Məhkəmə qərarları › İş №2(104)-1250/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1250/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1250/2023 26.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Qazax Rayon Məhkəməsinin 07 iyul 2015-ci il tarixli 2(023)-435/2015 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC-yə qarşı Qazax Rayon Məhkəməsinə müraciət edərək "xxxx" ASC-nin Tovuz filialı ilə Cavabdeh arasında bağlanmış 31 oktyabr 2008-ci il tarixli 616 Fuad ist. saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh əsas borcu üzrə 740,0 manat, faiz borcu üzrə 1636,0 manat, dəbbə pulu üzrə 1000,0 manat, cəmi 3376,0 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 2(021)-435/2015 nömrəli qətnaməsi ilə (hakim Məhərrəm Ələkbərov) iddia təmin edilmişdir. Cavabdeh Qazax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, Qazax Rayon Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 2(023)-435/2015 nömrəli qiyabi qətnaməsinin 10 may 2015-ci il tarixdə almışdır. Qazax Rayon Məhkəməsinin 07 iyul 2015-ci il tarixli 2(023)-435/2015 nömrəli qərardadına əsasən İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin Cavabdeh qarşı kredit borcunun və kredit üzrə yığılmış faizlərin tutulması tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 2(023)-435/2015 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi barədə Cavabdeh ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan Cavabdeh 14 mart 2023-cü il tarixli şikayətlə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülki işə baxılmasından xəbərdar olmamışdır. Məhkəmə onun iştirakını təmin etməmiş, heç bir araşdırma aparmadan qətnamə qəbul etmişdir. Bərdə Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(023)-435/2015 nömrəli qərardadı ilə (hakim Nemət Musayev) şiakyətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Qazax Rayon Məhkəməsinin 07 iyul 2015-ci il tarixli 2(023)- 435/2015 nömrəli qərardadı və onun əsasında çıxarılmış 16 mart 2023-cü il tarixli 2(023)- 435/2015 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şikayətin dəlili ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarından aydın olur ki, Qazax Rayon Məhkəməsinin 27 aprel 2015ci il tarixli 2(023)-435/2015 nömrəli qətnaməsi 01 may 2015-ci il tarixli müşayiətedici məktubla Cavabdeh göndərilmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh 02 iyul 2015-ci il tarixdə ərizə ilə (iş mat səh. 49) müraciət edərək Qazax Rayon Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 2(023)- 435/2015 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 07 iyul 2015-ci il tarixli 2(023)-435/2015 qərardadı ilə cavabdehin ərizəsi təmin edilməyərək məhkəmə qeyd etmişdir ki, cavabdeh məhkəmə iclasına üzürlü səbəbdən gəlməməsini əks etdirən halları və bu halları təsdiq edən sübutları ərizəyə əlavə etmədiyindən ərizə təmin edilməməlidir. Cavabdeh 15 fevral 2023cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin yenidən ona verilməsini xahiş etmişdir. Cavabdeh ərizəsinə “xx.xx.2023 qəbul etdim” qeyd etməklə məhkəmənin sözügedən qətnaməsini rəsmi qaydada almışdır (iş mat səh 58). İş materiallarının 59-cu səhifəsində olan ərizəsindən görünür ki, məhkəmənin xx.xx.2015-ci il tarixli qərardadının surətini 21 fevral 2023-cü il tarixdə rəsmi qaydada almışdır. Daha sonra cavabdeh həmin qərardaddan şikayət verərək, şikayətini 13 mart 2023-cü il tarixdə rabitə orqanı ilə məhkəməyə göndərmişdir. Konkret olaraq desək Cavabdeh mübahisələndirdiyi qərardadı 21 fevral 2023-cü il tarixdə rəsmi qaydada alsa da şikayətini 13 mart 2023-cü il tarixdə, yəni 19 gün sonra vermişdir. Halbuki, qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikasının MPM-in 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələbləri çərçivəsində düzgün nəticəyə gəlmişdir. Ona görə də, Məhkəmə Kollegiyası şikayətin isə təmin edilməməsi, Qazax Rayon Məhkəməsinin 07 iyul 2015-ci il tarixli 2(023)-435/2015 nömrəli qərardadı və onun əsasında çıxarılmış 16 mart 2023-cü il tarixli 2(023)-435/2015 nömrəli qərardadının dəyişdirmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPMin 263, 264, 396, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Qəraraaldi: Şikayət təmin edilməsin. İş üzrə Qazax Rayon Məhkəməsinin 07 iyul 2015-ci il tarixli 2(023)-435/2015 nömrəli qərardadı və onun əsasında çıxarılmış 16 mart 2023-cü il tarixli 2(023)-435/2015nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar