Məhkəmə qərarları › İş №2(104)-1237/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1237/2025

08.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1237/2025 08.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: sığorta hadisəsi baş verərkən sığortalının avtonəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi; ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2(015)-153/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 iyul 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, 08 may 2015ci il tarixli PXA********** nömrəli “İcbari sığorta müqaviləsi”nə əsasən Cavabdeh məxsus “VAZ 21065” minik markalı ** FS *** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC tərəfindən bir il müddətinə 5000 manat məbləğində sığortalanmışdır.

2. Ağstafa Rayon Məhkəməsinin 1(015)-15/2017 saylı 07 mart 2017-ci il tarixli hökmünün sürətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (hökmlə müəyyən edilir ki, yol nəqliyyat hadisəsi zamanı Cavabdeh sərxoş vəziyyətdə olmuşdur);

3. Sığortalı “VAZ 21065” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X3 aldığı az ağır xəsarətlə bağlı 1400 (bir min dörd yüz) manat, X4 aldığı yüngül dərəcəli xəsarətlə bağlı isə 700,00 (yeddi yüz) manat "xxxx" ASC tərəfindən iş üzrə PXA88551 və PXA88553 saylı sığorta aktları tərtib edilməklə zərərçəkənlərin təqdim etdiyi bank hesablarına ödənilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2100 manat pul vəsaitinin və 41 manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixdə saat 18:00 radələrində Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisində Cavabdeh idarə etdiyi və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “VAZ 21065” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşması nəticəsində X7 az ağır, X8 yüngül dərəcəli xəsarət almışdır. Ağstafa Rayon Məhkəməsi tərəfindən tərtib edilmiş 17 mart 2017-ci il tarixli hökmünə əsasən, Cavabdeh nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi təsdiqini tapmışdır. Sığortalı “VAZ 21065” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X3 aldığı az ağır xəsarətlə bağlı 1400,00 (bir min dörd yüz) manat, X4 aldığı yüngül dərəcəli xəsarətlə bağlı isə 700,00 (yeddi yüz) manat "xxxx" ASC tərəfindən iş üzrə PXA88551 və PXA88553 saylı sığorta aktları tərtib edilməklə zərərçəkənlərin təqdim etdiyi bank hesablarına ödənilmişdir. "xxxx" ASC tərəfindən zərərçəkənlərə ödənilmiş ümumilikdə 2100 (iki min bir yüz) manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında geri ödənilməsi barədə cavabdehə xx.xx.2022-ci il tarixli bildiriş göndərilmiş, lakin cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır. Ona görə də iddiaçı təşkilat tərəfindən cavabdehə qarşı hazırki tələblə bağlı məhkəməyə müraciət edilmişdir.

6. Ağstafa Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli 2(015)-153/2025 nömrəli qətnaməsi ilə (hakim Natiq Abbasov) iddia təmin edilərək, Cavabdeh 2100 manat sığorta ödənişi və 41 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2141 manat "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2, 1096.1, 1097.1, 1108.1, 1108.2 və 1114.1-ci maddələrinə, həmçinin “İcbari sığortalar haqqında” Qanunun 25, 63.1 və 63.2-cimaddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 9 Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, xx.xx.2016-cı il tarixdə saat 18:00-da Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisində onun idarə etdiyi və sığorta edilmiş olan "Vaz 21065" markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşması nəticəsində X7 az ağır, X8 yüngül dərəcəli xəsarət almışdır. Həmin yol nəqliyyat hadisəsi üçün Vilayət Cəfərova 1400 manat, Pərvin Əliyevə isə 700 manat pul ödənilmişdir. Amma ki, həmin pulların şəxslərə ödənilməsinə görə nə onun icazəsi alınmış, nə də ki, bu barədə xəbərdar olunmuşdur. Həmin işin üzərindən 10 ildən artıq müddətin keçməsi və onun zərərçəkmiş olan şəxslərin haqlarını tərəfindən ödənilməsi halı məhkəmə iclasında araşdırılmadan hüquqi qiymət verilməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Prosessual məsələlər

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 936.1-ci və 936.2-ci. Subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

13. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

14. Maddə 1114. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu

15. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun hansı hallarda yarandığını müəyyən edir.

16. Maddə 25.1.2. Hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

23. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyinə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, sığortaçı "xxxx" ASC ilə sığortalı Cavabdeh arasında xx.xx.2015-ci il tarixli PXA********** nömrəli icbari sığorta müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sığortalıya məxsus “VAZ 21065” minik markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomobil 5000 manat sığorta məbləği həddində xx.xx.2016-ci il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni xx.xx.2016-cı il tarixdə saat 18:00 radələrində sığortalı Cavabdeh idarə etdiyi “VAZ 21065” minik markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa rayonu Dağ Kəsəmən kəndində yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə Ağstafa Rayon Məhkəməsinin 07 mart 2017-ci il tarixli 1(015)- 15/2017 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi zamanı Cavabdeh sərxoş vəziyyətdə olmuşdur. Hadisə nəticəsində X5 aldığı az ağır xəsarətə görə 1400 manat, X6 isə yüngül dərəcəli xəsarətlə bağlı 700 manat, ümumilikdə 2100 manat məbləğdə sığorta ödənişi "xxxx" ASC tərəfindən həyata keçirilmişdir. İddiaçı sığorta şirkəti həmin məbləğin subroqasiya qaydasında cavabdehdən tutulması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

30. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, xx.xx.2016-cı il tarixdə saat 18:00 radələrində sığortalı Cavabdeh idarə etdiyi “VAZ 21065” minik markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa rayonu Dağ Kəsəmən kəndində yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə Ağstafa Rayon Məhkəməsinin 07 mart 2017-ci il tarixli 1(015)- 15/2017 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi zamanı sürücü Cavabdeh avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Hadisə nəticəsində X5 aldığı az ağır xəsarətə görə 1400 manat, X6 isə yüngül dərəcəli xəsarətlə bağlı 700 manat, ümumilikdə 2100 manat məbləğdə sığorta ödənişi iddiaçı sığorta şirkəti tərəfindən ödənilmişdir.

31. Şərh olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" ASC-nin “İcbari sığortalar haqqında” Qanunun 25.1.2-ci maddəsinə uyğun olaraq cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır.

32. Belə ki, yuxarıda göstərilən müddəaların mənasından göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdehdur. Apellyasiya şikayətindən aydın olduğu kimi cavabdeh özü də təqsirliyini mübahisələndirməmiş, yalnız ondan tələb olunan məbləğlə arqument irəli sürərək qeyd etmişdir ki, «həmin pulların şəxslərə (zərərçəkənlərə) ödənilməsinə görə nə onun icazəsi alınmış, nə də ki, bu barədə xəbərdar olunmuşdur». Kollegiya apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edir. Ona görə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2016-cı il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxslər X1 az ağır, X2 isə yüngül dərəcəli xəsarət dəymişdir.

33. Nəzərə almaq lazımdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56.1.1-ci maddəsinə görə, fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir. Həmin Qanunun 14.2.4-cü maddəsinə görə, sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına əlillik müəyyən olunmadan az ağır və ya ağır xəsarət almasına görə sığorta məbləğinin 30 faizi miqdarında ödəniş edilir; Qanunun 14.2.5-ci maddəsinə görə isə, sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərər əgər yüngül xəsarət hesab olunursa sığorta məbləğinin 15 faizi miqdarında ödəniş edilir.

34. Yuxarıda da qeyd edildiyi kimi, xx.xx.2016-cı il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxslər V.Cəfərovun sağlamlığına az ağır, P.Əliyevin sağlamlığına isə yüngül dərəcəli xəsarət dəymişdir. Odur ki, həmin şəxslərin sağlamlığına vurulan zərərin dərəcəsi nəzərə alınmaqla “İcbari sığortalar haqqında” Qanunun 14.2-ci maddəsinə uyğun olaraq sığorta ödənişi həyata keçirilməsi qanuni əsaslara söykənmişdir.

35. İddia müddətinin tətbiqi barədə cavabdeh tərəfin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, baxılan iş üzrə tərəflər arasındakı münasibətlər sığorta müqaviləsindən deyil, zərər vurmadan doğan öhdəlik münasibətləridir. Bu növ öhdəliklərdən irəli gələn tələblərə isə ümumi iddia müddəti şamil edilir və MM-in 373.1ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. Odur ki, hazırki mübahisəyə 3 illik iddia müddətinin tətbiqi yolverilməz hesab edilir və bu kateqoriya iddialar üzrə qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir.

36. Məhkəmə kollegiyasının yekun qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və həmin dəlillər mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli 2(015)-153/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar