Məhkəmə qərarları › İş №2(104)-1318/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1318/2024

09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1318/2024 09.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X10 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, "xxxx" ASC-nin nümayəndəsi X4 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(015)-325/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" ASC ilə mərhum X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün illik 17 % olmaq şərtilə 48 ay müddətinə 2160 manat kredit verilmişdir.

2. Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X7 02 iyul 2020-ci il tarixdə vəfat etmişdir.

3. Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 2044 saylı məktubundan görünür ki, X1 qalmış miras əmlaka xx.xx.2021-ci ildə tarixdə qızı Cavabdeh 2V-16 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

4. 26 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Mehriban Əliyevanın vəfat etdiyi tarixdən sonra hesablanmış faiz borclarının silinməsi nəticəsində iddiaçı təşkilata ödənilməmiş 1696,35 manat əsas borc, 12,59 manat faiz borcu olmaqla, cəmi 1708,94 manat borcu yaranmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. "xxxx" ASC məhkəməyə müraciət edərək, X2 vərəsəsi Cavabdeh 1696,35 manat əsas borc, 12,59 manat faiz borcu olmaqla, cəmi 1708,94 manat kredit borcunun, 37,09 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə borc alan X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********93 №-li kredit müqaviləsinə əsasən borc alana 48 ay müddətinə, kreditdən istifadəyə görə illik 17 % dərəcəsilə hesablanmaqla 2160 manat məbləğdə kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borc alan həmin Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini qaytarmağı və ondan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin borc alan xx.xx.2020-ci il tarixində vəfat etdiyindən Kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 2044 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən X3 miras əmlakına dair Ağstafa rayonu, Dağ Kəsəmən kəndində qeydiyyatda olan Cavabdeh miras payı əldə etməsi barədə xx.xx.2021-ci il tarixli, 2V-16 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən borc alanın ölüm günündən sonra hesablanmış faiz borclarının silinməsi nəticəsində xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş 1696.35 AZN əsas və 12.59 AZN faiz borcu qalmışdır. Cavabdeh X8 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.

7. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(015)-325/2024 saylı qətnaməsi ilə (hakim N.Abbasov) iddia təmin edilərək, Cavabdeh 1696,35 manat əsas borc, 12,59 manat faiz borcu olmaqla, cəmi 1708,94 manatın, 37,09 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, borclu Mehriban Əliyeva xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 2044 saylı məktubuna əsasən mərhum X2 adına vərəsəlik işi açılmış, onun qanun üzrə vərəsəsi olan Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə hesab edir ki, X5 xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən, ondan qalmış mirası vərəsəsi olan Cavabdeh qəbul edərək vərəsəlik şəhadətnaməsi aldığından, o, X2 kreditor qarşısında olan borcunu birgə borclu kimi tam ödəməyə borcludur. "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün illik 17 % olmaq şərtilə 48 ay müddətinə 2160 manat kredit verilməsi, borclu Mehriban Əliyevanın xx.xx.2020- ci il tarixdə vəfat etməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 2044 saylı məktubuna əsasən mərhum X2 adına vərəsəlik işinin açılması, onun qanun üzrə vərəsəsi olan cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, onun kreditor qarşısında olan borcunu birgə borclu kimi tam ödəməyə borclu olması, lakin cavabdehin mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatacaq miras payı həcmində miras qoyanın iddiaçı təşkilat qarşısında olan öhdəliyini icra etməməsi, Mehriban Əliyevanın vəfat etdiyi tarixdən sonra hesablanmış faiz borclarının silinməsi nəticəsində iddiaçı təşkilata ödənilməmiş 1696,35 manat əsas borc, 12,59 manat faiz borcu olmaqla, cəmi 1708,94 manat borcunun qalması sübuta yetirildiyindən iddia təmin edilməli, Cavabdeh 1696,35 manat əsas borc, 12,59 manat faiz borcu olmaqla, cəmi 1708,94 manat, 37,09 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır.

9. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 449.1, 1036.1, 1309-cu maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

10. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(015)-325/2024 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(015)-325/2024 saylı qətnaməsininin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum anası X6 xx.xx.2020-ci ildə vəfat etmişdir, həmin vaxtdan 3 ildən çox bir vaxt ötmüşdür. AR MM-nin tələblərinə əsasən pul tələbləri üzrə iddialar 3 il müddətində qaldırılır. Görübdüyü kimi iddiaçı Bank həmin müddəti ötürmüşdür. Ona görə də, onun iddia tələbinə iddia müddətinin tətbiq olunması əvəzinə məhkəmə həmin müddəti yoxlamadan, qiymətləndirmədən sözü gedən qərarı qəbul edərək onun hüquqlarını pozmuşdur. Ona görə də hesab edir ki, maddi və prosessual hüquq pozuntuları ilə çıxarılmış məhkəmə qətnaməsinin ləğv olunması zərurəti yaranmışdır. Ağstafa rayon Məhkəməsi tərəfindən işə onun iştirakı olmadan birtərəfli baxılmış və onun iştirakı üçün ona bildiriş göndərilməmişdir. Əgər o, məhkəmədə iştirak etsəydi iddia müddətinin tətbiqi barəsində təbii ki, ərizə vermək məcburiyyətində qalacaqdı. Belə olan halda məhkəmə bu pozuntuları edərək, iddia müddətini tətbiq etməmişdir. Hər bir halda məhkəmə iddia müddəti ötdüyü üçün iddia tələbini rədd etməli idi. Məhkəmə iddiaçı bank tərəfindən verilən iddia tələbini tam araşdırmadan iddia tələbində müqavilənin mərhum anası X6 ilə neçənci ildə bağlanmasına, mərhumun neçənci ildə vəfat etməsinə və ondan neçə illər sonra iddiaçı bankın iddia qaldırılması məsələlərini ümumiyyətlə araşdırmadan birbaşa onun əleyhinə qərar qəbul etmişdir. Əgər məhkəmə qeyd etdiyi əhəmiyyətli halları araşdırıb ona hüquqi qiymət versəydi, onda onun hüquqları pozulmuş olmazdı.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq isə bildirmişdir ki, borcu ödəmək üçün maddi imkanı yoxdur. Mirası o qəbul etsə də, miras qalmış evi qardaşı satmışdır.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X9 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

15. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

16. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

17. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

18. Maddə 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.

19. Maddə 1309. Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

27. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Hazırkı apellyasiya şikayətində qətnamə ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(015)-325/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. İşin hallarından görünür ki, Azərbaycan Beynəlxalq Bankı” ASC ilə borc alan X6 arasında bağlanmış xx.xx.2020-ci il tarix kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən borc alana 48 ay müddətinə, kreditdən istifadəyə görə illik 17 faiz dərəcəsilə hesablanmaqla 2160 manat məbləğdə kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borc alan həmin Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini qaytarmağı və ondan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin, borc alan xx.xx.2020-ci il tarixində vəfat etdiyindən kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Bundan sonra X3 miras əmlakına Cavabdeh miras pay əldə etmiş və bu barədə xx.xx.2021-ci il tarixli, 2V-16 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, Cavabdeh miras əmlakdan tam hissədə pay almışdır. Lakin, bundan sonra da öhdəlik Cavabdeh tərəfindən icra edilməmişdir.

33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.

34. Plenumunun Qərarında həmçinin qeyd edilmişdir ki, Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.

35. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan poçt göndərişinin göndərilməsi barədə reyestrin surətindən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə bildirişində işə sadələşdirimiş icraat qaydasında baxılacağı qeyd olunmuş və cavabdehə hüquqları izah edilmişdir. Buna baxmayaraq cavabdeh birinci instansiya məhkəməsində iş baxılarkən iddiaya dair hər hansı bir etirazını, o cümlədən iddia müddətinini tətbiq edilməsi ilə bağlı ərizəni məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə əsasən isə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmçinin, apellyasiya icraatı zamanı da cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizənin verilməsi müəyyən edilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya instansiyasında iddia müddətinin tətbiq edilməsini tələb etməkdə haqlı olmamışdır.

36. Bundan əlavə kollegiya qeyd edir ki, işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi 16 yanvar 2020-ci il tarixdə bağlanmış, müqavilə üzrə öhdəliyin icrasının son müddəti 16 yanvar 2024-cü il tarixinədək müəyyən olunmuşdur. Buna görə də, həmin kredit müqaviləsi üzrə iddia müddətinin ötürülməsi ilə bağlı cavadbehin apellyasiya şikayətinin dəlili əsassız olmuşdur.

37. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(015)-325/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384, 392, 393, 402-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(015)-325/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(015)-325/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar