Məhkəmə qərarları › İş №2(104)-1325/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1325/2025

18.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1325/2025 18.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alimentin məbləğinin dəyişdirilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X3 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi , İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Tətər Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(061)-538/2025 nömrəli qətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 18 avqust 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərtər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 yanvar 2014-cü il tarixli, AZ- İİİ № 245769 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 20 dekabr 2013-cü il tarixdə doğulmuşdur. Atası: Cavabdeh, anası: İddiaçıdır;

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2397/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4814/18 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsiilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq 250 manat müəyyən edilmişdir.

3. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 29 yanvar 2025-ci il tarixli MŞG/MT007/2025-0049 nömrəli arayışdan görünür ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında mediasiya prosesi baş tutmamışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tətər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikalarından olan 20 dekabr 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2397/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş 250 manat alimentin miqdarının dəyişdirilərək cavabdehin qazancının dörddə bir hissəsi miqdarında müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahlarından 20 dekabr 2013-cü il tarixdə Zəki adlı uşaqları anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(060)-4814/2018 saylı qətnaməsi ilə 20 dekabr 2013-cü il təvəllüdlü X1 üçün hər ay 150 manat aliment müəyyən olunmuş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(009)-2397/2020 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq 250 manat müəyyən edilmişdir. Oğlu Zəki böyüdüyündən, tələbatı artmışdır. Cavabdeh isə övladının saxlanması üçün alimentdən əlavə heç bir maddi yardım göstərmir. Halbuki onun imkanı yaxşı olmaqla maddi cəhətdən təminatlıdır. Belə ki, o hazırda Mərkəzi Bankda sürücü işləyir və aylıq qazancı 1300 manatdır.

6. Tətər Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli 2(061)-538/2025 nömrəli qətnaməsi ilə (hakim T.Qubadov) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2397/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi; Dəyişdirilən miqdarda alimentin tutulmasının əvvəli 05 fevral 2025-ci il tarixdən hesablanması qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1, 76.1.3, 78.1, 100.2 və 112.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə onun X2 olan 02 oktyabr 2015-ci ildə anadan olmuş Əsmər adlı uşağa da aliment ödəməsini nəzərə almamışdır. İddiaçıya ¼ hissədə aliment ödəyəcəyi təqdirdə digər uşağa görə aliment ödənilməsi mümkün olmayacaq.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, Uşaq böyüdüyündən onu saxlamaqda çətinlik çəkir. Cavabdeh Mərkəzi Bankda sürücü işləyir və 1300 manatdan artıq əmək haqqı alır. Müəyyən olunmuş 250 manat alimentdən əlavə cavabdeh heç bir yardım göstərmir. Aliment dəyişdirilib cavabdehin əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi miqdarda müəyyən olunarsa uşağa saxlamaqda çətinlik çəkməz. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

13. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

14. Maddə 34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

15. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

16. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

17. Maddə 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu

18. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

19. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 112.1.3. Aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 384.0.1. apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

31. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, tərəflərin birgə nikalarından 20 dekabr 2013-cü ildə Zəki adlı uşaqları olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2397/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə ssabit pul məbləğində müəyyən olunmuş 250 manat alimentlə uşağı saxlamaqda çətinlik çəkdiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

32. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nədicə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən olunmur.

33. Belə ki, ailə qanunvericiliyinə görə, alimentin qazancın (gəlirin) müəyyən hissəsi kimi tutulması üçün alimentin tutulmasını tələb edən şəxsin xahişi tələb olunur. Yuxarıda da qeyd olunduğu kimi İddiaçı cavabdehlə birgə nikahlarından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması sabit pul məbləğində müəyyən olunmuş alimentin dəyişdirilərək cavabdehin gəlirinin 1/4 hissəsi miqdarında tutulmasını xahiş etmişdir.

34. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankında xəzinədar vəzifəsində işləyir və aylıq gəliri 1375 manatdır. Belə olan təqdirdə kollegiya hesab edir ki, müəyyən olunmuş sabit pul məbləğində alimentin dəyişdirilərək əmək haqqının ¼ hissdə tutulması ailə qanunvericiliyinin tələbləri baxımından yolveriləndir.

35. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiya hesab edir ki, şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Çünki, yuxarıda da qeyd olunduğu kimi cavabdehin əmək haqqı alır və onun ayliq gəliri kifayət qədər yüksəkdir. Alimentin Cavabdeh qazancından müəyyən hissə kimi tutulmasının mümkünsüzlüyü, habelə çətinlik törədəcəyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozması halları müəyyən olunmur. Cavabdeh tərəf apellyasiya şikayətində X2 olan 02 oktyabr 2015-ci ildə anadan olmuş Əsmər adlı uşağa da aliment ödəməsini qeyd etsədə, lakin bu barədə məhkəməyə sübut təqdim etməmişdir. İşdə olan Tərtər Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(061)-723/2021 nömrəli qətnaməsindən də müəyyən olunur ki, iddiaçı X4 iddia ərizəsində nikahın pozulması ilə yanaşı cavabdeh X5 birgə nikahlarından anadan olmuş Əsmər adlı uşağın saxlanılması üçün aliment tələb etsədə, lakin işə baxılarkən aliment tələb etməmişdir.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehdən ¼ hissədə tutulacaq alimentin bir illik məcmusu 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tətər Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(061)-538/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar