Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1239/2023 04.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, Şəmkir Rayon Мəhkəməsinin 2(076)-2714/2022 saylı mülki iş üzrə 27 oktyabr 2022-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona əmək haqqı olaraq ödəməli olduğu 850 (səkkiz yüz əlli) manat pul borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi həmkəndlisi kimi tanıyır. Əvvəllər aralarında narazalıqları və ədavətləri olmamışdır. Ancaq, 2019-cu ilin yay mövsümündə cavabdeh özünə məxsus olub Qapanlı kəndinin ərazisində yerləşən mal fermasının yaxınlığında mal-qara üçün topladığı ot kiplərinin tayaya yığılması üçün ona fəhlə olaraq şifahi qaydada müraciət etmişdir. Şifahi razılaşmalarına əsasən kiplərin tayaya yığılması üçün ona 950 (doqquz yüz əlli) manat məbləğində əmək haqqı verəcəyini bildirmişdir. Nəticədə onun verdiyi tapşırığı yerinə yetirmiş, ot kiplərini tayaya yığmasına baxmayaraq ona ödəməli olduğu əmək haqqının bir yüz manatını vermiş, qalan 850 manatını isə müxtəlif bəhanə ilə verməkdən imtina etmişdir. Onun tərəfindən müxtəlif orqanlara şikayət etməsi ilə əlaqədar cavabdeh, həmin orqanlara o, cümlədən Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında X8 Xidmətinin Qazax Touz Regional Şöbəsinin əməkdaşlarına verdiyi izahatında guya onu tanımadığını, onunla heç bir əmək müqaviləsinin olmamasını, yəni onun şifahi tapşırığı ilə onun üçün heç bir işi icra etməməsini, ona görə onun üçün icra etmədiyi işə görə ona əmək haqqı verməli olmamasını bildirmişdir. Ona görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəi Nazirliyi yanında X8 Xidmətinin X2 ünvanladığı xx.xx.2022-ci il tarixli **********7 saylı məktubunda tələbi barədə məhkəmdə iddia qaldırmaq hüququnun olması bildirilmişdir. Ona görə cavabdehə qarşı məlum iddianı qaldırmalı olmuşdur. Cavabdehin həqiqətən ona 850 manat manat məbləğində əmək haqqı borcu vardır. Qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh ona əmək haqqı olaraq ödəməli olduğu 850 (səkkiz yüz əlli) manat pul borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Мəhkəməsinin 2(076)-2714/2022 saylı mülki iş üzrə 27 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, şikayəti onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən, qanunvericiliyin normalarını işin faktiki halları ilə əlaqəli şəkildə şərh etməmiş və maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilən məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etirazını bildirərək, izahatında qeyd etdi ki, İddiaçı 2019-cu ildə günəmuzd qaydada onun fermer təsərrüfatında bir neçə gün işləmiş və almalı olduğu əmək haqqını almış, ötən üç il ərzində ona qarşı heç bir tələbi olmamışdır. Son zamanlar birinci instansiya məhkəməsində şahid kimi ifadə vermiş X6 və başqa bir neçə şəxs ona qarşı ləkələyici kompaniya aparırlar, İddiaçı da həmin şəxslərə qoşulmuş və hazırki iddianı qaldırmışdır. Sonda Cavabdeh şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlnaılmasını xahiş etmişdir. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, iddiaçını və cavabdehi dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı irəli sürülən iddianın təmin edilməsinə əsas verə bilən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, məhkəmə iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həminsübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqlar üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Kollegiya göstərir ki, işə apellyasiya qaydasında baxılarkən də iddiaçı şikayətin təmin olunmasına əsas ola biləcək sübutları, yəni, cavabdehin ona gördürdüyü işin əvəzi olaraq 950 manat məbləğində əmək haqqı verəcəyini və iddiaçının gördüyü işin müqabilində ona ödənilməli olan pulun iddiaçıya ödənilmədiyini təsdiq edə bilən mötəbər sübutları kollegiyaya təqdim etməmişdir. İddiaçının isə işin nəticəsində maraqlı olduğundan yalnız onun izahatına əsaslanmaqla irəli sürülən iddianın təmin edilməsi Azərbaycan Respublikasının MPM-in sübutlarla bağlı tələblərinə əsasən yolverilməzdir. Məhkəmə kollegiyası işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçının xeyrinə ifadə vermiş şahid X3 ifadəsinə də hüquqi qiymət verilməsini zəruri hesab edir və qeyd edir ki, həmin şahidin ifadəsi işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qiymətləndirilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi şahid ifadələrini işdə sübut növü kimi nəzərdə tutur. Bununla belə, şahid ifadəsi hər bir halda qiymətləndirmə obyekti olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı qətnamədən verdiyi apellyasiya şikayətinə baxılarkən X1 Hüseynovla birlikdə məhkəməyə gəlmiş, məhkəmə zalında işdə tərəf olmadığı, yalnız məhkəmənin gedişatını yerindən dinləmək hüququnun olduğu barədə ona edilən izahatlara baxmayaraq, məhkəmə zalında yerindən Cavabdeh əleyhinə fikirlər səsləndirmiş, özünün dindirilməsini tələb etmiş, İddiaçı haqlı olduğunu iddia etmiş, açıq açığına işin İddiaçı xeyrinə həll edilməsində maraqlı olduğunu nümayiş etdirmişdir. Ona görə də, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçının xeyrinə ifadə vermiş şahid X3 ifadəsi işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsaslanmaqla hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarilə haqlı olaraq iddianı təmin etməmişdir. Azərbaycan Respublikasının MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Мəhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, məhkəmə kollegiyası belə qərara gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Мəhkəməsinin 2(076)-2714/2022 saylı mülki iş üzrə 27 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya bu qətnamədən kassasiya şikayətinin verilməsinin mümkünlüyü məsələsini müzakirə edərək, qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinə əsasən, мülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki işdə isə iddianın qiyməti 5000 manatdan azdır və ona görə də bu qətnamədən kassasiya şikayətiverilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 402.1-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Мəhkəməsinin 2(076)-2714/2022 saylı mülki iş üzrə 27 oktyabr 2022-ci il tarixli dəyişdirilmədən saxlansın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1239/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1239/2023
04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver