Məhkəmə qərarları › İş №2(104)-126/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-126/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-126/2025 20.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-986/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən "xxxx" ASC-in xeyrinə 4360 (dörd min üç yüz altmış) manat 05 (beş) qəpik əsas, 932 (doqquz yüz otuz iki) manat 49 (qırx doqquz) qəpik faiz, 23 (iyirmi üç) manat 17 (on yeddi) qəpik cərimə, ümumilikdə 5315 (beş min üç yüz on beş) manat 71 (yetmiş bir) qəpik məbləğində pul vəsaiti, ödənilmiş 73 (yetmiş üç) manat 16 (on altı) qəpik dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35%-dək olmaq şərtilə 20000 AZN məbləğədək krediti, kredit prosedurlarına görə 5% (minimum 20 AZN) məbləğədək, kredit müraciəti üçün 5 AZN komisyon haqqı tutmaqla cavabdehə verə bilər. İddiaçı tərəfindən cavabdehin cari hesabına xx.xx.2021-ci il tarixinə illik 29%, xx.xx.2025-ci il tarixinədək 5000 AZN məbləğində kredit köçürülmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kreditmüqaviləsi üzrə 13 may 2023-cü il tarixinə "xxxx" KB ASC-ə 4360 (dörd min üç yüz altmış) manat 05 (beş) qəpik əsas, 932 (doqquz yüz otuz iki) manat 49 (qırx doqquz) qəpik faiz, 23 (iyirmi üç) manat 17 (on yeddi) qəpik cərimə, ümumilikdə 5315 (beş min üç yüz on beş) manat 71 (yetmiş bir) qəpik məbləğində pul borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir qayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh 4360 (dörd min üç yüz altmış) manat 05 (beş) qəpik əsas, 932 (doqquz yüz otuz iki) manat 49 (qırx doqquz) qəpik faiz, 23 (iyirmi üç) manat 17 (on yeddi) qəpik cərimə, ümumilikdə 5315 (beş min üç yüz on beş) manat 71 (yetmiş bir) qəpik məbləğində pul vəsaiti, ödənilmiş 73 (yetmiş üç) manat 16 (on altı) qəpik dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının alınıb iddiaçı "xxxx" KB ASC-ə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-986/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim K.Rzayev) iddia qismən təmin edilmiş, Cavabdeh 4360 (dörd min üç yüz altmış) manat 05 (beş) qəpik əsas, 932 (doqquz yüz otuz iki) manat 49 (qırx doqquz) qəpik faiz, 2 (iki) manat cərimə, ümumilikdə 5294 (beş min iki yüz doxsan dörd) manat 54 (əlli dörd) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 73 (yetmiş üç) manat 16 (on altı) qəpik dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının alınıb iddiaçı "xxxx" ASC-ə ödənilməsi, iddianın cərimə borcuna aid olan qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-986/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun maddi imkanı ağır olduğundan, eləcə də səhhətiylə bağlı müalicədə olduğundan kredit müqaviləsi üzrə öhdəliyinə vaxtında tam olaraq əməl edə bilməmiş, borc məbləği iddiaçı tərəfindən xeyli şişirdilərək 5294 (beş min iki yüz doxsan dörd) manat 54 (əlli dörd) qəpik məbləğinə qədər yüksəlmişdir. Ona görə də, dəfələrlə iddiaçı bankın əməkdaşları ilə danışmış və qısa bir müddət ərzində faiz və cərimələrin hesablanmamasını xahiş etmişdir. Eyni zamanda, yaranmış borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Buna səbəb olaraq həmin vaxt səhhətində yaranan ağır problemləri və büdcədən ödənilən maaşlarınn bir neçə ay verilməməsini əsas gətirərək ona vaxt verilməsini, həmin vaxt ərzində faiz və cərimələrin dayandırılmasını xahiş etmişdir. Lakin iddiaçı onun xahişini nəzərə almamış və hətta ona həddindən artıq zərər vuran təkliflər etməklə, eyni zamanda müqaviləyə uyğun olaraq vaxtında məhkəməyə verməməklə, faiz və cərimələrin daha da artmasına səbəb olmuşdur. Nəticədə isə o daha da “yüklənərək” ağır maddi və mənəvi çətinliklər yaşamışdır. Maddi imkanı ağır olduğundan, eləcə də səhhəti ilə bağlı müalicədə olduğundan kredit müqaviləsinin şərtlərinə vaxtında əməl edə bilməmiş və iddiaçı da bundan istifadə edərək əsas borcu həddindən artıq şişirtməklə və faizləri daha da artırmaqla (faizdən faiz hesablanması) onu daha da çətin duruma salmışdır. Məhkəmə işə baxarkən yalnız iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışında göstərilən rəqəmlərlə kifayətlənmiş, faizlərin və cərimələrin yenidən hesablanması ilə bağlı işi ekspertizaya göndərməmişdir. Halbuki, onun müqavilənin bağlandığı tarixdən məhkəməyə verilən tarixə qədər idiaçıya ödədiyi məbləğ daha çoxdur və iddiaçı bank onun ödənişlərini tam olaraq nəzərə almamış, məhkəmə isə həmin ödənişlərin düzgün bir şəkildə hesablanaraq dəqiqləşdirilməsində maraqlı olmamışdır. Məhkəmə işə baxarkən yalnız iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışında göstərilən rəqəmlərlə kifayətlənmiş, faizlərin və cərimələrin yenidən hesablanması ilə bağlı işi ekspertizaya göndərməmişdir. Halbuki, onun müqavilənin bağlandığı tarixdən məhkəməyə verilən tarixə qədər idiaçıya ödədiyi məbləğ daha çoxdur və iddiaçı bank onun ödənişlərini tam olaraq nəzərə almamış, məhkəmə isə həmin ödənişlərin düzgün bir şəkildə hesablanaraq dəqiqləşdirilməsində maraqlı olmamışdır. Onun tərəfindən iddiaçıya 3000 manatdan çox pul ödənilmişdir. İddiaçı "xxxx" KB ASC-ti ərizə ilə məhkəməyə müraciət edərək, aralarında bağlanılmış müqavilə ilə tələb hüququnun İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinə keçməsini göstərərək, iddiaçının İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti ilə əvəz edilməsini xahiş etmiş və iddiaçı "xxxx" KB ASC-ti İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti ilə əvəz edilmişdir. İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-986/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sədrlik edənin suallarına cavab olaraq göstərdi ki, borcluya kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə son xəbərdarlıq məktubu xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Maliyyə arayışı verilən tarixədək isə faiz borcu hesablanmışdır. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-986/2023 nömrəli qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan : xx.xx.2021-ci il tarixli 915sBRD/21 saylı kredit müqaviləsindən görünür ki, cavabdehin cari hesabına iddiaçı bank tərəfindən illik 29%, xx.xx.2025-ci il tarixinədək 5000 AZN məbləğində kredit köçürülmüşdür. maliyyə arayışının surətindən görünür ki, “X3” Açıq Səhmdar Cəmiyyətinin BRDnın müştərisi olan Cavabdeh 915s BRD/21 saylı kredit müqaviləsi üzrə 13 may 2023-cü il tarixinə 4360,05 (dörd min üç yüz altmış manat 5 qəpik) əsas məbləğ üzrə borcu, 932,49 (doqquz yüz otuz iki manat 49 qəpik) faiz üzrə borcu 23,17 AZN (iyirmi üç manat 17 qəpik) cərimə faizləri olmaqla cəmi borcu 5315,71 (beş min üç yüz on beş manat 71 qəpik) təşkil edir. 6 fevral 2023-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh Banka xx.xx.2023-cü il tarixinə Banka olan 4360,05 manat əsas, 587,61 manat faiz, 8,24 manat cərimə, cəmi 4955,90 manat borcunu 3 gün müddətində ödəməklə, bağlanmış kredit müqaviuləsini 3 iş günü müddətində ləğv etməyi təklif etmişdir, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 06 dekabr 2024-cü il tarixli, 3-16-16/2-9/7992/2024 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixə əsas borcu 4358,48 manat, faiz borcu üzrə isə 933,93 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçı “X3” ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 915sBRD/21 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə illik 29%, xx.xx.2025-ci il tarixinədək 5000 AZN məbləğində kredit verilmişdir. Cavabdeh kredit götürdüyü tarixdən etibarən kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizləri ödəməmişdir. Cavabdeh apellyasiya dəlillərində əsas kredit məbləğinə hesablanmış əsas borc, faiz və cərimə məbləğini mübahisələndirmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1488/2024 saylı mülki iş üzrə ekspertiza təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 06 dekabr 2024-cü il tarixli, 3-16-16/2-9/7992/2024 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixə əsas borcu 4358,48 manat, faiz borcu üzrə isə 933,93 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı bank məhkəməyə xx.xx.2023-cü il tarixli maliyyə arayışı təqdim etmiş və həmin maliyyə arayışı əsasında birinci instansiya məhkəməsi cavabdehdən kredit müqaviləsi üzrə 932,49 manat faiz borcu tutmuşdur. Halbuki, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında iddiaçı bankın etibarnamə üzrə nümayəndəsi sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, borcluya kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə son xəbərdarlıq məktubu xx.xx.2023-cü il tarixdə göndərilmişdir, lakin maliyyə arayışı verilən tarixədək, yəni, xx.xx.2023-cü il tarixədək 932,49 manat faiz borcu hesablanaraq cavabdehdən tələb edilmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, cavabdehə kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə son xəbərdarlıq məktubu xx.xx.2023-cü il tarixdə göndərildiyi halda, həmin müddətdən sonra da faiz borcu hesablanmağa davam etmiş və xx.xx.2023-cü il tarixə maliyyə arayışında göstərilən 932,49 manat faiz borcu cavabdehdən tələb edilmişdir. Məhkəmə kollegiyası şərh olunan halları nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərdən 932,49 manat faiz borcu tutmaqda düzgün nəticəyə gəlməmişdir. Çünki, Mülki Məcəllənin 421.3-cü maddəsinə görə, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-X5 qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Yuxarıda da göstərildiyi kimi cavabdehə kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə son xəbərdarlıq məktubu xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Bununla da iddiaçı bank müqavilənin hissə-hissə icrasından birtərəfli imtina etmiş, nəticədə isə həmin vaxtdan tərəflər arasında bağlanmış müqavilə ləğv edilmişdir. Nəzərə almaq lazımdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu halda iddiaçı bank cavabdehdən kredit müqaviləsinin qüvvədə olduğu vaxtadək, yəni xx.xx.2023-cü il tarixədək faiz borcu hesablamaq hüququna malik olmuşdur. İş materiallarında olan 06 fevral 2023-cü il tarixli xəbərdarlıq məktubu ilə müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" KB ASC-yə xx.xx.2021-ci il tarixli 915sBRD/21 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 587,61 manat faiz borcu vardır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə faiz borcu 587,61 manat müəyyən edilməlidir. Həmçinin kollegiya qeyd edir ki, kredit borcu əsas borc məbləği hissəsində də dəyişdirməli, ekspert rəyi ilə müəyyən edilən məbləğ 4358,48 manat müəyyən edilməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə əsas borc məbləği və faiz borcuna dair hissədə dəyişdirilməli və müqavilə üzrə əsas borc 4358,48 manat, faiz borcu 587,61 manat müəyyən edilməlidir. Həmçinin cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Tərəflər arasında bağlanmış kredit müqavilələsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi düzgün olaraq kredit müqaviləsi üzrə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmiş, eyni zamanda işin hallarını nəzərə alaraq, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən cərimə məbləğini azaldaraq 2 iki) manat məbləğində müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan məbləğdə dəbbə pulu işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayıla bilməz. Bu məbləğ işin hallarına, kreditin məbləğinə və kreditorun əmlak mənafeyinə uyğundur. Ona görə də kollegiya hesab edir ki, cərimə borcuna dair hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmçinin kollegiya Cavabdeh kredit müqaviləsi üzrə 3000 AZN-dən çox ödəniş edilməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iş üzrə əldə edilmiş ekspert rəyinə əsasən cavabdeh tərəfindən kredit müqaviləsi bağlanan tarixdən xx.xx.2023-cü il tarixədək edilən cəmi ödənişlər 1777,80 manat təşkil etmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-986/2023 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli 915sBRD/21 saylı kredit müqaviləsinə əsasən 4358,48 manat məbləğində əsas, 587,61 manat məbləğində faiz borcu, 2 manat cərimə olmaqla, cəmi 4948,09 manat məbləğində pul və 73 (yetmiş üç) manat 16 (on altı) qəpik dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı alınıb İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Cavabdeh 100 manat ekspertiza xərci alınıb Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-986/2023 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 915sBRD/21 saylı kredit müqaviləsinə əsasən 4358,48 manat məbləğində əsas, 587,61 manat məbləğində faiz borcu, 2 manat cərimə olmaqla, cəmi 4948,09 (dörd min doqquz yüz qırx səkkiz) manat 09 (doqquz) qəpik məbləğində pul və 73 (yetmiş üç) manat 16 (on altı) qəpik dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı alınıb İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh 100 manat ekspertiza xərci alınıb Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar