Məhkəmə qərarları › İş №2(104)-1261/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1261/2023

17.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1261/2023 17.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alimentin artırılması və əlavə xərclərdə iştirak Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Ağdam Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(013)-476/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Ağdam Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli 2(013)-933/2022 saylı qətnaməsinin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2014-cü ildə Mingəçevir regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsində 254 nömrə ilə qeydə alınmış nikah pozulmuş, xx.xx.2017-ci il təvəllüdlü Tunar və Tuncay adlı uşaqlar İddiaçı himayəsində saxlanması və Cavabdehn xx.xx.2022-ci ildən başlayaraq uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 130 manat olmaqla cəmi 260 manat alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir.

2. “Nefes” Psixonevroloji Sağlamlıq Mərkəzinin xx.xx.2023 saylı arayışından görünür ki, X3 xx.xx.2022-ci tarixdən etibarən Nefes Psixonevroloji Sağlamlıq Mərkəzində reabilitativ məşğələlərə başlamış, hal hazırda məşğələlərə davam etməkdədir

3. “Fatimə” uşaq tədris mərkəzinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Tunar və Tuncay adlı uşaqlar Fatimə uşaq tədris mərkəzində məktəbəqədər tədris alırlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və əlavə xərclərdə iştirak tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2017-vi il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 204 manat olmaqla 408 manat aliment, habelə X2 xəstəliyi üçün çəkilməli olan əlavə xərclərin qarşılanması üçün 150 manat, ümumilikdə 558 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağdam Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli 2(013)-933/2022 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, birgə nikahdan anadan olmuş Tunar və Tuncay adlı uşaqlar onun himayəsində saxlanmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 130 manat olmaqla cəmi 260 manat alimentin cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. İddiaçı hazırda Bakı şəhərində kirayədə yaşadığını, hər ay 650 manat kirayə verdiyini, müəllimə işləməklə 129 manat əmək haqqı aldığını uşaqların saxlanmasında maddi çətinlik çəkdiyini, uşaqların “Fatimə” uşaq tədris mərkəzində məktəbə qədər qrupda təhsil aldığını və hər ay hər uşağın tədrisi üçün 300 manat olmaqla cəmi 600 manat təhsil haqqı verdiyini, bundan başqa Tuncay adlı uşağın anadangəlmə nitq qüsuru olduğu üçün mütəmadi olaraq “Nefes” Psixonevroloji Sağlamlıq Mərkəzində müalicə aldığını və hər ay Tuncayın müayinə və müalicəsi üçün 400 manat ödədiyini, cavabdehin uşaqlarla maraqlanmadığını, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Qrupunun Mingəçevir şöbəsində işləməklə 1000 manatdan artıq əmək haqqı aldığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir.

6. Ağdam Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(013)-476/2023 nömrəli qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddianın qismən təmin edilməsi, Ağdam Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli 2(013)-933/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq Cavabdeh xx.xx.2017-ci ildə anadan olmuş Tuncay və Tunar adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, Cavabdeh uşağı Tuncayın müalicəsi üçün hər ay 80 manatın tutulub İddiaçı verilməsi, dəyişdirilmiş alimentin və əlavə xərcin tutulmasının Ağdam Rayon Məhkəməsinin bu iş üzrə 02 mart 2023-cü il tarixli 2(013)-476/2023 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, cavabdehdən 36.80 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4, 76.1.2, 78.1, 81.2, 81.3 və 112.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 124-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 02 mart 2023cü il tarixli 2(013)-476/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamış, tətbiq edilməli maddi hüquq normasını tətbiq etməmişdir. Belə ki, Yaşayış minimumu haqqında Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin uşaqlar üçün nəzərdə tutulmuş minimum yaşayış məbləğindən daha aşağı aliment məbləğinin tutulması barədə qətnamə qəbul etməsi tamamilə qanunsuz və əsassızdır. Aylıq 650 manat kirayə haqqı verir, müəllim olmaqla 129 manat məbləğində əmək haqqı alır. Uşaqlar uşaq tədris mərkəzində məktəbəqədər təhsili alır, hər birinə 300 manat olmaqla ümumilikdə 600 manat məbləğində təhsil haqqı ödəyir. Oğlu Tuncay nitq qüsurlu olduğuna görə mütəmadi olaraq Psixonevroloji Sağlamlıq Mərkəzində müalicə alır və onun müalicəsinə aylıq 400 manat ödəyir. Qeyd etdiyi xərclər barədə arayışlar təqdim etsə də məhkəmə nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Cavabdeh apellyasiya şikayətinə etiraz ünvanlayaraq etirazda göstərmişdir ki, o alimenti vaxtlı-vaxtında ödəyir. İddiaçı ondan hər ay hər uşaq üçün 204 manat aliment və 150 manat əlavə xərc tələb edir. Özü hərbi qulluqçu olmaqla 790.40 manat əmək haqqı alır. Əmək haqqısından 269.20 manat iddiaçı ilə birgə nikah dövründə götürdüyü kredit borcuna ödəyir. Valideynləri onun himayəsində olmaqla heç bir yerdə işləmirlər. İddiaçının təqdim etdiyi arayışlar özəl müəssisələrin arayışlarıdır. Halbuki dövlət pulsuz icbari ümumi orta təhsil alınmasını təmin edir. Odur ki, onun maddi vəziyyətini və xərclərinin nəzərə almaqla apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. İddiaçı teleqramma vuraraq içə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

12. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

13. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

14. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

15. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

16. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

17. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

18. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

19. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

20. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8 nömrəli Qərarı:

21. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşdırılmış hüquqi mövqeyinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

22. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.

“Azərbaycan Respublikasında Yaşayış minimimu haqqında” Qanun

23. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu

24. 18.1. Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir.

25. 18.5. Məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında və ya ailədə həyata keçirilə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə;

29. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

31. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

32. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

34. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

35. MPM-in 376.1. İşdə iştirak edən şəxslərdən hər hansı biri işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyinə görə məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə salır.

36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəlmişdir, ona görə də hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

40. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(013)-476/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. İşin halları ondan ibarətdir ki, tərəflər nikahlarını xx.xx.2014-cü il tarixdə Mingəçevir regional “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsində 254 nömrə ilə qeydə aldırmaqla ailə qurmuşlar. Ağdam Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli 2(013)- 933/2022 saylı qətnaməsinin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2014-cü ildə Mingəçevir regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsində 254 nömrə ilə qeydə alınmış nikah pozulmuş, xx.xx.2017-ci il təvəllüdlü Tunar və Tuncay adlı uşaqlar İddiaçı himayəsində saxlanması və Cavabdehn xx.xx.2022-ci ildən başlayaraq uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 130 manat olmaqla cəmi 260 manat alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İddiaçı Cavabdeh qarşı alimentin artırılması və əlavə xərclərdə iştirak tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2017-vi il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 204 manat olmaqla 408 manat aliment, habelə X2 xəstəliyi üçün çəkilməli olan əlavə xərclərin qarşılanması üçün 150 manat, ümumilikdə 558 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı alimentin miqdarının artırılması tələbini uşaqların maddi tələbatının çox olması, ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu ilə, əlavə xərclərdə iştirak tələbini isə təqdim etdiyi arayışlara istinadən əsaslandırmışdır. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi cavabdehin gəlirləri barədə sübut təqdim edilməməsinə və gələcəkdə alimentin ödənilmsində çətinlik yaranamamasına istinad etmişdir. Məhkəmə Tuncay adlı uşağın müalicə almasını nəzərə alaraq onun müalicəsinə sərf olunan xərclərdə cavabdehin hər ay 80 manat məbləğində cəlb olunması qənaətinə gəlmişdir. İddiaçı qətnamədən narazı qalar apellyasiya şikayəti vermiş və onunla əsaslandırmışdır ki, məhkəmə uşaqlar üçün ölkə üzrə yaşayış minimumunu və onun təqdim etdiyi arayışlarda göstərilən xərcləri nəzərə almamışdır. Apellyasiya şikayətinə etiraz edən cavabdeh dəlillərə etirazında göstərmişdir ki, dövlət pulsuz icbari ümumi orta təhsili təmin edir, onun da maddi vəziyyəti və xərcləri nəzərə alınmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətininin və ona etirazın dəlillərini qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(013)-476/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Məhkəmə Kollegiyası yuxarıda göstərilən nəticəyə gələrkən əvvəla onu qeyd edir ki, “Azərbaycan Respublikasında Yaşayış minimimu haqqında” Qanunu alimentin miqdarının müəyyən edilməsi zamanı nəzərə alınsa da qanunda göstərilən məbləğ imperativlik təşkil etmiş və bununla bağlı hər hansı düzünə göstəriş yoxdur. Bununla belə, məhkəmənin artıraraq müəyyən etdiyi aliment məbləği hər iki tərəfin maddi vəziyyəti və ən əsası uşaqların maddi tələbatı nəzərə alınmaqla müəyyən edilmişdir. Və cavabdehi əlverişsiz vəziyyətə salmır. Bundan başqa, əlavə xərclərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlavə xərc kimi qeyd etdiyi xərclər uşaqların özəl müəssisədə məktəbəqədər təhsil almaları və Tuncay adlı uşağın müalicəsi üçün çəkilməli olan xərclərdən ibarətdir. İddiaçının öz arzusu ilə uşaqlarının özəl müəssisədə məktəbəqədər təhsil alması məhkəmə tərəfindən həmin xərcdə cavabdehin iştirakı qənaətinə gəlmək üçün kifayət deyildir. Məhkəmə kollegiyası hesab edir ki, bu xərc qanunvericilikdə göstərilən müstəsna əlavə xərclər sırasında deyildir.

44. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə Məhkəmə Kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

45. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyil.

46. Məhkəmə Kollegiyası qeyd edir ki, baxılan iş üzrə çıxarılan qətnamədən (qətnamənin mübahisələndirilən hissəsi (illik ödəniləcək artırılması xahiş edilən alimentin miqdarı hər iki uşaq üçün 74+74=148x12=1776, əlavə xərcə görə 150x12=1800, cəmi,1776+1800=3576 man.) iddianın qiyməti beş min manatdan az olduğu üçün) kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdam Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(013)-476/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar