Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1266/2023 17.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Tərtər rayon Dövlət Notariat Ofisinə, üçüncü şəxslər "xxxx" MMC-yə və Tərtər rayon İcra və Probasiya Şöbəsinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: icra qeydinin ləğv edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Tərtər Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(061)-126/2023 nömrəli qətnaməsindən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə 17 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli nisyə satış müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) 978 manat avadanlığı alıcıya (İddiaçı) verməyi, alıcı isə onu qəbul edib avadanlığın qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
2. 18.10.2021-ci il tarixli icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişdən görünür ki, öhdəliyin icra edilməməsi nəticəsində gecikdirilmiş borc 20 gün müddətində ödənilmədiyi halda borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı və “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsndə notarius tərəfindən icra qeydi aparılacaqdır.
3. 20.12.2021-ci il tarixli borca dair arayışdan görünür ki, İddiaçı əsas borcu 719.47 manat, cərimə borcu 96.94 manat olmaqla cəmi 816.41 manat təşkil edir.
4. xx.xx.2022-ci il tarixli icra qeydinin təsdiqlənmiş surətindən görünür ki, Tərtər rayon Dövlət Notariat Ofisinin dövlət notariusu vəzifəsini icra edən X1 tərəfindən verilmiş icra qeydinə əsasən "xxxx" MMC-nin xeyrinə ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı BL269594 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilmiş 719.47 manat tutulması, bundan əlavə borclu İddiaçı 71.94 manat məbləğində cərimə penya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 816.41 manat pul tutulması qeyd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək Tərtər rayon Dövlət Notariat Ofisinin dövlət notariusu vəzifəsini icra edən X1 tərəfindən verilmiş 13 yanvar 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, üçüncü şəxs "xxxx" MMC onunla notariat qaydada kredit müqaviləsi bağlayaraq 800 manat dəyərində məişət avadanlığı götürmüşdür. Həmin müqavilədə notarius tərəfindən icra qeyd aparılması barədə müddəa nəzərdə tutulmuşdur. Həmin müqaviləyə əsaslanan Tərtər rayonu Notariat Ofisinin Notariusu Şəhriyar Əliyev 13 yanvar 2022-ci il tarixli icra qeydi verərək “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsaslanaraq 719.47 manat ödənilməmiş borc, 71.94 manat cərimə və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 816.41 mant pulun ondan tutulmasını qərara almışdır. Notariusun icra qeydi verilərkən bir sıra hallar nəzərə alınmadığı üçün həmin icra qeydinə etiraz verilməli və bu borcun ödənilməsinə iddia icraatı qaydasında baxılmalıdır. Belə ki, tələb edilən pulun 600-700 manat hissəsini ödəmişdir. İcra məmuru tərəfindən qəbul edilmiş icraata başlama haqqında qərarla tanış olarkən sözügedən icra qeydi barədə məlumatı olmuş, lakin cavabdeh Notariat Ofisi icra qeydinin aparılması barədə ona bildiriş göndərməmişdir. Ona görə də icra qeydinin mübahisələndirərək ləğv edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, 13 yanvar 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Tərtər Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(061)-126/2023 nömrəli qətnaməsi ilə (hakim Kamil Rzayev) iddianın təmin edilməsi, İddiaçı Tərtər rayon Dövlət Notariat Ofisinin dövlət notariusu vəzifəsini icra edən X1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”na və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(061)-126/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi araşdırmamış, iddiaçının formal mülahizələrinə əsaslanmışdır. Belə ki, iddiaçı 600-700 manat ödəniş etdiyini bildirsə də əslində 275 manat ödəniş etmişdir. Əgər müştəri icra dövründə və yaxud əvvəl hər hansı bir ödəniş etmişdirsə bu məsələ məhkəmədə deyil, icra məmuruna ödəniş qəbzlərini təqdim etməklə, ödəniş qəbzləri olmadıqda isə icra məmurunun sorğusu əsasında "xxxx" MMC-dən məlumat əldə edib, qalıq borcu müəyyən etməlidir. Borclular icra sənədinə əsasən ödəniş etdikdə, icra sənədinin ləğv edilməsi barədə müəyyən etməlidir. Borclular icra sənədinə əsasən ödəniş etdikdə icra sənədinin ləğv edilməsi barədə iddia qaldırmamalıdırlar. Əgər qaldırıblarsa da həmin halın icra məmuruna aid olması məhkəmə tərəfindən iddiaçıya bildirilməlidir. 2019cu ildən hazırki günə kimi ödəniş etməyən şəxsin, icra sənədinin icrasından yayınmaq üçün irəli sürdüyü tələb, məhkəmə tərəfindən rədd edilməli olduğu halda, məhkəmə borclunun borcdan yayınmaısna dəstək nümayiş etdirmişdir. Qanunvericiliyin tələbinə görə icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır. İşin mübahisəsiz halı dedikdə, iş materiallarında olan sübutlarla təsdiq olunan və tərəflərin həqiqiliyini qəbul etdikləri faktlara əsaslanan hallar başa düşülür. İcra qeydinin aparılmasında mübahisəli hal olmamış və qanunun tələblərinə uyğun formada aparılmışdır. Hazırki iş üzrə borclunun icra qeydinin ləğvinə əsas olan mübahisəli hal mövcud deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O, həmçinin verilən suallara cavab olaraq bildirmişdir ki, ehtiyatda olan zabit olmaqla, Qarabağ müharibəsi veteranıdır. Borcun çox hissəsini ödəmişdir.
13. İş üzrə cavabdeh və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciətləri daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. 19. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı” Notariat qaydasında təsdiq edilmiş əqdlər üzrə borcun alınması Pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, işin faktiki hallarına düzgün qiymət verilmişdir.
30. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Belə ki, işin müəyyən olunmuş hallarına görə, iddia tələbinin predmetini Tərtər rayon Dövlət Notariat ofisinin notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli (iddiaçıdan 719,47 manat tutulmasına dair) icra qeydinin ləğv edilməsi təşkil edir. Qanunvericiliyin tələbinə görə icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır və icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Hazırki iş üzrə cavabdeh Notariat Ofisi icra qeydinin aparılması barədə İddiaçı rəsmi qaydada bildiriş göndərməmişdir. Ona görə də iddiaçı notariat əməliyyatından xəbəri olmadığını qeyd edərək borcu mübahisələndirmiş və borcun bir hissəsini ödədiyi üçün icra qeydinin ləğvini xahiş etmişdir.
32. Üçüncü şəxs "xxxx" MMC apellyasiya şikayətinin dəlillərində iddaçının borc məbləğini mübahisələndirməsi halda sorğu əsasında borcun məbləğinin müəyyən edilməli olması və bununla da həmin əsasla icra qeydinin ləğvinə dair iddianın təmin edilməməsini xahiş etmişdir. Həmin dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə İddiaçı borcu mübahisələndirmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, üçüncü şəxsin nümayəndəsinin formal mülahizələrindən ibarətdir. Yəni icra qeydi mübahisəsiz tələblərə görə verilir. Baxılan işdə isə iddiaçı borcu mübahisələndirmişdir.
33. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə Məhkəmə Kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
34. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
35. Məhkəmə Kollegiyası qeyd edir ki, baxılan iş üzrə çıxarılan qətnamədən (qətnamənin mübahisələndirilən hissəsi iddianın qiyməti beş min manatdan az olduğu üçün (yəni icra qeydi iddiaçıdan 719,47 manat tutulmasına aiddir)) kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Tərtər Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(061)-126/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .