Məhkəmə qərarları › İş №2(104)-1267/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1267/2025

19.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1267/2025 19.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X9 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı nümayəndəsi X10, Cavabdeh Rəfail oğlunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 2(042)-508/2025 saylı, 23 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Doğum haqqında arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı nikah münasibətlərindən xx.xx.2021-ci ildə X4 doğulmuşdur.

2. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-289/2023 saylı qətnaməsindən görünür ki, 25 iyun 2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat və azyaşlı uşağın 3 yaşına catanadək saxlanılması üçün 50 manat, cəmi 250 manat sabit miqdarda alimentin Cavabdeh alınaraq, İddiaçı verilməsi qət edilmişdir.

3. X20 Mərkəzinin xx.xx.2025-ci il tarixli 98 saylı arayışındn görünür ki, X7 xx.xx.2025-ci ildə "xxxx" MMC-nin X18 keysəriyyə əməliiyatı olmuş və qız uşağı dünyaya gətirmişdir. Ödəniş qəbzindən görünür ki, keysətiyyə əməliyyatı üçün 1500 manat ödəniş edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat

4. İddiaçı Cavabdeh qarşı Cavabdeh xx.xx.2021-ci il tarixdə doğulmuş X1 üçün müəyyən edilmiş 200 manat alimentin dəyişdirilərək, cavabdehdən hər ya qazancının ¼ hisssəsi qədər alimentin tutulması və 55 manat mediasiya xərcinin alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh 2019-cu ildə Gədəbəy Rayon Qeydiyyat Şöbəsində nikah bağlamaqla ailə qurmuşlar. Nikah münasibətlərindən xx.xx.2021-ci il tarixdə X5 doğulmuşdur. Cavabdehlə aralarında olan narazılığa görə ayrılmışlar. Gədəbəy Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(042)-289/2023 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə aralarında olan nikah pozulmuş, xx.xx.2021-ci il təvəllüdlü X5 onun himayəsində saxlanılaraq, yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 manat aliment və uşağ üç yaşına çatana qədər 50 manat, cəmi 250 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Cavabdeh hazırda Səhiyyə Nazirliyinin Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında işləyir, qazancı yüksək olduğundan Gədəbəy Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(042)-289/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş 200 manat sabit pul məbləğində olan alimentin, hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) ¼ hisssəsi miqdarına dəyişdirilməsini istəmişdir.

6. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-508/2025 saylı, 23 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia tələbinin təmin edilməsini, 25 iyun 2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gədəbəy Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin tutulma qaydasının dəyişdirilməsini, Cavabdeh aylıq qazancının və əlavə gəlirlərinin ¼ hissəsi qədər aliment alınaraq, İddiaçı verilməsini, ödənilmiş 55 manat mediasiya xərcinin Cavabdeh alınaraq, İddiaçı və 32 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə köçürlüməsini və alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Gədəbəy Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli qətnaməsi ilə 25 iyun 2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat və azyaşlı uşaq 3 yaşına catanadək saxlanılması üçün 50 manat, cəmi 250 manat sabit miqdarda alimentin Cavabdeh alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Lakin təyin edilmiş aliment azyaşlı uşağın artan xərclərini ödəmir. Qanunun tələblərinə əsasən iddiaçının himayəsində olan uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ona minimum yaşayış imkanı yaradılmalıdır. Məhkəmə azyaşlı uşağın saxlanılması xərclərinin artmasını, uşağın təhsili, geyimi və səhhəti ilə bağlı xərclərin artmasını və bununla əlaqədar iddiaçının maddi vəziyyətinin pisləşməsini, həmçinin Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında qanunun tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, alimentin tutulmaq qaydası dəyişdiriməli, 25 iyun 2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin aylıq qazancının və əlavə gəlirlərinin ¼ hissəsi qədər alment alınaraq, İddiaçı verilməlidir.

8. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1, 75.1, 76, 76.1, 76.1.1 78.1 və 112.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-508/2025 saylı qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ərizəsində göstərmişdir ki, o, Səhiyyə Nazirliyinin Gədəbəy rayon Mərkəzi Xəstəxanasında işləyir və yüksək əmək haqqı alır, bu səbəbdən 200 manat alimentin sabit pul məbləğindən onun qazancının (başqa gəlirlərinin) ¼ hissəsinə dəyişdirilməsini istəmişdir. Lakin vaxtilə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-289/2023 saylı qətnaməsiməndən aliment tutulması qət edilərkən də o, Respublika Təcili və X8 Mərkəzinin Gədəbəy rayon bölməsində çağırıçı-feldşer vəzifəsində işləyirdi. Həmin vaxt məhkəmə uşağının saxlanılması üçün ondan iddiaçının xeyrinə 200 manat sabit pul məbləğində aliment təyin etmişdir. Eləcə də Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişirilmədən saxlanılmışdır. Lakin işə baxan məhkəmə bu halı aydınlaşdırmamışdır. İkincisi, məhkəmə qətnamədə ümumiyyətlə alimentin sabit pul məbləğindən qazancın və başqa gəlirlərin dördə bir hissəsinə dəyişdirilməsini heç bir əsaslı arqumentlə əsaslandırmamış, bunun üçün qətnamədə heç bir mötəbər sübuta istina etməmişdir. Məhkəmə qətnamədə alimentin tutulması qaydasının dəyişdirilməli olmasını azyaşlı uşağın saxlanması xərclərinin artması, uşağın təhsili, geyimi və səhhəti ilə bağlı xərclərin artması və bununla əlaqədar iddiaçının maddi vəziyyətinin pisləşməsi kimi halları, həmçinin Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında qanunun tələblərini göstərmişdir ki, bu halların heç bir alimentin sabit pul məbləğindən qazancın ¼ hissəsinə dəyişdirilməsi üçün əsas ola bilməz. Birincisi, məhkəmə uşağın saxlanması, təhsili, geyimi və səhhəti ilə əlaqədar artan xərclərin nədən ibarət olmasını göstərməmiş, nə də idiaçı bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Belə ki, uşağın saxlanılması üçün ondan iddiaçının xeyrinə 200 manat sabit pul məbləğində aliment təyin edildiyi vaxt uşağın 2 yaşı var idi. 2025-ci ildə hazırki qətnamə qəbul olunarkən isə uşağın 4 yaşı olmuşdur ki, onun təhsil xərcləri yaranmamış, eləcə də iki yaşlı uşağın saxlanması ilə dörd yaşlı uşağın saxlanması xərcləri arasında artımın nədən ibarət olması məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Məhkəmə uşağın səhhəti ilə bağlı artan xərclərə istinad etmiş, lakin uşağın səhhətində hansı problemlərin olması və həmin problemlərin iddiaçının xərclərinin artmasına səbəb olması kimi halları aydınlaşdırmamışdır. Həmçinin, bu hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Eləcə də məhkəmə alimentin dəyişdirilməsini Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında qanunun tələblərinə əsaslanmışdır ki, həmin qanunla ölkə üzrə uşaqlar üçün minimum yaşayış məbləği 246 manat müəyən edilmişdir ki, bu normal da sabit pul məbləğində alimentin tutulması və tutulan alimentin məbləğinin uşaqlar üçün yaşayış minimumuna yaxın bir həddin müəyyən edilməsi üçün əsasdır. Hansı ki, məhkəmənin yaşayış minimumu haqqında qanuna istinad edərək alimenti sabit pul məbləğindən qazancın ¼ hissəsinə dəyişdirməsi barədə mövqeyi tamamilə qəbul edilməzdir. Həmçinin, məhkəmə alimenti sabit pul məbləğində qazancın ¼ hissəsinə dəyişdirməsi qənaətinə gələrkən bu halları aydınlaşdırmamışdır: 1. Alimentin sabit pul məbləğində təyin edildiyi vaxtdan indiyədək onun maddi vəziyyətində heç bir yaxşılaşma olmamış, əksinə xərclərimin artmasına səbəb olan hallar baş vermişdir. Belə ki, onun valideynlərim xəstədir, onlara o, baxır və müalicə xərclərini qarşılayır. 2. O, ikinci dəfə ailə qurmuş, həmin ailənin saxlanması xərcləri də onun üzərinə düşür. Hal-hazırda ikinci həyat yoldaşı hamilədir və yaxın vaxtlarda övladı olacaqdır. Hazırda hamiləlik dövrü ilə əlaqədar həyat yoldaşının müayinə və müalicə xərcləri vardır ki, həmin xərcləri də o, qarşılayır. Bu isə, onun maddi vəziyyətinin pisləşməsinə səbəb olmuşdur. Həmçinin, özünün səhhətində problemlər vardır, sümük xəstəliyindən və fəqərə sürüşməsindən əziyyət çəkir, bu xəstəliklərin müalicəsi olmadığı üçün mütaəmadi olaraq ağrıkəsici dəmanlardan isatifadə edir ki, bu da onun xərclərinə daxildir. 3. O, iddiaçı ilə birgə nikah dövründə iddiaçının müalicəsi üçün kredit götürmüş, həmin krediti öhdəliyi də onun üzərində qalmışdır ki, bu da xərclərinin artmasına səbəb olmuşdur. Hal-hazırda o, 200 manat alimenti belə ödəməkdə çətinlik çəkir. 4. İddiaçı Gədəbəy rayon qeydiyyat şöbəsində işləyir, aylıq gəliri vardır. Hesab edir ki, bu hal da tərəflərin maddi vəziyətinin yoxlanılmasında nəzərə alınmalı idi. Qeyd olunanlara əsasən hesab edir ki, alimentin miqdarının sabit pul məbləğindən onun qazancının və digər gəlirlərimin ¼ hissəsinə dəyişdirilməsi üçün heç bir əsas olmadığı halda məhkəmə yuxarıda qeyd edilən hallar araşdırmadan əsassız və qanunsuz qətnamə qəbul etmişdir

11. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Rəfail oğlunun nümayəndəsi X6 apellyasiya şikayəti ilə oxşar məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, oğlu Təcili və X8 Mərkəzinin Gədəbəy rayon bölməsində çağırıçı-feldşer vəzifəsində işləyir. Aylıq əmək haqqı orta hesabla 1280 manat təşkil edir. İddiaçı bundan əvvəl aliment tələbi ilə məhkəməyə müraciət edən zaman onlar həmin məbləğlə razılaşmışlar. Hazırda isə cavabdeh yenidən ailə həyatı qurmuş və həmin nikahdan uşağı dünyaya gəlmişdir. Ona görə də, əmək haqqının ¼ hissəsini aliment kimi ödəməyə maddi imkanı yoxdur. Cavabdeh iddiaçının müalicəsi üçün kredit götürmüş və hələ də həmin krediti ödəməkdədir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, cavabdehin əmək haqqı ortalama 1280 manat olsa da dəyişkəndir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X16 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

14. 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

15. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

16. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

17. 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda bir uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur.

18. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

19. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

20. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanunu:

21. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

22. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

23. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

31. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

32. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

33. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

34. Maddə 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

35. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

36. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-508/2025 saylı, 23 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

41. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh 2019-cu ildə Gədəbəy Rayon Qeydiyyat Şöbəsində nikah bağlamaqla ailə qurmuşlar. Nikah münasibətlərindən xx.xx.2021-ci il tarixdə X5 doğulmuşdur. Gədəbəy Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə aralarında olan nikah pozulmuş, xx.xx.2021-ci il təvəllüdlü X5 onun himayəsində saxlanılaraq, yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 manat aliment və uşağ üç yaşına çatana qədər 50 manat, cəmi 250 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Cavabdeh Səhiyyə Nazirliyinin Gədəbəy rayon Mərkəzi Xəstəxanasında işləməklə 1280 manat əmək haqqı alır. Hazırda iddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixdə doğulmuş X1 üçün müəyyən edilmiş 200 manat alimentin dəyişdirilərək, cavabdehdən hər ya qazancının ¼ hisssəsi qədər alimentin tutulmasını xahiş etmiş və iddia tələbi təmin edilmişdir.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda bir uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi, qanunverici ilkin olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda bir uşağa görə— qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulmasını nəzərdə tutmuşdur. Ailə Məcəlləsinin 78.1-ci maddəsində nəzərdə tutulmuş hallarda isə yalnız uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində tutulmasını nəzərdə tutmuşdur. Hazırkı iş üzrə iddiaçı isə alimentin hissə ilə tutulmasını xahiş etmişdir.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız saymaqla, qeyd edir ki, cavabdehdən hər ay əmək haqqının ¼ hissəsi məbləğində alimentin müəyyən edilməsi hazırda tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, cavabdehin maddi imkanının aşağı olması, yenidən nikaha daxil olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər alimentin məbləğinin azaldılmasına əsas vermir. Belə ki, ailə qanunvericiliyinin yuxarıda qeyd edilən tələblərindən görünür ki, valideynlər işləyibişləməmələrindən asılı olmayaraq uşaqlarını saxlamağa borcludurlar. Cavabdeh ata kimi uşaq hüquqlarına hörmətlə yanaşmağa, uşağın cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşmasında üzərinə düşən vəzifələri yerinə yetirməyə borcludur. Onun uşağını saxlamaq həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur.

44. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin 2(042)-508/2025 saylı, 23 aprel 2025-ci il tarixli qətnaməsi cavabdehdən tutulmalı olan aliment məbləği hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Gədəbəy Rayon Məhkəməsinin 2(042)-508/2025 saylı, 23 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-508/2025 saylı, 23 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar