Məhkəmə qərarları › İş №2(104)-1281/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1281/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1281/2023 30.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı mülki iş üzrə Açar sözlər: Əsassız hesablanmış borcun silinməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin 2(076)-270/2023 saylı mülki iş üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 30 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Şəmkir RİHB Şeyidlər kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, X1 daimi olaraq qeydiyyatdadır və həmin kənddə yaşayır.

2. İş materiallarında olan abonentin (**********00000) saldosundan görünür ki, X7 2021-ci ilin noyabr ayında 432 manat borc hesablanmışdır.

3. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqda xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Şəmkir rayonu, Şeyidlər kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış Elster tipli 81440436 nömrəli qaz sayğacının dövlət istismar müddətinin bitməsi səbəbi ilə çıxarılmış və yerinə Zenner tipli **********7 qaz sayğacı qurşadırılmışdır.

4. İş materiallarında olan qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var.

5. İşdə olan qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-03775-1 saylı aktın surətindən görünür ki, G-4 markalı ******* nömrəli sayğaca baxış kecirilmiş və sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması aşkar edilmişdir.

6. İşdə olan 15 noyabr 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair Tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğnclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması 27 Sentyabr 2021 tarixii 29/1710-03775-1 №-li Aktına əsasən G-4 markalı ******* №-li sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var, nəticədə qaz itkisi yaranmışdır. Elster G-4 markalı sayğacın nominal saatlıq qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ 4x12x90=4320m3.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı X8 cavabdeh X4rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində tətbiq etdiyi 432 (dörd yüz otuz iki) manat məbləğində borcun əsassız hesab edilərək hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda yerləşən, ona məxsus fərdi yaşayış evində ailəsilə birlikdə yaşayır. Cavabdehlə bağlanmış müqavilə əsasında mavi qazdan istifadə edirlər və sərf olunan qazın sərfiyyat xərcini qaz xəttinə quraşdırılmış qaz sayğacının hesablaması üzrə mütəmadi olaraq ödəmişlər. Cavabdehin əməkdaşları tərəfindən «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2021-ci il tarixli ******* №-li aktına əsasən istifadəsində olan Elster tipli, 81440436 №-li qaz sayğacı dəyişdirilmiş, həmin aktda «qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələrin təzyiq altında sabun köpüyü ilə yoxlanılması və heç bir sızmanın aşkar edilməməsi, yeni quraşdırılmış qaz sayğacının və texniki qaydalara cavab verməsi, qaz sayğacının abonentə təhvil verilməsi» qeyd edilmişdir. O savadsız qadın olaraq həmin sayğacın üzərində yazıların olması barədə cavabdehin saycağı quraşdıran əməkdaşlarına bildirdikdə həmin yazıların heç bir əhəmiyyətinin olmamasını ona bildirmişlər. Ancaq, son günlərdə isə ona məlum olmuşdur ki, cavabdehin əməkdaşları onun guya cavabdehə 432 (dörd yüz otuz iki) manat məbləğində borcu yaranmışdır.Həmin borcun yaranma səbəbini öyrənmək üçün cavabdehin əməkdaşlarına etdiyi şifahi sorğusuna cavab olaraq ona tarixi qeyd edilməmiş, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* №-li akt təqdim etdilər ki, həmin aktda istifadəsində olan «Elster tipli, 81440436 №-li qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plombun aşkar olunması» qeyd edilmişdir. Axı nə dərəcədə məntiqlidir ki, o savadsız kəndli qadın olaraq cavabdehin əməkdaşları tərəfindən qeyd edilən akt əsasında dəyişdirilmiş qaz sayğacına hansısa polombu qoyulmanın ona nə aidiyyəti vardır? Həmin saycağı məhz cavabdehin əməkdaşları dəyişdirmiş, heç bir qüsurunun olmaması barədə də akt tərtib etmişlər. Deməli, cavabdehin əməkdaşlarının onları, vətəndaşları əsassız cərimələrlə-borclarla yükləmək növbəti məkrli oyunlarıdır. Cavabdehin ona qarşı tətbiq etdiyi əsassız borc heç bir reallığı əks etdirmir. Ona görə də əsassız olaraq borclu hesab etdiyi 432 manat məbləğində borcun onun hesabından silinməsi onlar vətəndaşların cavabdehin əməkdaşlarının qanunsuz əməllərindən qorunmağı üçün ən ədalətli nəticədir.Onu da əlavə edir ki, o yaşlı və xəstə qadın olaraq hazırkı iqtisadi böhran şəraitində heç yerdə işləməyərək ailəsinin maddi təminatını çətinliklə təmin etməyə çalışdığı halda barəsində tətbiq edilmiş əsassız borcu ödəməyə imkanı yoxdur.

9. Şəmkir Rayon Məhkəməsinin 2(076)-270/2023 saylı mülki iş üzrə 01 fevral 2023cü il tarixli qətnaməsi ilə (hakim:R.Mustafayev) iddia tələbi təmin edilmiş, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 432 (dörd yüz otuz iki) manat ziyan məbləğinin abonent X5 (**********00000) hesabından silinməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-270/2023 saylı mülki iş üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Belə ki, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cırıq izləri aşkarlanmışdır. Nəzərə alınmamışdır ki, ekspertiza prosesində Azərbaycan Metrologiya İnstitutunun nümayəndələri də iştirak etmişlər. Sayğaca müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır. İddiaçıya xx.xx.2021-ci il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 432 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Lakin, məhkəmə qətnamə qəbul edərkən qeyd edilən halları nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya məhkəməsində icraat c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz bildirirək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

14. İş üzrə cavabdeh təşkilatın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun:

15. Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları:

16. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

17. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

18. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

Tətbiq edilməli olan prosessual hüquq normaları

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin;

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

20. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

22. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

23. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

24. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi hakimi və iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

30. Məhkəmə kollegiyası göstərir ki, iş materiallarında İddiaçı təbii qazdan istifadəyə görə yaranan borcunun olması barədə heç bir sübut yoxdur, həmçinin qaz sayğacında ortaya çıxmış problemin məhz onun təqsiri üzündən yaranması sübut edilmir.

31. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, irəli sürülən iddianı təmin etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qətnamənin ləğvinə əsas vermir.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticəetibarı ilə qanuni vəəsaslı qətnamə qəbul etmişdir. Buna görə də, apellyasiya şikayətinin dəlilləri həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır.

33. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 1036.80 manatdır. Ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-270/2023 saylı mülki iş üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar