Məhkəmə qərarları › İş №2(104)-1263/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1263/2024

27.08.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1263/2024 27.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı mülki iş üzrə Açar sözlər: ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2(042)-292/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 27 avqust 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 15 may 2015-ci il tarixdə vəfat etmişdir;

2. Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 21 iyul 2023-cü il tarixli 255 nömrəli arxiv arayışından görünür ki, Gədəbəy rayonu Çobankənd kəndində X4 adına olan təsərrüfatın torpaq qrafasında 0.14 ha torpaq sahəsi və tikili qrafasında 1962-ci il tarixdə inşa edilmiş ümumi sahəsi 36 kv.m olan ev qeyd olunmuşdur;

3. Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 06 may 2019-cu il tarixli 256 nömrəli arxiv arayışından görünür ki, Gədəbəy rayonu Çobankənd kəndində 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabda X4 adına təsərrüfat qeyd edilmişdir. Ailə başçısı X6, arvadı X7, oğlu İsgəndərov Rasim, oğlu İsgəndərov Qoşqar, qızı İsgəndərova Könül, oğlu İddiaçı, nəvəsi X9, qızı İsgəndərova Nüşabədir;

4. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxx 1992-ci il tarixdə doğulmuşdur. Onun atası qrafasında X6, anası qrafasında X7 qeyd edilmişdir;

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin X5 ünvanladığı 21 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, sənədlərdə qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin yerində müayinə olunaraq ölçülməsi zəzurəti yaranmışdır. Bu zaman məlum olmuşdur ki, həmin torpaq sahəsinin üzərinə iki ədəd fərdi yaşayış evi olmaqla mübahisəlidir. Bundan başqa, qeyd olunan mübahisə və torpaq sahəsinin darvazasının bağlı olduğu üçün müayinə baxışının keçirilməsinə tərəfindən şərait yaradılmamışdır. Ona gö də torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası mümkün olmamışdır;

6. Gədəbəy rayon notariat ofisinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə ünvanladığı 13 iyul 2023-cü il tarixli 441 nömrəli məktubdan müəyyən olunur ki, İddiaçı mərhum atası X6 və anası X2 miras qalmış Gədəbəy rayonu Çobankənd (Yenikənd) kəndində yerləşən fərdi yaşayış evinə və həyatyanı torpaq sahəsinə dair adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat ofisinə müraciət etmiş, notariat ofisi də miras qalmış evə dair reyestrdən çıxarış və müvafiq məlumatların verilməsini xahiş etmişdir;

7. Gədəbəy rayon İcra Hakimiyyəti başçısının Çobankənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 fevral 2024-cü il tarixli 24 nömrəli arayışda qeyd edilmişdir ki, Cavabdeh 2011-ci ildə Gədəbəy rayonu Qızılqaya kəndində fərdi yaşayış evi inşa etdirmişdir. Həmin evi inşa etdirdiyi zaman torpaq sahəsində heç bir tikili olmamışdır;

8. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 25 noyabr 2010-cu il tarixli 713 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayonu Çobankənd kənd sakini X5 torpaq islahatı zamanı 0.14 ha həyatyanı torpaq sahəsi verilmişdir;

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 04 aprel 2024-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən arayışında qeyd edilmişdir ki, Gədəbəy rayonu Çobankənd kənd sakini Cavabdeh Gədəbəy rayonu Qızılqaya kəndində qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi elektron baza məlumatlarında bələdiyyə mülkiyyəti kimi qeyd edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayonu Çobankənd kəndində mərhum X4 mülkiyyətində olan 0.14 ha torpaq sahəsi və üzərində yerləşən sahəsi 36 kv.m olan fərdi yaşayış evinə dair mülkiyyət hüququna dair Çıxarış verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin əmlaka müayinə baxışına cavabdeh tərəfindən edilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy rayonu Çobankənd kəndində mərhum atası X3 adına 0.14 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində 1962-ci ildə inşa edilmiş fərdi yaşayış evi var. Atası 15 may 2015-ci il tarixdə vəfat etmişdir. Bundan sonra atasından qalmış miras əmlakın qəbul edilməsi və Çıxarışın verilməsi üçün üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin əməkdaşları ölçmə işləri aparmaq üçün əraziyə gəlmiş, lakin cavabdeh ölçmə işlərinin aparılmasına şərait yaratmamış, həyətə özü tərəfindən qoyulmuş darvazanı açmamış, üçüncü şəxsin əməkdaşları ölçmə işlərini apara bilməmişlər. Bu isə onun və digər vərəsələrin əmlaka gözlənilən mülkiyyət hüququnun pozulmasına səbəb olur.

12. Gədəbəy Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2(042)-292/2024 nömrəli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən Gədəbəy rayonu, Çobankənd kəndində yerləşən mərhum X1 olmuş 0.14 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən sahəsi 36 kvm olan fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar müayinəsinin keçirilməsinə edilən maneələrin aradan qaldırılması; Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.

13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4 və 164.2-ci maddələrinə istinad etmişdir.

14. Gədəbəy Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2(042)-292/2024 nömrəli qərardadı ilə Gədəbəy Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2(042)- 292/2024 saylı qətnaməsində yol verilmiş yalnışlığın düzəldilməsi; Qətnamənin nəticə hissəsinin ikinci abzasının Cavabdeh tərəfindən Gədəbəy rayonu, Çobankənd (Qızılqaya) kəndində yerləşən mərhum X1 olmuş 0.14 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən sahəsi 36 kvm olan fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar müayinənin keçirilməsinə edilən maneələrin aradan qaldırılması kimi oxunulması və qəbul edilməsi qərara alınmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçının çıxarış almaq üçün ölçmə işləri aparılmasını tələb etdiyi əmlakın hansı əmlak olması, həmin əmlakın həqiqətən Çobankənd kəndində yerləşən əmlak olub-olmaması aydınlaşdırılmadan, bunun üçün yerində müayinə keçirilmədən və iş üzrə texniki köməklik göstərilməsi üçün mütəxəssis və ya ekspert cəlb edilmədən iddia tələbi təmin edilmişdir. Həmçinin, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində iddia tələbinin təmin edilməsi qənaətinə gəlsə də, ölçmə işlərinə maneələrin yaradılmasının nədən ibarət olmasını əsaslandırmamış, həmin maneələrin həqiqətən Çobankənd kəndində yerləşən əmlaka, yoxsa Qızılqaya kəndindəki bələdiyyə mülkiyyətində olan torpaq sahəsində onun tikdirdiyi evə münasibətdə yaradılmış olmasını aydınlaşdırmamışdır. İddiaçının çıxarış almaq istədiyi əmlakda ölçmə işlərinin aparılmasına onun maneələr yaratmağı iş materialları ilə sübuta yetirilmir. İddiaçı Çobankənd kəndində deyil, Qızılqaya kəndində yerləşən və onun tərəfindən bələdiyyə torpağında tikilən evə çıxarış almaq üçün ölçmə işlərinin aparılmasını tələb etmiş, məhkəmə isə onun tikdiyi evə münasibətdə mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə çıxartmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, Gədəbəy rayonu Çobankənd kəndində mərhum atası X4 adına 0,14 ha torpaq sahəsi və 1962-ci ildə inşa edilmiş ümumi sahəsi 36 kv.m ev olmuşdur. X15 15 may 2015-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra miras əmlakı vərəsəlik qaydasında qəbul etmək üçün notariat ofisinə müraciət etdikdə mərhum atasının mülkiyyətində olan fərdi yaşayış evi və həyatyanı torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə məktub ünvanlamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən əmlaka müayinə baxışına şərait yaradılmadığı üçün ərizənin icrası mümkün olmamışdır. Halbuki, həmin əmlaka gözlənilən mülkiyyət hüquqları var. Cavabdehin bu hərəkətləri onları vərəsəlik hüququndan da məhrum edir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, ona məxsus torpaq sahəsi Gədəbəy rayonu Qızılqaya kəndində yerləşir, lakin atasına məxsus torpaq sahəsi Çobankənd kəndində yerləşdiyindən və atasına məxsus Qızılqaya kəndində torpaq sahəsi olmadığından iddia tələbi təmin oluna bilməz. Bununla bağlı qeyd edir ki, onların kənd icra nümayəndəliyi Çobankənd icra nümayəndəliyidir. Kəndin əvvəlki adı isə Yenikənd, sonrakı adı isə Qızılqaya kəndi adlanır. Əgər cavabdehin apellyasiya şikayətində göstərdiyi kimi mərhum atasına məxsus torpaq sahəsi ilə cavabdehin heç bir əlaqəsi olmasaydı, o zaman cavabdehin heç bir maneəsi də olmazdı. Maneə cavabdeh tərəfindən edildiyindən təbiidir ki, atasına məxsus torpaq sahəsinə və evə baxış zamanı cavabdehlə qarşılaşma olur. Bundan başqa, cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı verdiyi izahatında torpaq sahəsini və evi onun mərhum atasından satın aldığını bildirmişdir. Cavabdehin bu dəlili onun özü tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə ziddiyyət doğurur. Ona görə də ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə torpaq sahəsinin bələdiyyə tərəfindən guya ona satılmış olduğu qeyd edilmişdir.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsin əməkdaşları gəlib torpaq sahəsini yerində müayinə etmiş və torpağın bələdiyyəyə məxsus olduğunu bildirmişlər. Torpağın üzərindəki ev 1953-cü ildə inşa edilmişdir. Torpaq sahəsi üzərində ölçmə işlərinin aparılmasına maneçilik yaratmamışdır. 15 ildən çoxdur ki, mübahisəli torpaq sahəsində yaşayır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək tərəfindən verilmiş etirazın dəlillərinə uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

21. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

23. Maddə 152.5. mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın

24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 33 Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Gədəbəy rayonu Çobankənd kənd X13 Yenikənd kəndi üzrə 1991-1995-ci illərə dair 5 saylı təsərrüfatbaşına kitabının 356-cı şəxsi hesabında X4 adına olan təsərrüfatın torpaq qrafasında 0.14 ha torpaq sahəsi və tikili qrafasında 1962-ci ildə inşa edilmiş ümumi sahəsi 36 kv.m olan ev qeyd edilmişdir. X6 15 may 2015-ci il tarixdə vəfat etmişdir. İddiaçı mərhum atası X6 və anası X2 miras qalmış Gədəbəy rayonu Çobankənd (Yenikənd) kəndində yerləşən fərdi yaşayış evinə və həyatyanı torpaq sahəsinə dair adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat ofisinə müraciət etmiş, notariat ofisi də miras qalmış evə dair reyestrdən çıxarış və müvafiq məlumatların verilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müvafiq məktub göndərmişdir. Həmin idarənin əməkdaşları tərəfindən mübahisəli ərazinin yerində müayinəsi məqsədilə baxış keçirilmiş və torpaq sahəsinin darvazasının bağlı olduğu üçün müayinə baxışının keçirilməsi mmükün olmamışdır. Ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

37. Mülki qanunvericiliyə görə, müvafiq əmlakı gələcəkdə əldə etməyi qanuni olaraq gözləmək halları da mülkiyyət hüququ kimi qiymətləndirilir. Bu müddəaya uyğun olaraq, dövlət reyestrində qeydə alınmış əmlaklarla yanaşı, həm də əmlak kimi gələcəkdə əldə edilməsi qanuni olaraq gözləmək də mülkiyyət hüququ kimi qiymətləndirilməlidir.

38. Belə ki, «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli, «Burdov Rusiyaya qarşı» iş üzrə, «Qarrax Çexiyaya qarşı» iş üzrə və digər bu kimi qərarlarında X17 Məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ «İnsan Hüquqları və X8 Haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də məsələyə yuxarıda göstərilən qaydada X17 Məhkəməsinin mövqeləri ilə yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar 15 yanvar 2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar 15 aprel 2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar 09 iyun 2011-ci il tarixli qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir.

40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

41. Həmin siyahının 2.3-cü bəndinə əsasən, kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablarda aparılmış qeydiyyat daşınmaz əmlak obyektləri üzərində hüquqların qeydə alınması əsaslarından biridir.

42. İşin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi Gədəbəy rayonu Çobankənd kənd X13 Yenikənd kəndi üzrə 1991-1995-ci illərə dair 5 saylı təsərrüfatbaşına kitabının 356-cı şəxsi hesabında X4 adına olan təsərrüfatın torpaq qrafasında 0.14 ha torpaq sahəsi və tikili qrafasında 1962-ci ildə inşa edilmiş ümumi sahəsi 36 kv.m olan ev qeyd edilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması üçün torpaq sahəsinin miras qoyana məxsus olması haqqında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən notariat kontoruna müvafiq arayış təqdim edilməsi zəruridir.

43. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsində göstərilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

44. Bu qənaətinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli əmlaklara dair ölçmə işlərini həyata keçirtmək və buna yaradılan maneələrin aradan qaldırılmasını tələb etmək onun mülkiyyətçi hüquqlarından irəli gəlməklə qanuni əsaslara söykənir.

45. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”-nın 2.1-ci bənində əsasən, mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir.

46. Həmin Qərarın 2.3.3 və 2.3.4-cü bəndlərinə müvafiq olaraq, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, habelə hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır.

47. Həmin Qərarın 5.3-cü bəndinə əsasən, fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada (hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri istisna olmaqla) yeni torpaq sahələri əldə edildikdə, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda, torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə, habelə fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaqlarda, həyətyanı sahələrdə, fərdi bağların altındakı torpaq sahələrində mərzçəkmə işləri müvafiq ərizə (sifariş və ya tapşırıq) əsasında yerinə yetirilir və bu hallarda texniki layihə hazırlanmır.

48. Həmin Qərarın 5.4-cü bəndinə əsasən, torpaq sahəsinin mərzçəkmə işlərinin texniki layihəsi Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri tərəfindən təsdiq olunur.

49. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və hər hansı sübutla öz təsdiqini tapmır. Cavabdeh mübahisə predmeti olan torpaq sahəsinin ona məxsus olduğunu bildirir və bu dəlili ilə bağlı bir-biri ilə ziddiyyət təşkil edən arqumentlər irəli sürür.

50. Belə ki, Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı verdiyi vəsatətdə mübahisə predmeti olan torpaq sahəsini 2010-cu ildə iddiaçının atasından alqısatqı yolu ilə aldığını, lakin iddiaçının atası öldüyündən alqı-satqı müqaviləsini rəsmiləşdirə bilmədiyini qeyd etmişdir (bax səhifə 32).

51. Məhkəmə kollegiyası apellyatorun bu dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, şikayətin bu dəlilini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Həm də nəzərə almaq lazımdır ki, mülki qanunvericiliyin tələbləri baxımından bir tərəfin mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir (MM maddə 394).

52. Cavabdeh apellyasiya şikayətinin dəlillərində isə birinci instansiya məhkəməsində icraat zamanı irəli sürdüyü dəlillə əhəmiyyətli dərəcədə ziddiyyət yaradan yeni dəlil irəli sürərək mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının mübahisələndirdiyi torpaq sahəsi olmaması, həmin torpağın bələdiyyəyə məxsus olduğunu qeyd etmişdir.

53. Məhkəmə kollegiyası apellyatorun bu dəlilinə münasibətdə də qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından torpağın koordinatları müəyyən deyildir. Hazırkı iddianın təmin edilməsi də məhz bu məsələnin aradan qaldırılmasına yönəlmişdir.

54. Eyni zamanda, mübahisə predmeti olan torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin cavabdehin və ya hər hansı üçüncü şəxsin vəsaiti hesabına inşa edilibedilməməsinin araşdırılması hazırkı iddianın predmetini təşkil etmədiyindən məhkəmə kollegiyası bu xüsusatla bağlı araşdırma aparılmasını zəruri hesab etməmişdir. Lakin, cavabdeh tərəfin bu arqumentləri əsaslı olacağı təqdirdə belə bu hal iddiaçının mübahisə predmeti olan torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə qanuni gözlənilən mülkiyyət hüququnu aradan qaldırmadığına görə məhkəmə kollegiyası həmin arqumentləri iddianın təmin olunmasına maneə yaradacaq hal kimi qəbul etməmişdir.

55. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğundur, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilmiş və məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2(042)-292/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar