Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-134/2023 19.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 İKB ASC-nin cavabdehlər Cavabdeh1, X14, X7 və X8 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin etibaranmə üzrə nümayəndəsi X9 və cavabdeh X14, eləcədə onun etibarnamə üzrə nümayəndəsi, vəkili X5 iştirakları ilə, İddiaçı1 İKB ASC-nin cavabdehlər Cavabdeh1, X14, X7 və X8 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli 2(043)-3275/2018 nömrəli qətnaməsindən cavabdeh X14 tərəfindən verilmiş apellyasiya şikayətinə 19 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 08 oktyabr 2014-cü il tarixli 10-G-1-0-2077-14 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı1 İKB ASC tərəfindən Cavabdeh1 illik 25 faizl dərəcəsi olmaqla, 60 ay müddətinə, 30000 manat kredit verilmişdir.
2. 09 oktyabr 2014-cü il tarixli 10-G-1-0-2077-14 nömrəli ipoteka müqaviləsinin sürətindən görünür ki, X12 məxsus Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi V- 13 məhəllə sahə 19 yerləşən ümumi sahəsi 135,7 kv.m olan 2 otaqlı fərdi yaşayış evi 08 oktyabr 2014-cü il tarixli 10-G-1-0-2077-14 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinin təminatı məqsədilə İddiaçı1 İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmeti 75000 manat dəyərində qiymətləndirilmişdir.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reysterindən 05 may 2010-cu il tarixli MA serialı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi məhəllə V-13 sahə 19 ünvanında yerləşən fərdi yaşayış evi X10 mülkiyyətindədir.
4. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reysterindən 10 oktyabr 2014-cü il tarixli RX serialı, ******* nömrəli çıxarışın surətindən görünür ki, X10 mülkiyyətində olan Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi məhəllə V-13 sahə 19 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 oktyabr 2018-ci il tarixli 26765 nömrəli rəyindən görünür ki, Cavabdeh1 ilə İddiaçı1 İKB ASC arasında bağlanmış 08 oktyabr 2014-cü il tarixli 10-G-1-0-2077- 14 nömrəli kredit müqaviləsi üzrə 23 may 2018-ci il tarixə 27140,84 manat əsas, 17830,02 manat faiz borcu var.
6. "xxxx" MMC-nin 20 noyabr 2018-ci il tarixli 178/1-1 nömrəli rəyindən görünür ki, X10 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, V-13, sahə 19 ünvanında yerləşən fərdi yaşayış evinin dəyəri 100000 manat qiymətləndirilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı1 İKB ASC cavabdehlər Cavabdeh1, X14, X7 və X8 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi qarşı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 27087,79 manat əsas 17791,11 manat faiz, 1742,86 manat cərimə olmaqla, ümumilikdə 46621,76 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı alınaraq İddiaçı1 İKB ASC-nin xeyrinə ödənilməsi; X1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V13, sahə 19-da yerləşən 2 otaqlı, 135,7 kv.m ümumi, 55,6 kv.m yaşayış, 80,1 kv.m yardımçı sahədən ibarət yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun hərracdan əldə olunan vəsait hesabına İddiaçı1 İKB ASC-yə ödənilməsi; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; X12 məxsus olan Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə V-13, sahə 19-da yerləşən, 2 otaqlı, 135,7 kv.m ümumi, 55,6 kv.m yaşayış, 80,1 kv.m yaradımçı sahədən ibarət fərdi yaşayış evinə 0.04 ha torpaq sahəsinə yönəldikdə və satıldıqdan 1 ay sonra X15, X14, X7 və X6 həmin əmlaka istifadə hüquqlarının itirilmiş hesab edilməsi, fərdi yaşayış evindən çıxarılmaları, boşaldılması və banka təhvil verilməsi; Cavabdeh1 Nizmai oğlu İddiaçı1 İKB ASC arasında bağlanmış 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 İKB ASC ilə Cavabdeh1 arasında “08 oktyabr 2014-cü il tarixli 10-G-1-0-2077-14 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya illik 25 faizl dərəcəsi olmaqla, 60 ay müddətinə, 30000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqəsədi ilə X12 məxsus Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi V-13 məhəllə sahə 19 yerləşən ümumi sahəsi 135,7 kv.m olan 2 otaqlı fərdi yaşayış evi İddiaçı1 İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət reyestrində qeydə alınmışdır. Lakin borclu öhdəliklərini tam icra etməmiş və nəticədə 27087,79 manat əsas 17791,11 manat faiz, 1742,86 manat cərimə olmaqla, ümumilikdə 46621,76 manat borc yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırmışdır. Buna görə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmiş və qeydə alınmışdır. Müddət keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibət bildirməmişdir.
9. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli 2(043)-3275/2018 nömrəli (hakim Y.Həşimov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi ləğv olunması; Cavabdeh1 "xxxx" İKB ASC-nin xeyrinə 27087,79 manat əsas borc, 17791,11 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 44928,9 manat və ödənilməmiş 30 manat dövlət rüsumu tutulması; Tutma ipoteka predmenti olan Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi V-13 sahə 19-da yerləşən fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlak açıq hərracda satılmaqla əldə olunan vəsait borcun ödənilməsinə yönəldilməsi; Daşınmaz əmlakın ilkin satış qiyməti 100000 manat dəyərində müəyyən edilməsi; Ödənişlər həyata keçirildikdən sonra ipoteka predmentinin satışından əldə edilən vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılması; Cavabdeh1 iş üzrə aparılmış tədqiqatlara görə 100 manat pul tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ41NABZ********************), 200 manat pul tutularaq "xxxx" MMC-nin hesabına (AZ66AİİB********************) köçürülməsi; İddia tələbi digər hissədə rədd olunması qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.7, 279, 295, 317.1, 319.1, 319.6, 421.2, 442, 443.1, 445.1, 448.1, 467, 739, 741 maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 36 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 214, 217, 216-220, 227, 357, 360, 362-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh X14 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, Nizami Verdiyev onun atasıdır və 2017-ci ildə vəfat etmişdir. Bank isə 2018-ci ildə ölmüş şəxsə qarşı iddia qaldırmış və hüquqi varisini müəyyən etməmişdir. Mübahisələndirilən qətnamədən məlumatsız olmuş və Hərrac Mərkəzinin məktubunu aldıqdan sonra xəbərdar olmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X14 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evində yaşayır, qardaşı isə başqa yerdə yaşayır. İpoteka predmetinin ilkin satış qiyməti 100000 manat müəyyən olunmasına etiraz etmir. X3 məhkəmə kollegiyasından apellyasiya şikayəti üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X11 etibarnamə üzrə nümayəndəsi (vəkil) X13 da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayəti üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin etibaranmə üzrə nümayəndəsi X9 apellyasiya şikayətini qıbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti 100000 manat müəyyən olunmasına etiraz etmir. X2 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmaması xahiş etmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, X7 və X8 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
19. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
20. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
21. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
22. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
23. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
26. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
28. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
29. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. Maddə 449 Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
31. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.
32. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.
33. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1. maddəsinə görə, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
34. Maddə 464.1. Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər.
35. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
36. Maddə 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
“İpoteka haqqında” Qanun
37. Maddə 11. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur.
38. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır; 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
39. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. maddəsinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası.
40. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.
41. Maddə 37 İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır.
42. Maddə 41. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 41.4. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər.Hərrac açıq auksion formasında keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
48. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
49. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
50. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
52. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, qətnamə tamamilə mübahisələndirilmişdir. Ona görə də hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
53. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2023-cü il tarixli 2(104)-134/2023 nömrəli qərardadı ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli 2(043)-3275/2018 nömrəli qətnaməsi iddia tələbinin Gəncə şəhəri, Kəpəz Rayonu, Sadıllı qəsəbəsi, məhəllə V-13, sahə 19-da yerləşən 2 otaqlı, 135,7 kv.m ümumi, 55,6 kv.m yaşayış, 80,1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra X10 istifadə hüququnun itirilmiş hesab edilməsi və onun həmin fərdi yaşayış evindən çıxarılmasının təmin edilməməsi hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
54. Qətnamənin mübahisələndirilən digər hissəsinə münasibətdə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
55. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı1 İKB ASC ilə Cavabdeh1 arasında 08 oktyabr 2014-cü il tarixli 10-G-1-0-2077-14 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya illik 25 faizl dərəcəsi olmaqla, 60 ay müddətinə, 30000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi V-13 məhəllə sahə 19 yerləşən ümumi sahəsi 135,7 kv.m olan 2 otaqlı fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Borclu kredit müqaviləsi üzrə öhdəlikləri lazımı qaydada icra etmədiyinə görə kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 oktyabr 2018-ci il tarixli 26765 nömrəli rəyini, eləcədə "xxxx" MMC-nin 20 noyabr 2018-ci il tarixli 178/1-1 nömrəli rəyini nəzərə alaraq kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi hissədə iddianı təmin etmiş, ipoteka predmetinin ilkin satış qiymətini 100000 manat dəyərində qiymətləndirmişdir.
56. Bu qətnamənin 54-cü bəndində də qeyd olunduğu kimi kollegiya İddiaçı1 İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 08 oktyabr 2014-cü il tarixli 10-G-1-0- 2077-14 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi ləğv olunması; Cavabdeh1 "xxxx" İKB ASC-nin xeyrinə 27087,79 manat əsas borc, 17791,11 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 44928,9 manat və ödənilməmiş 30 manat dövlət rüsumu tutulması; Tutma ipoteka predmeti olan Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi V-13 sahə 19-da yerləşən fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlak açıq hərracda satılmaqla əldə olunan vəsait borcun ödənilməsinə yönəldilməsi; Daşınmaz əmlakın ilkin satış qiyməti 100000 manat dəyərində müəyyən edilməsi; Ödənişlər həyata keçirildikdən sonra ipoteka predmentinin satışından əldə edilən vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılması hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və gəldiyi nəticəni onunla əsaslandırır ki, tərəflər arasında bağlanmış müqavilə üzrə kreditor öhdəliklərini tam, yəni müəyyən olunmuş məbləğdə vəsaiti borclunun mülkiyyətinə versədə, lakin borcalan öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Halbu ki, borclandırıcı əqd onu bağlayan şəxs üçün öhdəlik əmələ gətirən əqd deməkdir və bu halda tərəflər öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə və öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Yuxarıda da qeyd olunduğu kimi kreditor müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, borcalan Cavabdeh1 isə götürmüş olduğu öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir.
57. İpoteka predmetinin ilkin satış qiymətinə münasibətdə isə məhkəmə kollegiyası onu qeyd edir ki, apellyasiya icraatı zamanı əmlakın likvid dəyərinin qiymətləndirilməsi ilə bağlı məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertizası Mərkəzinin 14 aprel 2023-cü il tarixli 10/8599-9/9296 nömrəli ekspert rəyi ilə Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi V-13 nsahə 19 ünvanında yerləşən fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsinin hazırki likvid dəyəri təqribən 85000 manat müəyyən edilmişdir.
58. Apellyasiya icraatı zamanı tərəflər ipoteka predmeti olan Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi V-13 nsahə 19 ünvanında yerləşən fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsinin ilkin satış qiymətinin birinci instansiya məhkəməsi tərəfindən 100000 manat dəyərində qiymətləndirilməsini mübahisələndirmədiyi üçün, kollegiya qətnamənin həmin hissədə dəyişdirilməsinə zərurət görmür.
59. Borcalan Cavabdeh1 öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən kollegiyası hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat sonuncudan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN 140155071, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 nömrəli hesabına ödənilməlidir.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli 2(043)- 3275/2018 nömrəli qətnaməsi İddiaçı1 İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 08 oktyabr 2014-cü il tarixli 10-G-1-0-2077-14 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi ləğv olunması, Cavabdeh1 "xxxx" İKB ASC-nin xeyrinə 27087,79 manat əsas borc, 17791,11 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 44928,9 manat və ödənilməmiş 30 manat dövlət rüsumu tutulması, tutma ipoteka predmeti olan Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi V-13 sahə 19da yerləşən fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlak açıq hərracda satılmaqla əldə olunan vəsait borcun ödənilməsinə yönəldilməsi, daşınmaz əmlakın ilkin satış qiyməti 100000 manat dəyərində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmentinin satışından əldə edilən vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılması” hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN 140155071, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 nömrəli hesabına ödənilsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.