Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1251/2023 23.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, Qazax Rayon Məhkəməsinin 2(023)-246/2023 saylı mülki iş üzrə 14 fevral 2023-cü il tarixli qətnaməsindən Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 23 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında xx.xx.2014cü il tarixli, 1677 saylı kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən, Cavabdeh1 36 ay müddətinə illik 26 faiz hesablanmaqla 5000 manat məbləğində kredit verilmiş, cavabdeh isə kredit məbləğini müəyyən olunmuş müddətdə qaytarmağı öhdəsinə götürmüşdür.
2. İş materiallarında olan xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh3 (zamin) müqavilə üzrə borcalanın öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər.
3. iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli LM122000395 saylı restrukturizasiya müqaviləsindən görünür ki, həmin müqavilə LPO İddiaçı ASC tərəfindən imzalansa da, cavabdehə aid hissədə imzalanmamışdır.
4. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 1233.18 manat məbləğində kredit borcu mövcuddur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 488,27 manat əsas, 309,29 manat faiz, 309,83 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikast MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 125,79 manat məbləğ olmaqla, cəmi 1233,18 (bir min iki yüz otuz üç manat, 18 qəpik) manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumunun müştərək qaydada tutularaq Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Anar Nəcəf-zadə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Cavabdeh1 məhkəməyə təqdim etdiyi ərizədə iddia ərizəsinə əlavə edilmiş 28 dekabr 2020-ci il tarixli müqavilənin onun və zaminlərinin məlumatı olmadan tərtib edildiyini, iddiaçı tərəfin iddia müddətini keçirdiyindən saxta əqd tərtib edərək məhkəməyə təqdim etdiyini bildirmişdir. Cavabdeh1 ərizəsində işə onun iştirakı olmadan baxılmaqla, iddia müddətinin keçməsinə əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.
8. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Qazax Rayon Məhkəməsinin 2(023)-246/2023 saylı mülki iş üzrə 14 fevral 2023cü il tarixli qətnaməsi ilə (hakim: F.Məmmədov) iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə barədə iddiası rədd edilmiş, iş üzrə ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu iddiaçıya aid edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Azər Əmirov apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 2(023)- 246/2023 saylı mülki iş üzrə 14 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf müqavilə münasibətləri üçün müəyyən edilmiş 3 illik iddia müddəti keçdikdən sonra xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, Cavabdeh1 kredit borcu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Cavabdeh borcunun restrukturizasiya edilməsi üçün ərizə ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək 488.27 manat əsas borcun 60 ay müddətinə restrukturizasiya edilməsini xahiş etsə də, bu günədək bankla fərmanın şərtlərinə uyğun olaraq vaxtı keçmiş kredit borcu üzrə yeni güzəştli restrukturizasiya müqaviləsi bağlamamışdır. Cavabdehlərə restrukturizasiya müqaviləsi və zaminlik müqavilələri imza üçün təqdim edilmiş, lakin həmin müqavilələr cavabdeh tərəfindən imzalanmamışdır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Hesab edir ki, məhkəmə tərəfindən borcun tutulması barədə iddianı rədd edərkən iddiaçının hüquqlarının pozulması nəzərə alınmamışdır. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi əsassızdır və rədd olunmalıdır. Belə ki, bank tərəfindən iddia müddətinin ötürülməsinin səbəbi Cavabdeh1 adına olan kredit müqaviləsinin güzəşt edilərək restrukturizasiya edilməsi barədə ərizəsi olmuşdur. Cavabdehin həmin ərizə ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ƏSF-na müraciət etməsi, mütəmadi olaraq ödənişləri həyata keçirməsi borcunu etiraf etməsini göstərən hərəkət hesab edilir və iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsi əsassızdır. Bu səbəbdən birinci instansiya məhəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Qazax Rayon Məhkəməsinin 2(023)-246/2023 saylı mülki iş üzrə 14 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
14. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir;
16. Maddə 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;
17. Maddə 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
18. Maddə 376-cı maddəsinə əsasən, əsas tələblər üzrə iddia müddəti keçdikdə əlavə tələblər (zaminlik və.s) üzrə də iddia müddəti keçir.
19. Maddə 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydada istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir;
20. Maddə 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
26. Maddə 402.1. mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, mərizəçi hakimi, işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətində göstərilmiş xüsusatları araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
30. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində istinad etdiyi, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə başa çatmış, iddiaçı isə kredit müqaviləsinin müddətinin başa çatdığı vaxtdan sonrakı dövrdə cavabdeh tərəfindən ödəniş edilməsini təsdiq edən sübutunu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, sözügedən kredit müqaviləsi üzrə iddia müddətinin axımı xx.xx.2018-ci il tarixdən başlamışdır. İddiaçı iddia ərizəsini xx.xx.2022-ci il tarixdə poçta təqdim etmiş, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia müddətinin axımının xx.xx.2018-ci il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən əsas və əlavə tələb (zamin) üçün qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia tələbi rədd edilməlidir. Həmçinin məhkəmə, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli LM122000395 saylı restrukturizasiya müqaviləsinə münasibətdə qeyd etmişdir ki, həmin müqavilə LPO İddiaçı ASC tərəfindən imzalansa da, cavabdehə aid hissədə imzalanmamışdır. Odur ki, məhkəmə hesab etmişdir ki, xx.xx.2020-ci il tarixli LM122000395 saylı restrukturizasiya müqaviləsi imzalanmadığından tərəflər üçün heç bir hüquqi nəticə doğurmur. 31.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 27 dekabr 2001-ci il tarixli Qərarı).
32. İş materiallarından görünür ki, iddiaçının iddia ərizəsində istinad etdiyi, tərəflər arasında xx.xx.2014-cü il tarixdə 36 ay müddətə bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə başa çatmış, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə imzalanmaqla məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin axımı xx.xx.2017-ci il tarixdən başlamışdır ki, iddiaçı həmin vaxtdan etibarən üç il müddətində iddia qaldıra bilərdi. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin axımı xx.xx.2017-ci il tarixdən başlamış və iddiaçı həmin tarixdən hesablanmaqla üç illik iddia müddətini ötürmüşdür və hazırki işdə iddia müddətinin axımının kəsilməsi halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi xx.xx.2018-ci il tarixdə başa çatmış olsaydı da belə, yenə də iddiaçı həmin tarixdən hesablanmaqla üç illik iddia müddətini ötürmüşdür. 33.Mülki işin materiallarının 71-ci vərəqində olan ərizədən görünür ki, Cavabdeh1 məhkəməyə ərizə verərək, LPO İddiaçı ASC-nin ona qarşı irəli sürdüyü hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsini və ona qarşı irəli sürülən iddianın rədd edilməsini xahiş etmişdir. 34.Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi ilə bağlı normalara istinad etməklə iddia tələbini təmin etməməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. 35.Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, birinci instansiya məhkəməsi mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə mövcud sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Buna görə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qazax Rayon Məhkəməsinin 2(023)-246/2023 saylı mülki iş üzrə 14 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 36.Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə də bu məbləğ 5000 manatdan az məbləğdir. Ona görə də bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq
Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 2(023)-246/2023 saylı mülki iş üzrə 14 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi gündən qüvvəyə minir.