Məhkəmə qərarları › İş №2(104)-1290/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1290/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1290/2023 01.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(061)-1656/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9800 manat pulun və 118 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(061)-1656/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 9800 manat borc məbləği və 118 manat dövlət rüsumunun alınıb İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Tərtər Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(061)-1656/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verməklə yanaşı, apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə də məhkməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək istəsə də anası X1 xəstə olduğu üçün onun müalicəsinə başı qarışmış və qətnamədən vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Ona görə də buraxılmış prosessual müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(061)-1656/2022 saylı qərardadı ilə Tərtər Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(061)-1656/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Tərtər Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(061)-1656/2022 saylı qərardadından şikayət verərək, Tərtər Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(061)-1656/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, anası xəstə olduğu üçün və maddi imkanı olmadığı üçün həmin qətnamədən vaxrtında apellyasiya şikayəti verə bilməmişdir. Apellyasiya şikayəti vermək üçün buraxılmış prosesual müddətin bərpasına dair ərizə vermiş, lakin Tərtər Rayon Məhkəməsi ərizənin təmin olunmamasına dair qərardad qəbul etmişdir. Həmin qərardaddan narazıdır və istəyir ki, ərizəsinə mahiyyəti üzrə baxılsın. Tərtər Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(061)-1656/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Tərtər Rayon Məhkəməsinin 22 dekabr 2022ci il tarixli, 2(061)-1656/2022 nömrəli qətnaməsi 24 dekabr 2022-ci il tarixdə poçt vasitəsilə tərəflərə göndərilmişdir. Cavabdeh apellyasiya şikayətində qətnaməni 30 dekabr 2022-ci il tarixdə aldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələbinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilməli olduğu halda, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 22 fevral 2023-cü il tarixdə məhkəməyə verilmişdir ki, bununla da cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Cavabdeh ötürülmüş müddətin bərpasına dair ərizə ilə müraciət edərək anasının xəstəliyi səbəbindən apellyasiya şikayətini vaxtında verə bilmədiyini iddia edərək, bu barədə müvafiq sübutları məhkəmyə təqdim etmişdir. İş materiallarında olan Tərtər rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş ******* nömrəli arayışda Dilşad Mikayılovanın xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək stosionar müalicə alması qeyd olunsa da həmin müddət əvvəlki tarixə, yəni məhkəmə qətnaməsinin cavabdehə verilməsi dövrünə təsadüf etməməmişdir. Cavabdeh isə məhkəmə qətnaməsini aldıqdan sonra onun üzrlü səbəbdən apellyasiya şikayəti verə bilməməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 130, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Tərtər Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(061)-1656/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(061)-1656/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar