Məhkəmə qərarları › İş №2(104)-13/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-13/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-13/2023 24.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli, 2(021)-2042/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin (hakim C.Tağıyev) 24 aprel 2018-ci il tarixli, 2(021)- 2042/2018 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 06 may 2015-ci il tarixli, 12- SKMF-1-0-314-15 nömrəli əsas kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 06 may 2015-ci il tarixli, 12-SKMF-1-0-314-15 nömrəli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 06 may 2015-ci il tarixli, 12-SKMF-1-0-314-15 nömrəli əlavə kredit müqaviləsi üzrə 6820,7 manat əsas, 477,99 manat faiz, 4,74 manat cərimə olmaqla, cəmi:-7303,43 manat kredit borcu, bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" İKB ASC-nin xeyrinə ödənilməsi, tutmanın 06 may 2015-ci il tarixli, 12-SKMF-1-0-314-15 (İ) nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bərdə rayonu, Gülgəzli kəndində 0,17 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 52,8 kv.m yaşayış, 63,3 kv.m yardımçı, 116,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməklə həmin evin açıq hərracda satılması, həmin evin ilkin satış qiyməti 25000 manat qiymətləndirilməklə, tutmanın yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 06 may 2015-ci il tarixli, 12-SKMF-1-0-314-15 nömrəli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 06 may 2015-ci il tarixli, 12-SKMF-1-0-314-15 nömrəli əlavə kredit müqaviləsi üzrə "xxxx" İKB ASC-yə olan borcun ödənilməsi, tutma yaşayış evinə yönəldikdə və satıldıqda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməklə ən geci bir ay müddətində evdən çıxardılmaları və evin boşaldılması, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitdən artıq qalan hissəsinin Cavabdeh1 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli, 2(021)-2042/2018 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşin halları İddiaçı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti (hal-hazırda "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialının xeyrinə 6820,7 manat məbləğində əsas borcun, 477,99 manat kreditdən istifadəyə görə faiz borcunun, 1134,74 manat faizlərin gecikdirilməsinə görə hesablanmış cərimənin, cəmi: 8433,43 (səkkiz min dörd yüz otuz üç manat 43 qəpik) manat borcun, bildidrişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının, 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Bərdə rayonu, Gülgəzli kəndində 0,17 ha torpaq sahəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 52,8 kv.m yaşayış, 63,3 kv.m yardımçı, 116,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 "xxxx" İKB ASC-in Bərdə filialına olan borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka qoyulmuş fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilərək onların evdən çıxarılmalarına, əmlakın boşaldılaraq banka təhvil verilməsinə və Cavabdeh1 ilə "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 06 may 2015-ci il tarixli əsas kredit müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianı müdafiə edib, izahatında göstərmişdir ki, iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 06 may 2015-ci il tarixli kredit limitinin ayrılması barədə əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 06 may 2015ci il tarixli, 12-SKMF-1-0-314-15 saylı əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə, 12 ay güzəştli şərtlə illik faiz dərəcəsi 6 faiz olmaqla 15.000 (on beş) manat məbləğində kredit verilmişdir. Kreditin qaytarılması təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Bərdə rayonu, Gülgəzli kəndində 0,17 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 52,8 kv.m yaşayış, 63,3 kv.m yardımçı, 116,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehin 6820,7 manat məbləğində əsas borcu, 477,99 manat kreditdən istifadəyə görə faiz borcu, 1134,74 manat faizlərin gecikdirilməsinə görə hesablanmış cərimə pulu, cəmi: 8433,43 (səkkiz min dörd yüz otuz üç manat 43 qəpik) manat borcu qalmışdır. Cavabdehə dəfələrlə kreditin ödənilməsi üçün xəbərdarlıqlar edilməsinə baxmayaraq kredit müqaviləsindən irəli gələn öhdəliklərini könüllü olaraq icra etməmiş, ipoteka əmlakı hesabına banka olan borcunu könüllü ödənilməsi üçün təklif verməmişdir. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə kredit müqaviləsi bağlayaraq 12 ay güzəştli şərtlə illik 6 faiz ödəmək şərti ilə 15.000 manat məbləğində kredit götürmüşdür. Krdeit borcunu maddi imkanı olmadığından ödəyə bilməmişdir. İpoteka predmetinin ilkin satış qiymətinin müqavilədə qeyd edilmiş məbləği ilə razıdır. Hesab edir ki, borcun cərimə hissəsi yüksək hesablanmışdır. Tələbin cərimə hissəsində təmin olunmamasını məhkəmdən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək Cavabdeh1 ilə eyni məzmunlu izahat vermişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Hesab edir ki, məhkəmənin gəldiyi həmin nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar tam aydınlaşdırılmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və nəticədə maddi hüquq normaları pozulmaqla qətnamə çıxarılmışdır. Belə ki, maddi imkanı yaxşı olmadığı üçün borc müqaviləsi üzrə ödənişləri vaxtında ödəyə bilməmişdir. Birinci instansiya məhkəməsi isə bank tərəfindən əsassız olaraq şişirdilmiş məbləğlər təmin edilmişdir. Məhkəmə baxışı zamanı düzgün araşdırma aparılmamış, onun banka olan əsas və faiz üzrə borc məbləği düzgün hesablanmamışdır. Hesab edir ki, mübahisə üzrə banka olan borcu mütəxəssis tərəfindən hesablanmalı idi. Odur ki, Bərdə Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli, 2(021)-2042/2018 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək bildirdi ki, iş üzrə təyin edilmiş ekspertiza rəyinə heç bir etirazı yoxdur. Odur ki, rəyə müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Göründüyü kimi, apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borcunun müəyyən edildiyi hissədə mübahisələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayır. Mülki işə əlavə edilmiş 06 may 2015-ci il tarixli, 12-SKMF-1-0-314-15 nömrəli əsas kredit müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı "xxxx" İKB ASC-in Bərdə filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 72 ay müddətinə 15.000 manat məbləğində kredit limiti ayrılmasını öhdəsinə götürmüşdür; Mülki işə əlavə edilmiş 06 may 2015-ci il tarixli, 12-SKMF-1-0-314-15 nömrəli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 06 may 2015-ci il tarixli, 12-SKMF-1-0- 314-15 nömrəli əlavə kredit müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 36 ay müddətinə, 12 ay güzəştli şərtlə illik faiz dərəcəsi 6 faiz olmaqla 15.000 manat məbləğində kredit verilmişdir; Mülki işə əlavə edilmiş 06 may 2015-ci il tarixli, 12-SKMF-1-0-314-15 (İ) nömrəli ipoteka müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bərdə rayonu, Gülgəzli kəndində 0,17 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 52,8 kv.m yaşayış, 63,3 kv.m yardımçı, 116,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi 06 may 2015-ci il tarixli, 12-SKMF-1-0-314-15 saylı əsas kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin qiyməti 25.000 manat müəyyən edilmişdir; Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX № ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bərdə rayonu, Gülgəzli kəndində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 52,8 kv.m yaşayış, 63,3 kv.m yardımçı, 116,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi 0,17 ha torpaq sahəsi birlikdə 06 may 2015-ci il tarixli, 12- SKMF-1-0-314-15 saylı əsas kredit müqaviləsinin təminatı kimi "xxxx" İKB ASC-in Bərdə filialının xeyrinə yüklü edilmişdir. Mülki işə əlavə edilmiş 31 yanvar 2018-cı il tarixli, HDM-360 nömrəli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" İKB ASC borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq etmişdir. Mülki işə əlavə edilmiş tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişdən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi Cavabdeh1 xx.xx.2017-cı il tarixdə almışdir. Mülki işə əlavə edilmişi ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə 14 iyul 2017-ci il tarixli, 465 nömrəli ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş DƏDRX-in 7 saylı ərazi idarəsndə 18 iyul 2017-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7947 nömrəli ekspertiza rəyindən görünür ki, Cavabdeh1 06 may 2015-ci il tarixli, 12-SKMF-1-0-314-15 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə 6.971,96 manat əsas, 336,98 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmələr tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, İddiaçı İKB ASC (hal-hazırda "xxxx" ASC) ilə Cavabdeh1 arasında 06 may 2015-ci il tarixli, 12-SKMF-1-0-314-15 nömrəli əsas kredit müqaviləsinə əsasən cavabdehə 72 ay müddətinə 15.000 manat məbləğində kredit limiti ayrılmış, həmin kredit müqaviləsinin tərkib hissəsi olaraq 06 may 2015-ci il tarixli, 12-SKMF-1-0-314-15 nömrəli əlavə kredit müqaviləsi üzrə cavabdehə 36 ay müddətinə, 12 ay güzəştli şərtlə illik faiz dərəcəsi 6 faiz olmaqla 15.000 (on beş) manat məbləğində kredit verilmişdir. Kreditin qaytarılması təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Bərdə rayonu, Gülgəzli kəndində 0,17 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 52,8 kv.m yaşayış, 63,3 kv.m yardımçı, 116,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Tərəflər arasında yaranan öhdəlik münasibətləri üzrə iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə öhdəliklərini vaxıtnda icra etməmişdir. Məhkəmə kollegiyası işdə olan sənədləri araşdıraraq hesab edir ki, cavabdeh kredit müqaviləsinə əsasən verilmiş kredit borcunu vaxtında icra etmədiyindən, onun banka borcu yaranmış, cavabdeh borcu ödəməsi üçün xəbərdarlıq edilsə də, borcunu ödəməkdən yayınmışdır. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri kredit ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit müqaviləsinə, habelə qanunvericiliyin borc bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 06 may 2015-ci il tarixli, 12-SKMF-1-0- 314-15 nömrəli əlavə kredit müqaviləsinə əsasən 36 ay müddətinə, 12 ay güzəştli şərtlə illik faiz dərəcəsi 6 faiz olmaqla 15.000 (on beş) manat məbləğində kredit verilmişdir. Məhkəmə kollegiyası tərəfindən 06 may 2015-ci il tarixli, 12-SKMF-1-0-314- 15 nömrəli əlavə kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan əsas və faiz borcunun müəyyən edilməsi üçün mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2022-ci il tarixli, 31 nömrəli ekspertiza rəyi ilə Cavabdeh1 06 may 2015-ci il tarixli, 12-SKMF-1-0- 314-15 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə 6.971,96 manat əsas, 336,98 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Göründüyü kimi, faiz borcu birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilməmişdir. Məhkəmə tərəfindən ekspertiza qarşısında qoyulmuş suallara əsaslandırılmış cavablar verilmiş, ekspert rəyi kifayət qədər tam və aydındır. Odur ki, Cavabdeh1 tutulacaq faiz borcu ekspertiza rəyinə uyğun olaraq 336,98 manat məbləğində müəyyən edilməlidir. Ekspert rəyi ilə müəyyən edilmiş əsas borc məbləği isə iddiaçı tərəfindən tələb edilən məbləğdən çoxdur. Məhkəmə kollegiyası ekspertiza rəyində göstərilmiş əsas borc məbləğinə münasibətdə qeyd edir ki, mübahisəyə verilmiş iddia tələbi həcmində baxıldığına görə, tələb edildiyindən artıq borc məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilir. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib, apellyasiya şikayətinin dəlillərini onun qismən təmin edilməsi üçün əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə qismən dəyişdirilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli, 2(021)-2042/2018 saylı qətnaməsi qismən, yəni faiz borcuna aid hissədə dəyişdirilsin. Cavabdeh1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ("xxxx" İKB ASC) xeyrinə tutulacaq faiz üzrə borc 336,98 (üç yüz otuz altı manat doxsan səkkiz qəpik) manat məbləğində müəyyən edilsin. Birinci instansiya məhkəməsinin qətnaməsi qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat pul iddiaçı "xxxx" ASC və Cavabdeh1 müştərək qaydada alınaraq, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar