Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1279/2024 27.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi olan vəkili X2 iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-210/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh X6 qarşı aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-535/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən təyin edilmiş alimentin məbləğinin artırılaraq, xx.xx.2015-ci ildə doğulmuş Həyat və xx.xx.2018-ci il tarixdə doğulmuş Dədxan adlı uşaqlarının saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-210/2024 nömrəli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova ) iddia qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-535/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X3 İddiaçı xeyrinə tutulmuş alimentin miqdarının artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi və Cavabdeh 36.80 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-210/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, valideynləri ilə birgə yaşayır, işsizdir, işləmir, yaşadığı kənddə çobanlıq ilə məşğul olur və aylıq gəliri 300 manat sabit pul məbləğində olmaqla əmək haqqı alır. Bundan əlavə, onun maddi vəziyyətində yaxşılığa doğru heç bir dəyişirlik olmamışdır. Buna görə də, qətnamədə təyin olunmuş sabit olan pul məbləğində alimenti ödəməyə maddi imkanı çatmır. Uşaqları saxlamaq hər iki valideynin borcudur və o, bundan boyun qaçırmır. Hesab edir ki, məhkəmə maddi vəziyyətini nəzərə almadan qətnamə qəbul etmişdir. Cavabdeh işə baxılmanın vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında nümayəndəsi olan vəkili X7 ilə təmsil edilmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə görə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi olan vəkili X7 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəyini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-210/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, cavabdehin özünün fermer təsərrüfatı vardır və təsərrüfatında 179 baş xırdabuynuzlu heyvanı vardır. Cavabdeh özü heyvanlarını saxlamaq üçün çoban saxlayır və çobana da aylıq əmək haqqı verir.Onun özü isə işləmir və himayəsində olan övladlarına baxır. Uşağların saxlanılmasına görə maddi cəhətdən çətinlik çəkir. Qətnaməni qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-210/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-210/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüqüq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-210/2024 saylı qətnaməsinin iddiaçının iddiasının alimentin miqdarına münasibətdə təmin olunması hissəsində ləğv edilərək, iddianın rədd olunmasını xahiş etmiş, yəni qətnamənin alimentin məbləği hissəsini mübahisələndirmişdir. Qətnamənin digər hissələri, yənin iddianın təmin olunmayan hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarına əlavə olunmuş: Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-535/2021 saylı, xx.xx.2021-ci iltarixli qətnaməsinə əsasən Şəmkir Rayon Məhkəməsinin 19 mart 2020-ci tarixli 2(076)- 1071/2020 nömrəli qətnaməsi dəyişdirilərək hər ay hər uşaq üçün alimentin miqdarı 130 manat, cəmi 260 manat müəyyən edilmişdir. Notarial qaydada təsdiq edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə kollegiyasına təqdim edilmiş Şəmkir RİH Başçısının Hacıalılar kənd İƏD üzrə nümayəndəliyinin 25 iyun 2024-cü il tarixli arayışından görünür ki, 2021-2025-ci illər üzrə 01 saylı təsərrüfatlarıın uşotu kitabıbıb 26-cı səhifəsində 11 saylı şəxsi hesaba əsasən, X1 məxsus təsərrüfatda oğlu Cavabdeh yaşayır və həmin təsərrüfatda 179 baş xırdabuynuzlu mal-qara qeydə alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, İddiaçı və Cavabdeh ilə birgə ailə münasibətlərindən xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X8 anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrılmışlar.Tərəflər ayrıldıqdan sonra uşaqlar anasının himayəsində qalmış və onunla yaşayırlar. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, alimentin miqdarının hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır və qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh hər ay hər uşağa görə 200 ( iki yüz) manat cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi hazırda tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, tərəflərin birgə nikahlarından doğulmuş Həyat 9 yaşı və Dədəxan 6 yaşında olmaqla, anasının yanında yaşayırlar və böyüdükcə onların təhsil, səhhət, geyim və qida ilə bütün xərcləri mütəmadi şəkildə artmaqla cavabdeh tərəfindən ödənilir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək, qeyd edir ki, cavabdehin maddi imkanının zəif olması və işsiz olması barədə dəlillərini alimentin azaldılması üçün əsassız hesab edir və qeyd edir ki, həmin dəlillər qətnamə ilə müəyyən edilmiş alimentin məbləğinin azaldılmasına əsas vermir. Belə ki, yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmaqla, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyəti daşıyırlar və hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Valideynlər uşaqlarını saxlamağa borcludur və bu borcun yerinə yetirilməsi onların işləyib-işləməməsindən asılı deyildir. Digər tərəfdən, məhkəmə kollegiyasına təqdim edilmiş Şəmkir RİH Başçısının Hacıalılar kənd İƏD üzrə nümayəndəliyinin 25 iyun 2024-cü il tarixli arayışından görünür ki, 2021-2025-ci illər üzrə 01 saylı təsərrüfatlarıın uşotu kitabıbıb 26-cı səhifəsində 11 saylı şəxsi hesaba əsasən, X1 məxsus təsərrüfatda oğlu Cavabdeh yaşayır və həmin təsərrüfatda 179 baş xırdabuynuzlu mal-qara qeydə alınmışdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilmiş hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları həmin hissədə düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-210/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-210/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1279/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1279/2024
27.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver