Məhkəmə qərarları › İş №2(104)-128/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-128/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-128/2024 27.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı pul tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mülkiyyətdən çıxarılma tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2(021)-365/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh İddiaçı qarşılıqlı iddia ərizəsi verərək, qarışılıqlı iddia üzrə cavbdehin ona qarşı "pul tələbinə dair” verdiyi iddia ərizəsinin əsassız olduğundan təmin edilməməsi, və cavabdehin onun adına olan Bərdə rayonu Güloğlular kəndində "xxxx"MMC-nin ərazisində öz vəsaiti hesabına tikdirdiyi iki hissədən ibarət ümumi sahəsi 48 kv.m olan mağazadan çıxarılaraq ona qaytarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2(021)-365/2023 nömrəli (hakim Fuad Babaşov) qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir ilkin iddiası təmin edilərək, ilkin iddia üzrə Cavabdeh 5000 manat məbləğində pul alınıb İddiaçı xeyrinə ödənilməsi; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mülkiyyətdən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməsi; Cavabdeh Bərdə rayonu Güloğlular kəndində "xxxx" MMC-nin ərazisində öz vəsaiti hesabına tikdirdiyi iki hissədən ibarət olan ümumi sahəsi 48 kv.m olan mağazadan qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı çıxarılması və mağazanın Cavabdeh qaytarılması; İş üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinin təmin olunması hissədə ləğv olunmasını və ilkin iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İlkin iddia üzrə İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qardaşıdır. xx.xx.2016-cı il tarixdə Cavabdeh özünə məxsus olan Bərdə rayonu, “Təzə Bazar” Ticarət Mərkəzində yerləşən 12 m x 4 m və 6 m x 4 m ölçüdə 2 ədəd mağaza binasını 5000 (beş min) manat müqabilində ona satmışdır. Bu barədə cavabdeh özünün xətti və şahidlərin imzası ilə qəbz yazaraq imzalamışdır. Cavabdeh qardaşı olduğu üçün bu qəbzdən başqa aralarında heç bir rəsmi sənədləşdirmə aparmamışlar. Qardaşı olduğu üçün alqı-satqının rəsmiləşdirilməsinə zərurət görməmişdir. Bu günlərdə sözügedən mağazanı öz adına sənədləşdirmək üçün Cavabdeh müraciət etdikdə sonuncu sözügedən mağazaları onun adına sənədləşdirməkdən imtina etmişdir. İş materiallarında olan: xx.xx.2016-cı il tarixli X3 və X1 iştirakı ilə imzalanmış qəbzdən görünür ki, Cavabdeh Təzə Bazarda yerləşən mağazasından 12 metr uzunluğunda 4 metr enində, 6 metr uzunluğunda 4 metr enində olan 2 dənə obyekti bu şəxslərin imzasıyla qardaşı İddiaçı 5000 manata satmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2023cü il tarixli 4/284 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(011)-365/2023 nömrəli mülki işin 41-ci vərəqində Cavabdeh adından olan 11 dekabr 2016-cı il tarixli qəbzin arxa tərəfində "Əлиjев рамозон" yazılarının qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi ilkin iddianın ekspert rəyi ilə yanaşı şahid ifadələri ilə də təsdiq edildiyi üçün təmin edildiyini öz qətnaməsində göstərmişdir. Lakin nəzərə almaq lazımdır ki, guya alqı-satqıya dair tərtib edilmiş xx.xx.2016-cı il tarixli qəbzin tərtib edilməsində iştirak etmiş şəxslər X3 və X1 məhkəmə iclasında iştirakları təmin edilsəydi, onun həmin qəbzi imzalamadığı, ümumiyyətlə ilkin iddianın əsassız olması, faktiki olaraq ona hər hansı məbləğdə pul verilmədiyi öz təsdiqini tapardı. Bundan başqa, ekspertin verdiyi əsassız rəyin təkzib edilməsi üçün təkrar komisyon ekspertiza təyin edilməsini xahiş etsə də, məhkəmə bununla bağlı heç bir araşdırma aparmamaışdır. xx.xx.2016-cı il tarixli alqı-satqıya dair qəbz onun tərəfindən icra edilsəydi həmin qəbzdə Əliyev Ramozon deyil, öz ad soyadımı qramatik olaraq dəqiq, yəni Cavabdeh kimi göstərərdim. Lakin məhkəmə bunu da nəzərə almadan ədalətsiz qərar çıxarmışdır. Məhkəmənin qətnaməsindən görünür ki, məhkəmə ekspertiza mərkəzi mənə qarşı vicdanlı davraniş göstərməmişdir. Belə ki, iş üzrə verilmiş ekspert rəyində qəbzin onun tərəfindən imzalanması göstərilsə də, əslində həmin qəbz onun tərəfindən imzalanmamışdır. Əgər qəbzi imzalamış olsaydı, imzadan sonra adını və soyadını da öz əlyazması ilə yazardı. Lakin ilkin iddiaçi tərəfindən təqdim edilmiş xx.xx.2016-cı il tarixli alqı-satqıya dair qəbzdən görünür ki, həmin qəbzi imzalayan şəxs həmin imzanı onun imzasına oxşatmaq istəyib və ad soyadını isə qramatik səhvlərlə imzanın önünə yazıb. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Təzə Bazarda yerləşən mağaza ona məxsusdur. O uzun müddət Rusiya Federasiyasında olduğundan həmin mağazanı qardaşı Surxaya işlətmək üçün vermiş və bunun müqbilində ondan pul almamış, eləcə də, o həmin mağazanı ona satmamışdır. O Surxaydan mağazanın satışı ilə bağlı ondan 5000 manat pul almamışdır. İş materiallarındakı xx.xx.2016-cı il tarixli əlyazma qəbz saxtadır və həmin qəbzi o imzalamamışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinin təmin olunması hissədə ləğv olunmasını və ilkin iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ilkin iddiaçı və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, ilkin iddia üzrə iddiaçı apellyasiya şikayəti verməmiş, yalnız ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsini yalnız ilkin iddianın təmin edilməsi hissədə mübahisələndirir. Ona görə də kollegiya hesab edir ki, qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni “ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir ilkin iddiası təmin edilərək, ilkin iddia üzrə Cavabdeh 5000 manat məbləğində pul alınıb İddiaçı xeyrinə ödənilməsi” hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, ilkin iddia üzrə İddiaçı ilə Cavabdeh qardaşdırlar. xx.xx.2016-cı il tarixdə Cavabdeh Bərdə rayonu, “Təzə Bazar” Ticarət Mərkəzində yerləşən 12 m x 4 m və 6 m x 4 m ölçüdə 2 ədəd mağaza binasını 5000 (beş min) manat müqabilində ilkin İddiaçı satmışdır. Bu barədə ilkin iddia üzrə Cavabdeh, şahidlərin, o cümlədən ilkin İddiaçı iştirakı və imzası ilə qəbz yazılmış və Cavabdeh həmin qəbzi imzalayaraq 5000 manat pulu alıcı İddiaçı aldığını qeyd etmişdir. Sonradan tərəflər arasında həmin mağazaya dair mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsinin hazırkı mübahisələndirilən qətnaməsi ilə İddiaçı satış predmeti olmuş mağazadan çıxarılmış və mağaza Cavabdeh geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsinin tələbinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə Mülki Məcəllənin 337.5-ci maddəsində göstərilmişdir ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İşin müəyyən olunmuş və faktiki halları ilə müəyyən edilir ki, Cavabdeh Təzə Bazarda yerləşən 12 metr uzunluğunda 4 metr enində, 6 metr uzunluğunda 4 metr enində olan mağazanı İddiaçı 5000 manata satmışdır. İşin bu halı iş materialına əlavə edilmiş xx.xx.2016-cı il tarixli qəbzələ öz təsdiqini tapır. Mübahisə ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, birinci insatansiya məhkəməsi yoxlanılan hissədə iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş üzrə müəyyən olunmuşdur ki, ilk iddia üzrə iddiaçı xx.xx.2016-cı il tarixli qəbz əsasında Bərdə rayonu,Təzə Bazarda yerləşən 12 metr uzunluğunda 4 metr enində, 6 metr uzunluğunda 4 metr enində olan mağazanı İddiaçı satmış, lakin həmin alğı-satqı rəsmi reystrdə qeydə alınmamış və ilk iddiaçı bunun müqabilində ilk iddia üzrə cavabdehə 5000 manat pul vermişdir. Lakin, sonradan mülkiyyətçi tərəfindən irəli sürülmüş tələb əsasında məhkəmə qətnaməsinə əsasən həmin qeyri yaşayış sahəsi mülkiyyətçiyə geri qaytarılmışdır. Qeyd olunmalıdır ki, mülki qanunvericilik daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair əqdlərin bağlanması üçün ilk növbədə belə müqavilələrin notariat qaydasında (həmçinin xüsusi qanunvericilikdə nəzərdə tutulmuş formaya riayət etməklə) təsdiqlənməsi kimi birmənalı qaydalar müəyyən etmişdir. Həmin qaydalara riayət edilmədən bağlanmış əqdlər isə Mülki Məcəllənin yuxarıda qeyd edilən 329.1 və 337.1-ci maddələrinin tələbinə, o cümlədən bağlanmış yalan əqdlər isə Mülki Məcəllənin 340-cı maddəsinin tələbinə görə etibarsız hesab olunur. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İşin mübahisəsiz halıdır ki, daşınmaz əmlak olan qeyri yaşayış sahəsi (mağaza) məhkəmə qətnaməsinə əsasən mülkiyyətçi Cavabdeh geri qaytarılmış, lakin qeyri yaşayış sahəsi üçün ödənilmiş 5000 manat məbləğində pul ilk iddia üzrə Cavabdeh tərəfindən ilk iddia üzrə iddiaçıya geri qaytarılmamışdır. Belə olan halda isə kollegiya qeyd edir ki, mübahisə predmeti olan qeyri yaşayış sahəsi mülkiyyətçiyə geri qaytarıldığından, ödənilmiş 5000 manat məbləğində pul da cavabdehdən alınaraq iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “onun iddiaçıdan hər hansı pul almaması və qəbzin onun tərəfindən imzalanması göstərilsə də, əslində həmin qəbz onun tərəfindən imzalanmaması” dəlili ilə bağlı qeyd edir ki, apellyatorun bu dəlili əsassızdır. Belə ki, iş materiallarına əlavə olunan xx.xx.2016-cı il tarixli qəbzdən görünür ki, Cavabdeh Təzə Bazarda yerləşən mağazasından 12 metr uzunluğunda 4 metr enində, 6 metr uzunluğunda 4 metr enində olan 2 dənə obyekti qardaşı İddiaçı 5000 manata satmış və bunu öz imzası ilə təsdiq etmişdir. Digər tərəfdən qanunvericiliyin tələblərinə uyğun olaraq, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2023-cü il tarixli 4/284 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, 2(011)-365/2023 nömrəli mülki işin 41-ci vərəqində Cavabdeh adından olan 11 dekabr 2016-cı il tarixli qəbzin arxa tərəfində "Əлиjев рамозон" yazılarının qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən xətşünaslıq ekspertizası rəyini mötəbər sübut kimi qəbul edir və hesab edir ki, iddianın təmin olunması qanuni əsaslara söykənir. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunanlara əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız hesab edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 384.0.1, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2(021)-365/2023 nömrəli qətnaməsi yoxlanılan, yəni “ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir ilkin iddiası təmin edilərək, ilkin iddia üzrə Cavabdeh 5000 manat məbləğində pul alınıb İddiaçı xeyrinə ödənilməsi” hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar