Məhkəmə qərarları › İş №2(104)-1311/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1311/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1311/2023 05.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı “pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(125)-374/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(125)-374/2023 saylı qətnaməsi ilə (hakim T.Qocayev) iddianın qismən təmin edilməsi, Cavabdeh 30000 (otuz min) manat pulun tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 180 (yüz səksən) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 23 fevral 2023cü il tarixli, 2(125)-374/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdır. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin ondan borc aldığı 30000 manat pul və hüquqi xidmət üçün ödədiyi 100 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, müharibə veteranıdır. Cavabdeh onun tanışıdır. Belə ki, o, N saylı hərbi hissədə taqım sürücüsü kimi xidmətdə olarkən cavabdehlə tanış olmuşdur. Cavabdeh 01 yanvar 2021-ci ildə onun etibarından sui-istifadə edərək təxminən 1(bir) il müddətində, yəni 01 yanvar 2022-ci ilədək qaytarmaq şərti ilə ondan 30000 (otuz min) manat miqdarında borc pul almışdır. Bu faktı təsdiq edən yazılı qəbzi iddia ərizəsinə əlavə edir. Göstərilən müddət tamam olanda o, Cavabdeh pulun qaytarılmasını tələb etməyə başlamış, lakin cavabdeh ona verdiyi borc pulunu qaytarmaqdan imtina etmişdir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsini əsassız və qanunsuz hesab edir. Belə ki, iddiaçı özü də iddia tələbində göstərmişdir ki, guya ona 30000 manat pul borc vermişdir. Belə olan halda məhkəmə MM-nin borc müqavilələri ilə bağlı müddəalarına əsaslanmalıydı. Məhkəmə nəzərə almalı idi ki, MM-nin 740-cı maddəsində qeyd edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin həqiqi halları ondan ibarətdir ki, o iddiaçını tanışı vasitəsi ilə tanımışdır. Ona təcili borc pul lazım olmuşdu, lakin başqa şəxslərdən və bankdan borc ala bilmədiyi üçün tanışının tövsiyəsi ilə iddiaçıya müraciət etmişdir. İddiaçı sələmə pul verirdi. O əslində iddiaçıdan 2250 manat məbləğində borc pul almışdır. Lakin o pulu sələmə aldığı üçün iddiaçı ona borcu o şərtlə vermişdi ki, qəbzdə 30000 manat aldığını yazsın. Həmin vaxt o, məcburiyyət qarşısında, pula ehtiyacı olduğu üçün həmin məzmunda qəbz yazmışdır. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı tanımadığı şəxsə birdən birə 30000 manat borca pul verir və bunun təminatı kimi bir balaca kağız parçası alır. Bu ən azından ağlabatan deyil. Əslində isə yuxarıda qeyd etdiyi kimi o sələmə pul verən adamdır. Bunu hamı bilir. Ona da cəmi 2250 manat pul vermişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, müddətdən artıq hərbi xidmət hərbi qulluqçusudur və hərbi hissələrdən birində yük avtomobilində sürücü kimi xidmət edir. Digər hər hansı fəaliyyətlə məşğul deyildir. 2020-ci ildə ağır xəstə olduğuna və müalicəsi üçün pul lazım olunduğuna görə tanışı vasitəsi ilə Tərtər şəhərində yaşayan İddiaçı ilə tanış olmuş və ondan hər ay 20 faiz əlavə ödəmək şərti ilə borc pul götürmüş və həmin borcu hissə-hissə ödəmiş, lakin 2020-ci ilin axırlarında idarə etdiyi avtomaşınla qəza törətdiyinə və həmin avtomaşının təmiri üçün ona təcili pul lazım olduğuna görə yenidən iddiaçıya müraciət edib 2000 manat borc pul götürmək istəmiş, əvvəl aldığı borcdan 250 manat ödənilməmiş borcu qaldığına görə iddiaçı ona borca pul vermək istəməmiş, lakin 30000 manat borclu olması barədə qəbz yazacağı halda ona borc verməyə razılıq verəcəyini demişdir. Qəzaya uğratdığı avtomobili dərhal təmir etdirməli olduğuna görə iddiaçının dediyi şərtlə razılaşmışdır. Razılaşdıqlarına görə o, iddiaçıya köhnə borcundan qalan 250 manatı və yeni alacağı 2000 manatın aylıq faizini və hissə-hissə borcun özünü qaytarmalı idi. Borcundan bir neçə ay ödəniş etmiş, lakin sonradan maddi vəziyyəti daha da pisləşdiyinə görə ödəniş edə bilməmişdir. Ona görə iddiaçı ilə dəfələrlə görüşərək faktiki olaraq götürdüyü pul məbləğini qaytarmaqla mübahisəyə son qoyulmasını xahiş etmiş, lakin iddiaçı işdəki yazılı qəbzə işarə edərək 15000 manat verəcəyi halda mübahisəyə son qoyulacağını bildirmişdir. Halbuki o, iddiaçıdan götürmüş olduğu borc pulu artıqlaması ilə ödəmişdir. İddiaçı təkcə ona yox, bir çox şəxslərə sələmə pul verir ki, eşitdiyinə görə hazırda çoxsaylı məhkəmə proseslərində proses iştirakçısıdır. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı cavabdehi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş əlyazma qəbzdən görünür ki, cavabdeh öz əli ilə “İddiaçı xx.xx.2021-ci il tarixdə 01 il müddətinə qaytarmaq şərtilə 30000 (otuz min) manat borc pul aldım” yazaraq iddiaçıya təqdim etmişdir. İş materiallarına əlavə edilmiş 26 sentyabr 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-yə xidmət haqqı olaraq 100 manat məbləğində pul ödənilmişdir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehin iddiaçıdan aldığı pulun məbləğinin 30 000 manat deyil, 2250 manat olması ilə bağlı verdiyi izahata tənqidi yanaşır. Belə ki, qəbzdən göründüyü kimi cavabdeh öz əl yazısı ilə rəqəmlə və yazı ilə otuz min manat aldığını açıq şəkildə bəyan etmişdir. Cavabdeh həmin əlyazmasının həqiqətə və onun iradə ifadəsinə uyğun olmamasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh hər hansı hüquqi əsas olmadan İddiaçı 30 000 manat pul alaraq onun hesabına əsassız olaraq varlanmışdır. Buna görə də iddia təmin edilməli və Cavabdeh 30 000 manat pul alınaraq iddiaçıya ödənilməlidir. İddia tələbinin hüquqi yardım üçün ödənilmiş 100 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş ödəniş qəbzində iddiaçı tərəfindən "xxxx" MMC-yə 100 manat məbləğində pul ödənildiyi göstərilsə də həmin qəbzdən məhz hazırki iddia tələbi ilə bağlı hüquqi xidmətin göstərildiyi anlaşılmır və ümumiyyətlə iddiaçıya məhkəmədə nümayəndə və ya vəkil tərəfindən heç bir hüquqi xidmət göstərilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ona hazırkı mülki iş üzrə hüquqi yardım göstərilməsi üçün xərc çəkməsini sübuta yetirə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respubilkasının MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası AliMəhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarındakı tövsiyyələrdə göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin i şüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu olmaqla sürücü vəzifəsində xidmət keçir və aylıq əmək haqqı alır. Onun digər qazanc mənbəyinin olması barədə işdə hər hansı sübut yoxdur. Cavabdehin özü də dolanışıq mənbəyinin aldığı əmək haqqı olduğunu bildirir. Cavabdehin işdə olan əmək haqqı kartının çıxarışından aylıq əmək haqqısının 1000 manat civarında olduğu müəyyən olunur. Bir ayda 1000 manat əmək haqqı alan şəxsin 30000 manat borcu ödəməsi üçün aldığı əmək haqqını bütövlükdə borcun ödənilməsinə yönəltsə belə, borcun bağlanması üçün 30 ay, yəni 2 il 06 ay vaxt tələb olunur. Bu səbəbdən də kollegiya bir ayda 1000 manat civarında gəliri olan şəxsin 30000 manat borcu bir il ərzində qaytarması ilə bağlı öhdəlik götürməsini inandırıcı saymır. Cavabdehin məhkəmə iclasında verdiyi izahatla da müəyyən olunmuşdur ki, həqiqətən də o, İddiaçı 2021-ci ilin əvvəlində cəmi 2000 manat borc pul götürmüş, əvvəlki borcundan qaytarılmamış 250 manat da daxil olmaqla onun iddiaçıya 2250 manat borcu olmuşdur. Cavabdehin həmin 2250 manatı da iddiaçıya qaytardığına dair izahatına gəldikdə, kollegiya cavabdehin həmin izahatını inandırıcı saymır. Ona görə ki, cavabdeh məhkəməyə həmin xüsusatı təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Tərəflər arasında şifahi olaraq bağlanmış 30 000 manat pulun borc verilməsi və bir il müddətinə qaytarılması barədə borc müqaviləsi Mülki Məcəllənin 740-cı maddəsi ilə müəyyənləşdirilmiş şərti pozmaqla bağlandığı üçün etibarsızdır. Buna baxmayaraq iddiaçı tərəfindən təqdim edilmiş, cavabdehin yazdığı əlyazma qəbzdə cavabdeh iddiaçıdan 30 000 manat pul aldığını göstərmişdir. Lakin kollegiya cavabdehin iddiaçıya əvvəlki borcundan ödənilməmiş qalmış 250 manat da daxil olmaqla 2250 manat borc almasına dair izahatını inandırıcı sayır. Ona görə ki, kifayət qədər yüksək bir məbləğ olan 30 000 manat miqdarında pulun sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan, aylıq 1000 manat civarında əmək haqqı alan və onun üçün yad bir insan olan şəxsə tam təminatsız verilməsi reallığa uyğun deyildir. Cavabdehin iddiaçıdan 30 000 manat borc götürməsi və həmin pulu bir il müddətində qaytaracağı ilə bağlı yazmış olduğu qəbz cavabdehin həmin qəbzi düşdüyü ağır vəziyyətlə əlaqədar yazdığını təsdiq edir. Şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd ağır şərtli əqd hesab olunur. Cavabdehin iddiaçıya borclu olduğu 2250 manatı belə qaytardığını sübuta yetirə bilməməsi isə cavabdehin etibarlı müqavilə olmadan, yəni heç bir hüquqi əsasa söykənmədən iddiaçıya məxsus olan pulu əldə etdiyini təsdiq etdiyi üçün kollegiyanın qənaətinə görə hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsi və əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya 2250 (iki min iki yüz əlli) manat borclu qalması təsdiqini tapdığına görə kollegiya hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası iddiaçının cavabdehin ona 30000 manat borclu olmasının məhkəməyə təqdim etdiyi qəbzlə təsdiq olunmasına dair dəlili ilə razılaşmır. Çünki iddiaçının təqdim etdiyi cavabdehin yazdığı əlyazma qəbz birtərəfli iradə ifadəsi olmaqla müqavilə üçün nəzərdə tutulmuş formada tərtib edilməmişdir. İddia tələbinin hüquqi yardım üçün ödənilmiş 100 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı "xxxx" MMC-nin hər hansı hüquqi xidmət göstərməsi ilə bağlı sübut təqdim etməmişdir. Beləliklə də məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmadığına məhkəmənin mübahisələndirilən qətnaməsi ləğv edilməli və yenə qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilərək Cavabdeh 2250 manat pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası: Qət etdi: Gəncə Şəhər Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(125)-374/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(125)-374/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2250 (iki min iki yüz əlli) manat pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şamil Rzaquliyev Hakimlər Loğman Süleymanov Rafiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar