Məhkəmə qərarları › İş №2(104)-1234/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1234/2024

26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1234/2024 26.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu, İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı İsmaılov Rauf və Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı kredit müqavilələrinin ləğvi və borcun tutulması tələbinə dair iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-100/2024 saylı qətnaməsindən cavabdehin nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X5 (iddia ərizəsində iddiaçı X1 göstərilsə də iddiaçının şəxsiyyətini təsdiq edən vəsiqədə onun adı İsmaılov Rauf kimi göstərilmişdir) Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlə Bakı şəhəri 43 saylı notariat ofisində 25 noyabr 2021-ci il tarixdə 3M-3368 reyestr nömrəsi ilə qeyd edilmiş, Ağstafa rayon notariat ofisində bağlanılmış xx.xx.2022-ci il tarixdə 3M-118 reyestr nömrəsi ilə qeyd edilmiş, xx.xx.2023- cü il tarixdə 3M-149 və 3M-153 reyestr nömrələri ilə qeyd edilmiş kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh 165.000 (yüz altmış beş min) manat məbləğində ödənilməmiş borcun və iddia ərizəsi verilməsi üçün ödədiyi 455 (dörd yüz əlli beş) manat dövlət rüsumunun, ümumilikdə 165.455 (yüz altmış beş min dörd yiz əlli beş) manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X5 ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onunla yaxın qohumdur. Aralarında olan razılaşmaya əsasən cavabdeh ondan pul alaraq həmin pulla “TİR” markalı yük avtomobili almalı və cavabdeh “TİR” markalı yük avtomobilini idarə edərək əldə etdiyi gəlirdən hər ay ona 4700 manat pul verməyi öhdəsinə götürmüşdür. Cavabdehlə olan razılaşmaları notariat qaydada notarius tərəfindən təsdiq edilmiş müqavilələr bağlamaq yolu ilə rəsmiləşdirmişlər. Həmin müqavilələrdən əlavə cavabdehin yaxın qohumuna cavabdehə çatdırması üçün 12000 manat pulu KapitalBanka məxsus 416973++++1731 nömrəli kart vasitəsilə göndərmişdir. Daha sonra 3000 manat da şəxsən özü vermişdir. Həmin pulların alınmasını və ona ümumilikdə 165.000 (yüz altmış beş min) manat borcunun olmasını cavabdehin özü də etiraf edir. Cavabdehlə aralarında olan müqavilə ilə öhdəliklər onun tərəfindən icra edilsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməkdən yayınmışdır. Cavabdehə borcunu ödəməsi üçün notariat ofisi tərəfindən xəbərdalıq göndərilsə də, cavabdeh müqavilə şərtlərinə əməl etməmişdir. Belə ki, cavabdeh üzərinə götürdüyü hər ay ona 4700 manat ödəmək barədə öhdəliyi pozaraq onun pulları ilə alınmış “TİR” markalı yük avtomobillərini idarə edərək onun hesabına gəlir əldə etmişdir. Lakin öhdəliyi pozaraq əldə etdiyi gəlirdən ona ödəniş etməmişdir. Bunun üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Onunla cavabdeh arasında kredit və borc müqavilələri üzrə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və onun tələbi məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə onun qarşısında mülki məsuliyyət və cavabdehlik daşıyır, onun isə məhkəmə qaydasında cavabdehdən 165.000 manat pulu məcburi qaydada tutulmasını tələb etmək hüququ vardır. Cavabdeh müqavilə öhdəliyini pozduğundan, cavabdehlə onun arasında bağlanmış kredit müqavilələri də ləğv edilməlidir. Cavabdehin təqsiri ucbatından məhkəməyə müraciət etmək üçün əlavə olaraq 455 manat dövlət rüsumu ödəmişdir. Hesab edir ki, həmin pul da cavabdehdən tutulmalıdır. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-100/2024 saylı qətnaməsi ilə (hakim N.Musayev) iddianın qismən təmin edilməsi, Bakı şəhəri 43 saylı notariat ofisində 25 noyabr 2021-ci il tarixdə 3M-3368 reyestr nömrəsi ilə qeyd edilmiş, Ağstafa rayon notariat ofisində bağlanılmış xx.xx.2022-ci il tarixdə 3M-118 reyestr nömrəsi ilə qeyd edilmiş, xx.xx.2023-cü il tarixdə 3M-149 və 3M153 reyestr nömrələri ilə qeyd edilmiş kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh 140.553 (bir yüz qırx min beş yüz əlli üç) manat məbləğində pul və 430.55 (dörd yüz otuz manat əlli beş qəpik) manat dövlət rüsumunun alınaraq X4 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi (vəkil) Vəkil qətnamənin dəliləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək Qazax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)- 100/2024 nömrəli qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli kredit müqavilələrinin müddəti başa çatmadığı halda, iddiaçı cavabdehə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə baxan birinci instansiya məhkəməsi işin bu faktiki hallarını araşdırmamış, tərəflər arasında bağlanmış kredit müqavilələrindən irəli gələn öhdəliyin icrası müddətinin başa çatmaması əsası ilə ərizəni baxılmamış saxlamalı olduğu halda, işə mahiyyəti üzrə baxaraq qətnamə çıxarmışdır. “KapitalBank”dan tələb edilərək götürülmüş çıxarışdan müəyyən olunur ki, xx.xx.2022-ci ildən başlayaraq xx.xx.2023-cü il tarixədək müddət ərzində Cavabdeh məxsus 4169 7413 7769 4540 və 4169 7388 2076 3955 nömrəli plastik kartlar hesabından, habelə MİLLİÖN və digər elektron ödəmə sistemi vasitəsi ilə X4 (Rauf İsmaılov) məxsus olan “KapitalBank”ın 4169 7413 1776 2225 nömrəli plastik kart hesabına köçürülən pul vəsaitlərinin ümumi məbləği 32.560 (otuziki min beş yüzaltmış) manat təşkil edir. X4 məxsus 4169 7413 1776 2225 nömrəli plastik kart hesabına ayrı-ayrı vaxtlarda demək olar ki, eyni məbləğlərin (760, 3.200, 3.120, 850, 2.000, 3.000, 750, kimi) köçürülməsi də bu pulların cavabdeh tərəfindən göndərilməsinə kifayət qədər əsas verir. Buna baxmayaraq işə baxan birinci instansiya məhkəməsi həqiqətin müəyyən edilməsi üçün həmin sübuta qiymət verməmiş, bu sübut növünü digər sübutlarla birlikdə tədqiq etməmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərdən cavabdeh nümayəndəsi vasitəsilə təmsil olunsa da özü məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, məruzəçi hakimi və tərəflərin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-100/2024 saylı qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Bakı şəhər 43 saylı notariat ofisində 25 noyabr 2021-ci il tarixdə 3M-3368 reyestr nömrə ilə təsdiq edilmiş müqavilədən görünür ki, Cavabdeh X2 borc aldığı 25000 manat pulu 25 noyabr 2024-cü il tarixədək qaytaracağı barədə kredit müqaviləsinə öhdəlik götürmüşdür. İş materiallarında olan Ağstafa rayon notariat ofisində 10 iyun 2022-ci il tarixdə 3M- 118 reyestr nömrə ilə təsdiq edilmiş müqavilədən görünür ki, Cavabdeh X2 borc aldığı 40000 manat pulu xx.xx.2025-ci il tarixədək qaytaracağı barədə kredit müqaviləsinə öhdəlik götürmüşdür. İş materiallarında olan Ağstafa rayon notariat ofisində 05 iyul 2023-cü il tarixdə 3M- 153 reyestr nömrə ilə təsdiq edilmiş müqavilədən görünür ki, Cavabdeh X2 borc aldığı 47000 manat pulu xx.xx.2026-cı il tarixədək qaytaracağı barədə kredit müqaviləsinə öhdəlik götürmüşdür. İş materialarında olan Ağstafa rayon notariat ofisində 05 iyul 2023-cü il tarixdə 3M- 149 reyestr nömrə ilə təsdiq edilmiş müqavilədən görünür ki, Cavabdeh X2 borc aldığı 38000 manat pulu xx.xx.2026-cı il tarixədək qaytaracağı barədə kredit müqaviləsinə öhdəlik götürmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli kredit müqavilələrinin 7-ci bəndində göstərilir ki, ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı borcunun ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərməmiş, beləliklə də cavabdehlə bağlamış olduğu kredit müqaviləsinin 7-ci bəndinin tələbini, həmçinin Mülki Məcəllənin müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydalarını tənzimləyən normalarının tələblərini, həmçinin MPM-in 150.1.6-cı maddəsinin tələbini pozmuşdur. Belə ki, MPM-in 150.1 və 150.1.6-cı maddələrinin tələbinə görə iddiaçı iddia ərizəsinə digər sənədlərlə yanaşı müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi də əlavə etməlidir. İddiaçı isə cavabdehlə bağlamış olduğu kredit müqavilələrində imperativ qaydada nəzərdə tutulmasına baxmayaraq cavabdehə kredit borcu ilə bağlı qanunda nəzərdə tutulmuş qaydada bildiriş göndərməməsinə baxmayaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi isə qanunvericiliyin istinad olunan tələblərinə riayət edilib-edilmədiyini araşdırmadan iddia ərizəsini icraata qəbul edərək mahiyyəti üzrə baxmışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilən hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-100/2024 saylı qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiаçıyа iddiаnın bаxılmаmış sаxlаnmаsı üçün səbəb olаn halları аrаdаn qаldırdıqdаn sonrа ümumi qаydаdа ərizə ilə məhkəməyə yenidən mürаciət etmə hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.3, 384.0.4, 404- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-100/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı X3 Cavabdeh qarşı kredit müqavilələrinin ləğvi və borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, onun ümumi əsaslarla iddia vermək hüququ vardır. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar