Məhkəmə qərarları › İş №2(104)-1277/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1277/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1277/2024 13.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-400/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasına açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 (iki min) manat borc pulu və ödənilmiş 41 manat manat məbləğində dövlət rüsumunun, cəmi 2041 (iki min qırx bir) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-400/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.Məmmədova) iddia təmin edilmiş, Cavabdeh 2000 (iki min) manat və dövlət rüsumunun əvəzi kimi 40 (qırx) manat alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-400/2024 nömrəli qətnaməsinin ləğv olunması, iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçını bir neçə ildir ki, tanıyır. İddiaçı Ağcabədi rayonu Sarvanlar kəndində yaşayır. O, əvvəllər hərbidə işləmişdir. İddiaçını da həmin vaxtdan tanımışdır. O, Beyləqan rayonunda hərbi xidmətdə olarkən iddiaçıdan bir neçə dəfə faizi ilə borc pul almış və sonra qaytarmışdır. Hərbi hissədə olan digər hərbçilər də həmişə ondan faizi ilə borc pul alırdılar. Əvəzində isə maaş kartlarını ona verirdilər. İddiaçı da onların maaş kartından borc aldığı pulu faizi ilə birlikdə çəkib götürürdü. O, növbəti dəfə 19 mart 2021-ci ildə iddiaçıdan 1000 manat borc pul almış, iddiaçı həmin pulu faizi ilə birlikdə 2000 manat kimi qeyd etdi və onun ona 2000 manat pul qaytaracağını bildirmişdir. O, həmin borcun əvəzinə maaş kartını iddiaçıya vermişdir. İddiaçıdan aldığı həmin borc məbləğini hissə-hissə iddiaçıya qaytarmışdır. Sonra işdən çıxdığına görə iddiaçıya qalan faizi ilə birlikdə 200 manat borcumu qaytara bilməmişdir. Onun maaş kartı iddiaçıda olduğundan o, 19 aprel 2021-ci ildə ona borclu olduğu məbləğdən 1234 manat pulu Ağcabədi rayonunda Asan Xidmət Mərkəzində yerləşən bankomat vasitəsilə nəğdləşdirmişdir. 05 may 2021-ci ildə Beyləqan rayonunda yerləşən “Gold Market” mağazasında yerləşən bankomatdan 330 manat nəğdləşdirmişdir. Daha sonra 19 may 2021-ci ildə isə 254 manat pulu Ağcabədi rayonunda Asan Xidmət Mərkəzində yerləşən bankomat vasitəsilə nəğdləşdirmişdir. Qalan borcunu isə ona özü vermişdir. Hazırda onun iddiaçıya faizi ilə birlikdə 200 manat borcu qalmışdır. O, məhkəmə iclasında iddiaçıya olan borcunu iddiaçının özünün maaş kartını ondan götürərək, Ağcabədi rayonunda xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə kart vasitəsilə nəğdləşdirərək götürdüyünü, bununla bağlı banka sorğu verilərək, bankomatdan pul çıxarılması barədə görüntülərin götürülməsini xahiş etsə də, məhkəmə tərəfindən vəsatəti təmin edilməmişdir. Məhkəmə yalnız İddiaçı tərəfindən təqdim edilmiş qəbzə istinad etməklə əsassız qətnamə qəbul etmişdir. İş üçün əhəmiyyəti olan bütün faktiki halları araşdırmamışdır. İddiaçı işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyasına yazılı etiraz ünvanlayaraq, gözdən əməliyyat olunduğu üçün məhkəmə iclasında üzlrü səbəblərdən iştirak edə bilməyəcəyini, ona görə də məhkəmə iclasının onun iştirakı olmadan keçirilib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, iddiaçı sələm verməklə məşğuldur. O, iddiaçıdan 1000 manat borc pul götürmüş və iddiaçının şərti ilə pulu faizi ilə birlikdə 2000 manat kimi qeyd etmişdir. Əmək haqqı kartını isə iddiaçıya vermişdir. Onun əmək haqqı kartı cavabdehdə 2 ay müddətində olmuşdur. Həmin müddətdə iddiaçı onun kartından 1800 manat pul çəkmişdir. Onun hazırda iddiaçıya 200 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsinə təqdim etdiyi səs yazısında da, iddiaçıya 200 manat borcu qalması təsdiq edilir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-400/2024 nömrəli qətnaməsinin ləğv olunması və iddianın qismən təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəfindən iş materillarına əlavə edilmiş səs yazısı olan 1 ədəd CD diski dinlənilmişdir. Həmin səs yazısı iddiaçı və cavabdeh arasında olan danışığıdır. Qeyd edilən diskləri dinləmə zamanı borc pulun məbləği ilə bağlı, Cavabdeh : -200 manat borcum qalıb; İddiaçı: - 200 manat il yarım bundan əvvəl idi, bugun 200 manat 1 həftədən sonra olur nə qədər... əldən çıxmış fayda var, bütün dünyada belə işləyirlər.... Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-400/2024 nömrəli qətnaməsi dəyişdirilməli, 200 manat məbləğində pul və ödənilmiş 40 manat dövlət rüsumunun 10 manatı Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında olan yazılı razılaşmaya əsasən iddiaçı cavabdehə 19 mart 2021-ci ildə 2000 manat borc pul vermişdir. Cavabdeh iddiaçıya məxsus pulu qaytarmaqdan imtina edir. Pulu qaytarması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Odur ki, iddiaçı cavabdehdən olan pullarını tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə qismən razılaşmır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. İşin müəyyən olunmuş hallarından müəyyən olunur ki, tərəflər arasında pul verilməsi ilə bağlı borc münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası MM-nin: 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan ) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyasında müəyyən edildi ki, tərəflər arasında razılaşdırılmış borc müqaviləsinə əsasən, Cavabdeh İddiaçı faizi ilə 1000 manat borc almış, lakin qəbzə faizi ilkə birlikdə 2000 manat borcu olmasını qeyd etmişdir. İddiaçı cavabdehin ona 2000 manat borcu qaldığını, cavabdeh isə iddiaçıdan 2000 manat borc pul almasını və onun 1800 manatını qaytarmasını bildirmişdir. Cavabdeh sübut növü kimi işə əlavə edilmiş səs yazısı olan CD diskinin dinlənilməsini xahiş etmiş və məhkəmə kollegiyası tərəfindən həmin səs yazıları dinlənilmişdir. Müəyyən edilmişdir ki, həmin səs yazısı iddiaçı və cavabdeh arasında olan danışığıdır. Həmin səs yazısında borc pulun məbləği ilə bağlı Cavabdeh İddiaçı bildirir ki, sənə 200 manat borcum qalıb. İddiaçı isə bildirir ki, 200 manat il yarım bundan əvvəl idi, bugun 200 manat 1 həftədən sonra olur nə qədər... əldən çıxmış fayda var, bütün dünyada belə işləyirlər...və s. Göründüyü kimi, qeyd edilən səs yazılarının dinlənilməsi zamanı İddiaçı Cavabdeh ona 200 manat borcunun qalmasını inkar etmir, əksinə, təsdiq edir. Bununla bağlı qeyd olunmalıdır ki, qeydə alınan məlumatlar, səsi yazılan tərəfin şəxsi həyatının gizli bir sahəsi olmayıb, bu danışığı qeydə alan biri ilə mübahisəli münasibətləri (borc və s.) barədə ifadə etdiyi fikirlərdirsə, həmin bəyanların sonradan təkzib olunacağı ehtimalı ilə yazılması özü-özlüyündə qanunsuz hərəkət hesab edilə bilməz. Çünki, bu halda şəxs başqasını gizli şəkildə dinləmiş və ya onun sirr xarakterli danışıqlarını yazmaqla şəxsi həyatı haqqında məlumat toplamış sayılmır. Bu zaman səsi yazıya alan, məhz özü ilə əlaqəli olan bir hadisədə qarşı tərəfin şifahi şəkildə ona etdiyi etirafı və ya digər bəyanı (məsələn, borcunu qaytaracağını) fiksə etmiş olur. Söhbətin bir tərəfi də elə yazını aparan şəxs olduğu üçün o, həm də mübahisəli məsələ ilə bağlı öz şəxsi həyatına dair bir məqamı qeydə almış sayılır. Bu baxımdan şəxsin iştirak etdiyi söhbəti mübahisə halında sübuta yetirə bilməsi üçün yazması və bu yazıdan məqsədi xaricində deyil, məqsədinə uyğun bir şəkildə istifadə etməsi (məsələn, qarşı tərəf təklikdə etdiyi borc etirafını sonradan təkzib etdikdə yazını məhkəməyə təqdim etməsi), sözügedən qeydlərin qanunsuz sübut sayılmasını istisna edir. Beləliklə, başqa şəxs(lər)lə olan telefon danışığının deyil, tərəflərin özləri arasında, özü də mübahisəli hüquqi münasibətlə bağlı söhbətin yazısının həmin mübahisənin həllində istifadə olunması MPM-nin 76.3-cü maddəsindəki qadağanın məqsədi xaricindədir. Bu şərtlər çərçivəsində səs yazılarının sübut kimi qəbul olunmaması, əsas hədəfi insan hüquq və azadlıqlarının qorunması olan bir qaydadan məqsədinə zidd, yəni insan hüquqlarının pozulması ilə nəticələnəcək şəkildə istifadə edilməsi anlamına gəlir. Belə ki, bəzi hallarda qarşı tərəfin etirafını gələcəkdə danması ehtimalına qarşı şəxsin yeganə sübutetmə vasitəsi olan səs yazısından istifadə edə bilməməsi maddi həqiqətin nəzərə alınmamasına səbəb olur. Halbuki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir.Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən də göründüyü kimi tərəflər arasında baş tutmuş telefon danışıqlarının onlar arasında məhz həmin məsələyə dair yaranmış mübahisənin həllində istifadəsi qanunla icazə verilən hal kimi qiymətləndirilməlidir. Belə olan halda, həmin danışıqlara dair səs yazıları MPM-nin 76.3-cü maddəsi baxımından qanunu pozmaqla əldə edilmiş sübut hesab edilə bilməz. Bundan başqa, İddiaçı aid olan məhkəmə işləri barədə elektron sistem vasitəsilə sorğu edilmiş və müəyyən edilmişdir ki, onun iddiası üzrə baxılmış mülki işlər üzrə hazırda 40 icra işi var, həmşinin 20 iddia üzrə müxtəlif məhkəmələrə müraciət edilmişdir.Bu isə, onun faizə pul verməsi ilə mşğul olmasını təsdiq edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-400/2024 nömrəli qətnaməsi dəyişdirilməli, 200 manat məbləğində pul və ödənilmiş 40 manat dövlət rüsumunun 10 manatı Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına tam uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə qismən səhv nəticəyə gəlmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır ki, bu hallar da qətnamənin apellyasiya qaydasında dəyişdirilməsi üçün əsasdır. Ona görə də, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-400/2024 nömrəli qətnaməsi dəyişdirilməli, 200 manat məbləğində pul və ödənilmiş 40 manat dövlət rüsumunun 10 manatı Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-400/2024 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh 200 (iki yüz) manat məbləğində pul, ödənilmiş 40 manat dövlət rüsumunun 10 manatı alınaraq İddiaçı verilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar