Kollegiya cavabdehin 2017-2024-cü illərdə borcundan ödəniş etməklə borcun etirafını göstərən hərəkətlər etdiyini nəzərə alaraq qeyd edir ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün mülki qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir.
40. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğvi üçün əsas ola bilməz. Ona görə də apellasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 2(021)-305/2025 nömrəli qətnaməsi yoxlanılan (tələbin xitam verilmiş hissələri nəzərə alınmaqla), yəni «Cavabdeh 10000 (on min) manat əsas borc, həmçinin 132 (yüz otuz iki) manat ödənilmiş dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) İddiaçı xeyrinə tutulması» hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.