Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1313/2023 15.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 07 mart 2023cü il tarixli 2(125)-649/2023 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə 15 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 04 dekabr 2012-ci il tarixli, (bəzə sənədlərdə texniki səhv olaraq 10 dekabr yazılıb) 10-M-1-0-2185-12 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 28 faiz olmaqla 12000 ABŞ dolları kredit verilmişdir.
2. 04 dekabr 2012-ci il tarixli 10-M-1-0-2185-12 nömrəli zaminlik müqaviləsindən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır
3. 04 dekabr 2012-ci il tarixli 10-M-1-0-2185-12 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, Mersedes Benz-320 markalı ban WDB 2200651A219168 ağ rəngli ** CO *** dövlət qeydiyyat nişanlı 2001-ci ilin buraxılışı olan minik avtomobil 04 dekabr 2012-ci il tarixli 10-M-1-0-2185-12 nömrəli kredit müqaviləsinin təminatı kimi "xxxx" İKB ASC-nin xeyrinə girov qoyulmuşdur.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 04 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə 3408,82 ABŞ dolları əsas, 4448,45 ABŞ dolları faiz, 5740,09 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddəti bitdiyi 04 dekabr 2014-cü il tarixdən 07 oktyabr 2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 1632,2 manat əldən çıxmış fayda borcu olmaqla, cəmi 15229,56 ABŞ dolları borc və ödənilmiş 167,67 manat dövlət rüsumunun tutulması; Cavabdeh1 Namiq oğlu və Cavabdeh2 tutulmalı olan məbləğ, yəni cəmi 15229,56 ABŞ dolları borcun və ödənilmiş 167,67 manat dövlət rüsumunun İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 mülkiyyətindəki **-CO-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı, ağ rəngli “Mercedes Benz-320 minik” markalı (ban:WDB2200651 A219168) avtomobilin açıq hərrac vasitəsilə ilə satılması hesabına ödənilməsi; İpoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında 04 dekabr 2012-ci il tarixli, 10-M-1-0-2185-12 nömrəli müqavilə bağlanmış və 24 ay müddətinə, illik 28 faiz olmaqla 12000 ABŞ dolları kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Eləcədə 04 dekabr 2012-ci il tarixli 10-M-1-0-2185-12 nömrəli ipoteka müqaviləsi üzrə Cavabdeh1 mülkiyyətinmdə olan Mersedes Benz-320 markalı ban WDB 2200651A219168 ağ rəngli ** CO *** dövlət qeydiyyat nişanlı 2001-ci ilin buraxılışı olan minik avtomobil "xxxx" İKB ASC-nin xeyrinə girov qoyulmuşdur. Kredit müqaviləsinin 9.2 bəndinə əsasən borcalan üzərinə düşən öhdəlikləri lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 1 faizi miqdarında banka dəbbə pulu ödəməlidir. Cavabdeh1 banka 3408,82 ABŞ dolları əsas, 4448,45 ABŞ dolları faiz, 5740,09 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddəti bitdiyi 04 dekabr 2014-cü il tarixdən 07 oktyabr 2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 1632,2 manat əldən çıxmış fayda borcu olmaqla, cəmi 15229,56 ABŞ dolları borcu yaranmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq sonuncu borcu ödəməkdən boyun qaçırmış və buna görə də girov predmetinə tutmanın yönəldilməsinə dair bildiriş verilmişdir. Həmçinin bildirişin qeydə alınması barədə reyestr orqanına ərizə göndərilmiş və qeydə alınmışdır. Lakin müddət keçməsinə baxmayaraq cavabdeh bildirişə münasinbət bildirməmişdir.
6. Gəncə Şəhər Məhkəməsinin 07 mart 2023-cü il tarixli 2(125)-649/2023 nömrəli qətnaməsi ilə (hakim Z.İmanov) iddia tələbi təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası rədd edilməsi; Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 167,67 (bir yüz altmış yeddi manat altmış yeddi qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət olunmuşdur.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2, 375.2, 376, 385.1, 442, 448.1, 470, 472.1, 477.0.4, 739.1, 739.2 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 360-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı 04 dekabr 2014-cü il tarixdə başa çatmalı olduğu halda, borclu öhdəliyini tam icra etməmiş və buna görədə müqavilə qüvvəsini saxlamışdır. Qanunvericilik müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya görə öhdəliklər vicdanla yerinə yetirilməlidir Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin xitam şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3 maddəsində qeyd olunduğu kimi belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anınadək qüvvədə sayılır. Tələb edilən illik 5 faiz pul tələbi kredit müqaviləsindən irəli gələn tələb olmamışdır. Cavabdeh üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməyərək gecikməyə yol vermiş və bundan sonra bankın gecikmiş vaxt üçün faiz tələb etmək hüququ yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən verilmiş pulun faiz qarşılığı ilə gecikdirilmiş vaxt üçün faizi eyniləşdirmək olmaz. Beləki, gecikdirilmiş vaxt üçün faiz tələbi kredit müqaviləsindən irəli gələn hüquq deyil, bu hüququ birbaşa qanunun özü kreditora həvalə etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, borclu öhdəliyini tam icra etmədiyindən müqavilə qüvvəsini saxlamışdır. Eləcədə gecikdirilmiş vaxt üçün illik 5 faiz tələb olunur və buna dair müddətin tətbiq edilməsi yolverilməzdir. X1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
16. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
17. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
18. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
19. Maddə 472.1 Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
20. Maddə 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. Hüququ girov qoyan həmin hüququn mənsub olduğu şəxs ola bilər.
21. Maddə 276.1. İpoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər.
22. Maddə 279 Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.
23. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
24. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
25. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa borclunun başqa əmlakından almaq hüququna malikdir. “İpoteka haqqında” Qanun
26. Maddə 1.0.6 İpoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
27. Maddə 12.2 Rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanın ipotekası həmin əşyanın dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınır.
28. Maddə 33. Borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin yönəldilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
29. Maddə 39.1. İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər.
30. Maddə 39.3.2 Məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir.
31. Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri
37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə diar iş üzrə cavabdeh tərəfin verdiyi iddia müddətinin tətbiqi barədə ərizə əsasında iddianı rədd etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
41. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında 04 dekabr 2012-ci il tarixli, 10-M-1-0-2185-12 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya 24 ay müddətinə, illik 28 faiz olmaqla 12000 ABŞ dolları kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh2 arasında 04 dekabr 2012-ci il tarixli 10-M-1-0-2185-12 nömrəli zaminlik müqaviləsi bağlanmış, eləcədə 04 dekabr 2012-ci il tarixli 10-M-1-0-2185-12 nömrəli ipoteka müqaviləsinə əsasən Mersedes Benz-320 markalı ban WDB 2200651A219168 ağ rəngli ** CO *** dövlət qeydiyyat nişanlı 2001-ci ilin buraxılışı olan minik avtomobil "xxxx" İKB ASC-nin xeyrinə girov qoyulmuşdur. Borclu öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyinə görə 07 oktyabr 2022-ci il tarixə 04 dekabr 2012-ci il tarixli, 10-M-1-0-2185-12 nömrəli kredit müqaviləsi üzrə 3408,82 ABŞ dolları əsas, 4448,45 ABŞ dolları faiz, 5740,09 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddəti bitdiyi 04 dekabr 2014-cü il tarixdən 07 oktyabr 2022-ci il tarixədək illik 5 faiz hesablanmaqla 1632,2 manat əldən çıxmış fayda borcu olmaqla, cəmi 15229,56 ABŞ dolları ödənilməmiş borc yaranmışdır. Ona görədə kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də Cavabdeh1 iddia müddətinin tətbiqi barədə verdiyi ərizə əsasında iddianı təmin etməmişdir.
43. Bu qətnamənin 41-ci bəndində də qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin kredit müqaviləsinin müddəti 04 dekabr 2014-cü il tarixdə başa çatmalı olduğu halda, borclu öhdəliyini tam icra etməmiş və buna görə də müqavilə qüvvəsini saxlamışdır, eləcədə tələb edilən illik 5 faiz pul tələbi kredit müqaviləsindən irəli gələn tələb olmamışdır dəlilini əsassız sayır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
44. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2. maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına görə, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2. maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.
45. Bundan əvvəldə qeyd olunduğu kimi tərəflər arasında kredit müqaviləsi 04 dekabr 2012-ci il tarixdə 24 ay müddətə bağlanmışdır. Borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməsədə, lakin kreditor müqavilə müddəti başa çatdıqdan üç il müddətində iddia qaldırmamış, iddia ərizəsi 17 noyabr 2022-ci il tarixdə tərtib olunmaqla 24 noyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur.
46. Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2. maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə görə isə, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Bu da onu deməyə əsas verir ki, Cavabdeh1 iddia müddətinin tətbiqi barədə verdiyi ərizə əsasında iddianı rədd etməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 07 mart 2023-cü il tarixli 2(125)-649/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.