Məhkəmə qərarları › İş №2(104)-1278/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1278/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1278/2024 21.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2(076)-836/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 21 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Əliyev X1 rayon polis şöbəsində verdiyi izahatında bildirmişdir ki o, İddiaçı və X2 avtomobil satdığı şəxslər kimi tanımışdır. Onun mərhum atasının adına olan Vaz 2106 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobili təmir etdirən zaman mühərrikini dəyişmişlər və mühərrikin bloku özlərində olduğundan sənədləşmə işlərini qanuni edə bilmişlər. Lakin sonradan o həmin avtomobili başqasına və sonuncu olaraq Ərəstun adlı şəxsə 3250 manata satmış və bir il sonra Ərəstun avtomobili mühərrikə görə sənədləşdirə bilmədiyi üçün ona geri qaytarılıb, 3100 manat pul müqabilində razılaşmışlar. O, 3100 manat puldan cəmi 850 manat Ərəstuna versə də, sonradan atası rəhmətə getmiş və bu səbəbdən əlavə pul verə bilməmişdir. Hazırda Ərəstuna 2200 manat məbləğində pul borcu vardır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2400 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2021-ci ildə 3250 manata aldığı Vaz 2106 markalı **-CH-*** qeydiyyat nömrəli avtomobili sənədləşdirilməsi üçün Tovuz rayonunda yerləşən avtomobil qeydiyyat şöbəsinə getmiş, yoxlama zamanı avtomobilin mühərrik nömrəsi sənəddə qeyd olunan nömrə ilə eyni olmadığına görə avtomobili öz adına sənədləşdirə bilməmişdir. Bundan sonra cavabdehə zəng edib görüşmüşlər və cavabdehlə pulu qaytaracağı barədə razılaşmışlar. Cavabdeh 2 ay müddətində 3250 manat puldan ona cəmi 850 manat qaytarmışdır. Sonradan dəfələrlə cavabdehə qalan pulu qaytarmasını tələb etsə də, lakin cavabdeh pulu qaytarmamışdır. Cavabdeh pul qaytarmadığı üçün sonuncunun barəsində Şəmkir Rayon Polis Şöbəsinə müraciət etmişdir. Cavabdeh şöbədə verdiyi izahatda ona borcu olduğunu etiraf etmiş və pulu qısa müddətə qaytaracağını bildirsə də, lakin verdiyi sözə əməl etməmişdir.

4. Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2(076)-836/2024 nömrəli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova) iddia təmin edilərək, Cavabdeh 2.200 manat manat alınaraq İddiaçı verilməsi qət edilmişdir.

5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1 və 1096.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, heç vaxt İddiaçı avtomobil satmamışdır. “VAZ-2106” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mərhum atası Firdovsi Əliyevə məxsus olmuşdur. Atası həmin avtomobili başqa şəxsə satmış və həmin şəxsin adına etibarnamə verilmişdir. Lakin, sonradan həmin şəxs avtomobili İddiaçı 3250 manat müqabilində satmışdır. İddiaçı avtomobili sənədləşdirərkən, avtomobilin mühərrik nömrəsi ilə sənəddə olan nömrəsi eyni olmadığından avtomobili adına sənədləşdirə bilməmişdir. Bundan sonra, İddiaçı avtomobilin pulunu ondan tələb etmişdir. O, İddiaçı avtomobil satmadığı və ondan pul almadığı halda sonuncu hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, mülki qanunvericiliyin tələbləri baxımından iddiaçı“VAZ-2106” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olaraq ona 2200 manat pul verməsini təsdiq edəcək sübutunu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi isə onun iddiaçıya maddi ziyan vurmağına istinad etməklə əsassız olaraq iddiaçının tələbini təmin etmişdir. Məhkəmə qətnaməsində MM-nin 1096.1-ci maddəsinə istinad etsə də, əslində onun tərəfindən iddiaçıya maddi ziyan vurulmamışdır. İddiaçı avtomobili Rüfət Heydərovdan satın almış və pulunu da həmin şəxsə ödəmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, “VAZ-2106” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh almışdır və avtomobili qaytaranda da sonuncuya təhvil vermişdir. Avtomobili cavabdehə qaytardıqdan sonra sonuncu həmin avtomobili Rüfət adlı şəxsə satmışdır. Sədrlik edənin suallarına cavab olaraq iddiaçı bildirmişdir ki, “VAZ-2106” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 3250 manata almışdır. Sonradan avtomobilin sənədlərində problem olduğuna görə avtomobili cavabdehə qaytarmışdır. Bundan sonra Cavabdeh avtomobilin pulundan ona 850 manat qaytarmış, qalan pulu isə ödəməmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

12. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

13. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

17. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

18. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

20. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

21. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırıldıqda müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. İşin müəyyən olunmuş və faktiki hallarından görünür ki, Cavabdeh Vaz 2106 markalı, **- CH-*** dövlət qeydiyyat nişanlı avtomobili 3250 manat müqabilində faktiki olaraq İddiaçı satmışdır. İddiaçı avtomobili aldıqdan sonra onu öz adına rəsmiləşdimək istəmiş, lakin avtomobilin mühərrikinin üzərində olan nömrə ilə avtomobilin sənədində qeyd olunan nömrə fərqli olduğundan avtomobilin iddiaçının adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Bundan sonra İddiaçı Cavabdeh aldığı Vaz 2106 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncuya qaytarmış, sonuncu da öz növbəsində həmin avtomobilə görə iddiaçı tərəfindən ona verilmiş 3250 manatı qaytaracağına söz vermişdir. Cavabdeh həmin puldan İddiaçı 850 manat qaytarmış, lakin qalıq 2400 manatı ödəməmişdir. Ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və eyni zamanda kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

27. Belə ki, işin hallarından göründüyü kimi İddiaçı mübahisə predmeti olan 2400 manat vəsaitin qaytarılması ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl Şəmkir rayon Polis Şöbəsinə müraciət etmiş, müraciət üzrə araşdırma aparılmış və məsələ mülki xarakterli mübahisə olduğundan polis şöbəsi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

28. İş materiallarına əlavə edilmiş həmin qərardan görünür ki, Əliyev X1 rayon polis şöbəsində verdiyi izahatında bildirmişdir ki, İddiaçı və X2 avtomobil satdığı şəxslər kimi tanımışdır. Onun mərhum atasının adına olan Vaz 2106 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobili təmir etdirən zaman mühərrikini dəyişmişlər və mühərrikin bloku özlərində olduğundan sənədləşmə işlərini qanuni edə bilmişlər. Lakin sonradan o həmin avtomobili başqasına və sonuncu olaraq Ərəstun adlı şəxsə 3250 manata satmış və bir il sonra Ərəstun avtomobili mühərrikə görə sənədləşdirə bilmədiyi üçün ona geri qaytarılıb, 3100 manat pul müqabilində razılaşmışlar. O, 3100 manat puldan cəmi 850 manat Ərəstuna versə də, sonradan atası rəhmətə getmiş və bu səbəbdən əlavə pul verə bilməmişdir. Hazırda Ərəstuna 2200 manat məbləğində pul borcu vardır.

29. Göründüyü kimi, Cavabdeh polis şöbəsində verdiyi izahatı ilə onun Vaz 2106 markalı, **- CH-*** dövlət qeydiyyat nişanlı avtomobili 3250 manat müqabilində İddiaçı satdığı, sonradan isə avtomobilin iddiaçının adına sənədləşdirilməsində problem olduğuna görə sözügedən avtomobilin iddiaçı tərəfindən cavabdehə qaytarıldığı, habelə avtomobilin satılması üçün ödənilmiş 3250 manat vəsaitdən 850 manatın cavabdeh tərəfindən iddiaçıya qaytarıldığı öz təsdiqini tapır.

30. İşin yuxarıda şərh olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. İddia tələbinin təmin edilməsi qanuni əsaslara söykənir. Apellyasiya şikayətində göstərilən dəlillər isə işin müəyyən edilmiş və faktiki halları ilə təkzib olunur.

31. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırkı iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.

32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2(076)-836/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar