Məhkəmə qərarları › İş №2(104)-1248/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1248/2023

18.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1248/2023 18.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi ziyan tələbi ) Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, Tovuz Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(062)-789/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tovuz Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nın 127.2.3-cü maddəsi ilə (01) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

2. İşə əlavə olunmuş epikrizdən görünür ki, İddiaçı çənənin sağ şaxə və sol cisim nahiyəsinin yerini dəyişmiş sınığı diaqnozu qoyulmuşdur.

3. xx.xx.2021-ci il tarixli NM490389 saylı qəbzdən görünür ki, İddiaçı Azərbaycan Univeristetinin Tədris Cərrahiyyə Klinikasına 09 avqust 2021-ci ildə 1500 manat avans ödənişi etmişdir.

4. Mədaxil qəbzindən görünür ki, İddiaçı həmin klinikada Covid-19-a qarşı test edilmiş və bu zaman 25 manat ödəniş etmişdir.

5. Şəhərlərarası Sərnişin Biletindən görünür ki, iddiaçı həmin klinikaya gedərkən şəhərlər arası sərnişin daşıma xidmətindən iştirak edərək 8 manat 40 qəpik məbləğində ictimai nəqliyyata pul ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı “sağlamlığa vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, təqsirləndirilən şəxs Cavabdeh xx.xx.2021-ci il tarixdə saat 22 radələrində Tovuz rayonu Yanıqlı kənd sakini X3 ilə yaşadığı evinnin qarşısında küçədə söhbət etməsini görüb onların yanına gələrək, bir necə gün Kamranın onun ünvanına söyüş söyməsinə yəni cavabdeh olub olmadığını soruşarkən o, əsassız yerə mübahisə etməyə ehtiyac olmamasını bildirməsinə baxmayaraq, o, yenə də həmin sözü təkirarlamasından sonra o, məcbur olub “bəli cavabdehəm” deməsi bəhanə gətirib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyəti ilə yumuruqla onun sifət nahiyyəsinə bir neçə dəfə ardıcıl zərbələr vurub, ona alt çənə cisminin sol yarasının və sağ şaxənin yerini dəyişmiş sınığı alt ənənin qançır şişkinliyi boyun nahiyyəsinin sağ yan, ön və sol yan səhətinin hematoması ilə müşahidə olunan Azərbaycan Respublikası CM-nın 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətli pozulmasına səsəb olan qəsdən sağlamlığa az ağır zərərə vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə iclasında təqsirləndirilən şəxsin zərərçəkın şəxsin şahid ifadələri ekspert rəyi və işin digər tədqiq olunmuş halları ilə qaydada sübuta yetirilir. Bu barədə Tovuz Rayon Məhkəməsinin müvafiq hökümü də çıxarılmışdır. Buna baxmayaraq həmin xəsarətdən o, çəkdiyi xərci Cavabdeh və yaxud onun ailəsi tərəfindən ödənilməmişdir. Onun hesabına 6000 manata yaxın xərc çəkmiş və hələdə xərc çəkməkdə davam edir. Azərbaycan Tibb Univeristetinin Cərrahiyyə Klinikasına 1525 manat ödəmişdir.

8. Tovuz Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(062)-789/2022 nömrəli qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddia qismən təmin edilmiş, 3083,40 (üç min səksən üç manat qırx qəpik) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, iş materiallarında olan tibbi sənədlərdən göründüyü kimi, İddiaçı Azərbaycan Univeristetinin Tədris Cərrahiyyə Klinikasına 09 avqust 2021-ci ildə 1500 manat avans ödənişi etmiş, həmin klinikada Covid-19-a qarşı test edilmiş və bu zaman 25 manat ödəniş etmiş, həmin klinikaya gedərkən şəhərlər arası sərnişin daşıma xidmətindən iştirak edərək 8 manat 40 qəpik məbləğində ictimai nəqliyyata pul ödəmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi İddiaçı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır xəsarət aldığından onun həmin müddətdə əmək fəaliyyəti ilə məşğul olması da inandırıcı deyildir. İşin hallarından göründüyü kimi iddiaçı 6 ay ərzində, yəni 2021-ci ilin avqust ayından, 2022-ci ilin fevral ayınadək əmək qabiliyyətsiz olmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək qabiliyyətli olmaqla qazanc əldə etməsi, ailə başçısı olması işin mübahisəsiz halıdır. Ona görə də məhkəmə qeyd edir ki, iddiaçının işləmədiyi 6 aylıq müddətə minimum əmək haqqı məbləği tətbiq edilməklə, həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, 2021-ci ilin avqust ayı da daxil olmaqla iddiaçı 2022-ci ilin yanvar ayı daxil əmək qabiliyyətsiz olmuşdur. (5*250+300=1550) Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh dəymiş zərər məbləğini mübahisələndirməmişdir.

10. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1118.1-1118.2-ci və 1119.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 11.Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(062)-789/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etmişdir. 12.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Tovuz Rayon Məhkəməsinin hökmünə əsasən cəzaçəkmə müəssisəsində olmuş və məhkəmə iclaslarından xəbəri olmamış, məhkəmədə iştirakı təmin olunmamış, çəkişmə prinsipi təmin edilməmişdir. İddiaçı həmçinin ona dəymiş ziyan barədə heç bir əsaslı sübut təqdim etməmiş və məhkəmə əsassız olaraq 3083,40 (üç min səksən üç manat qırx qəpik) manat məbləğində pulun ondan alınaraq İddiaçı ödənilməsi nəticəsinə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellysiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətininin təmin edilməsini, Tovuz Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(062)-789/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. 15.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, İlham onun doğma qardaşıdır. Qardaşı xəstəxanada 3 gün qalmış, sonra isə müalicəyə gedib-gəlmişdir. Xəsarət almazdan əvvəl qardaşı işləməmiş və əlilliyi yoxdur. Qardaşı Rusiya vətəndaşı olmaqla, Rusiyada yaşayır. Müalicə üçün Bakıya təxminən 7 dəfə gedib-gəlmişdir. Məhkəmənin qətnaməsi ilə razılaşır. Ona görə də, apellyasiya şikayətininin təmin edilməməsini və Tovuz Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(062)-789/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası MM-i: Maddə 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ücün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

17. Azərbaycan Respublikası MPM-i: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(062)- 789/2022 nömrəli qətnaməsi Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 3083,40 (üç min səksən üç manat qırx qəpik) manatın tutularaq İddiaçı verilməsi hissəsində dəyişdirilməli, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 2283 (iki min iki yüz səksən üç) manat tutularaq İddiaçı verilməlidir.

21. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür.

22. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilmiş faktlardan irəli gələn nəticə onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun.

23. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

24. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 25.Qanuni qüvvəsini almış məhkəmə hökmü üzrə Cavabdeh Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum etmə cəzası təyin edilmişdir. 26.Həmin hökm üzrə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə saat 22 radələrində Tovuz rayonu Yanıqlı kənd sakini X3 ilə yaşadığı evinin qarşısında küçədə söhbət etməsini görüb onların yanına gələrək bir neçə gün Kamranın onun ünvanına söyüş söyməsinə yəni cavabdeh olub olmadığını soruşarkən o, əsassız yerə mübahisə etməyə ehtiyac olmamasını bildirməsinə baxmayaraq, o, yenə də həmin sözü təkrarlamasından sonra o, məcbur olub “bəli cavabdehəm” deməsi bəhanə gətirib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyəti ilə yumuruqla onun sifət nahiyyəsinə bir neçə dəfə ardıcıl zərbələr vurub ona alt çənə cisminin sol yarasının və sağ şaxənin yerini dəyişmiş sınığı alt ənənin qançır şişkinliyi boyun nahiyyəsinin sağ yan, ön və sol yan səhətinin hematoması ilə çüşahidə olunan Azərbaycan Respublikası CM-nın 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətli pozulmasına səsəb olan qəsdən sağlamlığa az ağır zərərə vurmuşdur. 27.MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

28. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, 3083,40 (üç min səksən üç manat qırx qəpik) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir.

29. İş materiallarından görünür ki, İddiaçı almış olduğu xəsarətlərlə bağlı Azərbaycan Tibb Universitetinin X1 müayinə və müalicə olunmuş, o, bununla bağlı 09 avqust 2021-ci il tarixdə 1500 manat pul ödəniş etmiş, həmin klinikada Covid-19-a qarşı test edilmiş və bu zaman 25 manat ödəniş etmiş, həmin klinikaya gedərkən şəhərlər arası sərnişin daşıma xidmətindən iştirak edərək 8 manat 40 qəpik məbləğində ictimai nəqliyyata pul ödənişi etmişdir ki, bu ödənişlər işə əlavə edilən ödəniş qəbzləri ilə təsdiq edilir.

30. Məhkəmə kollegiyası tərəflərin izahatını işin digər halları ilə yanaşı qiymətləndirərək, iddiaçının 3 ay ərzində yəni 2021-ci ilin avqust ayından oktyabr ayına kimi əmək qabiliyyətsiz olması mümkünlüyünü nəzərə alaraq, iddiaçının işləmədiyi 3 aylıq müddətə minimum əmək haqqı məbləği olan 250 manat məbləğini əsas götürməklə, həmin məbləğin 750 manat məbləğində təmin edilməsini ədalətli və qanuni hesab edir. 31.Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehə 28 aprel 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişini Azəbaycan Respublikası Ədliyyə Naziriyi Penitensiar Xidmət 2 saylı İstintaq Təcrdixanasına rəsmi qaydada göndərmiş və həmin bildirişi xx.xx.2022-ci il tarixdə şəxsən qəbul etmişdir. (iş materiallarının 32-ci vərəqində olan məhkəmə bildirişinin kötüyü). Azəbaycan Respublikası Ədliyyə Nazilriyi Penitensiar Xidmət 2 saylı İstintaq Təcrdixanası xx.xx.2022-ci il tarixli xx/xx-1927 saylı məktubu ilə mülki iş üzrə 28 aprel 2022-ci il tarixə Tovuz Rayon Məhkəməsinin binasında təyin edilmiş məhkəmə baxışında məhkum Cavabdeh iştirakının təmin edilməsinin mümkün olmaması barədə məktub göndərilmişdir. Ona görə də, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, haqlı olaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 32.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayət qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(062)-789/2022 nömrəli qətnaməsi Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 3083,40 (üç min səksən üç manat qırx qəpik) manatın tutularaq İddiaçı verilməsi hissəsində dəyişdirilməli, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 2283 (iki min iki yüz səksən üç) manat ( 1500+25+8+750=2283) tutularaq İddiaçı verilməlidir.

33. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(062)-789/2022 nömrəli qətnaməsi Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 3083,40 (üç min səksən üç manat qırx qəpik) manatın tutularaq İddiaçı verilməsi hissəsində dəyişdirilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 2283 (iki min iki yüz səksən üç) manat tutularaq İddiaçı verilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar