Məhkəmə qərarları › İş №2(104)-1279/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1279/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1279/2023 03.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli 2(066)-91/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 19 may 2022-ci il tarixli 220/0522-106 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT MMC tərəfindən Cavabdeh 6 ay müddətinə illik 36 faiz olmaqla 876 manat kredit verilmişdir.

2. 19 may 2022-ci il tarixli 220/0522-106AG nömrəli girov müqaviləsinin sürətindən görünür ki, 19 may 2022-ci il tarixli 220/0522-106 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh mülkiyyətində olan ** BX *** dövlət qeydiyyat nişanlı “X1 311CDİ” yük avtomobili İddiaçı BOKT MMC-nin xeyrinə girov qoyulmuşdur.

a)İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı BOKT MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 740,57 manat əsas, 65,73 manat faiz və 62 manat penya olmaqla cəmi 868,30 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı BOKT MMC-yə ödənilməsi; Cavabdeh mülkiyyətində olan ümumi dəyəri 25000 manat təşkil edən ** BX *** dövlət qeydiyyat nişanlı “X1 311CDİ” yük avtomobilə tutma yönəldilməsi, avtomobilin açıq hərracdan satışından əldə ediləcək vəsait hesabına kreditora olan, cəmi 868,30 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi cavabdehə verilməsi, bu vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda ümumi qaydada cavabdehin başqa əmlakı hesabına icra olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında 19 may 2022-ci il tarixli 220/0522-106 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya 6 ay müddətinə illik 36 faiz olmaqla 876 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh mülkiyyətində olan ** BX *** dövlət qeydiyyat nişanlı “X1 311CDİ” yük avtomobili İddiaçı BOKT MMC-nin xeyrinə girov qoyulmuşdur. Borcalan öhdəliklərini tam icra etməmiş və nəticədə 26 sentyabr 2022-ci il tarixə ödənilməmiş 740,57 manat əsas, 65,73 manat faiz və 62 manat penya olmaqla, cəmi 868,30 manat borcu yaranmışdır. Müqavilə üzrə öhdəliklərin icrası barədə borcluya dəfələrlə müraciət olunsada, sonuncu borcu ödəməmişdir.

5. Göygöl Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli 2(066)-91/2023 nömrəli (hakim Q.Abbasov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 740,57 manat əsas kredit borcu, 65,73 manat faiz borcu, 6,20 manat penya borcu, cəmi 812,50 manat borc, həmçinin iddia qaldırlması üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı BOKT MMC-nin xeyrinə tutulması; Tutma Cavabdeh xüsusi mülkiyyət hüquqi ilə məxsus olan ümumi dəyəri 25000 manat məbləğində olan “X2” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomaşına yönədilməsi, həmin əmlak açıq hərracda satılması, əmlakın satışı yolu ilə əldə ediləcək vəsait hesabına İddiaçı BOKT MMC-yə olan kredit borcu, kreditdən istifadəyə görə faizlər, cəmi 812,20 manat, həmçinin dövlət rüsumu ödənilməsi; satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi cavabdehə verilməsi; Bu vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə o ümumi qaydada Cavabdeh başqa əmlakı hesabına icra edilməsi qət olunmuşdur.

6. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295, 385.1, 425.1, 442, 462.1, 462.3, 466.2.3, 472.1, 472.2, 472.3, 739.2 maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b)Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, “X2” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin təkərlərini nisyə almaq məqsədilə mağaza sahibinin ona verdiyi sənədləri imza etmişdir. Bir necə gün sonra təkərlər əyildiyinə görə mağazaya geri qaytarmışdır. Bundan sonra İddiaçı BOKT MMC ona kredit götürdüyünü və avtomobili girov qoyduğunu bildirmiş və kredit borcunun ödənilməsini tələb etmişdir. Halbu ki, kredit götürməmiş və avtomobilini girov qoymamışdır. Göründüyü kimi, onun etimadından sui-istifadə olunmuş və aldadılması yolu ilə əqd bağlanmışdır. Nəticədə onun hüquqları pozulmuş və 868,30 manat borc hesablanmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

13. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

14. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

16. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 19.Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

20. Maddə 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

21. Maddə 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. Hüququ girov qoyan həmin hüququn mənsub olduğu şəxs ola bilər.

22. Maddə 272 Girov saxlayan (ipoteka saxlayan) borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün girov qoyanın əşyası barəsində müqavilədə göstərilmiş əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir.

23. Maddə 276.1. İpoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər.

24. Maddə 279 Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.

25. Maddə 295 Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

26. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

27. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa borclunun başqa əmlakından almaq hüququna malikdir.

“İpoteka haqqında” Qanun

28. Maddə 1.0.6 İpoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.

29. Maddə 12.2 Rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanın ipotekası həmin əşyanın dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınır.

30. Maddə 33 Borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin yönəldilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

31. Maddə 39.1 İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

37. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

39. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması

40. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

41. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

42. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

43. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini əsas və faiz borca münasibətdə tam, penya borcununtutulması hissədə isə qismən təmin olunması hissədə düzgün nəticəyə gəlsədə, lakin tutmanın Cavabdeh mülkiyyətində olan ** BX *** dövlət qeydiyyat nişanlı “X1 311CDİ” yük avtomobili yönəldilməsi və həmin avtomobilin açıq hərracdan satılması hissədə düzgün nəticəyə gəlməmişdir.

47. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında 19 may 2022-ci il tarixli 220/0522-106 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya 6 ay müddətinə illik 36 faiz olmaqla 876 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh mülkiyyətində olan ** BX *** dövlət qeydiyyat nişanlı “X1 311CDİ” yük avtomobili İddiaçı BOKT MMC-nin xeyrinə girov qoyulmuşdur. Borcalan müqavilə üzrə götürmüş öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyindən kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir.

48. Bu qətnamənin 46-cı bəndində də qeyd olunduğu kimi kolelgiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Bundan əvvəldə qeyd olunduğu kimi İddiaçı BOKT MMC ilə Cavabdeh arasında 19 may 2022-ci il tarixli 220/0522-106 nömrəli kredit müqaviləsi bağlanmış, sonuncu müqavilə üzrə öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyindən kreditor borcun ödənilməsinə dair borcalana 20 sentyabr 2022-ci il tarixli bildiriş göndərmiş, lakin sonuncu borcun ödənilməsini təmin etməmişdir.

50. Cavabdeh apellyasiya şikayətində İddiaçı BOKT MMC ilə müqavilə bağlamadığını qeyd etsədə, lakin işdən müəyyən olunur ki, tərəflər arasında 19 may 2022-ci il tarixli 220/0522-106 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya 6 ay müddətinə illik 36 faiz olmaqla 876 manat kredit verilmişdir. Ona görə də kollegiya şikayətin bu dəlilini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh 740,57 manat əsas, 65,73 manat faiz borcu və 6,20 manat penya olmaqla, cəmi 812,50 manat, həmçinin iddia qaldırlması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzini İddiaçı BOKT MMC-nin xeyrinə tutmaqda düzgün nəticəyə gəlmişdir.

51. Belə ki, öhdəliyin əmələ gəlməsi üçün onun tərəfləri arasında əqdin bağlanması zəruridir. Əqddən yalnız o halda bəhs etmək mümkündür ki, əqdi əmələ gətirən iradə ifadəsi, görünüş etibarı ilə hüquqi nəticəni gerçəkləşdirmək məqsədilə edilmiş olsun. İradə ifadəsi müəyyən bir hüquqi nəticəyə yönəlmiş olmalı, hansı hüquqi nəticəni əmələ gətirmək üçün edildiyi müəyyən edilə bilinmədiyi təqdirdə əqd əmələ gəlmir. Qarşılıqlı bir-birinə uyğun iradə ifadələri nəticəsində əmələ gələn əqd növünə müqavilə deyilir. Əsas etibarı ilə müqavilələr fərqli mənafe və məqsədlərlə (məsələn biri satmaq digəri isə almaq) hərəkət edən şəxslər arasında müəyyən hüquqi nəticəni əmələ gətirmək üçün bağlanır. Müqavilə ikitərəfli əqd növüdür və bu anlayışı əmələ gətirən meyar öhdəlikdir. Əgər müqavilə üzrə tərəflərdən hər birinin öhdəliyi, sırf qarşı tərəfin öhdəliyinin yaranması əvəzində əmələ gəlirsə onda bu cür müqavilələrə tam ikitərəfli müqavilədir. Nəticə etibarı ilə qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən müqavilə anlayışına və müqavilələrin bağlanılmasının ümumi şərt və əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405-424 maddələri ilə tənzimlənən ümumi sisteminə uyğun olaraq razılaşma ilə əmələ gələn bir əqd mahiyyətindədir.

52. Tutmanının girov predmetinə yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılması yolu ilə borcun ödənilməsi hissədə isə kollegiya iddianı əsassiz sayır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.1. maddəsinə görə, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd etibarsızdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə tərəflər arasında ** BX *** dövlət qeydiyyat nişanlı “X1 311CDİ” yük avtomobilinin İddiaçı BOKT MMC-nin xeyrinə girov qoyulması barədə 19 may 2022-ci il tarixli 220/0522-106AG nömrəli girov müqaviləsi bağlansada, lakin kollegiya hesab edir ki, müqavilə qanununvericiliyin tələblərinə uyğun olmamışdır. Yəni avtomobil daşınar əşya olsada, lakin rəsmi reyestrdə qeyda alınan əmlakdır. Belə olan halda kreditin təminatı qismində avtomobil ipoteka ilə yüklü edilməli və mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanın ipotekası həmin əşyanın dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanı, yəni Azərbaycan Respublikası DİN BDYP tərəfindən qeydiyyata alınmalıdır. Tərəflər arasında isə kreditin təminatı kimi ipoteka müqaviləsi deyil, girov nmüqaviləsi bağlanmışdır. Ona görə də kollegiya kredit müqaviləsi üzrə yaranmış borc üzrə tutmanın tərəflər arasında bağlanmış 19 may 2022-ci il tarixli 220/0522-106AG nömrəli girov müqaviləsi əsasında Cavabdeh müılkiyyətində olan ** BX *** dövlət qeydiyyat nişanlı “X1 311CDİ” yük avtomobilinə yönəldilməsi və həmin avtomobilin açıq hərracdan satılması barədə iddianı əsassiz hesab edir.

53. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli 2(066)-91/2023 nömrəli qətnaməsi “tutma Cavabdeh xüsusi mülkiyyət hüquqi ilə məxsus olan ümumi dəyəri 25000 manat məbləğində olan “X2” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomaşına yönədilməsi, həmin əmlak açıq hərracda satılması, əmlakın satışı yolu ilə əldə ediləcək vəsait hesabına İddiaçı BOKT MMCyə olan kredit borcu, kreditdən istifadəyə görə faizlər, cəmi 812,20 manat, həmçinin dövlət rüsumu ödənilməsi; satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi cavabdehə verilməsi, bu vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə o ümumi qaydada Cavabdeh başqa əmlakı hesabına icra edilməsi” hissədə ləğv edilməli iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə “Cavabdeh 740,57 manat əsas kredit borcu, 65,73 manat faiz borcu, 6,20 manat penya borcu, cəmi 812,50 manat borc, həmçinin iddia qaldırlması üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı BOKT MMC-nin xeyrinə tutulması” hissədə dəyişdirilmədən saxlanılmalıdır.

54. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli 2(066)-91/2023 nömrəli qətnaməsi “tutma Cavabdeh xüsusi mülkiyyət hüquqi ilə məxsus olan ümumi dəyəri 25000 manat məbləğində olan “X2” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomaşına yönədilməsi, həmin əmlak açıq hərracda satılması, əmlakın satışı yolu ilə əldə ediləcək vəsait hesabına İddiaçı BOKT MMC-yə olan kredit borcu, kreditdən istifadəyə görə faizlər, cəmi 812,20 manat, həmçinin dövlət rüsumu ödənilməsi; satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi cavabdehə verilməsi, bu vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə o ümumi qaydada Cavabdeh başqa əmlakı hesabına icra edilməsi” hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Qətnamə “Cavabdeh 740,57 manat əsas kredit borcu, 65,73 manat faiz borcu, 6,20 manat penya borcu, cəmi 812,50 manat borc, həmçinin iddia qaldırlması üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı BOKT MMC-nin xeyrinə tutulması” hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar