Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1332/2024 11.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-146/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bərdə Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 3(021)-902/2023 saylı qərarına əsasən Cavabdeh İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməsi qərara alınmışdır.
2. "xxxx" MMC tərəfindən verilmiş 13 may 2023-cü il tarixli rəydən görünür ki, “KİA" markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş və müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə ümumilikdə 7420 manat məbləğində ziyan dəymişdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6313 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən 2011-ci il buraxılışlı “Kia” markalı, CEED model, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 7410 manat müəyyən edilir-dəyişilməli hissələrin qiyməti 6250 manat; -təmir-bərpa işlərinin qiyməti-1160 manat.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona vurduğu 7420 manat miqdarında maddi ziyanın və ödənilmiş 95 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 22 avqust 1994-cü ildə Astara rayonu Siyəkəran kəndində anadan olmuşdur, həmin kənddə yaşayır. “KİA” markalı **-ED- *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın idarə edir. 10 may 2023-cü il tarixdə saat 15 radələrində idarə eldiyi “KİA" markalı **-ED-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Mingəçevir-Bəhrəmtəpə yolunun 76-cı km-də, yəni Bərdə rayonu Bəcirəvan kəndi ərazisindən keçən hissəsində hərəkət edərkən əks istiqamətdə hərəkət edən Bərdə rayonu Bəcirəvan kənd sakini Cavabdeh idarə etdiyi “VAZ-21063” markalı, **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla hərəkət zolağına çıxmış və idarə etdiyi avtomaşınla toqquşmuşdur. Hadisə nəticəsində xəsarət alan olmasa da, onun maşını əzilərək ona maddi ziyan dəymişdir. Baş vermiş hadisə barədə dövlət yol polis əməkdaşları gələrək araşdırma aparılmış, yol-nəqliyyat hadisəsinin sxemini çəkmişlər və hadisənin Cavabdeh təqsiri nəticəsində baş verdiyini müəyyən etmişlər. Yol polis əməkdaşları bu barədə inzibati xəta haqqında protokol tərtib etmiş və məhkəməyə göndərmişlər. Cavabdeh məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Hadisə nəticəsində onun idarə etdiyi avtomaşına dəymiş maddi ziyanı müəyyən etmək üçün onu "xxxx" MMC-yə göndərmişlər. “Kamran" MMC-də onun idarə etdiyi avtomaşına baxış keçirilmiş və avtomaşına dəymiş ümumi ziyanın məbləği 7420 manat olduğu müəyyən olunmuşdur. Əvvəlcə Cavabdeh dəymiş ziyanı ödəyəcəyini bildirsə də, sonradan cavabdeh ona dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Maddi ziyanla bağlı dəfələrlə cavabdehə müraciət etsə də, sonuncu ona vurduğu maddi ziyanı könüllü olaraq ödəməkdən yayınmışdır. Odur ki, Cavabdeh ona vurduğu ziyanı məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə müraciət etmişdir.
6. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-146/2024 saylı qətnaməsi ilə (hakim G.Abbasov) İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh 7410 (yeddi min dörd yüz on) manat məbləğində maddi ziyan və 95 (doxsan beş) manat məbləğində dövlət rüsumu, cəmi 7505 (yeddi min beş yüz beş) manat məbləğində vəsaitin alınaraq İddiaçı verilməsi, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin təqsiri nəticəsində iddiaçıya məxsus avtomobilə 7410 manat dəyərində maddi zərər dəyməsi sübuta yetirildiyindən iddia tələbi qismən, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6313 nömrəli rəyinə uyğun qaydada təmin edilməlidir.
8. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 21.2, 1096.1, 1096.2 və 1097-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
9. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-146/2024 saylı qətnaməsindən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, sözügedən qətnamə ilə razı deyildir. Belə ki, 10 may 2023-cü il tarixdə saat 15 radələrində idarə etdiyi “VAZ-21063” markalı, **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Bərdə rayonu Bəcirəvan kəndi ərazisində hərəkətdə olarkən İddiaçı idarə etdiyi “KİA" markalı, **-ED-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla toqquşmuş, nəticədə “KİA" markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomaşına maddi ziyan dəymişdir. Ancaq həmin maddi ziyanın araşdırılması üçün verilən ekspertizanın rəyi ilə razı deyil, rəydə dəymiş ziyanın məbləği şişirdilmişdir. İddiaçı ilə dəymiş ziyanı 4000 manat məbləğində razılaşsalar da, sonradan iddiaçı məhkəmədə 7420 manat maddi ziyanın ödənilməsi barədə iddia qaldırmışdır. Belə olan halda isə sözügedən ziyanın dəqiqləşdirilməsi üçün təkrar ekspertiza keçirilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də işin təkrar ekspertizaya göndərilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, əlavə olaraq bildirmiçdir ki, apellyasiya şikayətində iddiaçıya 4000 manat verəcəyi barədə razılaşdıqlarını bildirsə də, lakin yol-nəqliyyat hadisəsindən sonra iddiaçı ondan dəymiş ziyana görə 5000 manat tələb etmiş, o isə iddiaçıya 2000 manat təklif etmiş, lakin iddiaçı razılaşmamışdır. Hesab edir ki, avtomobilə dəymiş maddi ziyanın araşdırılması üçün verilən ekspertizanın rəyində dəymiş ziyanın məbləği şişirdilmişdir. Həmçinin bildirmişdir ki, yol nəqliyyat hadisəsinin baş verməsində hər iki tərəfin günahı olmuşdur. Buna görə də, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
13. İddiaçı məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
24. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Hazırkı apelyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-146/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. İşin hallarında görünür ki, iddiaçı 10 may 2023-cü il tarixdə saat 15 radələrində idarə eldiyi “KİA" markalı **-ED-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Mingəçevir- Bəhrəmtəpə yolunun 76-cı km-də, yəni Bərdə rayonu Bəcirəvan kəndi ərazisindən keçən hissəsində hərəkət edərkən əks istiqamətdə hərəkət edən Bərdə rayonu Bəcirəvan kənd sakini Cavabdeh idarə etdiyi “VAZ-21063” markalı, **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Bərdə Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6313 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə 7410 manat məbləğində ziyan dəymişdir.
30. Göründüyü ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçıya məxsus 2011-ci il buraxılışlı “Kia” markalı, CEED model, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın müəyyən edilməsi barədə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6313 nömrəli rəyindəki məbləğlər əsas götürülmüşdür.
31. Cavabdeh isə həm apellyasiya dəlillərində, həm məhkəmə kollegiyasının iclasında verdiyi izahatında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus avtomobilə dəymiş zərərin məbləği ilə razılaşmayaraq, avtomobilə dəyən zərərin şişirdildiyini, həmçinin yol nəqliyyat hadisəsinin hər iki tərəfin təqsiri ucbatından baş verdiyini bildirmiş, gətridiyi dəlillərini təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.
32. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 3(021)-902/2023 saylı qərarına əsasən Cavabdeh İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib barəsində 400 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir.
33. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-146/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-146/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-146/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.