Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1237/2023 12.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Birgə iddiaçılar İddiaçı1, X1, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(076)- 3061/2022 saylı qətnaməsindən birgə iddiaçılar İddiaçı1, X1, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: Birgə iddiaçılar İddiaçı1, X1, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onlara vurulmuş 14.000 manat dəyərində maddi zərərin (əldən çıxmış faydanın) və 132 manat dövlət rüsumunun birgə iddiaçılardan alınıb oma verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə həmkəndlidirlər. Cavabdeh 2014-cü ildən 2021-ci ilə kimi onlara mülkiyyət hüququ ilə məxsus olan, Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində yerləşən, 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini onların razılığı olmadan əkib-becərmişdir. Cavabdeh Şəmkir Rayon Məhkəməsində onlara qarşı "pul tələbinə dair" iddia qaldırmış, həmin iddiada göstərmişdir ki, onlar torpaq sahəsini ona satmışlar. Bunun müqabilində cavabdehdən 3.500 manat pul almışlar. Sonradan həmin torpaq sahəsini başqasına satmışlar və onun pulunu qaytarmamışlar. Buna görə də cavabdeh həmin pulu onlardan tələb etmiş və Şəmkir Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin onlara qarşı qaldırmış olduğu iddiası qismən təmin edilmiş və onlardan müştərək qaydada 3200 manat pulun alınıb Cavabdeh verilməsinə dair qətnamə qəbul olunmuşdur. Hesab edirlər ki, cavabdeh 2014-cü ildən 2021-ci ilə kimi onların mülkiyyətində olan 1 hektar torpaq sahəsini onların razılığı olmadan əkib-becərmiş, bu hərəkəti ilə onların mülkiyyətində olan əmlakdan məhrum etmişdir. Cavabdehin təqsirindən onlar öz torpaq sahəsindən gəlir əldə edə bilməmişlər. Hesab edirlər ki, cavabdeh onlara mülkiyyət hüququ ilə məxsus olan 1 hektar dövlət pay torpaq sahələrindən hər il orta hesabla 2000 (iki min) manat gəlir əldə etmişdir. Nəzərə alınsa ki, cavabdeh onların torpaq sahələrinə 2014-cü ildən 2021-ci ilə kimi həm kartof, həm kələm, həm də digər kənd təsərrüfatı məhsulları əkmişdir, 7 il ərzində cavabdehin əldə etmiş olduğu gəlir 14.000 (on dörd min) manatdır. Cavabdehin təqsiri ucbatından onlar maddi ziyan çəkmişlər və həmin maddi ziyan cavabdeh tərəfindən onlara ödənilməlidir. Odur ki, Cavabdeh tərəfindən iddiaçılara vurulmuş 14.000 (on dörd min) manat dəyərində maddi zərərin-əldən çıxmış faydanın və 132 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçılara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Şəmkir Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(076)-3061/2022 saylı qətnaməsi ilə (hakim Ş.Məmmədova) iddia təmin edilməmişdir. İşdə olan sübutlar: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1734/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdehlər İddiaçı1, X1, İddiaçı3, İddiaçı4 və X7 qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər İddiaçı1, X1, İddiaçı3 və İddiaçı4 və X5 3.200 manat məbləğində pulun alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(104)-3696/2021 saylı qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1734/2021 saylı qətnaməsindən cavadbehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)- 1734/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin dəlilləri. Şəmkir Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(076)-3061/2022 saylı qətnaməsindən narazı qalan birgə iddiaçılar İddiaçı1, X1, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(076)- 3061/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdirlər. Birgə iddiaçılar apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, məhkəmənin qəbul etmiş olduğu qətnamə ilə razı deyillər, ləğv olunmasını xahiş edirlər. Belə ki, Cavabdeh onların həmkəndliləridir. O, 2014-cü ildən 2021-ci ilə kimi onlara mülkiyyət hüququ ilə məxsus olan, Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində yerləşən, 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrini onların razılığları olmadan əkib-becərmiş, Şəmkir Rayon Məhkəməsində onlara qarşı "pul” tələbinə dair iddia qaldırmış, həmin iddiada göstərmişdir ki, iddiaçılar torpaq sahəsini ona satmışlar. Bunun müqabilində cavabdehdən 3.500 manat pul almışlar. Sonradan həmin torpaq sahəsini başqasınaa satmışlar və onun pulunu qaytarmamışlar. Buna görə də cavabdeh həmin pulu onlardan tələb etmiş və Şəmkir Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin onlara qarşı qaldırmış olduğu iddiası qismən təmin edilmiş və onlar cavabdehlərdən müştərək qaydada 3200 manat pulun alınaraq Cavabdeh verilməsinə dair qərar qəbul olunmuşdur. Hesab edirlər ki, cavabdeh 2014-cü ildən 2021-ci ilə kimi onların mülkiyyətində olan 1 hektar torpaq sahəsini onların razılığı olmadan əkib-becərmiş, bu hərəkəti ilə onların mülkiyyətində olan əmlakdan məhrum etmişdir. Cavabdehin təqsirindən onlar öz torpaq sahəsindən gəlir əldə edə bilməmişlər. Hesab edirlər ki, cavabdeh onlara mülkiyyət hüququ ilə məxsus olan 1 hektar dövlət pay torpaq sahələrindən hər il orta hesabla 2000 (iki min) manat gəlir əldə etmişdir. Nəzərə alınsa ki, cavabdeh onların torpaq sahələrinə 2014-cü ildən 2021-ci ilə kimi həm kartof, həm kələm, həm də digər kənd təsərrüfatı məhsulları əkmişdir, 7 il ərzində cavabdehin əldə etmiş olduğu gəlir 14.000 (on dörd min) manatdır. Cavabdehin təqsiri ucbatından onlar maddi ziyan çəkmişlər və həmin maddi ziyan cavabdeh tərəfindən onlara ödənilməlidir. Məhkəməyə iddia tələbləri ilə bağlı kifayət qədər sübutlar təqdim etsələr də, məhkəmə iddia tələblərini rədd etmişdir. Məhkəmə həm maddi, həm də prosesual hüquq normalarını pozmuşdur. Məhkəmənin öz qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1, 337.5-ci maddələrinə istinadı maddi hüquq normasının pozulması kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehin qeyd olunan müddətdə onların mülkiyyətlərində olan torpağı əkib-becərməsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə sübut olunur. Eyni zamanda cavabdehin onlardan tələb etdiyi 3.200 (üç min iki yüz) manat məhkəmə qətnaməsi ilə ona qaytarılıb. Bəs cavabdehin 7 il onların torpaqlarından istifadə edib, əldə etmiş olduğu gəlir nə üçün onlara qaytarılmasın? Həmin 7 il müddətində onlar torpağlarını kiməsə icarəyə verə bilərdilər, yaxud özləri istifadə edərdilər. Bu səbəbdən də onların əldən çıxmış faydaları, maddi ziyanları təbii ki, cavabdeh tərəfindən onlara ödənilməlidir. Göründüyü kimi məhkəmənin qəbul etmiş olduğu qətnamədə qeyd olunan qanun normalarının hazırkı iddiaya aidiyyatı əlaqələndirilməyib. Məhkəmənin bu qanun normasına istinadı və iddia tələbini rədd etməsi, maddi hüquq normasının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmənin araşdırdığı sübutlar əsas verirdi ki, məhkəmə iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul etsin. Məsələn: qanuni qüvvəsini almış məhkəmə qətanəməsi, cavabdehin etirafı və s. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş bütün hallar qanunvericiliyin tələblərinə uyğun deyil və əsassızdır. Birinci instansiya məhkəməsinin öz qərarında göstərmiş olduğu dəlillər işin hallarına uyğun deyildir. Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar vardır. Onlar həmin sübutları məhkəməyə təqdim edəcəklər. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha azmiqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olmasi və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Şəmkir Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(076)-3061/2022 saylı qətnaməsindən birgə iddiaçılar İddiaçı1, X1, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 2014-cü ildə Cavabdeh ilə mərhum X6 arasında sonuncunun özünə və ailə üzvlərinə məxsus olan Şəmkir rayonu Sarıtəpə kəndində yerləşən 1.4739 ha torpaq sahəsinin 1 hektarının Cavabdeh satılması barədə razılığa gəlmişlər, həmin razılığa əsasən Cavabdeh torpaq sahəsinə görə Ənvər İbrhaimova 3200 manat pul ödəmiş, sonuncu isə torpaq sahəsini onun istifadəsinə vermişdir. Onlar arasında bağlanmış əqd qanunla müəyyən edilmiş forma tələblərinə riayət edilməmişdir. Əqd Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından etibarsız olmuşdur. Ənvər İbrahimovun ölümündən sonra isə onun qanun üzrə vərəsələri tərəfindən daşınmaz əmlakın 01 mart 2021 -ci il tarixli alqısatqı müqaviləsi əsasında torpaq sahəsi başqa şəxsə satılaraq Cavabdeh istifadəsindən çıxarılmışdır. Bundan sonra Cavabdeh iddiası əsasında məhkəmə qətnaməsi ilə Cavabdeh tərəfindən torpaq sahəsinə görə mərhum X2 ödənilmiş 3200 manat pulun sonuncunun qanun üzrə vərəsələri İddiaçı1, İddiaçı2 Aydmpaşa qızından, İddiaçı4, X5 və İddiaçı3 Cavabdeh xeyrinə tutulması qət edilmiş və məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Tərəflər arasında bağlanmış əqd etibarsız olduğundan və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbləri baxımından həmin etibarsız əqd üzrə tərəflərdən Cavabdeh aldığı torpaq sahəsini qaytarmış olduğundan və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə həmin torpaq sahəsinə görə ödədiyi 3200 manat pulun iddiaçılardan tutulub ona verilməsi qət edildiyindən, iddiaçıların onlara məxsus mübahisəli torpaq sahəsindən 2014-cü ildən 2021-ci ilə kimi istifadə etdiyinə görə cavabdehdən 14000 (on dörd min) manat maddi ziyan tələb etmələri qanunsuz və əsassız olmuşdur. İş materiallarında olan qanuni qüvvəyə minmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1734/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə mərhum X6 arasında sonuncunun özünə və ailə üzvlərinə məxsus olan Şəmkir rayonu Sarıtəpə kəndində yerləşən 1.4739 ha torpaq sahəsinin 1 hektarının Cavabdeh satılması barədə əqd olduğu, lakin əqd Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından etibarsız hesab edilmiş və tərəfləqin əqd üzrə aldıqlarını qaytarması qət edilmişdir. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməni əsaslandırması və gəldiyi nəticə ilə razılaşaraq, şikayətin dəlillərinə münasibətdə isə qeyd edir ki, iddiaçıların qeyd etdiyi kimi 2014-2021-ci illər ərzində torpaq sahəsi cavabdehin sahibliyində olmuşdursa, cavadbehin verdiyi pul da onların istifadəsində olmaqla yanaşı, cavadbehin həmin müddətdə torpaq sahəsi üzərində sahibliyi qanunsuz olmamaqla, o vicdanlı sahib olmuşdur. Belə ki, iş materiallarında olan qanuni qüvvəsini almış qətnamələrlə torpaq sahəsinin iddiaçıların iradəsi ilə cavadbehə verilməsi öz təsdiqini tapmaqdadır. İddiaçılar torpaq sahəsinin cavadbehə satılmasını inkar etməklə, ona icarəyə verilməsini iddia etmişlər ki, bu faktın özü də cavabdehin torpaq sahəsi üzərində sahbliyinin həmin müddətdə qanunsuz olmamasını təsdiq etmişdir. Hərçənd ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi torpaq sahəsi əhəmiyyətsiz alqı-satqı müqaviləsi əsasında cavadbehin sahibliyinə verilmiş hesab olunmuşdur. Digər tərəfdən Mülki Məcəllənin 157.5-ci maddəsi isə mülkiyyətçinin vicdanlı sahibdən onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtadək götürdüyü və ya götürməli olduğu gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilməsini istisna etməkdədir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin həllində maddi hüquq normalarının tətbiqi düzgün olmuş və məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Buna görə də Şəmkir Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(076)-3061/2022 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, X1, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Şəmkir Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(076)-3061/2022 saylı qətnaməsindən birgə iddiaçılar İddiaçı1, X1, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(076)-3061/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.