Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-133/2023 06.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Niftaliyev Rəsul Fərrux oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X9, cavabdehlər "xxxx" MMC-nin icraçı direktoru X6 və X5 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər "xxxx" MMC və X5 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26 yanvar 2018-ci il tarixli 2(043)-146/2018 nömrəli qətnaməsindən cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər "xxxx" MMC və X10 qarşı Gəncə İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, "xxxx" MMC-dən 24241,47 manat əsas, 10103,88 manat faiz olmaqla cəmi 34345,35 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu və tutmanın ipoteka predmtinə yönəldilməsi barədə bildirişin DƏDRX-də qeydiyyata alınması üçün ödənilmiş 31 manat dövlət rüsumu alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması; Tutmanın ipoteka ilə yüklü edilmiş X7 məxsus olan Gəncə şəhəri Kəpəz rayonu Dədə Qorqud küçəsi bina 22a mənzil 24 yönəldilərək hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti tərəflər arasında razılaşdırılmış 25000 manat müəyyən edilməsi; İpoteka ilə yüklü edilmiş Gəncə şəhəri Kəpəz rayonu Dədə Qorqud küçəsi bina 22a mənzil 24 satıldıqdan və mülkiyyətçi dəyişdikdən sonra qeydiyyatda olanların yaşayış hüquqlarına xitam verilərək boşadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 17 iyul 2017-ci il tarixli 2-2(83)- 153/2017 nömrəli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26 yanvar 2018-ci il tarixli 2(043)- 146/2018 nömrəli (hakim Y.Həşimov) qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə cavabdeh "xxxx" MMC-dən 24241,47 manat əsas borc, 10103,88 manat faiz borcu olmaqla cəmi 34345,35 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutulması; Tutma ipoteka predmti olan X7 məxsus olan Gəncə şəhəri Kəpəz rayonu Dədə Qorqud küçəsi bina 22a, 24 nömrəli mənzilə yönəldilməsi, həmin mənzil açıq hərracda satılmaqla əldə olunan vəsait borcun ödənilməsinə yönəldilməsi; Mənzilin ilkin satış qiyməti 30000 manat dəyərində müəyyən edilməsi; Ödənişlər həyata keçirildikdən sonra ipoteka predmtinin satışından əldə edilən vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılması; İddia tələbi digər hissədə rədd olunması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh X10 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə "xxxx" MMC-nin rəhbəri X4 arasında 27 aprel 2015-ci il tarixli 25 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya 36 ay müddətinə illik 28 faiz olmaqla 25000 manat kredit verilmişdir. Verilmiş kreditin qaytarılmasının təminatı kimi X5 mülkiyyətində olan Gəncə şəhərti Kəpəz rayonu Dədə Qorqud küçəsi ev 22a mənzil 24 bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Borclu kredit müqaviləsinin tələblərini pozaraq öhdəliyi vaxtında icra etməmiş və nəticədə 24241,47 manat əsas, 10103,88 manat faiz olmaqla cəmi 34345,35 manat borc yaranmışdır. İpoteka saxlayan ipoteka qoyana 05 aprel 2017-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 3 saylı Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiş həmin idarədə qeydə alınmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh X10 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, borcun düzgün müəyyən olunması üçün məhkəməmühasibatlıq ekspertizası təyin edilməmiş və ipoteka predmeti yenidən qiymətləndirilməmişdir. Həmçinin ona məxsus mənzil ipoteka ilə yüklü edilsədə, kredit verilməmişdir. Eləcədə tələb "xxxx" MMC-nin mülkiyyətində olan əmlaka yönəldilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X10 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, kreditin təminatı kimi mənzilini ipotekaya qoysada, lakin mənzilinin satılmasına etiraz edir. Borc "xxxx" MMC-nin mülkiyyətinə yönəlməlidir. X3 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmetinə tutmanın yönəldilməsi və açıq hərracda satılması hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X9 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin icraçı direktoru X6 izahatında bildirmişdir ki, cəmiyyət tərəfindən görülən işlərin pulu Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən ödənilməmiş, ona görə də kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməmişdir. X1 məhkəmə kollegiyasından apellyasiya şikayəti üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Verilmiş apellyasiya şikayətindən görünür ki, qətnamə “cavabdeh "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə 24241,47 manat əsas, 10103,88 manat faiz borcu, cəmi 34345,35 manat tutulması” və “ipoteka ilə yüklü edilmiş mənzilin ilkin satış qiymətinin 30000 manat dəyərində müəyyən edilməsi” hissədə mübahisələndirilmişdir. Qətnamə qalan hissədə mübahisələndirilmir. Qətnamə mübahisələndirilən hissədə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 27 aprel 2015-ci il tarixli 25 nömrəli nömrəli kredit xətti müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə 36 ay müddətində illik 28 faiz olmaqla 25000 manat kredit verilmişdir. 27 aprel 2015-ci il tarixli 25 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, X5 mülkiyyətində olan Gəncə şəhəri Kəpəz rayonu Dədə Qorqud küçəsi bina 22A mənzil 24 İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlak 30000 manat qiymətləndirilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 aprel 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, X5 mülkiyyətində olan Gəncə şəhəri Kəpəz rayonu Dədə Qorqud küçəsi bina 22A mənzil 24 İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Qətnamə mübahisələndirilən hissədə birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269, 317, 319, 385, 386, 442, 445, 448, 449, 462, 465, 467, 739 maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9, 34, 36, 39, 47, 59 maddələrinə istinad edərək iddia tələbini qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.6-cı maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1. maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2. maddəsinə görə isə, borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə görə, öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 445.2.1. maddəsinə əsasən isə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2. maddəsinə görə, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 449.3. maddəsinə görə, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 449.4. maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1. maddəsinə görə, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 464.1. maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 465.2. maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “İpoteka haqqında” Qanunun 11-ci maddəsinə görə, Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. Həmin Qanunun 34.1. maddəsinə görə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır; 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 41-ci maddəsinə görə,ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 41.4. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər.Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 36.1. maddəsinə görə,ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. maddəsinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Həmin Qanunun 36.3. maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 37-ci maddəsinə əsasən,. ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə görə, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1. maddəsində göstərilir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1. maddəsində göstərilir ki, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6. maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 27 aprel 2015-ci il tarixli 25 nömrəli kredit xətti müqaviləsinə əsasən sonuncuya 36 ay müddətində illik 28 faiz olmaqla 25000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə X5 mülkiyyətində olan ünvan 1, mənzil 24 İddiaçı ASC-nin xeyrinə 27 aprel 2015-ci il tarixli 25 nömrəli ipoteka müqaviləsi üzrə yüklü edilmiş və tərəflərin razılaşmasına əsasən həmin əmlak 30000 manat dəyərində qiymətləndirilmişdir. Borcalan "xxxx" MMC müqavilə üzrə öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən, kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir. Kollegiya qətnamə mübahisələndirilən hissədə, yəni cavabdeh "xxxx" MMCdən 24241,47 manat əsas borc, 10103,88 manat faiz borcu olmaqla, cəmi 34345,35 manat tutularaq İddiaçı ASC-yə verilməsi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, kredit müqaviləsi üzrə əsas və faiz borcun müqavilənin qüvvədə olduğu müddətə, yəni 27 aprel 2018-ci il tarixə nə qədər olmasını müəyyən etmək üçün apellyasiya icraatı zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2023-cü il tarixli 9/9346 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 27 aprel 2015-ci il traixli 25 nömrəli kredit müqaviləsinə əsasən 27 aprel 2018-ci il tarixə cavabdeh "xxxx" MMC-nin İddiaçı ASC-yə 24241,47 manat əsas, 17341,31 manat faiz borcu yaranmışdır. Kreditor iddia tələbində 24241,47 manat əsas, 10103,88 manat faiz, cəmi 34345,35 manat tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Ona görədə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlili bu hissədə əsassız olduğundan təmin edilməməli, qətnamə cavabdeh "xxxx" MMCdən İddiaçı ASC-nin xeyrinə 24241,47 manat əsas, 10103,88 manat faiz, cəmi 34345,35 manat tutulması hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamə mübahisələndirilən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin 30000 manat müəyyən olunması hissədə isə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsində isə ilkin satış qiymətinin anlayışı verilmişdir: ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “Likvid qiymət” dedikdə isə elə bir qiymət nəzərdə tutulur ki, girov əmlakın qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez realizə edilə (satıla) bilməsi mümkün olsun. Likvidlik sadəcə maddi dəyərləri (hazırki işdə girov əmlakı) pula çevirmək baxımından nəzəri imkan deyil, o həm də bunu cəld, rahat və maksimal dərəcədə faydalı şəkildə həyata keçirməkdir. Apellyasiya icraatı zamanı ipoteka ilə yüklü edilmiş X5 mülkiyyətində olan ünvan 1, mənzil 24 likvid dəyərinin müəyyən olunması barədə qiymətləndirmə təyin edilmiş və "xxxx" MMC-nin 23 yanvar 2023-cü il tarixli 009/GB/23 nömrəli qiymətləndirmə rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 24 nömrəli mənzilin likvid satış dəyəri 40000 manat müəyyən olunmuşdur. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlili bu hissədə əsaslı olduğundan təmin edilməli, qətnamə “ipoteka ilə yüklü edilmiş mənzilin ilkin satış qiyməti 30000 manat dəyərində müəyyən edilsin” hissədə dəyişdirilməli və həmin hissədə mənzilin likvid satış dəyəri 40000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3. maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26 yanvar 2018-ci il tarixli 2(043)-146/2018 nömrəli qətnaməsi “cavabdeh "xxxx" MMCdən İddiaçı ASC-nin xeyrinə 24241,47 manat əsas, 10103,88 manat faiz borcu, cəmi 34345,35 manat tutulması hissədə dəyişdirilmədən saxlanılmalı, qətnamə “ipoteka ilə yüklü edilmiş mənzilin ilkin satış qiyməti 30000 manat dəyərində müəyyən edilsin” hissədə dəyişdirilməli, həmin hissədə ünvan 1 ünvanında yerləşən 24 nömrəli mənzilin likvid satış qiyməti 40000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2023-cü il tarixli 9/9346 nömrəli ekspertiza xərcinə dair bildirişdən müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Eləcədə,"xxxx" MMC-nin 23 yanvar 2023-cü il tarixli 004 nömrəli hesab fakturasından müəyyən olunur ki, ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı aparılmış tədqiqatın dəyəri 300 manatdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1. maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdeh "xxxx" MMC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN 140155071, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944 SFİFT BİK: CTREAZ22 nömrəli hesabına ödənilməli, eləcədə ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı aparılmış tədqiqatın dəyəri 300 manat alınaraq "xxxx" MMC-nin VÖEN **********, "xxxx" ASC Abşeron filialı, VÖEN **********, m/h AZ03NABZ013501**********2944, kodu 805539, SWİFT Bik: İBAZAZ2X, H\h: AZ52İBAZ********************1 nömrəli hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26 yanvar 2018-ci il tarixli 2(043)- 146/2018 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “cavabdeh "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə 24241,47 manat əsas, 10103,88 manat faiz borcu, cəmi 34345,35 manat tutulması hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə “ipoteka ilə yüklü edilmiş mənzilin ilkin satış qiyməti 30000 manat dəyərində müəyyən edilsin” hissədə dəyişdirilsin. Həmin hissədə ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 24 nömrəli mənzilin likvid satış qiyməti 40000 manat müəyyən edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdeh "xxxx" MMCdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN 140155071, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944 SFİFT BİK: CTREAZ22 nömrəli hesabına ödənilsin. Eləcədə ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı aparılmış tədqiqatın dəyəri 300 manat cavabdeh "xxxx" alınaraq "xxxx" MMC-nin VÖEN **********, "xxxx" ASC Abşeron filialı, VÖEN **********, m/h AZ03NABZ013501**********2944, kodu 805539, SWİFT Bik: İBAZAZ2X, H\h: AZ52İBAZ********************1 nömrəli hesabına ödənilsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-133/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-133/2023
06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver