Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1246/2023 10.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun tutulması. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 04 avqust 2016-cı il tarixli 2(62)-3591/2016 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2014-cü il tarixli Kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 27 faiz olmaqla, 30 ay müddətinə 6380 ABŞ dolları məbləğində pul verilməli, borclu aldığı kredit məbləğini və kreditə görə razılaşdırılmış faizləri müəyyən olunmuş cədvələ əsasən ödəmək öhdəliyini, bu öhdəliyə əməl etmədiyi halda cərimə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür.
2. xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsindən görünür ki, borclunun iddiaçı bankın qarşısındakı müqavilə öhdəliyinin icrasını təmin etmək məqsədilə həmin tarixdə iddiaçı bankla Cavabdeh2 və Cavabdeh3 borclunun bank qarşısında öz öhdəliklərini yerinə yetirənədək onunla birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər.
3. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-nin Qazax filialından müqavilə üzrə 6380 ABŞ dolları məbləğində kredit almışdır.
4. xx.xx.2016-cı il tarixli maliyyə arayışı ilə müəyyən edilir ki, krediti aldıqdan sonrakı dövrdə borclu kredit məbləğinin və ona hesablanmış faizlərin müəyyən hissəsini qaytarmış, 5592.46 ABŞ dolları məbləğində əsas kredit borcunu və 1076.09 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə faizlər üzrə yaranan borcunu ödəməmişdir. Bu səbəbdən də, iddiaçı bank tərəfindən cavabdehə 162.60 ABŞ dolları məbləğində cərimə üzrə borc hesablanmışdır.
5. Problemli kreditlərin kompensasiyası haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin 4332.62 manat əsas kredit borcu vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada bankın xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 5592.46 ABŞ dolları əsas borc, 1076.09 ABŞ dolları faiz borcu və 162.6 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 6831.15 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini, cavabeh Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 27 faizlə 30 ay müddətinə 6380 ABŞ dolları kredit götürmüşdür. xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 5730.99 ABŞ dolları təşkil edir, kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin olunur. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2016-cı il tarixədək Cavabdeh1 banka xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 5592.46 ABŞ dolları əsas borc, 1076.09 ABŞ dolları faiz borcu və 162.6 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 6831.15 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
8. Tovuz Rayon Məhkəməsinin 04 avqust 2016-cı il tarixli 2(62)-3591/2016 nömrəli qətnaməsi ilə (hakim Ədil Məmmədov) iddianın qismən təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən yaranan 5592.46 ABŞ dolları məbləğində əsas kredit borcu, 1076.09 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə yaranan faizlər üzrə borc və 16 ABŞ dolları məbləğində cərimə üzrə borcu olmaqla, cəmi 6684.55 ABŞ dolları məbləğində pulun ödəniş gününə məzənnə ilə manatla və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, qalan hissədə iddia əsassız olduğundan təmin olunmaması qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1, 442, 443, 470, 739.1 və 742.2 -ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 119.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh1 apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin 04 avqust 2016-cı il tarixli 2(62)-3591/2016 nömrəli qətnaməsinin ləğv edilməsini və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı fərmanının tələbinə uyğun azaldılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi düzgün araşdırmamışdır. Belə ki, iddiaçı bank tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli 551 saylı fərmanının tələbi yerinə yetirilməmişdir. Onun kredit borcu həmin fərmanın təsir dairəsinə düşmüşdür. Ona görə də borc fərmana uyğun hesablanmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, Problemli kreditlərin kompensasiyası haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, onun ləğv prosesində olan İddiaçı ASC-nin 4332.62 manat əsas kredit borcu vardır. Onun kredit borcu ölkə başçısının fərmanının təsir dairəsinə düşmüşdür. Odur ki apellyasiya şikayətinin həmin məbləgə uyğun təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin Problemli kreditlərin kompensasiyası haqqında xx.xx.2023-cü il tarixli arayışa uyğun həllinə heç bir etirazı olmadığını bildirmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 digər Cavabdeh1 apellayasiya şikayətinin təmin edilməsini xahiş etmişlər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
19. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
20. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
21. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
23. Maddə 471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
24. Maddə 472.1 Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
25. Maddə 472.2 Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
26. Maddə 739.1. Borc müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
27. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Maddə 217.3 qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
34. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;
35. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri 36.MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 37.MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 38.Tovuz Rayon Məhkəməsinin 04 avqust 2016-cı il tarixli 2(62)-3591/2016 nömrəli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti versə də kredit borcu cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da müştərək qaydada tutulduğundan, yəni iddia tələbi bölünməz olduğundan həmin qətnamənin borcun tutulması hissəsində əsaslılığı tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 39.Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Tovuz Rayon Məhkəməsinin 04 avqust 2016-cı il tarixli 2(62)- 3591/2016 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, 4332.62 (dörd min üç yüz otuz iki manat altmış iki qəpik) manat məbləğində əsas kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. 40.Apellyasiya instansiyası məhkəməsi yuxarıda şərh edilənlərə hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2023-cü il tarixli Problemli kreditlərin kompensasiyası ilə bağlı arayışından görünür ki, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin 4332.62 manat əsas kredit borcu vardır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı fərmanının tələbinə uyğun azaldılmasını xahiş etmişdir. Ona görə də Məhkəmə Kollegiyası hesab edirik ki, apellyasiya şikayəti təmin edilməli, cavabdehlərdən müştərək tutulmalı olan kredit borcu Problemli kreditlərin kompensasiyası ilə bağlı arayışa uyğun müəyyən edilməli, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
41. Hazırki iş üzrə çıxarılan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. 42.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.2, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin 04 avqust 2016-cı il tarixli 2(62)-3591/2016 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. 4332.62 (dörd min üç yüz otuz iki manat altmış iki qəpik) manat məbləğində əsas kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz .