Məhkəmə qərarları › İş №2(104)-1270/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1270/2024

27.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1270/2024 27.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh X2 iştirakları ilə, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-118/2024 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın əvəzi olaraq 1600 manat pul və ödənilmiş 36 manat dövlət rüsumu olmaqla, cəmi 1636 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qazax rayonunun Yuxarı Salahlı kəndində onun ailə təsərrüfatında iki baş yanı balalı inəyi olmuşdur. İnəklərin otarılması aylıq pul müqabilində iş üzrə cavabdehə həvalə olunmuşdur (hər inək üçün aylıq 6 manat). Belə ki, cavabdeh çoban olaraq aylıq pul müqabilində kəndin iri mal-qarasını otarmaqla məşğul olur. O, özünə məxsus iki inəyi mal-qaraya qataraq aylıq pul müqabilində (şifahi tapşırıq müqaviləsi əsasında) otarılmasını cavabdehə tapşırmışdır. Heyvanlar Qazax rayonu Yuxarı Salahlı kəndinin ərazisində örüş yerində otarılırdı. xx.xx.2023-cü il tarixdə ona məxsus iki baş inək gündəlik naxıra göndərilmişdir və otarılımasını cavabdeh həyata keçirirdi. Həmin gün axşam inəklərdən biri evə qayıtmamışdır. Bunun səbəbini öyrənmək üçün, həmin gün atası Osman Mustafayev cavabdehin evinə getmiş, cavabdeh atasına “narahat olma, yəgin ki, harda olsa heyvan özü evə gələr” demişdir. Heyvan gəlməsə də, özü axtarışını həyata keçirəcəyini və onlara məlumat verəcəyini bildirmişdir. Lakin, səhəri gün tezdən heyvanlar naxıra getməmişdən öncə, atası bir daha cavabdehin evinə gedərək inəyin axşam evə gəlmədiyini bildirmişdir. Cavabdeh bu barədə gün ərzində atasına məlumat verəcəyini bildirmişdir. Lakin, bir həftə keçməsinə baxmayaraq, cavabdeh ona otarılması üçün həvalə etdiyikləri heyvan barədə maraqlanmamış, heyvanın ölüsü və ya dirisi barədə onlara hər hansı məlumat verməmişdir, heyvanın axtarışını belə həyata keçirməmişdir. Cavabdeh tərəfindən bu istiqamətdə heç bir əməli addım atılmadığından, özü və iki nəfər kənd sakinləri ilə birlikdə kənd örüş yeri ərazisində və meşədə heyvanın axtarışına başlamışlar. xx.xx.2023-cü il tarixdə Yuxarı Salahlı kəndinin örüş yerində inəyin cəsədini tapmışlar. Heyvanın leşi parçalanmış vəziyyətdə olmuşdur. Bununla bağlı, şikayət ərizəsi ilə Qazax rayon Polis Şöbəsinə də müraciət etmiş, xx.xx.2023-cü il tarixdə mülki xarakterli olması barədə ona məktub göndərilmişdir. Beləliklə, cavabdeh üzərinə düşən müqavilə öhdəliyini layiqincə icra etməmiş və ona otarılması həvalə olunan bir baş iri buynuzlu heyvanı ona qaytarmamaqla, ona maddi ziyan vurulmasına gətirib çıxaran hərəkətlərə yol vermişdir. Onda olan məlumata görə heyvanın itkin düşdüyü gün, cavabdeh iş başında olmamış, otarılması həvalə edilmiş kənd heyvanlarını nəzarətsiz vəziyyətdə örüşə buraxıb, öz şəxsi işləri ilə bağlı Qazax şəhərində olmuşdur. Onun itkin düşən həmin inəyinin 6 aylıq balası hazırda evdədir. Həmin inəkdən gün ərizində orta hesabla 5-6 litrə yaxın süd sağılmış və bu da orta hesabla hər ay 150 manat gəlir deməkdir. Cavabdehin səhlənkarlığı nəticəsində inəyin itkin düşdüyü son 2 ay ərzində ailəsi 300 manat gəlirdən məhrum olmuşdur. Belə ki, son iki aydır ki, süd və süd məhsullaırna olan ailə təlabatlarını bazardan həmin məhsulları satın almaqla ödəyirlər. Bununla da, maddi ziyana uğramışlar. Ona görə son iki ay ərzində əldən çıxmış fayda kimi həmin məbləği tələb edir. Bundan əlavə, məhz cavabehin səhlənkarlığı nəticəsində itkin düşərək çöldə qalıb ölmüş inəyin bazar dəyəri orta hesabla 1300 manat təşkil edir. Beləliklə cavabdeh tərəfindən ona maddi ziyan və əldə çıxmış fayda qismində ümumilikdə 1600 manat ziyan vurulmuşdur. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-118/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Nemət Musayev) İddiaçı X4 qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-118/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh laqeyd hərəkətləri nəticəsində ona otarılması həvalə olunan iri buynuzlu bir ədəd heyvanını ona qaytarmamaqla, üzərinə düşən müqavilə öhdəliyini layiqincə icra etməmiş və ona maddi ziyan vurulmasına gətirib çıxaran hərəkətlərə yol vermişdir ki, nəticədə ona tapşırıq müqaviləsi əsasında cavabdehə otarılmaq üçün verilmiş orta bazar dəyəri 1300 AZN (bir min üç yüz manat) təşkil edən bir ədəd sağmal inək geri qaytarılmamış, bundan əlavə həmin dövr üçün əldə çıxmış fayda olaraq 300 AZN (üç yüz manat) dəyərində inəkdən əldə oluna biləcək süd məhsullarının dəyəri qismində mənə maddi ziyan vurulmuşdur. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlilləri ilə oxşar məzmunlu izahat verdi. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-118/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, onun inəyi xəstə olmamış, cəsədini özü axtarıb tapmışdır. Cavabdeh X5 məhkəmə kollegiyasının əvvəlki iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, bütün kənd sakinləri ilə aralarında onlara məxsus iribuynuzlu heyvanları müəyyən pul müqabilində otarmağa dair şifahi razılaşma olmuşdur. İddiaçıya məxsus inəkləri də, otarmışdır. İddiaçının inəyi xəstə olmuş və bu səbəbdən ölmüşdür. Apellyasiya şikayətinin təmin edilməməsini və Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-118/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-118/2024 saylı qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, cavabdeh X1 1300 manat məbləğində pul və ödənilmiş 36 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Kənd Təssərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Qazax Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Yuxarı Salahlı kənd sakini İddiaçı məxsus 4 baş iribuynuzlu heyvan özəl baytar həkimi X7 tərəfindən xx.xx.2023-cü il tarixində Qarayara xəstəliyinə qarşı, xx.xx.2023-cü il tarixində Dabaq xəstəliyinə qarşı, xx.xx.2023-cü il tarixində Nodulyar Dermatit xəstəliyinə qarşı peyvənd edilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirliyi X10 İnkişaf Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-22-3-35/2-47/2024 saylı məktubundan görünür ki, heyvan bazarında 1(bir) baş 5 illik ət çəkisi 150-160 kq yerli cins inəyin hal-hazırki bazar qiyməti 1250-1300 manatdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçı tərəflər arasında olan razılaşmaya əsasən iribuynuzlu heyvanların otarılması hər inək üçün aylıq 6 manat olmaqla aylıq pul müqabilində iş üzrə cavabdehə həvalə olunmuşdur. Cavabdehin səhlənkarlığı nəticəsində inəyi itkin düşərək çöldə qalıb ölmüşdür. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirliyi X10 İnkişaf Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-22-3-35/2-47/2024 saylı məktubu ilə. heyvan bazarında 1(bir) baş 5 illik ət çəkisi 150- 160 kq yerli cins inəyin hal-hazırki bazar qiymətinin 1250-1300 manat təşkil etməsi müəyyən edilir. Məhkəmə kollegiyası hüsab edir ki, tərəflər arasında MM-nin 777-ci maddəsində nəzərdə tutulmuş tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777.1-ci maddəsinə görə, tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə görə, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə görə, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 782.1-ci maddəsinə görə, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 779.1-ci maddəsinə görə, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, iddiaçıya məxsus iribuynuzlu heyvanların müəyyən pul müqabilində otarılması iş üzrə cavabdehə həvalə edilmişdir. Cavabdeh bu barədə tapşırığı vicdanla yerinə yetirməmiş və kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə 1300 manat məbləğdə zərər vurmuşdur ki, bu ziyan üçün də məsuliyyət daşıyır. Belə ki, məhkəmə kollegiyası tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirliyi X10 İnkişaf Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-22-3-35/2-47/2024 saylı məktubundan görünür ki, heyvan bazarında 1(bir) baş 5 illik ət çəkisi 150-160 kq yerli cins inəyin hal-hazırki bazar qiyməti 1250-1300 manatdır. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh X3 1300 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçının faydasının əldən çıxması öz təsdiqini tapmamışdır. Ona görə də, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamış və mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 385.1, 385.1.1-ci maddələrinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-118/2024 saylı qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, cavabdeh X1 1300 manat məbləğində pul və ödənilmiş 36 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-118/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh X3 1300 (bir min üç yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi 36 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar