Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1239/2024 27.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Nurulu Firudin Bilal oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, iddiaçının vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-695/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 və 137 saylı ünvanların ümumi gediş-gəliş üçün nəzərdə tutulmuş dalanın cavabdeh tərəfindən bağlanmış hissəsinin açılması və dalanda olan bütün maneələrin cavabdehin vəsaiti hesabına sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə birinci instansiya məhəməsində baxılarkən Gəncə şəhər Nizami Bələdiyyəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-695/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı ünvan 1 və 137 saylı ünvanların ümumi gediş-gəlişi üçün nəzərdə tutulmuş dalanın cavabdeh tərəfindən bağlanmış hissəsinin açılması və dalanda olan bütün maneələrin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-695/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, əmlakı alan zaman ümumi istifadə yolunda iri giriş çıxış qapısı olmuşdur. Bu gün həmin qapı mövcuddur. O, əmlakı alan zaman əmlakı ona satan adam əmlakın ümumi istifadə qapısının, bəlidiyyə nümayəndəsi Xıdırov Çingizin dediyi kimi bələdiyyə mülkiyyətində olan qapı olduğunu bildirmişdir. Bu qapının yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Qapının yerləşdiyi torpağın cavabdehə heç bir aidiyyəti olmadığı halda o, bələdiyyə mülkiyyətində yerləşən torpaqda olan qapıdan istifadə etməyinə imkan vermir. Məhkəmə özü də mülkə baxış keçirən zaman onun aldığı evin yeganə yolu cavabdehin kəsdiyi yol olduğunu göstərsə də, buna düzgün hüquqi qiymət vermədən iddianı rədd etmişdir. İşə baxan məhkəmə 3 saylı ərazi idarəsinin mütəxəssisi X1 izahatında mübahisələndirilən ərazidə dalanın mövcud olmasının reyestrdə şərti olaraq göstərilsə də, ölçüləri qeyd olunmamış, eni və uzunluğunun göstərilmədiyini qeyd etmişdir. Halbu ki, mübahisəli giriş-çıxış qapısının yerləşdiyi torpaq bələdiyyə mülkiyyətində olduğu üçün burada yolun eni və uzunluğu bələdiyyə yolları ilə bağlı qaydalara uyğun olaraq müəyyən edilir.Yəni burada mütəxəssisin yolun eni və uzunluğunun göstərilməməsini sübut kimi qəbul edib iddianı rədd etməsi bir daha onu sübut edir ki, məhkəmə düzgün nəticəyə gəlməmişdir. İşdə onun həyətinə yolun olmaması məhkəmə tərəfindən mülkə baxış keçirilərkən müəyyən edilsə də, məhkəmə buna düzgün qiymət vermədən iddianı rədd etmişdir. O, əmlakı alarkən əmlakın texniki pasportuna baxarkən orada ümumi dalanın göstərildiyini görüb, əmlakı almışdır. Ancaq mülkü alandan sonra işləkdə olan dalandan istifadə etmək istəyərkən cavabdeh onu dalana qoymayaraq dalandan isdifadə etməyimə imkan verməmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, İcra Hakimiyyəti tərəfindən şəhərdə abadlaşdırma işləri apararkən, ümumi istifadədə olan dalana yeni giriş qapısı qoyulmuşdur. İlk əvvəllər həmin ümumi istifadə qapısından istifadə edilsə də, hazırda cavabdeh həmin qapının açarını özündə saxlamaqla, onların ümumi istifadə hüquqlarını məhdudlaşdırmışdır. Düzdür, iddiaçının həyətinə əl qapısı mövcuddur, lakin avtomobil keşidi mümkün deyildir. Evin texniki pasportlarında da, həmin dalanın ümumi istifadədə olması müəyyən edilir. İddiaçı evi alanda dalanın ümumi istifadədə olduğunu bilərək həmin evi almışdır. O, hazırda İH-ti tərəfindən dalana qoyulmuş qapının sökülməsini istəmir, sadəcə cavabdeh tərəfindən ümumi istifadəyə maneçiliyin aradan qaldırılmasını istəyir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-695/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(125)-695/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinı etiraz edərək, göstərdi ki, 4 evin ünvanı 1 ünvanda birləşdirilmişdir. Həmin evi cavabdeh 2016-cı ildə elə hazırki formada almışdır. İddiaçının evinin Təbriz küçəsinə girişçıxışı vardır. Vaxtı ilə 2 qardaşın olmuş, şəxsi istifadə məqsədilə, uzaq yerdən keçməmək üçün dalan açılmışdır. Cavabdeh mülkiyyətində olan evi əvvəlki mülkiyyətçidən hazırki formada almışdır. Dalan qapısını icra hakimiyyəti qoymuşdur. Açar isə onlardadır. İddiaçının həyətinə əl qapısı mövcuddur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-695/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən vəkilləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-695/2024 nömrəli qətnaməsi qismən, dalanda olan bütün maneələrin cavabdehin vəsaiti hesabına aradan qaldırılmasının (sökülməsinə) təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməli və cavabdeh tərəfindən ünvan 1 və 137 saylı ünvanların ümumi gediş-gəliş üçün nəzərdə tutulmuş dalanda olan bütün maneələr aradan qaldırılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Gəncə şəhəri 5 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-478 reyestr nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X2 ilə alıcı İddiaçı arasında ünvan 2 ünvanında yerləşən 0,124 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 139,8 kv/m olan fərdi yaşayış evinə dair alqı satqı müqaviləsi bağlanmış, həmin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi İddiaçı 145000 manata satılmışdır. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********09-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsində yerləşən 137 nömrəli fərdi yaşayış evi və onun yerləşdiyi 0,124 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. MN seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsində 0,1132 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 7 otaqlı, 168,9 kv.m yaşayış, 29,7 kv.m köməkçi sahədən ibarət 139141, 141A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə birinci instansiya məhkəməsi tərəflərin iştirakı ilə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evlərinə baxış keçirmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus 137 nömrəli fərdi yaşayış evinin və cavabdehə məxsus 139, 141, 141A nömrəli fərdi yaşayış evinin arasında hasar çəkilmədən həmin evlərin arasında olan torpaq sahəsi neytral olaraq qalmışdır. İddiaçıya məxsus 137 nömrəli fərdi yaşayış evinin və cavabdehə məxsus 139, 141, 141A nömrəli fərdi yaşayış evinin küçəyə doğru (Zərrabi küçəsinə asfalt yola tərəf) hissəsi əvvəllər hasarlanmaqla, hər iki evin ayrıayrılıqda giriş-çıxış qapısı olmuşdur. Gəncə şəhərində aparılan abadlıq işləri zamanı həmin evlərin hasarının qarşısından yenidən hasar çəkilmiş və hasar çəkilərkən cavabdehə məxsus 139, 141, 141A nömrəli evin giriş çıxışı üçün darvaza qoyulmuş, iddiaçıya məxsus 137 nömrəli evə əvvəlki mülkiyyətçi tərəfindən kiçik ölçüdə giriş çıxış qapısı qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərək, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçı hazırki mülkiyyətində olan əmlakı əvvəlki mülkiyyətçidən alarkən həmin mülkün mövcud vəziyyətdə olmasını qəbul edərək öz sərbəst iradə ifadəsinə uyğun olaraq almışdır. Bununla yanaşı iddiaçı hələ mülkiyyətində olan evi əldə etməmişdən əvvəl fərdi yaşayış evinin küçəyə doğru (Zərrabi küçəsinə asfalt yola tərəf) hissəsi əvvəllər hasarlanmaqla, hər iki evin ayrı-ayrılıqda giriş-çıxış qapısı olmuş, Gəncə şəhərində aparılan abadlıq işləri zamanı həmin evlərin hasarının qarşısından yeni hasar çəkilərkən əvvəlki mülkiyyətçi giriş- çıxış qapısını əvvəlki vəziyyətdə saxlamışdır. Məhkəmə birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə qismən razılaşmır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi, iş materiallarında olan mübahisəli ərazi üzrə texniki pasportlar, plan eskiz layihə və xx.xx.2024-cü il tarixli baxış protokolu ilə müəyyən edilir ki, iddiaçıya məxsus 137 nömrəli fərdi yaşayış evinin və cavabdehə məxsus 139, 141, 141A nömrəli fərdi yaşayış evinin arasında hasar çəkilmədən həmin evlərin arasında olan torpaq sahəsi neytral olaraq dalan qeydi ilə ümumi istifadədə açıq şəkildə mövcud olmuşdur.( iş vərəqə 5-8, 17,29). Gəncə şəhərində aparılan abadlıq işləri zamanı həmin daılanın qarşısından yeni darvaza qoyulmuş və həmçinin iddiaçıya məxsus 137 nömrəli evə əvvəlki mülkiyyətçi tərəfindən kiçik ölçüdə giriş çıxış qapısı qoyulmuşdur. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili də, öz izahatında göstərdi ki, dalan qapısını icra hakimiyyəti qoymuş, açar isə onlardadır. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan mübahisəli ərazi üzrə texniki pasportlar, plan eskiz layihə və xx.xx.2024-cü il tarixli baxış protokolu ilə iddiaçıya məxsus 137 nömrəli fərdi yaşayış evinin və cavabdehə məxsus 139, 141, 141A nömrəli fərdi yaşayış evinin arasında bələdiyyə mülkiyyəti olan torpaq sahəsində neytral olaraq ümumi istifadə üçün dalan müəyyən edildiyi üçün, həmin dalana olan cavabdeh tərəfindən bütün maneələr aradan qaldırılmalı və iddiaçı tərəfin həmin dalanla avtomobil gediş-gəlişi üçün şəraət yaradılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, həmin dalana qoyulmuş darvaza İH-ti tərəfindən şəhərdə aparılan abadlıq işləri ilə əlaqədar qoyulduğundan və həmin darvazanın sökülməsi şəhərin ümumi görnüşünə xələl gətirdiyi və həmçinin həmin dalana olan maneələr aradan qaldırıldığı üçün, həmin darvazanın sökülməsinə zərurət və əsaslar yoxdurr və həmin hissədə iddianın təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün və qanuni olmuşdur. Ona görə də, qətnamə həmin hisəsdə dəyişdirilmədn saxlanılamlıdır. Azərbaycan Respublikası MPM-nin: 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına qismən uyğun olmamış və mübahisənin maddi hüquqi əsasları qismən düzgün müəyyən edilməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 385.1, 385.1.1 və 385.1.4-cü maddələrinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-695/2024 nömrəli qətnaməsi qismən, dalanda olan bütün maneələrin cavabdehin vəsaiti hesabına aradan qaldırılmasının (sökülməsinə) təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, Cavabdeh tərəfindən ünvan 1 və 137 saylı ünvanların ümumi gediş-gəliş üçün nəzərdə tutulmuş dalanda olan bütün maneələr aradan qaldırılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-695/2024 nömrəli qətnaməsi qismən, dalanda olan bütün maneələrin cavabdehin vəsaiti hesabına aradan qaldırılmasının (sökülməsinə) təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 və 137 saylı ünvanların ümumi gediş-gəliş üçün nəzərdə tutulmuş dalanda olan bütün maneələr aradan qaldırılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1239/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1239/2024
27.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver