Məhkəmə qərarları › İş №2(104)-1284/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1284/2024

21.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1284/2024 21.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və X3 ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(076)-81/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 21 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AD seriyalı, 974106 nömrəli «nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi»nin surətindən görünür ki, “Hyundai Accent” markalı, **-SS-*** nömrə nişanlı minik avtomobili İddiaçı mülkiyyətindədir.

2. ƏN-V №460000 nömrəli nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən “Hyundai Accent” markalı, **-SS- *** nömrə nişanlı avtomobili idarə etmək X2 etibar edilmişdir;

3. 13 iyul 2022-ci il tarixli AR-İİ №632030 nömrəli etibarnamənin surətindən görünür ki, X6 onun bütün növ daşınar əmlakını (nəqliyyat vasitəsi, avadanlıq, texnika və s.) idarə etməyi Cavabdeh etibar etmişdir;

4. Bakı şəhər DYPİ YNH üzrə baş inspektoru polis mayoru X9 tərəfindən 07 oktyabr 2022-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, Ziya Bünyadov prospektində xx.xx.2022-ci il tarixdə saat 11:10 radələrində Cavabdeh idarə etdiyi “X12 11” markalı OO257-OX nömrə nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir;

5. “Avtoservis 357” Avtomobillərin texniki xidmət mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktında qeyd edilmişdir ki, yol-nəqliyyat hadisəsi zamanı “Hyundai Accent” markalı, **-SS-*** nömrə nişanlı avtomobilin təmir-bərpası üçün tələb olunan məbləğ ümumilikdə 5010 manatdır;

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2023-cü il tarixli 9/3084 saylı ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Avtoservis 357” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı, “Hyundai Accent” markalı, **-SS-*** nömrə nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4278 manat müəyyən edilir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilə dəymiş ziyanın əvəzi olaraq 5010 manat və iş üzrə ödənilmiş 71 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X5 xx.xx.2022-ci il tarixdə saat təxminən 11:10 radələrində ona etibarnamə ilə idarə etdiyi və ona məxsus “Hyundai Accent” markalı ** SS *** nömrə nişanlı avtomobil ilə Atatürk prospekti istiqamətində hərəkət edən zaman, “X12 11” markalı avtomobil Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti tərəfdən hərəkət edib, Ə.Rəcəbli küçəsi ilə kəsişməsindəki yol ötürücüsünə çatdıqda ona məxsus avtomobili arxa hissəsindən vurmuşdur. Vurmanın təsirindən ona məxsus avtomobil qarşıdakı “Kio Rio” markalı, ** GU *** dövlət nömrə nişanlı avtomobilin arxa hissəsinə dəymişdir. Hadisə zamanı avtomobilə maddi ziyan dəymişdir. O cavabdehdən dəfələrlə ona dəyən ziyanı ödəməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu ödəməkdən boyun qaçırmışdır. Hadisənin baş vermə səbəbi Cavabdeh olmuşdur.

9. Şəmkir Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(076)-81/2023 nömrəli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova) iddia qismən təmin edilərək, Cavabdeh vurulmuş ziyanın əvəzi qismində 4278 (dörd min iki yüz yetmiş səkkiz) manat pul, 60 (altmış) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi; Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pulun 42 (qırx iki) manat hissəsinin Cavabdeh, 8 (səkkiz) manat hissəsi isə İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1 və 1108.1-ci maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, yol nəqliyyat hadisəsi baş verərkən, həmçinin məhkəmə iclasında həmin yol nəqliyyat hadisəsinin onun təqsiri ucbatından baş vermədiyini göstərmişdir. Hətta həmin vaxt ona heç bir təqsirinin olmadığı bildirilmişdir. İddiaçı onu məhkəməyə verdikdən sonra ona məlum olmuşdur ki, o, ara məsafəsi qaydalarını pozmağa görə 40 manat inzibati cərimə edilmişdir. Lakin, mən həmin qərarla tanış deyil. Qərar ona nə poçt vasitəsilə, nə də eletron qaydada təqdim edilməmişdir. Məhkəmə tərəfindən qətnamə çıxarıllarkən yalnız iddiaçının təqdim etdiyi sübutlara istinad edilmişdir. Məhkəmə tərəfindən iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş olsa da, lakin həmin ekspert rəyi ilə razılaşmır. Çünki, “Hyundai Accent” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilə o qədər ziyan dəyməmişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizası aparılarkən “Hyundai Accent” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin buraxılış ili, markası, köhnəlməsi nəzərə alınmadan avtomobilə dəymiş real ziyan müəyyən edilməmişdir. Hesab edir ki, ekspertin rəyi əsassız olduğundan mülki iş üzrə təkrar əmtəəşünaslıq ekseprtizası təyin edilməlidir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, yol nəqliyyat hadisəsi başqa sürücünün təqsiri ucbatından baş vermişdir. Çünki, ona məxsus avtomobil arxa tərəfdən iddiaçıya məxsus avtomobilə dəymişdir. Hadisənin baş verməsində səbəbkar, o, deyil. Sədrlik edənin sualına cavab olaraq Cavabdeh bildirmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi üzrə inzibati xəta məsuliyyətinə cəlb edilməsi barədə qərarı məhkəmədə mübahisələndirməmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh idarə etdiyi “X12 11” markalı avtomobil Gürcüstan Respublikasında qeydiyyatda alınmışdır. Həmin avtomobil Azərbaycan Respublikasında qeydiyyata alınmadığından baş vermiş yol nəqliyyat hadisəsinə görə sığorta şirkətindən sığorta ödənişi də ala bilməmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobilə ziyan dəymişdir və bu hadisə ilə əlaqədar Cavabdeh inzibati məsuliyyətinə cəlb edilmişdir. Hadisənin baş verməsində Cavabdeh təqsirli bilinmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

17. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır.

18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

19. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

28. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

31. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin olunmuş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin apellyasiya şikayətinin məzmunundan müəyyən olunur ki, qətnamə iddia tələbinin təmin olunmuş hissəsində mübahisələndirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, “Hyundai Accent” markalı, **- SS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili İddiaçı mülkiyyətindədir. ƏN-V №460000 nömrəli nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamə ilə mülkiyyətçi İddiaçı tərəfindən “Hyundai Accent” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ X2 etibar edilmişdir. Sonuncu 07 oktyabr 2022-ci il tarixdə saat təxminən 11:10 radələrində “Hyundai Accent” markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Atatürk prospekti istiqamətində hərəkət edən zaman, “X12 11” markalı avtomobil Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti tərəfdən hərəkət edib, Ə.Rəcəbli küçəsi ilə kəsişməsindəki yol ötürücüsünə çatdıqda X1 idarə etdiyi “Hyundai Accent” markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissəsindən vurmuşdur. Vurmanın təsirindən “Hyundai Accent” markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobil qarşıdakı “Kio Rio” markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə dəymişdir. 07 oktyabr 2022-ci il tarixli İXP № ******* nömrəli inzibati xəta haqqında qərarla Cavabdeh idarə etdiyi “X12 11” markalı OO257-OX nömrə nişanlı avtomobillə yolnəqliyyat hadisəsi törətdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (ara məsafə qaydalarını pozma) müəyyən edilmiş və buna görə o, 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya dəymiş ziyan ödənilmədiyindən sonuncu hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir.

34. İşin müəyyən olunmuş hallarına əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixdə idarə etdiyi “X12 11” markalı OO257-OX nömrə nişanlı avtomobillə Bakı şəhəri Atatürk prospekti ilə Ə.Rəcəbli kəsişməsində araməsafəsi saxlama qaydalarını pozmuş, nəticədə düzünə hərəkət edən İddiaçı oöluna məxsus “Hyundai Accent” markalı” ** SS *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq onunla toqquşmuş, buna görə də İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 40 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir.

35. İşin müəyyən olunmuş halı həmçinin ondan ibarətdir ki, “X12 11” markalı OO257- OX nömrə nişanlı avtomobil “X6 məxsus olmaqla, avtomobil Məhəmməd Nəsibov tərəfindən etibarnamə əsasında idarə olunmuşdur.

36. Birinci instansiya məhkəməsinin təyin etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2023-cü il tarixli 9/3084 saylı rəyi ilə 2013-cü il buraxılışlı, “Hyundai Accent” markalı, **-SS-*** nömrə nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4278 manat müəyyən olunmuşdur və işin hallarından göründüyü kimi, apellyator iddiaçının avtomobilinə dəymiş ziyanın məbləğini və özünün məsuliyyəti məsələsini mübahisələndirmişdir.

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır.

38. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq yüksək təhlükə mənbəyi olan “X12 11” markalı OO257-OX nömrə nişanlı avtomobilin vurduğu zərərin əvəzini ödəmək vəzifəsini avtomobili idarə etmiş və yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarla sübuta yetirilən Cavabdeh üzərinə qoymuşdur.

40. Azərbaycan Respublikasının MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

41. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 3.3-cü bəndində göstərilmişdir ki, digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.

42. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza tədqiqatı zamanı avtomobil təmirbərpa xərcinin müəyyən edilməsi zamanı iş materiallarında olan qiymətləndirmə aktında qeyd edilən zədələnmiş və dəyişilməyə ehtiyacı olan hissələr nəzərə alınmış və ölkə ərazisindəki avto eytiyyat hissələri satışı bazarında məhkəmə ekspertizası mərkəzinin təcrübəsində toplanmış məlumatlardan və qiymətlərdən istifadə edilmiş, habelə avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə dəymiş ziyan məbləği hesablanmışdır.

43. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası iş üzrə verilmiş ekspert rəyini mötəbər sübut olaraq qiymətləndirmiş və rəyin qeyri-obyektiv olması barədə cavabdeh tərəfin arqumentlərini əsassız hesab etmişdir. Bu qənaətinə uyğun olaraq həmçinin kollegiya iş üzrə təkrar əmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə cavabdeh tərəfin vəsatətini də əsassız hesab etmişdir.

44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. İşə baxan məhkəmə yoxlanılan hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyası həmçinin izah edir ki, yoxlanılan hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(076)-81/2023 nömrəli qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar