Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1258/2025 15.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh10, Cavabdeh11, Cavabdeh9 və Cavabdeh1 qarşı mülki iş üzrə Açar sözlər: kredit borcunun tutulması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh10, Cavabdeh11, Cavabdeh9 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli 2(062)- 39/2025 saylı qətnaməsindən Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətinə 15 iyul 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Kreditor "xxxx" MMC ilə borcalan Cavabdeh6 arasında bağlanmış 24 may 2023-cü il tarixli 00915 nömrəli kredit müqaviləsindən görünür ki, sonuncuya 24 ay müddətinə illik 30 faiz olmaqla 25000 manat kredit verilmişdir;
2. xx.xx.2023-cü il tarixli 00915 nömrəli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4 Şixəli oğlu, Cavabdeh2, Cavabdeh5, Cavabdeh10, Cavabdeh11, Cavabdeh9 və Cavabdeh1 və borclu Cavabdeh6 "xxxx" MMC-nin qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşdürlər;
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/7899 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh6 iddiaçı "xxxx" MMC-yə 21473.21 manat əsas, 1864.67 manat faiz borcu müəyyən edilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh10, Cavabdeh11, Cavabdeh9 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 20894.01 manat əsas, 2776.01 manat faiz, cəmi 23670.02 manat borcun və ödənilmiş 161.01 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı "xxxx" MMC tələbini onunla əsaslandırmışdır ki, 24 may 2023-cü il tarixdə Cavabdeh6 oğlu ilə aralarında 00915 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə "xxxx" MMC tərəfindən Cavabdeh6 oğluna illik 30 faiz olmaqla 24 ay müddətinə 25000 kredit ayrılmışdır və o müqavilənin şərtlərinə əsasən 24 ay ərzində kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə ödənilməli idi. İstehlak kreditinin ayrılması üçün borclu və zaminlər gəlirlərini təsdiq edən müvafiq sənədləri təqdim etmişlər. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə həmçinin 24 may 2023-cü il il tarixdə Cavabdeh3, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4 Şixəli oğlu, Cavabdeh2, Cavabdeh5, Cavabdeh10, Cavabdeh11, Cavabdeh9 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə Cavabdeh3, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4 Şixəli oğlu, Cavabdeh2, Cavabdeh5, Cavabdeh10, Cavabdeh11, Cavabdeh9 və Cavabdeh1 və borclu Cavabdeh6 oğlunun "xxxx" MMC-nin qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdürlər. "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh6 oğluna vermişdir. Amma borclu Cavabdeh6 oğlu kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdi. Cavabdeh6 oğlu iniyilədö̈ icra etməməsi nəticəsində "xxxx" MMC-nə zərər vurulmuşdur.
6. Tovuz Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli 2(062)-39/2025 saylı qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh10, Cavabdeh11, Cavabdeh9 və Cavabdeh1 20894.01 manat əsas borc, 1864.67 manat faiz borcu olmaqla, cəmi 22758 manat (iyirmi iki min yeddi yüz əlli səkkiz) manat 68 (altmış səkkiz) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 161 (yüz altmış bir) manat 01 (bir) qəpik alınaraq "xxxx" MMC-yə ödənilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3, 442.1, 445.4, 448.1 və 472.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh6 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh6 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsinə əsasən ondan və digər cavabdehlərdən 20894.01 manat əsas, 1864.67 manat faiz borcu olmaqla, cəmi 22758 manat 68 qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 161 manat 01 qəpik alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Lakin o, məhkəmənin həmin qətnaməsi ilə razı deyildir. Belə ki, onun ödənişləri qətnamədə nəzərə alınmamış, eləcə də faiz artıq hesablanmışdır. Belə ki, o, həmin kreditin 6000 manata yaxın hissəsini ödəmişdir, bununla bağlı ödəniş qəbzləri vardır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, apellyasiya şikayətinin heç bir əsası yoxdur. Cavabdeh6 çoxlu şikayətlər etmiş, ancaq heç bir məhkəmə iclasında iştirak etməmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
16. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
18. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Həmin Məcəllənin 372.7-ci maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
27. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin olunmuş və kreditor və zaminlər birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişlər. Yalnız borclu birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.
28. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh6 kredit borcunun tutulması hissələri üzrə qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Çünki qətnaməni zaminlər mübahisələndirməmişlər.
29. Həmçinin nəzərə alınmalıdır ki, qətnamədən zaminlər apellyasiya şikayəti vermədiyindən qətnamə onlara aid hissədə yoxlanılmır (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla). Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya və zaminlərə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, əsas borclu Cavabdeh6 verdiyi apellyasiya şikayətinə əsasən qətnamənin bütünlüklə və digər cavabdehlərə (zaminlərə) münasibətdə yoxlanılması onların hüquqlarına toxunan hal kimi qiymətləndirilir.
30. Beləliklə, qətnamənin əsaslığı və qanuniliyi digər cavabdehlərə aid hissədə hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştiraçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor "xxxx" MMC ilə borcalan Cavabdeh6 arasında 24 may 2023-cü il tarixli 00915 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonuncuya illik 30 faiz olmaqla 24 ay müddətinə ödəmək şərti ilə 25000 manat kredit verilmişdir. Həmçinin, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi kreditorla iş üzrə digər cavabdehlər arasında zaminlik müqavilələri bağlanmışdır. Buna baxmayaraq, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Ona borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də kreditor hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
33. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
34. Hazırkı iş üzrə iddia tələbinin kökündə tələb etmənin əsası 24 may 2023-cü il tarixli 00915 nömrəli kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehdən əsas və ona hesablanmış faiz borcu tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir; apellyator isə kredit borcun mövcudluğunu inkar etməyərək yalnız borcun düzgün hesablanmadığını mübahisələndirmişdir.
35. İşin hallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə onun kredit təşkilatına borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə cavabdehin kreditora əsas və ona hesablanmış faiz borcu yaranmışdır.
36. Bununla belə, əsas və faiz borcunun hesablanması məsələsinin həlli mühasibatlıq əməliyyatları aparılmasından keçir ki, bu da həmin sahədə xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal isə MPM-nin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur.
37. Nəzərə almaq lazımdır ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli 758-İQ saylı Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır.
38. Mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən halda ekspetiza təyin edilə bilər.
39. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzinin 22 oktyabr 2024-cü il tarixli 9/7899 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixə Cavabdeh6 iddiaçı "xxxx" MMC-yə 21473.21 manat əsas, 1864.67 manat isə faiz borcu mövcuddur.
40. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.
41. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
42. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuşdur.
43. Apellyasiya şikayətində kredit müqaviləsi üzrə əsas və faiz borcunun şişirdilmiş olduğu göstərilsə də, lakin tədqiqat zamanı hansı yanlışlığa yol verilməsi konkret olaraq göstərilməmiş, habelə verilmiş rəyin əksini sübut edəcək sənədlər məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, iş materiallarındakı mühasibatlıq ekspertizası rəyinin mötəbər sübut olmasını şübhə altına alacaq hər hansı hal mövcud deyildir.
44. Şərh olunan halları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən kredit müqaviləsi üzrə əsas və faiz borcu düzgün müəyyən edilmişdir və həmin hissədə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün hər hansı əsas yoxdur.
45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli 2(062)-39/2025 saylı qətnaməsi yoxlanılan, yəni Cavabdeh6 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.