Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1252/2024 24.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2511/2018 nömrəli qərardadından Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbi və tutmanın ipoteka predimetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli, 2(021)-2511/2018 nömrəli qiyabi qətnaməsi ilə, iddia tələbi təmin edilərək, Cavabdeh1 "xxxx" İKB ASC-nin xeyrinə 17476.49 ABŞ dolları əsas, 9491.67 ABŞ dolları faiz, 2453.62 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 29421.78 ABŞ dolları borcun Azərbaycan manatı ilə məzənnəsi və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının alınaraq iddiaçı "xxxx" İKB ASC-ə ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bərdə şəhəri Hüseyn Cavid küçəsində yerləşən 3 otaqlı, 252.1 kv.m ümumi sahədən, 56 kv.m yaşayış, 196.1 kv.m yardımçı sahədən ibarət 26 nömrəli fərdi yaşayış evinə və 0.05 ha torpaq sahəsinə yönəldilməklə həmin əmlakın açıq hərracdan satılmasından əldə olunan vəsait hesabına iddiaçı "Nikoil” İKB ASC-yə borc ödənilməsi, satışdan əldə edilən vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus Bərdə şəhəri Hüseyn Cavid küçəsində yerləşən 3 otaqlı, 252.1 kv.m ümumi sahədən, 56 kv.m yaşayış, 196.1 kv.m yardımçı sahədən ibarət 26 nömrəli fərdi yaşayış evinə və 0.05 ha torpaq sahəsinə yönəldikdə və o, satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bərdə şəhəri Hüseyn Cavid küçəsində yerləşən 3 otaqlı , 252.1 kv.m ümumi sahədən, 56 kv.m yaşayış, 196.1 kv.m yardımçı sahədən ibarət 26 nömrəli fərdi yaşayış evinə və 0.05 ha torpaq sahəsinə olan istifadə hüquqları itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 həmin fərdi yaşayış evindən çıxarılmaları, əmlakın boşaldılması və banka təhvil verilməsi qət olunmuşdur. Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-2511/2018 nömrəli, 14 avqust 2018-ci il tarixli qiyabi qətnaməsini ləğv edərək, iş üzrə icraatının təzələnərək mahiyyəti üzrə baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(021)-2511/2018 nömrəli qərardadı ilə, Bərdə Rayon Məhkəməsinin 2(021)-2511/2018 saylı, 14 avqust 2018-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsinə dair Cavabdeh2 tərəfindən verilmiş ərizəsinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(021)-2511/2018 nömrəli qərardadı ilə, şikayətin geri qaytarılması qərara alınmışdır. Bundan sonra Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə yenidən şikayət verərək, Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(021)-2511/2018 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(021)-2511/2018 nömrəli qərardadı ilə, Bərdə rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(021)-2511/2018 nömrəli qərardadının ləğv edilməsi barədə Cavabdeh2 və onun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən elektron qaydada verilmiş şikayət geri qaytarılmışdır. Qərardadddan narazı qalan Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə elektron qaydada şikayət verərək, Bərdə Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(021)- 2511/2018 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, məhkəmə 24 yanvar 2024-cü il tarixli, 2(021)-2511/2018 saylı qərardadında kifayət qədər geniş və ətraflı izah etməklə qeyd etmişdir ki, Bərdə rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(021)-2511/2018 nömrəli qərardadından vaxtında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən elektron şikayət tərtib edilməmiş və şikayət elektron qaydada verilməmiş, həmçinin şikayət onu verən şəxs tərəfindən imzalanmamış və şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddət gözlənilməmiş, prosessual müddəti ötürdüyü və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair hər hansı bir vəsatət və buna dair mötəbər sübutlar verilməmişdir. Birincisi, Cavabdeh2 qərardadı 08 yanvar 2024-cü il tarixdə şəxsən qəbzə imza etməklə, Bərdə yaron Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(021)-2511/2028 nömrəli qərardadını əldə etmiş, tərəflərindən prosessual müddət ötürülmədən 17 yanvar 2024-cü il tarixdə, “elektron məhkəmə sistemi” vasitəsilə Bərdə rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(021)-2511/2028 nömrəli qərardadından şikayət ərizəsi elektron qaydada imzalanmaqla verilmiş və elektron məhkəmə sisteminə əlavə edilmişdir. Bərdə rayon Məhkəməsi 24 yanvar 2024-cü il tarixli, 2(021)-2511/2018 saylı qərardadında, elektron şikayət tərtib edilməməsi və şikayətin elektron qaydada verilməməsi əsas gətirilərək, Bərdə rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(021)-2511/2018 saylı qərardadından borclu Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Nəzərə alınmalıdır ki, Bərdə rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(021)-2511/2028 nömrəli qərardadından şikayət, elektron tərtib edilməklə, elektron qaydada imzalanmaqla verilmiş və elektron məhkəmə sistəmə əlavə edilmişdir. Bərdə rayon Məhkəməsi 24 yanvar 2024-cü il tarixli 2(021)-2511/2018 nömrəli qərardadını poçt vasitəsilə 12 fevral 2024-cü il tarixdə əldə etmişlər, Bərdə rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 2(021)-2511/2018 saylı qərardadından xx.xx.2024-cü il tarixdə “elektron məhkəmə sistemi” vasitəsilə şikayət verilmişdir. Bərdə rayon Məhkəməsinin 2(021)-2511/2018 nömrəli, 22 fevral 2024-cü il tarixli qərardadında qeyd etdiyi əsassız qeydlərdən açıq aydın görünür ki, məhkəmə, Bərdə rayon Məhkəməsinin 2(021)-2511/2018 nömrəli, 24 yanvar 2024-cü il tarixli qərardadından borclu Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət ümumiyyətlə araşdırılmamış və həmin şikayətdən ümumiyyətlə xəbəri yoxdur. Məhkəmə qəbul etdiyi qərardadda aidiyyatı olmayan məsələləri şərh edir, əsaslandırmağa çalışır, Bərdə rayon Məhkəməsinin 2(021)2511/2018 nömrəli, 24 yanvar 2024-cü il tarixli qərardadından verdiyi şikayət ərizəsini nəzərə almır, Bərdə yaron Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(021)-2511/2028 nömrəli qərardadından xx.xx.2024-cü il tarixdə “elektron məhkəmə sistemi” vasitəsilə verdiyi şikayət ərizəsinə münasibətdə, bir ərizəyə ikinci dəfə Bərdə rayon Məhkəməsinin 2(021)-2511/2018 saylı, 22 fevral 2024-cü il tarixli qərardadını qəbul edir. Həmin iş qərardaddan verilmiş şikayət kimi qəbul edilərək yazılı icraat qaydasında baxılması üçün təyin olunmuşdur. Məhkəmə kollegiyası isə şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)- 645/2024 nömrəli qərardadı ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2511/2018 nömrəli qərardadından Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 şikayətin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, işin hallarına mülki prosessual qanunvericiliyə əsasən qiymət verərək hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadları ləğv olunmalı və iş qiyabi qətnamənin ləğvi barədə ərizəyə baxılmasının mümkünlüyünün araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Baxılan şikayət cavabdehin məhkəmə müdafiəsi hüququ, onun tərkib hissəsi olan çəkişmə şəraitində işə baxılmasının təminatı ilə bilavasitə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqların qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur və şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Məhkəmə müdafiəsi hüququ mülki işlər üzrə nəinki məhkəmə icraatına başlanması imkanını, o cümlədən məhkəmənin lazımı qaydada təşkili və tərkibini, həmçinin prosesin gedişatı ilə bağlı dövlət təminatını nəzərdə tutur. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Qiyabi qətnamənin ləğv olunması barədə ərizə də, işə qiyabi qaydada baxılması ilə razı olmayan cavabdehin yazılı şikayətidir və onun irəli sürülməsi üçün Azərbaycan Respublikasının MPM-in qiyabi qətnamədən şikayət verilməsi adlanan 244-cü maddəsində dəqiq vaxt müəyyən olunmuşdur. Bu normaya görə cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün məhkəməyə ərizə verməyə haqlıdır. Birinci instansiya məhkəməsi də Azərbaycan Respublikasının MPM-in 244-cü maddəsinə istinad etmiş, cavabdehin 10 gün müddəti ötürməklə ərizə verdiyinə əsaslanmaqla ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin müddəti ötürməklə müraciət etməsi barədə gəldiyi nəticəni əsaslı və qanuni hesab etmir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 244-cü maddəsində qiyabi qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, “qətnamənin rəsmi qaydada verilməsi” anlayışının izahına da ehtiyac vardır. Qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin dairəsi Azərbaycan Respublikasının MPM-in 134-cü maddəsində sadalanmışdır. Azərbaycan Respublikasının MPM-in 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının MPM-in 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra Azərbaycan Respublikasının MPM-in 135.2-ci maddəsində göstərilir ki, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Azərbaycan Respublikasının MPM-in 135.5-ci maddəsində deyilir ki, bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bundan əlavə elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. (Mülki Prosessual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələri) Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının MPM-in 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikasının MPM-in 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Azərbaycan Respublikasının MPM-in 227.4-cü maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Göründüyü kimi, qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. Baxılan iş üzrə qiyabi qətnamənin surətinin cavabdehə rəsmi qaydada verilibverilməməsi araşdırılarkən müəyyən olunur ki, mülki işin 71-ci səhifəsində qiyabi qətnamənin surətinin Cavabdeh2 göndərilməsi barədə məktub vardır. Lakin, həmin məktubun göndərilməsi (poçt müəssisəsinə verilməsi), habelə cavabdehə çatdırılması barədə iş materiallarında hər hansı sübut yoxdur. Yəni, qiyabi qətnamənin surəti xx.xx.2018-ci il tarixli məktubla cavabdehə Azərbaycan Respublikasının MPM-in 135.5-ci maddəsində müəyyən olunmuş rəsmi qaydada verilməmişdir. İşin bu halı o nəticəyə gəlməyə əsas verir ki, qiyabi qətnamənin surətinin xx.xx.2018ci il tarixli məktubla Cavabdeh2 göndərilməsinə istinad etməklə qiyabi qətnamədən şikayət verilməsi üçün Azərbaycan Respublikasının MPM-in 244-cü maddəsində müəyyən olunmuş müddətin axımının başlanması barədə mülahizə əsassızdır. Tərəfə çatdırılmamış qətnamədən şikayət vermə müddətinin axımı başlanmamışdır. Axımı başlanmamış müddətin bitməsi isə məntiqi deyildir. Buna görə də Cavabdeh2 yenidən birinci instansiya məhkəməsinə müraciət etmiş, mülki işin 78-ci səhifəsində olan məhkəmə qəbzinə əsasən məhkəmənin qətnaməsini xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. Cavabdehin qiyabi qətnamənin ləğvi barədə ərizəsi isə 28 noyabr 2023-cü il tarixdə məhkəmədə qeydiyyata alınmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə vermək üçün müəyyən olunmuş müddəti ötürməmişdir. Lakin, birinci instansiya məhkəməsi bu halları nəzərə almamış, şikayətin təmin olunmaması barədə nəticəyə gəlmişdir ki, bu da qanuna ziddir. Ümumiyyətlə birinci instansiya məhkəməsi ərizənin rədd olunmasının konkret əsasını açıq şəkildə göstərməmiş, bunu əsaslandırmamışdır. Ona görə də məhkəmənin nəyə görə ərizəni təmin etməkdən imtina etməsi aydın deyildir. Elə bu hal qərardadın ləğv olunması üçün kifayətdir. Çünki, Azərbaycan Respublikasının MPM-in məhkəmə qərardadının məzmununu müəyyən edən 264.0.5-ci maddəsinin tələbinə görə, ayrıca akt şəklində qəbul edilən qərardadda başqa hallarla yanaşı məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, məhkəmənin 14 avqust 2018-ci il tarixli qiyabi qətnaməsinin Cavabdeh2 çatdırılması işin hazırki halları ilə müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-in 14.1-ci maddəsinə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Odur ki, cavabdehin dəlilinin həqiqətə uyğun olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə tərəfindən tam və ətraflı araşdırılma aparılmalıdır. Bu aspektdən məhkəmə tərəfindən bu halların düzgün araşdırılması üçün müvafiq poçt rabitə orqanına müvafiq sorğu verilməklə, həqiqətən də mübahisəli məhkəmə qətnaməsinin Cavabdeh2 çatdırıl-çatdırılmaması müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı qərarında da qeyd etmişdir ki, ədalətli araşdırma hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarı əsaslandırsın. Avropa Məhkəməsi məhkəmələr tərəfindən məhkəmə aktlarına irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Bu mənada yalnız hüquq normalarının sadalanması hələ qərarın əsaslandırılması hesab olunmur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının MPM-in qətnamələr üçün 217.1-ci maddəsində müəyyən etdiyi qanunilik və əsaslılıq tələbi eyni zamanda bütün məhkəmə aktlarına, o cümlədən qərardadlara da şamil olunur. Qanunilik və əsaslılıq məhkəmə aktının xüsusiyyətidir. Məhkəmə aktının qanuniliyi onun qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı olmasını ehtiva edir. Əsaslılıq dedikdə isə, məhkəmə aktında baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktların əks etdirilməsi, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsinin onda şərh edilməsi, göstərilən halların işin materiallarına uyğun olması nəzərdə tutulur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxarkən də heç bir əsaslandırma aparmadan şikayəti rədd etmişdir. Nəzərə alınmalıdır ki, Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Eyni zamanda, kollegiya bildirir ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Birinci instansiya məhkəməsinin araşdırması yarımçıq, formal xarakter daşımaqla yetərincə əsaslandırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2511/2018 nömrəli qərardadı tam və xx.xx.2024-cü il tarixli, 2(021)-2511/2018 nömrəli qərardadı qismən şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, iş materialları hərəkətlər edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmçinin diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman qərardadın əsaslandırma hissəsində göstərilən hüquqi mövqe nəzərə alınmalıdır. Azərbaycan Respublikasının MPM-in 399-cu maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 133, 244, 263, 264, 372, 397, 398.0.2, 399 və 400-402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2511/2018 nömrəli qərardadı tam və xx.xx.2024-cü il tarixli, 2(021)-2511/2018 nömrəli qərardadı qismən şikayətin təmin edilməməsi - hissəsində ləğv edilsin. İş materialları qiyabi qətnamənin ləğvi barədə ərizəyə baxılmasının mümkünlüyünün araşdırılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1252/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1252/2024
24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver