Məhkəmə qərarları › İş №2(104)-1313/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1313/2025

07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1313/2025 07.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “İrşad-Electronics» MMC-nin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli 2(013)-3404/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 iyul 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsindən görünür ki, sonuncuya 18 ay müddətinə, aylıq 135 manat pul ödəməklə, 2413.90 manat dəyərində "Honor" markalı 2 ədəd mobil telefon, şirəçəkən, kondisioner, smart saat, aksessuar kredit verilmişdir;

2. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 2278.7 manat əsas, 6836 manat cərimə məbləği olmaqla, cəmi 9114.70 manat borc mövcuddur.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixə yaranmış, xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 2278.7 manat əsas borc və 683.6 manat cərimə, cəmi 2962.3 manat borcun, və 49.62 manat məbləğində ödənilmiş dövlət rüsumu pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı "xxxx" MMC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmış və nəticədə 2962.3 manat borc yaranmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh xx.xx.2024-cü il tarixli ********* saylı müddətli müqaviləsi üzrə «Honor» markalı 2 ədəd mobil telefon, şirəçəkən, kondisioner, smart saat və aksesuara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 135.00 manat olmaqla cəmi 2413.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilələrin 1 saylı əlavəsinin şərtlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində (minimum 50 qəpik) mübahisəsiz olaraq penya ödəyir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Bununla da xx.xx.2024-cü il tarixli müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 6836.00 manat təşkil etdiyi halda, cavabdehə 90 faiz güzəşt edilmiş, cərimənin məbləği 683.6 manat təşkil edir. Borclu müqavilənin bu şərtlərini pozaraq, qeyd edilən borcunun vaxtında ödənilməsini təmin etməmişdir.

5. Ağdam Rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli 2(013)-3404/2024 saylı qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia qismən təmin edilərək, Cavabdeh 2278.7 manat ödənilməmiş hissəsi və 83.6 manat cərimə olmaqla, cəmi 2362.3 (iki min üç yüz altmış iki manat otuz qəpik) manat və 49.62 (qırx doqquz manat altmış iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi və iddia tələbinin qalan hissəsi təmin edilməməsi qət edilmişdir

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 443.1, 462.1 və 467-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmənin yeri və vaxtı barədə heç-bir məlumatı olmamışdır. Məlum olduğu kimi, Ağdam rayonunun işğalından sonra həmin ərazilərdə yaşayış mümkün olmamışdır. Hazıradək, o, qeydiyyatda olduğu ünvanda yaşamır, buna səbəb həmin ünvan tamamilə düşmən tərəfindən dağıdılmışdır. xx.xx.2025ci il tarixdə iddiaçının nümayəndisi ona zəng edərək, barəsində olan qətnamə barədə məlumat verərək qətnamənin icrasını tələb etmişdir. Məhkəmə qətnaməsini əldə etmək üçün elektron qaydada dərhal daxil olaraq tanış olmuşdur. Həmin işin gedişatınnan xəbərsiz olmuşdur. Eyni zamanda qətnamədə göstərilən məbləğlə razı deyildir. Hesab edir ki, göstərilən məbləğ məhkəmə ekspertizası tərəfindən yenidən hesablanmalıdır. Əsas məbləğə nisbətən əlavə məbləğlərin hesablanması qanuna uyğun deyildir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Prosessual məsələlər:

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 394-1.1-ci maddəsinə görə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir.

11. Həmin Məcəllənin 394-1.3-cü maddəsinə görə, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

12. Göstərilən prosessual hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını qanunamüvafiq hesab etmişdir. Həmçinin qeyd olunmalıdır ki, işə yazılı icraat qaydasında baxılmasını istisna edən iş üzrə əlavə araşdırma, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti kimi hallar mövcud deyildir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

15. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

16. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

37. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. O, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini xahiş etsə də, lakin şikayətin məzmunundan müəyyən edilir ki, qətnamə iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamənin qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2024-cü il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əssən alıcıya 18 ay müddətinə, aylıq 135 manat pul ödəməklə, 2413.90 manat dəyərində "Honor" markalı 2 ədəd mobil telefon, şirəçəkən, kondisioner, smart saat, aksessuar nisyə satılmışdır. Buna baxmayaraq, alıcı müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi barədə ona xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də satıcı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

40. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

41. İddia tələbinin kökündə tələb etmənin əsası xx.xx.2024-cü il tarixli nisyə alqısatqı müqaviləsi dayanır. Məhz satıcı iddiaçı həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdeh alıcıdan borc məbləğini tələb edir və əsas kimi göstərir ki, alıcı müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir.

42. İşin halları əsasında müəyyən olunmuşdur ki, borcalan aldığı əşyaya görə nəzərdə tutulmuş ödənişləri müqavilədə nəzərdə tutulmuş müddətlərdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Nəticədə cavabdehin iddiaçı təşkilata borcu yaranmışdır. İşin bu halı iddiaçının təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışında öz təsdiqini tapır.

43. Məhkəmə kollegiyası qeyd edir ki, alıcı nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə onun satıcıya borcu yaranmışdır. Bununla da satıcının qanunla qorunan hüquqları pozulmuşdur.

44. Bu qənaətinə uyğun olaraq kollegiya apellyatorun borcun düzgün hesablanmaması və ekspertiza təyin edilməsi barədə dəlili ilə bağlı göstərir ki, bu dəlil formal mülahizə olmaqla cavabdehin subyektiv mülahizəsinə söykənir. Məhkəmə kollegiyasının bu nəticəyə gəlməsinə əsas Mülki Prosessual Məcəllənin 77.1-ci və Mülki Məcəllənin 433.3-cü maddəsidir.

45. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. (Mülki Məcəllənin 433.3-cü maddəsi).

47. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh tərəfindən edilmiş ödənişlər barədə apellyasiya şikayətinə mötəbər sübutlar (ödəniş qəbzləri, mədaxil orderləri və.s.) təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan maliyyə arayışı ilə borc məbləği dəqiqliklə göstərilmişdir. Həmin arayışın mötəbərliyini şübhə altına alacaq hər hansı əsas olmamaqla məsələnin həlli baxımından hər hansı xüsusi biliyin tətbiqinə də zərurət yoxdur.

48. Həmçinin cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

49. Həmin Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

50. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsindən görünür ki, cərimə barədə şərt mövcuddur.

51. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

52. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi düzgün olaraq kredit müqaviləsi üzrə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmiş, eyni zamanda işin hallarını nəzərə alaraq, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən cərimə məbləğini azaldaraq, 83.6 manat məbləğdə müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan məbləğdə dəbbə pulu işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayıla bilməz.

53. Məhkəmə kollegiyası apellyatorun “ona məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməməməsi” barədə dəlilini əsassız hesab edir. Ona görə ki, hazırki mübahisə Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsində bəhs olunan kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatdır. Həmin normada təsbit edilmişdir ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

54. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsində göstərilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

55. Göründüyü kimi, bu növ icraata tərəfləri çağırılmadan baxılır və bu hal qanunvericiliyin özündə təsbit edildiyindən çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.

56. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. İşə baxan məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli 2(013)-3404/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar