Məhkəmə qərarları › İş №2(104)-1286/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1286/2025

06.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-1286/2025 06.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı İddiaçı və cavabdeh Cavabdeh nümayəndəsi (oğlu) X2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qiyabi qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ona ödəməli olan 6000 (altı min) manat məbləğində pulun və məhkəmə üçün ödənilmiş 80 manat dövlət rüsumunun və hüquqi xidmət üçün ödənilmiş 320 manat pulun, cəmi 6400 məbləğində pulun onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh onun atasıgillə qonşudur. Cavabdehi həmin qonşuluq münasibətindən tanımışdır. Atasıgillə qonşu olduğundan haq-salamları olmuşdur. Qonşu olduğundan ondan qızıl zinət əşyaları istəmiş və sonra ödəniş edəcəyini bildirmişdir. O da, cavabdehə qonşuluq münasibətlərindən irəli gələn etimad və inam nümayiş etdirərək qızıl-zinət əşyasını verməyi qərara almışdır. Cavabdeh əvvəllər aldığı qızıl-zinət əşyalarının pulunu vaxtında ödəsə də, sonradan ödəməkdən boyun qaçırmışdır. Belə ki, cavabdeh 2022-ci il dekabr ayının 12-də pulunu 1(bir aya) yəni 2023-cü ilin yanvar ayının 12-də ödəmək şərti ilə razılaşmaya əsasən ümumi dəyəri 7000 manat olan, 13 ədəd 5-lik qızıl almışdır. Cavabdehə həmin qızılları onun evində həyat yoldaşı Elxan bəyin yanında vermişdir. Lakin, cavabdeh aldığı qızılların dəyərindən cəmi 1000 (bir min) manat ödəniş etmişdir. Dəfələrlə evlərinə, iş yerlərinə gedib pulu tələb etsə də, hər dəfə ödəməkdən yayınmışdır. Cavabdehlə əlaqə saxlanılaraq, vatsap sosial şəbəkəsi vasitəsi ilə borcun qaytarılması bildirilmişdir. Cavabdeh borcu ödəmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qiyabi qətnaməsi (hakim Ziya Abdullayev) ilə iddianın təmin edilməsi, cavabdeh Cavabdeh 6000 (altı min) manat məbləğində pul, 80 manat dövlət rüsumu və hüquqi xidmət üçün ödənilmiş 320 manat pul olmaqla, cəmi 6400 məbləğində pulun tutularaq, iddiaçı İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 448.2, 739.1, 739.3, 739.4 və 742.1 maddələrinə, Azərbaycan Respublikasının Mülki- Prosessual

4. Məcəlləsinin 77.1, 119.1 və 216-220-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

5. Həmin qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə ekspertizasında iştirak etsə də, ona qarşı tələb olunan 6400 manat məbləğində pul öz təsdiqini tapmasa da, iddiaçının xeyrinə qiyabi qətnamə çıxarılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi (oğlu) X2 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı İddiaçı qonşuluqdan tanıyıram münasibətlərimiz yaxşı olmuşdur. Bu məsələlər olan zaman mən ölkədə deyildim. Almaniyada olmuşam. Anam cavabdeh Cavabdeh müəllimə işləyir və 310 manat əmək haqqı alır. Təzəlikcə bilmişəm ki, anam iddiaçıdan qızıl almışdır. Həmin qızılın pulunu qaytarmaq istəyirik. 6000 manatı bir dəfəyə qaytarmağa imkanımız yoxdur. Lakin həmin pulları aybaay qaytara bilərik. Ona görə də, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, cavabdeh Cavabdeh onun atasıgillə qonşudur. Cavabdeh ondan qonşu olduğundan qızıl-zinət əşyaları istəmiş və sonra ödəniş edəcəyini bildirmişdir. O da, razı olmuşdur. Cavabdeh əvvəllər aldığı qızıl-zinət əşyalarının pulunu vaxtında ödəmişdir. Sonra isə cavabdeh ondan 2022-ci il dekabr ayının 12-də pulunu 1(bir aya) yəni 2023-cü ilin yanvar ayının 12-də ödəmək şərti ilə razılaşmaya əsasən ümumi dəyəri 7000 manat olan, 13 ədəd 5-lik qızıl nisyə almışdır. Cavabdehə həmin qızılları onun evində həyat yoldaşı Elxanın yanında vermişdir. Lakin, cavabdeh aldığı qızılların dəyərindən cəmi 1000 manat ödəniş etmişdir. Dəfələrlə evlərinə, iş yerlərinə gedib pulu tələb etsə də, hər dəfə ödəməkdən yayınmışdır. Cavabdehlə əlaqə saxlanılaraq, vatsap sosial şəbəkəsi vasitəsi ilə borcun qaytarılması bildirilmişdir. Pulu qaytarmadığı üçün o, iddia ərizəsi vermiş və tələbi təmin olunmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

15. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

32. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli,Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh Cavabdeh ümumi dəyəri 7000 manat olan 13 ədəd qızıl 5-lik satmışdır. Cavabdeh həmin qızılların dəyərindən cəmi 1000 manat məbləğində pul qaytarmış və onun iddiaçıya 6000 manat məbləğində borcu qalmışdır. Hazırda cavabdeh qeyd edilən pulu qaytarmaqdan boyun qaçırdır. Ona görə də iddiaçı məhkəmədə iddia qaldırmış və işə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir.

35. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

36. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

37. Mülki Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

38. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır.

39. Mülki Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

40. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

42. İddiaçı tərəf nisyə satılmış malların qarşılığında pulun verilməməsinə dair sübutlarını, yəni cavabdeh Cavabdeh qızılları alaraq əmlakların dəyərini ödəməməsinə dair səs yazısını birinci instansiya məhkəməsinə təqdim etmişdir. Həmin disk yazısında olan səslərin tərəflərə aid olub-olmaması üçün ekspertiza təyin edilsə də, cavabdehin iştirakı təmin olunmadığından ekspertizanın keçirilməsi mümkün olmamışdır.

43. İşə apellyasiya instansiyasında baxılarkən iş materiallarına əlavə edilmiş CD diskdəki səs yazısındakı səsin cavabdeh Cavabdeh məxsus olub-olmamasını, həmin diskdə olan səs yazıların mətninin çıxarılması iş üzrə obyektiv nəticəyə gəlinməsi məqsədilə məhkəməfonoskopik ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli *-**-**-*/*-****/**** nömrəli rəyinə əsasən ekspertizaya təqdim edilmiş 01 ədəd “Verbatim” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “Q2” kimi işarə olunmuş diktorun səsi və nitqinin-İddiaçı məxsus olduğu müəyyən edilmişdir. Ekspertizaya təqdim edilmiş 01 ədəd “Verbatim” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda məntiqi rabitənin itməsi, akustik şəraitin və iştirakçı diktorların emosional vəziyyətlərinin situasiya ilə əsaslanmayan dəyişmələri, keçid prosesləri üçün xarakterik siqnallar kimi montaj əlamətləri müəyyən olunmamışdır. Lakin, mübahisəli fonoqramların qeydə alındığı yazı qurğusunun ekspertizaya təqdim olunmadığından digər dəyişikliklərin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

44. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

45. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır.

46. Göründüyü kimi, apellyator tərəfindən irəli sürülən dəlillər öz təsdiqini tapmamışdır.

47. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

49. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

50. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

51. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanunhüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

52. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

54. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

57. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” ## ###### 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

58. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ona ödəməli olan 6000 (altı min) manat məbləğində pulun və məhkəmə üçün ödənilmiş 80 manat dövlət rüsumunun və hüquqi xidmət üçün ödənilmiş 320 manat pulun, cəmi 6400 məbləğində pulun onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan sənədlərdən görünür ki, İddiaçı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh Cavabdeh ümumi dəyəri 7000 manat olan 13 ədəd qızıl 5-lik satmışdır. Cavabdeh həmin qızılların dəyərindən cəmi 1000 manat məbləğində pul qaytarmış və onun iddiaçıya 6000 manat məbləğində borcu qalmışdır. Bu əsasla birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi, cavabdeh Cavabdeh 6000 (altı min) manat məbləğində pul, 80 manat dövlət rüsumu və hüquqi xidmət üçün ödənilmiş 320 manat pul olmaqla, cəmi 6400 məbləğində pulun tutularaq, iddiaçı İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahatında - həmin qızılın pulunu qaytarmaq istəyirik. 6000 manatı bir dəfəyə qaytarmağa imkanımız yoxdur. Lakin həmin pulları aybaay qaytara bilərik – qeyd etmişdir. Göründüyü kimi, hazırkı iş üzrə çıxarılmış qətnamə işdə olan subutlarla, tərəflərin izahatları və ekspertin rəyinə uyğun olaraq düzgün çıxarılmışdır.

59. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər formal xarakter daşımaqla hazırkı işin hallarına münasibətdə əsassızdır və təmin edilə bilməz.

61. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Eyni zamanda 250 manat ekspertiza xərci cavabdehdən tutulmalıdır

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2 392, 393 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat cavabdeh Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN 1401555071, AZ34CTRE00000000000002088501, X4, KOD 210005 VÖEN 1401555071 Müxbir hesab AZ 41 NABZ01360100000000003944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu 142593, büdcə səviyyəsinin kodu 3 hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar