Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1313/2024 05.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və X1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X1 qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli 2(076)-792/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 avqust 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh2 və X1 10000 manat borc verdiyini, sonuncular isə yalnız 2500 manat aldıqlarını və həmin məbləği də qaytardıqlarını göstərmişdir.
a)İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh2 və X1 qarşı pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada 7500 manat və ödənilmiş 95 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 ilə X3 ər-arvaddılar. Cavabdehlər ondan 10000 manat borc almışlar, lakin həmin borcun 2500 manatını geri qaytarmışlar. Qalıq 7500 manat borcun qaytarılmasını cavabdehlərdən tələb etsədə, sonuncular müxtəlif bəhanələrlə ödəməkdən imtina etmişlər.
4. Şəmkir Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli 2(076)-792/2024 nömrəli qətnaməsi ilə (hakim H.Məhəmmədi) İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməməsi qət olunmuşdur.
5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2, 375.2, 730.1, 730.2, 739.1, maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 216-220, 357-361 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, razılaşma əsasında cavabdehlər ondan 10000 manat borc almışlar. Sonradan cavabdehlər almış olduqları borcdan 2500 manat ödəsələr də 7500 manat qaytarmamışlar. Dəfələrlə cavabdehlərdən borcun qalan hissəsinin ödənilməsini tələb etsədə, sonuncular hər dəfə müxtəlif bəhanələrlə onu aldatmışlar. Birinci instansiya məhkəməsi onun izahatını, təqdim etdiyi sübutu nəzərə almamışdır. Cavabdehlər ona olan borclarını hər dəfə ödəyəcəkləri barədə vəd vermələri iddia müddətinin axımının dayanmasına səbəb olmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
9. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, iddia ərizəsində pulun hansı ildə və hansı ayda verilməsi göstərilməsədə, lakin 02 iyun 2022-ci il tarixdə cavabdehlərə 10500 manat borc vermiş və həmin borcun 3000 manat hissəsini sonuncular qaytarmışlar. Eləcədə iddia ərizəsində cavabdehlərə 10000 manat borc verməyim və həmin məbləğdən 2500 manat qaytarılmasıda yəqin səhv yazılıb. Pulu cavabdehlərə verməsi barədə məhkəməyə hər hansı yazılı sübut təqdim edə bilmir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər Cavabdeh2 və X3 məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
14. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.
15. Maddə 740. Borc müqaviləsi predmetinin məbləğiüç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
23. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
24. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
29. İşin müəyyən olunmuş faktiki hallarından müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh2 və X1 10000 manat borc verməsini, sonuncuların həmin məbləğdən 2500 manat qaytarmasını, 7500 manat qaytarmaqdan imtina etdiklərini əsas gətirərək hazırkı iddi ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfin verdiyi ərizə əsasında iddianı rədd etmişdir.
30. İddia tələbinin yuxarıda qeyd olunan əsasla rədd edilməsi barədə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
31. Belə ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə verdiyə ərizə əsasında iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər iddiaçıdan 10000 manat deyil, 2012-ci ildə 2500 manat almışlar. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçı tərəfin deyil, yalnız cavabdeh tərəfin 2012-ci ildə iddiaçıdan 2500 manat borc almasına dair etirafı əsas tutaraq hazırkı işə iddia müddətini tətbiq etmişdir. Halbu ki, iddiaçı cavabdehlərdən sonuncuların 2012-ci ildə (özlərinin etirafıdır) aldığı 2500 manat deyil, vermiş olduğunu iddia etdiyi 10000 manat borcun qaytarılmayan 7500 manat hissəsini tələb etmişdir. İddia ərizəsində 10000 manatın cavabdehlərə hansı ildə verilməsi qeyd olunmasada, lakın apellyasiya icraatı zamanı verilən suala cavabda İddiaçı bildirmişdir ki, 10500 manatı (iddia ərizəsində isə 10000 manat qeyd edib) 2022-ci ilin iyun ayının 02-də cavabdehlərə vermiş, sonuncular həmin məbləğdən 3000 manat (iddia ərizəsində isə 2500 manat qaytarıldığını qeyd edir) qaytarmışdir. Birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd olunan bu hallarını hərtərəflı, tam və obyektiv araşdırmadan iddia müddətinin keçməsi əsası ilə iddianı rədd etmişdir. Ona görə də kollegiya hesab edir ki, qətnamə ləğv edilməlidir.
32. İddia tələbi ilə bağlı isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. Borc müqaviləsinin bağlanmış hesab olunması, yəni hüquqi nəticə əmələ gətirməsi, digər müqavilələrdə olduğu kimi sırf razılaşma sayəsində olur. Bununla bağlı təkcə Mülki Məcəllənin borc müqaviləsini tərif edən 739.1-ci maddəsindəki müddəanın nəzərdən keçirilməsi kifayətdir. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
34. Göründüyü kimi öhdəliyin əmələ gəlməsi üçün onun tərəfləri arasında əqdin bağlanması zəruridir. Əqddən yalnız o halda bəhs etmək mümkündür ki, əqdi əmələ gətirən iradə ifadəsi, görünüş etibarı ilə hüquqi nəticəni gerçəkləşdirmək məqsədilə edilmiş olsun. İradə ifadəsi müəyyən bir hüquqi nəticəyə yönəlmiş olmalı, hansı hüquqi nəticəni əmələ gətirmək üçün edildiyi müəyyən edilə bilinmədiyi təqdirdə əqd əmələ gəlmir. Qarşılıqlı bir-birinə uyğun iradə ifadələri nəticəsində əmələ gələn əqd növünə müqavilə deyilir. Əsas etibarı ilə müqavilələr fərqli mənafe və məqsədlərlə (məsələn biri satmaq digəri isə almaq) hərəkət edən şəxslər arasında müəyyən hüquqi nəticəni əmələ gətirmək üçün bağlanır. Müqavilə ikitərəfli əqd növüdür və bu anlayışı əmələ gətirən meyar öhdəlikdir. Əgər müqavilə üzrə tərəflərdən hər birinin öhdəliyi, sırf qarşı tərəfin öhdəliyinin yaranması əvəzində əmələ gəlirsə onda bu cür müqavilələrə tam ikitərəfli müqavilədir. Nəticə etibarı ilə qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən müqavilə anlayışına və müqavilələrin bağlanılmasının ümumi şərt və əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405-424 maddələri ilə tənzimlənən ümumi sisteminə uyğun olaraq razılaşma ilə əmələ gələn bir əqd mahiyyətindədir.
35. İddiaçı isə cavabdehlər X3 və Cavabdeh2 2022-ci ilin uyun ayının 02-də 10500 (iddia ərizəsində isə 10000 manat qeyd edib) verməsini və sonuncuların həmin məbləğdən 3000 manat (iddia ərizəsində isə 2500 manat qeyd edib) qaytarmasını iddia etsədə, lakin bu barədə məhkəməyə hər hansı bir möhtəbər sübut təqdim etməmişdir. Apellyasiya icraatı zamanı da iddiaçıya 10500 manat (iddia ərizəsində isə 10000 manat qeyd edib) cavabdehlərə borc verməsi barədə məhkəməyə sübut təqdim etməsi təklif olunsada, lakin sonuncu bildirmişdir ki, bu barədə məhkəməyə sübut təqdim edə bilmir.
36. Cavabdeh tərəfin nümayəndəsidə iddianı qəbul etməmiş, iddiaçıdan yalnız 2012-ci ildə 2500 manat borc alındığını, həmin məbləğində vaxtında qaytarıldığını bildirmişdir.
37. Mülki prosessual qanunvericiliyə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Qqeyd olunanlara əsasən kollegiya hesab ediur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli 2(076)-792/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul olunmalı, İddiaçı cavabdehlər Cavabdeh2 və X1 qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli 2(076)-792/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və X1 qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.