Məhkəmə qərarları › İş №2(104)-1245/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1245/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1245/2023 15.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pulun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(045)-1646/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 15 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin Cinayət işi başlanmasının rədd edilməsi barədə 25 iyun 2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 Zeynalabdin oğlunun əməlində Azərbaycan Respublikası CM-in 178-ci maddəsinin tərkibi olmdadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmişdir;

2. Fotoşəkillərdən və kompakt diskdən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında borcun verilməsinə dair yazışmalar və səs yazıları olmuşdur.

3. **********710635 nömrəli bank kartının kserosurətindən görünür ki, həmin kart Cavabdeh2 məxsusdur.

4. 28 noyabr 2021-ci il tarixli qəbzin surətindən görünür ki, ayrı-ayrı saatlarda X1 tərəfindən Cavabdeh1 Zeynalabdin oğluna məxsus bank kartına 5000 manat, 1400 manat və 600 manat pul köçürülmüşdür. a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Zeynalabdin oğluna qarşı pul tələbinə dair Goranboy Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada 10000 manat və ödənilmiş 120 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 onun qardaşı, Cavabdeh1 Zeynalabdin oğlu isə qardaşının yaxınıdır. 2021-ci il noyabr ayının 28də qardaşı Cavabdeh2 Bakı şəhərindən ona zəng edərək bildirmişdir ki, yaxın tanışı Cavabdeh1 gətirdiyi malın kömrük haqqını ödəməyə görə 10000 manat lazımdır və pulu 20 gün müddətinə qaytaracaqdır. Qızının Almaniyaya getməsi üçün hazırladığı 10000 manatı verməyə razılaşmış və həmin gün Gəncə şəhəri Xətai prospektində yerləşən terminaldan əvvəlcə qardaşının kartına 3000 manat, sonra isə Vüqarın kartına 5000 manat, 1400 manat, daha sonra isə 600 manat pul göndərmişdir. Qardaşının kartına göndərdiyi 3000 manatı da o, Vüqara vermiş, 7000 manatı isə sonuncu özü götürmüşdür. 20 gün keçdikdən sonra qardaşına zəng edib pulunu geri istəmiş, qardaşı isə demişdir ki, “Vüqar evini təmir etdirir, təmir qurtarandan sonra satıb sənin pulunu verəcək”. Bu ilin may ayında Vüqarın evini satmasını bilmiş və buna görədə qardaşı ilə əlaqə saxlamış, sonuncu isə Vüqarın telefona cavab vermədiyini, özünü isə tapa bilmədiyini bildirmişdir. Ona görə də Gəncə şəhər Polis İdarəsinə müraciət etmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.

7. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh2 cavabdeh qismində tanınmasını, Cavabdeh1 Zeynalabdin oğlunun da cavabdehlikdən çıxarılmasını xahiş etmişdir.

8. Goranboy Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(045)- 1646/2022 nömrəli qətnaməsi ilə (hakim T.Mustafayev) iddia tələbi təmin edilərək, Cavabdeh2 İddiaçı xeyrinə 10000 manat borc pul və ödənilmiş 120 manat məbləğində dövlət rüsumunun əvəzi tutulması qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 324.1, 324.1, 337.1, 389.1, 406.1, 739.1, 740.1, 740.2 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 216-220, 227, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalrının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, iddiaçıdan borc pulu Vüqar Həsənova verməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsinin icraatı zaman onun izahatı təhrif edilmiş və guya iddia tələbini qəbul edərək bildirmişdir ki, Cavabdeh1 məxsus bank kartı bacısı Gülnarə Mirzəyevada olmuşdur. Halbu ki, borc münasibətləri onunla İddiaçı arasında deyil, Cavabdeh1lə İddiaçı arasında yaranmışdır. Heç vaxt Gülşəndən borc istəməmiş, sonuncu da ona borc verməmişdir. Beləliklə 10000 manat pulun 7000 manatını Gülşən birbaşa Vüqarın bank kartına, 3000 manatını isə Vüqara çatdırılması üçün onun bank kartına göndərmişdir. İddia ərizəsində də qeyd edildiyi kimi, onun bank kartına İddiaçı ona hər hansı şərtlə pul verməmiş, o da həmin pulu qaytarılması ilə bağlı hər hansı öhdəlik götürməmişdir. Cavabdeh1 Zeynabdin oğluna Nərimanov Rayon Polis İdarəsinin 13 yanvar 2023-cü il tarixli qərarı ilə Aəzrbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə yenidən ittiham elan olunmuşdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, bacısı Gülşəndən 10000 manat göndərməsini xahiş etmiş, Gülşəndə 3000 manatı onun kartına, 7000 manatı isə Vüqarın kartına köçürmüşdür. Kartına köçürülən 3000 manatı Vüqarın bacısı Gülnarəyə vermiş, Vüqarın kartı Gülnarədə olduğundan həmin pulu da Gülnarə çıxartmışdır. Əslində bacısı Gülşəndən 10000 manatı Gülanərə üçün istəmiş, həmin pul da Gülnarəyə verilmişdir. Həmin məbləğə görə bacısı Gülnarəyə 4800 manat qaznc vermişdir. Ümumiyyətlə arvadı Şəhala ilə birlikdə Vüqara və Gülnarəyə 58000 manat vermişlər. Həmin məbləğin də 10000 manatı bacısı Gülşənə aiddir. 58000 manatı Vüqardan və Gülnarədən alan kimi bacısı Gülşənin 10000 manatını qaytaracaq. Cavabdeh2 sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, qardaşı Rəsulun 10000 manat ostəmiş və həmin pulun 3000 manatını onun kartına, 7000 manatı isə Vüqarın kartına göndərməsini bildirmişdir. Vüqar adlı şəxsi tanımır və həmin şəxsə borc verməmişdir. Pulu qardaşı Rəsul ondan istəmişdir. Qardaşı Rəsul ona 4800 manat verməmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

23. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, işin faktiki hallarına düzgün qiymət verilmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

27. Kolelgiya qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. İşin müəyyən olunmuş faktik hallarına görə, Cavabdeh2 tanışı Gülnarəyə vermək adı ilə bacısı İddiaçı 2021-ci ilin noyabr ayında 10000 manat istəmiş, sonuncuda qardaşının tapşırığı əsasında həmin məbləğin 7000 manatını Cavabdeh1 kartına, 3000 manatını isə Rəsul Dadşpurun kartına köçürmüşdür. Cavabdeh2 alınmış pulun 20 gün müddətində qaytarılacağına dair bacısı Gülşənə vəd versədə, lakin pulu qaytarmamışdır. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir. Kollegiyada birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

29. Belə ki, öhdəliyin əmələ gəlməsi üçün onun tərəfləri arasında əqdin bağlanması zəruridir. Əqddən yalnız o halda bəhs etmək mümkündür ki, əqdi əmələ gətirən iradə ifadəsi, görünüş etibarı ilə hüquqi nəticəni gerçəkləşdirmək məqsədilə edilmiş olsun. İradə ifadəsi müəyyən bir hüquqi nəticəyə yönəlmiş olmalı, hansı hüquqi nəticəni əmələ gətirmək üçün edildiyi müəyyən edilə bilinmədiyi təqdirdə əqd əmələ gəlmir. Qarşılıqlı bir-birinə uyğun iradə ifadələri nəticəsində əmələ gələn əqd növünə müqavilə deyilir. Əsas etibarı ilə müqavilələr fərqli mənafe və məqsədlərlə (məsələn biri satmaq digəri isə almaq) hərəkət edən şəxslər arasında müəyyən hüquqi nəticəni əmələ gətirmək üçün bağlanır. Müqavilə ikitərəfli əqd növüdür və bu anlayışı əmələ gətirən meyar öhdəlikdir. Əgər müqavilə üzrə tərəflərdən hər birinin öhdəliyi, sırf qarşı tərəfin öhdəliyinin yaranması əvəzində əmələ gəlirsə onda bu cür müqavilələrə tam ikitərəfli müqavilədir. Nəticə etibarı ilə qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən müqavilə anlayışına və müqavilələrin bağlanılmasının ümumi şərt və əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405-424 maddələri ilə tənzimlənən ümumi sisteminə uyğun olaraq razılaşma ilə əmələ gələn bir əqd mahiyyətindədir.

30. Yuxarıda da qeyd olunduğu kimi Cavabdeh2 bacısı İddiaçı 10000 manat istəməsi və həmin məbləğin sonuncu tərəfindən Rəsulun dediyi kartlara, yəni 3000 manat onun özünün, 7000 manat isə Vüqarın kartına göndərməsi işin mübahisəsiz halıdır. Cavabdeh2 bacısı Gülşəndən 10000 manat istəmədiyi halda sonuncu onun dediyi kartlara həmin məbləğidə pul göndərməyəcəkdi. Vüqara məxsus kart öz bacısı Gülnarədə olmuş və həmin məbləğidə sonuncu çıxartmışdır. Eləcədə Rəsulun kartına göndərilən 3000 manat Gülnarəyə verilmişdir. İddiaçı Cavabdeh1, eləcədə onun bacısı Gülnarəni tanımamış, sonuncular arasında borc pulla bağlı razılaşma olmamışdır. İddiaçı 10000 manatı qardaşı Cavabdeh2 istəməsinə görə kart hesablarına göndərmişdir. Bu da onu deməyə əsas verir ki, borc öhdəlik hüquq münasibətləri İddiaçıla Cavabdeh2 arasında yaranmışdır.

31. Kollegiya apellyasiya şikayətinin İddiaçıla onun arasında borc münasibətləri olmaması, borc münasibətləri Cavabdeh1lə İddiaçı arasında yaranmsı, heç vaxt bacısı Gülşəndən borc istəməməsi və sonuncu da ona borc verməməsi dəlillərini əsassız hesab edir.Qeyd olunan dəlillər qətnamənin ləğvi üşün əsas deyil.

32. Belə ki, bu qətnamənin 13-cü bəndində də qeyd olunduğu kimi apellyasiya icraatı zamanı Cavabdeh2 izahatında bildirmişdir ki, arvadı ilə birlikdə Vüqar və onun bacısı Gülnarəyə ümumilikdə 58000 manat borc vermişlər və həmin məbləğində 10000 manatı bacısı Gülşənə aiddir. Vermiş olduğu pulu Vüqar və Gülnarədən aldığı zaman bacısı Gülşəninin 10000 manatını qaytaracaqdır.

33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392, 393, 402, 403, 404 və 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(045)-1646/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar