Məhkəmə qərarları › İş №2(104)-1283/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1283/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1283/2023 30.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Şəmkir Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(076)-250/2023 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdeh X1rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 1036 (bir min otuz altı) manat məbləğində borcun əsassız hesab edilərək hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(076)-250/2023 saylı qətnaməsi ilə (hakim R.Mustafayev) iddianın təmin edilməsi, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 1036 (bir min otuz altı) manat ziyan məbləği abonent X5 (**********00000) abunə hesabından silinməsi, “Azəriqaz” İstehsalat Birliyindən 30.36 (otuz manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda yerləşən, mərhum atası-X6 məxsus fərdi yaşayış evində ailəsilə birlikdə yaşayır. Cavabdehlə atası arasında bağlanmış müqavilə əsasında mavi qazdan istifadə edirlər və sərf olunan qazın sərfiyyat xərcini qaz xəttinə quraşdırılmış qaz sayğacının hesablaması üzrə mütəmadi olaraq ödəmişdir. Cavabdehin, əməkdaşları 2022-ci ilin aprel ayında istifadə etdikləri mavi qazın sərfiyyatını ölçən, zavod nömrəsi ******* olan Elester markalı qaz sayğacının istifadə müddətinin keçməsi bəhanəsi ilə dəyişdirmişlər. Qeyd etdiyi kimi istifadə etdiyi qazın sərfiyyatına görə aylıq ödənişlərindən hər ayda ödəmişdir. Ancaq, qaz sayğacının dəyişdirilməsindən sonra nəzarətçi ona şifahi olaraq bildirəndə ki, ona borc yazılmışdır, həmin borcun yaranma səbəbinin müəyyən edilməsi üçün cavabdehin əməkdaşlarına müraciət etdikdən sonra ona xx.xx.2022-ci il tarixli ******* №-li «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» Aktın surətini təqdim etmişlər. Həmin aktda istifadəsində olan nömrəsi ******* olan Elester markalı qaz sayğacının «hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cırıq izlərinin olması» qeyd edilməklə dəymiş ziyanın hesablanıb ödənilməsi göstərilmiş, nəticədə həmin akta əsasən ona 1036 (bir min otuz altı) manat məbləğində əsassız borc qeyd edilmişdir. Ancaq, bu barədə istehlakçı olaraq heç bir vaxt ona bildirilməmiş, nə də həmin sayğaca onun iştirakıla baxış keçirilməmişdir. O hesab edir ki, aktda qeyd olunan sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izləri cavabdehin əməkdaşlarının istehlakçılara qarşı növbəti əsassız cərimə tələb etmək oyunudur. Ona görə ki, istifadəsində olmuş nömrəsi ******* olan Elester markalı qaz sayğacı cavabdehin əməkdaşları tərəfindən hər ilin sonunda tam araşdırılaraq heç bir qüsurunun olmaması müəyyən edilirdi ki, həmin sayğacın qeydiyyata aldığı sərf etdiyi qazın pulunu da ödəmişdir. Həmin sayğacdan sonra dəyişdirilmiş sayğacın da eyni məbləğdə qaz sərfiyyatının olmasının qeydə alınması dediklərini təsdiq edir. Onu da əlavə edir ki, evindən istifadə etdiyi qaz avadanlığı 3 gözlü xörək bişirmək üçün olan və 1 ədəd istilik üçün olan qaz peçindən ibarətdir ki, onu da günün az bir hissəsində bir gözündən istifadə edirlər ki, sərfiyyatı az olsun. Deməli, cavabdehin ona qarşı tətbiq etdiyi əsassız borc heç bir reallığı əks etdirmir. Ona görə də cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona qarşı hesablanmış 1036 manat borcun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: İşdə olan Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə Şəmkir şəhərində doğulmuşdur. X4, anası X2r. İşdə olan Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X8 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İşdə olan Şəmkir RİHB Şəmkir şəhər İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. İşdə olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Şəmkir şəhəri, M.Əhmədov küçəsində yerləşən fərdi yaşayış evində Elester G-4 markalı ******* nömrəli sayğac çıxarılmış və Zenner G-4 markalı STS**********337 nömrəli sayğac quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş, xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair Tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 12 avqust 2022 tarixli 29/1710-02521-1 №-li Aktına əsasən G-4 markalı ******* №-li sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Xətalar normadan artıqdır, nəticədə qaz itkisi yaranmışdır. Elster G-4 markalı sayğacın nominal saatlıq qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 4x24x90=8640m3 hesabat aparılmış və aparılmış hesabatın ödənilməsi və sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş, qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cırıq izlərinin olması aşkar edilmiş, dəymiş ziyanın hesablanaraq ödənilməsi göstərilmiş, abonent aktı imza etməkdən imtina etmişdir. İşdə olan qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-02521-1 saylı aktın surətindən görünür ki, G-4 markalı ******* nömrəli sayğaca baxış kecirilmiş və sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzikcırıq izlərinin olması aşkar edilmişdir. Qüsura görə nəticə qaz itkisi, müdaxilə. İş materiallarına əlavə edilmiş abonentin (**********00000) saldosundan görünür ki, İddiaçı 2022-ci il avqust ayında 1036.8 manat borcu hesablanmışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələri əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Belə ki sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzikcızıq izləri aşkar olunmuşdur. İş materiallarından da görünür ki, sayğaca müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış və fakt təsdiqini tapmışdır. “Azəriqaz” İB hesab edir ki, məhkəmənin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Prosessual məsələlər İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlərdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə görə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanuna əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri təbii qazdan istifadə üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına qanunvericiliyin təbii qazdan istifadə ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında təbii qazdan istifadə ilə bağlı müqavilə iş materiallarında olmasa da özləri bu faktı etiraf etdikləri üçün onlar arasında qazdan istifadəyə dair xidmət müqaviləsinin olması qəbul edilməlidir. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdehə məxsus qaz sayğacı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən çıxarılmışdır ki, həmin sənədə əsasən o, cümlədən iş materillarında olan abonentin saldosu adlı sənədə əsasən həmin vaxt çıxarılmış qaz sayğacının üzərindəki göstərici 8640 kubmetr olmuşdur. 2022-ci ilin may ayından əvvəlki aylar üzrə də sayğac istifadə edilmiş qazın həcmini qeydə almışdır ki, bununla da qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi ilə bağlı iddiaçının dəlili təkzib olunmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2022-ci il tarixdə qaz sayğacı çıxarıldığı zaman sayğacada hər hansı bir müdaxilənin olması müəyyən edilməmiş və bu barədə akta hər hansı bir qeyd aparılmamışdır ki, qaz sayğacı çıxarıldıqdan sonra yoxlamaya göndərlidiyi müddət ərzində ehityyatsızlıqdan və ya hər hansı məqsədə nail olmaq üçün qərəzli olaraq sayğaca müdaxilə edilməsi də istisna olunmayan haldır. Digər tərəfdən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cırıq izlərinin olması qazın həcmini qeydə almamasına və ya qaz itkisinə səbəb olması da əsaslandırmamışdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayağcına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamaqla, əksinə iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməsi sübut olunmuşdur ki, bununla da iddiaçının cavabdeh qaz təchizatı müəssisəsinə ziyan vurması məhkəmə araşdırması zamanı öz təsdqini tapmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə yuxarıda qeyd olunanlara əsasən əsassız hesab edilmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq, Qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(076)-250/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar