Məhkəmə qərarları › İş №2(104)-1326/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1326/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1326/2024 25.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı Tərtər Rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndələri X4, X1, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Tərtər Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iş üzrə Tərtər Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli 2(061)-335/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Tərtər Rayon İcra Hakimiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərtər Rayon İcra Hakimiyyəti ilə Tərtər raonu Hacıqərvənd kənd sakini Cavabdeh arasında bağlanmış 16 aprel 2013-cü il tarixli 07 nömrəli icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Tərtər Rayon İcra Hakimiyyəti tələbini onunla əsaslandırmışdır ki, Tərtər rayon Hacıqərvənd kənd sakini Cavabdeh Tərtər Rayon İcra Hakimiyyətinə 2013-cü il tarixdə ərizə ilə müraciət edərək, Çaylı kəndi ərazisindən kənd təsərrüfatı bitkilərinin əkilməsi məqsədi ilə 50 hektar, xırda buynuzlu davarları otarmaq məqsədi ilə örüş sahəsindən isə 215 hektar olmaqla, cəmi 265 hektar torpaq sahəsinin onun icarəsinə verilməsini xahiş etmişdir. Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaş Cavabdeh ərizəsi nəzərə alınmış, onunla 16 aprel 2013-cü il tarixli, 07 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin tarixdən 265 hektar torpaq sahəsi 25 il müddətinə vətəndaş Cavabdeh icarəsinə verilmişdir. Cavabdeh Tərtər Rayon İcra Hakimiyyətini məlumatlandırmadan icarəyə götürdüyü torpaq sahəsindən təyinatı üzrə uyğun istifadə etməmiş, torpaq sahəsini ayrı-ayrı şəxslərə icarəyə verərək ondan gəlir mənbəyi kimi istifadə etmişdir. Dəfələrlə həmin şəxsin icarəyə götürdüyü torpaq sahəsinə baxış keçirilərkən sahənin təyinatı üzrə istifadə edilmədiyi, belə ki, əkin üçün yararlı olan 50 hektar torpaq sahəsinin əkilib-becərilmədiyi və sahədə icarəçinin deyil, ayrı-ayrı şəxslərin heyvan otardıqları müşahidə edilmiş və bununla bağlı müvafiq olaraq akt tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 42 nömrəli əmri ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrindən istifadəyə və icarəıyə verilməsi, habelə istifadə edilməsi haqqında qərarın İİİ bölməsinin 13-cü maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan yay, qış otlaq sahələri hüquqi və fiziki şəxslərə qısa müddətə bir qayda olaraq 10 ildən 15 ilədək verildiyi və 14-cü maddədə davarların baş sayı azaldıqda, yaxud sürü tamamilə sıradan çıxdıqda və ya onların mülkiyyətçisi dəyişdikdə istifadəsiz qalmış otlaq sahələrindən (yaxud onun bir hissəsindən) istifadə hüququna xitam verilir. Məlumat üçün bilririlmişdir ki, Tərtər rayon Hacıqərvənd kənd İƏD-i nümayədəliyinin təsərrüfatbaşına uçot kitabında Cavabdeh mülkiyyətində iri və xırda buynuzlu heyvanları - 2015-ci ildə 5 baş iri buynuzlu heyvan olmuş, 2016-2019-cu illərdə olmamış, 2020-ci ildə 104 baş xırda buynuzlu heyvan olmuş, 2021-2023-cü illərdə olmamışdır. Qeyd edilənlərlə yanaşı kənd təsərrüfatı məhsulu istehsalı məqsədi ilə icarəyə götürdüyü 50 hektar əkinə yararlı torpaq sahəsindən tam və səmərəli istifadə etməmişlər. Belə ki, kənd təsərrüfatı bitkilərinin əkilib-becərilməsinə görə dövlət büdcəsindən aldığı subsidiya – 2013-cü ildə 50 hektar, 2014-cü ildə 14 hektar, 2016-cı ildə 13 hektar, 2017- 2023-cü illərdə istifadə edilməmişdir. Tərtər Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli 2(061)-335/2024 nömrəli qətnaməsi ilə (hakim Kamil Rzayev) iddia təmin edilərək, cavabdeh Tərtər rayon Hacıqərvənd kənd sakini Cavabdeh ilə iddiaçı Tərtər Rayon İcra Hakimiyyəti arasında bağlanmış 16 aprel 2013-cü il tarixli 07 nömrəli icarə müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2016-cı ildə aprel döyüşlərinə görə ona icarəyə verilmiş torpaq sahəsindən çıxmışdır. Sonradan məlum olmuşdur ki, Tərtər Rayon İcra Hakimiyyəti torpaq sahəsini başqa şirkətə icarəyə verib. O, sahibkardır və 2015-ci ildə almışdır sonuncu subsidiyanı. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini qeyd edərək bildirmişdir ki, torpaq sahəsi uzun müddətdir Cavabdeh tərəfindən istifadə edilmir. 2016-cı ildə torpağın Cavabdeh icarə verilməsi barədə sərəncam qəbul edilmişdir. Həmin sahə hazırda faktiki olaraq iddiaçı tərəfindən başqa şirkətə verilmişdir. 2016-cı ilin aprel ayınadək torpaq sahəsi cavabdehin icarəsində olmuşdur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Tərtər Rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh ona icarə verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadı etməmişdir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Tərtər Rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 da digər nümayəndə Natiq Musayevlə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş VÖEN ********** fiziki şəxsin sahibkalıq uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. xx.xx.2013-cü il tarixli 07 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin təsdiq olunmuş surətindən görünür ki, Tərtər Rayon İcra Hakimiyyəti başçısının adından X2 gələcəkdə icarəçi adlanan Tərtər rayon Hacıqərvənd kənd sakini Cavabdeh şəxsində digər tərəfdən Tərtər rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 40 saylı sərəncamı əsasında 265 ha torpaq sahəsini 25 il müddətə icarəçinin istifadəsinə, kənd təsərrüfatı məhsulları əkib-becərmək, heyvandarlığın inkişafı üçün istifadə etmək məqsədi ilə vermişdir. İcarə haqqı xx.xx.2013-cü ildən hesablanmaqla “Kapital Bank”ın Tərtər filialında ********* hesabına ödənilir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, mülki işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, işə məhkəmə aidiyyəti pozulmaqla baxıldığına görə məhkəmənin qətnaməsi ləğv olunmalı, iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. Çünki «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 15ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 24.1 və 24.2-ci maddələri). Konstitusiyasının 62-ci maddəsindən çıxış etməklə Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsində də aidiyyət qaydalarının pozulmasına yol verilməməsi əksini tapmışdır. Məhkəmə kollegiyası xatırladır ki, iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində aidiyyət məsələsinin araşdırılması məhkəmənin vəzifəsi olmuşdur. Çünki verilmiş iddia üzrə məhkəmənin ilk növbədə fəaliyyəti MPM-nin 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünün yoxlanılmasından ibarətdir. Bu mümkünlük şərtlərindən biri iddianın məhkəmə aidiyyətinin müəyyən olunmasıdır. Əgər aidiyyət pozulmuşdursa, MPM-nin 152.1.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarır. Birinci instansiya məhkəməsi işin bu mərhələsində aidiyyətlə bağlı uyğunsuzluq müəyyən etməmişdir. Halbuki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanı tərəfindən ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. Yəni iddiaçı hüquqi şəxs, cavabdeh isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmuş, aralarında olan münaqişə isə sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı daxil oluqları iqtisadi xarakterli münasibətlərdən yaranmışdır. Qeyd edilməlidir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına görə, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə kollegiyası xatırladır ki, tərəflərin vergi ödəyicisi kimi qeydiyyata alınması və sahibkarlıq fəaliyyəti ilə məşğul olması onunla bağlı istənilən mübahisəyə baxılmasının məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə aid olması anlamına gəlmir. Çünki Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsində deyilir ki, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Qanunun tələbindən görünür ki, şəxsin sahibkar statusunun olmasına baxmayaraq mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa həmin mübahisələrə ümumi məhkəmədə baxılmalıdır. Sahibkarlıq fəaliyyətinin anlayışı «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində verilmişdir. Orada göstərilir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir. İddia tələbi təhlil olunarkən müəyyən olunur ki, tərəflər arasında olan mübahisə icarə hüquq münasibətlərindən qaynaqlanmışdır. İddiaçı dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirmək səlahiyyətində olan orqandır. Cavabdehin fəaliyyəti isə mənfəət əldə etməyə yönələn fəaliyyətidir. Cavabdeh iqtisadi həyat müstəvisində fəaliyyət göstərən subyektdir. Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən işə məhkəmə aidiyyəti qaydaları pozulmaqla baxılmışdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə ləğv olunmalı və iş materialları aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, cavabdehin hüquqi ünvanı Tərtər rayonu Hacıqərvənd kəndidir. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 26, 263-264, 384.0.4, 385.1.1, 387.2.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli 2(061)-335/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar