Məhkəmə qərarları › İş №2(104)-124/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-124/2024

09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-124/2024 09.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Cuma oğluna qarşı mülki iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi (atası) Nümayəndə3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin e- 2(021)-228/2023 saylı mülki iş üzrə 27 aprel 2023-cü il tarixli qətnaməsindən iş üzrə Cavabdeh nümayəndəsi (atası) Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə 09 yanvar 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan “İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 900804-891988/2 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 20% olmaqla 8046.00 manat məbləğində kredit verilmişdir.

2. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, tərəflər kredit müqaviləsi üzrə 48 ay müddətində aylıq 244.98 manat, sonuncu ay isə 244.59 manat ödəniş edilməsi barədə razılaşmışlar.

3. İş materiallarında olan TT21019ZT7Q3 saylı 19 yanvar 2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh İddiaçı ASC-nin Bərdə filialından 8046.00 AZN məbləğində krediti almışdır. İş materiallarında olan bildirişin surətindən görünür ki, bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

4. İş materiallarında olan AZE seriyalı ******** saylı vətəndaşın şəxsiyyət vəsiqəsindən və AR.DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1993-cü ildə Bərdə rayonu Cumalar kəndində doğulmuş, Bərdə şəhəri, Koroğlu küçəsi, ev 5-də yaşayır.

5. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh xx.xx.2021-ci il tarixli 900804-891988/2 nömrəli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 6591.81 manat əsas, 980.92 manat faiz borcu olmaqla, cəmi 7572.73 manat borcu mövcuddur.

6. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh xx.xx.2021-ci il tarixli 900804-891988/2 nömrəli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 6591.81 manat əsas, 3274.94 manat faiz, cəmi 9866.75 manat borcu yaranmışdır.

7. İş materiallarında olan 16 avqust 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 96.20 manat dövlət rüsumu ödənilmişdir.

8. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 oktyabr 2023-cü il tarixli 9/6763 saylı rəyindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 900804-891988/2 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə olan borcu sualda qeyd edilən tarixə, yəni 30 mart 2023-cü il tarixə əsas borcu 6562.73 manat, faiz borcu 918.78 manat, cəmi borc 7481.51 manat müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6591.81 manat məbləğində əsas, 980.92 manat faiz borcu, cəmi 7572.73 manat (yeddi min beş yüz yetmiş iki manat, yetmiş üç qəpik) kredit borcunun və ödənilmiş 96.20 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 19 yanvar 2021-ci il tarixli, 900804- 891988/2 nömrəli istehlak krediti müqaviəsinə əsasən borcluya 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 8046.00 (səkkiz min qırx altı) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 16 avqust 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 6591.81 manat məbləğində əsas borc və 980.92 manat faiz borcu olmaqla, ümumilikdə 7572.73 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra-edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır.

11. Daha sonra İddiaçı ASC AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılması ilə bağlı ərizə verərək İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 19 yanvar 2021-ci il tarixli, 900804- 891988/2 nömrəli istehlak krediti müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyindən borcluya qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair ərizə ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. İddia ərizəsində göstərilən 6591.81 manat məbləğində əsas borc və 980.92 manat faiz borcu olmaqla, ümumilikdə 7572.73 manat kredit borcu xx.xx.2022-ci il tarixə sistem üzrə hesablanmış məbləğlərdir. Lakin həmin tarixdən bu günədək 7 ay müddət keçmiş, müqavilə müddətinin bitməməsini və borcalanının bu müddət ərzində banka heç bir ödəniş etməməsini nəzərə alaraq iddia tələbinin həcmi artırılır. AR MM-nin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Bu səbəbdən AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbini iddianın pul tutulması hissəsində artıraraq cavabdehdən 6591.81 manat əsas borc və 3274.94 manat faiz borcu olmaqla, cəmi 9866.75 manat məbləğində pulun və 119.50 manat məbləğində dövlət rüsumunun tutulması barədə barədə iddianın təmin edilməsini xahiş etmişdir.

12. Bərdə Rayon Məhkəməsinin e-2(021)-228/2023 saylı mülki iş üzrə 27 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Mayılov) iddia təmin edilmiş, Cavabdeh 6591.81 manat əsas, 3274.94 manat faiz, cəmi 9866.75 (doqquz min səkkiz yüz altmış altı manat 75 qəpik) manat məbləğində pul və ödənilmiş 96.20 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, Cavabdeh tərəfindən 23.30 manat pulun dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

13. Həmin qətnamədən Cavabdeh nümayəndəsi Nümayəndə3 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanuna zidd olaraq qəbul edilmişdir. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri qanunsuzdur. Çünki o, bankdan 2020-ci il tarixdə kredit götürən zaman 16.5%-lə kredit götürmüşdür. Bir müddət kredit borcunu davamlı ödədikdən sonra borcunu ödəyə bilmədiyi üçün kreditdə gecikmələr yaranmışdır. Bank əməkdaşı onu banka çağırdığı zaman ödənişlərdə bir az yüngülləşmə edəcəyini bildirərək ona bir sənədə imza etdirmiş, o isə həmin sənədi oxumadığı üçün hansı sənədə imza etdiyini bilməmişdir. Bir müddət sonra bank onu məhkəməyə verdiyi zaman məlumatı olmuşdur ki, bank onun kreditini 20%-lə hesablamışdır. Məhkəmə iclası zaman o, məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmiş, məhkəmənin qərarı ilə mülki iş eksperizaya getmiş, lakin geri qayıtmamışdır, səbəbi isə sənədlərin düzgün tərtib edilməməsi olmuşdur. Lakin, məhkəmə sənədləri düzgün tərtib edərək ekspertizaya göndərməyərək qanunsuz olaraq mülki işə baxmış və qanunsuz qətnamə qəbul etmişdir. Bank kreditin götürülmə tarixini 2021-ci il qeyd etdiyi üçün hakim də qətnamədə kreditin götürülmə tarixini 2021-ci il olaraq qeyd etmişdir. Halbuki, o, krediti 2020-ci ilin yay aylarında götürmüşdür. Bundan əlavə Prezidentin fərmanı vardır ki, müharibə iştirakçılarının kredit borcularının faizi dayandırılmalı idi. Halbuki, nə bank, nə də hakim bunları nəzərə almamış, qanunsuz qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmədə iştirak edən Cavabdeh nümayəndəsi (atası) Nümayəndə3 apellyasiya şikayətinin əsaslı olduğunu bildirib, şikayətin təmin edilməsini xahiş etdi.

17. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz etdiyini, eyni zamada ekspertizanın rəyi ilə razı olmadığını bildirdi. Sonda apellyasiya şikayətinin təmin edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

21. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

22. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 81.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 6591.81 manat əsas, 3274.94 manat faiz, cəmi 9866.75 (doqquz min səkkiz yüz altmış altı manat 75 qəpik) manat məbləğində pulun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi hissədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamamışdır. Ona görə də qətnamə yalnız Cavabdeh kredit borcunun məbləğinin müəyyən edilməsi hissədə dəyişdirilməlidir. 34.Belə ki, Cavabdeh nümayəndəsinin apellyasiya şikayətinin dəlillərindən biri 2021-ci ildə Cavabdeh kreditin verilmədiyindəndir.

35. Kollegiya aşağıda qeyd edilənlərə əsasən şikayətin bu dəlilini əsassız sayır.

36. Belə ki, . Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

37. Mülki işin materiallarında olan, “İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 900804-891988/2 nömrəli kredit müqaviləsindən və TT21019ZT7Q3 saylı 19 yanvar 2021-ci il tarixli kassa məxaric orderindən işin faktiki halları kimi müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 20% olmaqla 8046.00 manat məbləğində kredit verilməsi barədə tərəflər öz aralarında razılaşmışlar və həmin məbləğdə kredit İddiaçı ASC tərəfindən Cavabdeh verilmişdir.

38. Göründüyü kimi, Cavabdeh 2021-ci ildə kreditin verilmədiyi barədə onun (Cavabdeh) nümayəndəsinin apellyasiya şikayətinin dəlilləri iş materialları ilə tam təkzib olunur.

39. Bundan başqa, Cavabdeh apellyasiya şikayətinin dəlillərərindən biri də bank tərəfindən göstərilən borcun düzgün hesablanmamasındandır.

40. Şikayətin bu dəlilinə hüquqi qiymət verilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən iş üzrə xx.xx.2023-cü il tarixli qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 oktyabr 2023-cü il tarixli 9/6763 saylı rəyi ilə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 900804-891988/2 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə olan borcu sualda qeyd edilən tarixə, yəni 30 mart 2023-cü il tarixə əsas borcu 6562.73 manat, faiz borcu 918.78 manat, cəmi borc 7481.51 manat müəyyən edilmişdir.

41. Məhkəmə kollegiyası hesab edir ki, həmin ekspert rəyinin işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur.

42. Ona görə də göstərilən ekspert rəyinə istinad edərək, kollegiya hesab edir ki, apellyatorun şikayətinin bu dəlili qismən əsaslıdır və buna görə də Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə kredit müqaviləsinə əsasən 6591.81 manat əsas, 3274.94 manat faiz, cəmi 9866.75 manat pulun tutulması hissəsində qətnamə dəyişdirilməli, cavabdehdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2021-ci il tarixli, 900804- 891988/2 nömrəli kredit müqaviləsinə əsasən tutulmalı olan 6562.73 manat əsas borc, 918.78 manat faiz borcu olmaqla, cəmi 7481.51 manat müəyyən edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olan 16 oktyabr 2023-cü il tarixli, 9/6763 saylı ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğini təşkil edir.

44. Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsaslanan kollegiya hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin e-2(021)-228/2023 saylı mülki iş üzrə 27 aprel 2023cü il tarixli qətnaməsi iddianın təmin edilmiş, Cavabdeh 6591.81 manat əsas, 3274.94 manat faiz, cəmi 9866.75 (doqquz min səkkiz yüz altmış altı manat 75 qəpik) manat məbləğində pulun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi hissədə dəyişdirilsin, iddia həmin hissədə qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 900804-891988/2 nömrəli kredit müqaviləsinə əsasən yaranan 6562.73 manat məbləğində əsas borc, 918.78 manat məbləğində faiz borcu olmaqla, cəmi 7481.51 (yeddi min dörd yüz cəksən bir) manat 51 qəpik məbləğində pul Cavabdeh alınaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin.. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Bu qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar