Məhkəmə qərarları › İş №2(104)-1252/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1252/2025

04.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1252/2025 04.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı Əliyeva (Əlizadə) Bilurə Asif qızına qarşı “qızıl-zinət əşyaları” tələbinə dair mülki iş üzrə ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığına Gəncə Apelyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Əliyeva (Əlizadə) Bilurə Asif qızına qarşı “qızıl” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Əliyeva (Əlizadə) Bilurə Asif qızından dələduzluq yolu ilə ələ keçitdiyi 3,5 qram qədərində göz formasında qızıl üzük, 4 qram qədərində tək qaş qızıl üzük, 5 qram qədərində paxlava formalı qızıl üzük, 3 qram qədərində yarpaq formasında 1 cüt qızıl sırğa və 3 qram qədərində svetafor qızıl sırğa olmaqla qızılların alınıb ona verilməsi, qızılların verilməsi alınmadıqda dəyəri olan 2000 (iki min) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etnmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2024-cü il tarixdə maddi vəziyyətində çətinlik yaranması ilə əlaqədar kredit götürməyə məcbur olmuşdur. Bunun üçün də "xxxx" İNVEST MMC ilə kredit müqaviləsi bağlamışdır. Bazar dəyəri 2000 (iki min) manat olan 3 ədəd qızıl üzük və 2 cüt qızıl sırğanı girov qoyaraq 1000 (bir min) manat kredit götürmüşdür. Girov qoyduğu qızıllar bunlardır: 3,5 qram qədərində göz formasında qızıl üzük, 4 qram qədərində tək qaş qızıl üzük, 5 qram qədərində paxlava formalı qızıl üzük, 3 qram qədərində yarpaq formasında 1 cüt qızıl sırğa və 3 qram qədərində svetafor qızıl sırğa. Hər ay 110 manat ödəməklə bir il müddətinə ödəməli idi. 3- 4 ay 110 manatı vaxtlıvaxtında ödəmiş, buna baxmayaraq "xxxx" İNVEST MMC-yə gedib ödəniş edərkən ona ödəniş etməsi ilə bağlı heç bir çek verməmişlər. Dəfələrlə çek tələb etsə də, hər dəfə bir bəhanə gətirərək çekləri ona verməmişlər. Axırıncı dəfə ödəniş ödəmək üçün yenə də "xxxx" İNVEST MMC-yə gedəndə orda qarışıqlıq olduğunu görmüşdür. Əliyeva Billurə ona bildirmişdir ki, “indi biraz qarışıqlıqdır, sən get, sonra gələrsən”. Bir neçə gündən sonra İsə öyrənmişdir ki, cavabdehdən çoxlu şikayət var, girov qoyulan qızılları geri qaytarmır, ödənişini bitirənləri get-gələ salaraq onlara problem yaradır. O bundan sonra cavabdehə zəng edərək qalan krediti geri ödəməyi təklif edərək qızıllarını götürməyi tələb eləmişdir. O isə müxtəlif bəhanələr gətirərək qızıllarınıverməkdən yayınaraq bu gün sabaha salmışdır. Gah səhhəti ilə bağlı bəhanələr gətirmiş, gah da müxtəlif işləri olduğunu deyərək qızıllarını verməkdən imtina etmişdir. Qızıllarını verməməsi bəs deyilmiş kimi, ondan qızıllarını tələb etdiyi üçün ailəlikcə onu polisə verməklə hədələyirlər. Əlində cavabdehə olan danışığın səs yazısı mövcuddur, onu da maddi sübut kimi məhkəməyə təqdim edir. Onun girov qoyduğu 3,5 qram qədərində göz formasında qızıl üzük, 4 qram qədərində tək qaş qızıl üzük, 5 qram qədərində paxlava formalı qızıl üzük, 3 qram qədərində yarpaq formasında 1 cüt qızıl sırğa və 3 qram qədərində svetafor qızıl sırğa - toplamda dəyəri 2000 (iki min) manat olmasına baxmayaraq onun qızılları cavabdeh tərəfindən aşağı qiymətləndirilmişdir. Onun vacib pula ehtiyacı olduğu üçün bununla razılaşıb kredit götürməli olmuşdur. Özü hazırda çörək zavodunda işləyir, min bir əziyyətlə pul qazanır. Qızılları da əziyyət çəkərək, zəhmətlə pul qazanaraq almışdır. Cavabdeh isə onun çətinliklə qazanıb aldığı qızıllarını mənimsəmiş, ona qarşı dələduzluq əməli törətmişdir. Onun əməlləri barədə polisə şikayət etsə də mülki iş olduğu üçün ona məhkəməyə müraciət etməsini bildirmişlər. Bərdə Rayon Məhkəməsinin 2(021)-917/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərardadı ilə, iddiaçı X1 Cavabdeh qarşı “girov qoyulmuş qızıl-zinyət əşyasının geri qaytarılması” tələbinə dair 2(021)- 917/2025 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında portaldan çıxarışdan görünür ki, iş üzrə cavabdeh olan X1 rəhbəri olduğu hüquqi şəxs "xxxx" İNVEST MMC-nin ünvanı ünvan 1avə olunmuş sənədlər baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci tarixli, 2(125)-3605/2025 nömrəli (hakim Zaman İmanov) qərardadı ilə mülki iş məhkəmələr arasında yaranmış fikir ayrılığının aradan qaldırlması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı iddia tələbi cavabdeh Əliyeva (Əlizadə) Bilurə Asif qızından qızıl-zinət əşyalarının alınıb ona verilməsindən ibarətdir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş arayışdan görünür ki, cavabdeh Əliyeva (Əlizadə) X5 rayonu Güloğlular ərazi dairəsi üzrə Şorəlli kəndində qeydiyyatdadır. İddia "xxxx" İNVEST MMC-yə qarşı deyil, Əliyeva (Əlizadə) Bilurə Asif qızına qarşı qaldırılmışdır ki, onunda qeydiyyat ünvanı Bərdə rayonunda yerləşir. Qanunvericiliyə əsasən, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə müvafiq olaraq, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Belə ki, Mülki Prosessaul Məcəllənin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.5-ci maddəsinə görə iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə görə Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağlabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessaul Məcəllənin 36.5-ci maddəsi iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilməsi imkanını nəzərdə tutmaqla, məhz iddiaçının məhkəməyə əlçatanlığının təmin edilməsi məqsədini güdmüşdür. Bundan əlavə mülki prosessual qanunvericilik 35.1-ci maddədə “rəsmi qeydə alındığı yer” və 36-cı maddədə “yaşadığı yer” anlayışını fərqləndirməklə iddiaçının seçiminə görə müəyyən kateqoriya işlərdə iddiaçının faktiki yaşayış yeri üzrə iddia qaldırmasının mümkünlüyünü nəzərdə tutmuşdur. Azərbaycan Respbulikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə kollegiyası qeyd edir ki, Bərdə Rayon Məhkəməsi iddia ərizəsini aidiyyat üzrə göndərərkən cavabdehin direktoru olduğu MMC-nin hüquqi ünvanının Gəncə şəhəri olmasına istinad etmişdir. Kollegiya hesab edir ki, nə qədər ki, iddia tələbi Əliyeva (Əlizadə) Bilurə Asif qızına qarşı verilmişdir, iddia tələbi həmin həcmdə baxılmalı, gələcəkdə əsl olmayan cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi zərurəti yaranars, o zaman MPM-nin 44.1-ci maddəsinin tələblərinə uyğun həll edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, mülki işə ərazi aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1 və 45.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Əliyeva (Əlizadə) Bilurə Asif qızına qarşı “qızıl-zinət əşyaları” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bərdə Rayon Məhkəməsinə verilsin. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar