Məhkəmə qərarları › İş №2(104)-134/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-134/2025

17.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-134/2025 17.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maddi ziyanın ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər – Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X5 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2(125)-166/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 17 mart 2025ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ********** qeydiyyat nömrəli, 13 oktyabr 2022-ci il tarixli, **********23-05101- 093005 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı mülkiyyətindədir.

2. Gəncə şəhəri MKTİB-nin rəisi X10, ödənişlər üzrə nəzarətçi X4, həmin sahənin işçisi X6 tərəfindən tərtib olunmuş 10 iyul 2023-cü il tarixli aktdan görünür ki, Gəncə şəhəri, Mahrasa Bağı, bina 5, 41 saylı mənzilin sahibi İddiaçı müraciəti əsasında mənzilə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Gəncə şəhəri, Mahrasa Bağı, bina 5, mənzil 43-dən İddiaçı mənzilinə çirkab suları tökülür. Gəncə şəhəri, Mahrasa Bağı, bina 5, mənzil 43 Cavabdeh2 məxsusdur. Onlar həmin mənzilə də baxış keçirmişlər. Cavabdeh2 onlara bildirmişdir ki, tökülən çirkab suları onun mənzilindən tökülmür. 41 saylı mənzilə suyun axıdılması nəticəsində İddiaçı mənzilinə ciddi ziyan dəymişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ona məxsus ünvan 1 ünvanda yerləşən mənzilə suyun axıdılmasının qarşısının alınması, suyun axıdılması nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 3000 (üç min) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur və mülkiyyət hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada qeydə alınmışdır. Yaşadığı mənzildə kifayət qədər şəxsi vəsait hesabına təmir işləri aparmışdır. Mənzilin yerləşdiyi bina 5 mərtəbədən ibarətdir. Onun mənzili binanın 3-cü mərtəbəsində yerləşir. Həmin binanın 4-cü mərtəbəsində yerləşən 43 nömrəli mənzil isə üst qonşusu (cavabdehə) məxsusdur. Cavabdehin mənzilində su və kanalizasiya sistemi düzgün quraşdırılmadığından bir neçə dəfə su axıdılması nəticəsində yaşadığı mənzilə xeyli zərər dəymişdir. Qonşusu tərəfindən davamlı olaraq yaşadığı mənzilin hamam otağına, mətbəxinə və dəhlizinə su axıdığından tavan hissə daima nəmli olur. Mətbəxin giriş hissəsində divar kağızları qopub tökülür. Həmçinin yaşadığı mərtəbədə çöl tərəfdən, giriş qapısının yan hissəsi də nəm çəkir. Mülkiyyətində olan mənzilə 43 nömrəli mənzildən suyun axıdılması və sızması işin mübahisəsiz halıdır. Bu barədə 06 iyul 2023-cü il tarixdə Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 3 saylı xidmət sahəsinə də ərizə ilə müraciət etmişdir. MKİTB-nin məsul işçiləri tərəfindən 10 iyul 2023-cü il tarixdə həmin mənzillərə baxış keçirilmiş və mənzilinə çirkab sularının axıdılması öz barədə akt tərtib edilmişdir.

5. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Cavabdeh2 vurulmuş maddi ziyanın əvəzi olaraq, 1605 (bir min altı yüz beş) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun cavabdehdən tutularaq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Gəncə Şəhər Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2(125)-166/2024 nömrəli qətnaməsi (hakim Z. İmanov) ilə, iddianın təmin edilməsi; Cavabdeh2 vurulmuş maddi ziyana görə 1605 (bir min altı yüz beş) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 36,05 (otuz altı manat beş qəpik) manatı tutulub İddiaçı ödənilməsi; məhkəmə xərci qismində iş üzrə keçirilmiş məhkəmə mühəndis-tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh2 tutularaq, X2 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 386.1, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.3-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4, 216-220, 360 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə şəhər MKTİB-nin əməkdaşlarının tərtib etdiyi 10 iyul 2023-cü il tarixli akt saxtadır, belə ki, aktda göstərilən şəxslərdən biri, yəni MKTİBdə nəzarətçi işləyən (pul yığan) X4 mənzilə gəlmiş, heç bir baxış aparmadan çıxıb getmişdir. Sonradan ona məlum olmuşdur ki, güya onun mənzilinə Gülcan Süleymanovadan başqa, Gəncə şəhər MKTİB-nin rəisi X10 və həmin sahədə zibil yığan X6 da baxış keçirib və akt tərtib ediblər. Əslində mənzilinə ziyan dəyməsi ilə bağlı oda, Gəncə şəhər MKTİB-nə müraciət etmişdi. Müraciətinə cavab olaraq Gəncə şəhər MKTİB-nin sahə rəisi X11, həmin sahənin ödənişlər üzrə nəzarətçisi X4 və həmin sahənin dispeçer əlaqələndiricisi X7 tərəfinədən baxış keçirilərək, 17 may 2024-cü il tarixli akt tərtib edilmişdir. Həmin aktda göstərilmişdir ki, 43 saylı mənzilə su 45 saylı mənzilidən, yəni üst mərtəbədə yaşayan qonşusu X1 mənzilindən axıdılır. 15 aprel 2024-cü il tarixli aktda isə qeyd olunmuşdur ki, Gəncə şəhəri, Məhrəsə bağı 5 nömrəli binanın 41 nömrəli mənzilinə su sızması ilə bağlı Birliyə daxil olmuş xidməti məlumata əsasən, sözügedən ünvana vizual texniki baxış keçirilmiş, baxış zamanı binanın 5-ci mərtəbəsində yerləşən X3 məxsus 45 nömrəli mənzilin hamam otağından 4-cü mərtrəbədə yerləşən Cavabdeh2 məxsus 43 nömrəli mənzilə, oradan da 3-cü mərtəbədə yerləşən İddiaçı məxsus 41 nömrəli mənzilə su sızması nəticəsində hər iki mənzilin hamam otağının və mətbəxinin divar və tavanında qabarma və saralmalar müəyyən edildi. 1) 41 nömrəli mənzilin mətbəxinin divarında 2,6 kv.metr, tavanında 3,7 kv.metr; 2) 43 nömrəli mənzilin mətbəxinin divarında 1,6 kv.metr, tavanında 7,2 kv.metr; Məhrəsə bağı 5 nömrəli binanın 42 nömrəli mənzilinin sanitar qovşağından su sızması nəticəsində isə pilləkən meydançasının divarında (5,3 kv.metr) suvağın qabarması və saralması müşahidə edildi. Göründüyü kimi onun təqsiri ucbatından mənzilindən alt qonşuya su axıdılmayıb.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, 45 saylı mənzilin sahibi yaşlı qadın olduğundan mənzilə nəzarət edə bilməmiş və nəticədə həmin mənzildən su onun mənzilinə axmış, onun mənzilindən də 41 saylı mənzilə keçmişdir. İşin qeyd olunan bu halı Gəncə şəhər MKTİB-nin əməkdaşlarının tərtib etdiyi 15 aprel 2024-cü il tarixli aktda da göstərilmişdir. Məhkəmə isə bunları nəzərə almamışdır. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cavabdehə məxsus sanitar qovşaq yararsız olduğundan onun mənzilinə su axmışdır. Mənzilinə suyun axıdılması ilə əlaqədar cavabdeh tərəfə irad bildirsədə, lakin cavabdehin qardaşı Samir onu təhqir etmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

16. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

18. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

26. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

27. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

29. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

33. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Məhrəsə Bağı, 5 nömrəli binanın 41-ci mənzilinə həmin binanın 4-cü mərtəbəsində yerləşən 43 nömrəli mənzildən axıdılmış çirkab sular nəticəsində zərər dəyməsini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan 41 saylı mənzilə 43 saylı mənzildən su axıdılması nəticəsində mənzilin dəhliz və mətbəxt tikililərinə ziyan vurulmuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, 41 saylı mənzilə su sızması 43 saylı mənzilin su-kanlzasiya xətlərində yaranmış nasazlıq səbəbindən baş verə bilər.

34. Məhkəmə kollegiyası birinci inbstansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

35. Kollegiya ilkin olaraq qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə mühəndis-tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Həmin Mərkəzin verdiyi 09 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/7587 nömrəli rəydə qeyd olunmuşdur ki, tədqiq olunan 41 saylı mənzilin bir yaşayış otağı, dəhliz, hamam və ayaqyolu tikintisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəlmiş, həmin qüsurların su sızmaya xarakterik olduğu, həmçinin, mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Gəncə şəhəri, Məhrəsə bağı, ünvanında inşa edilmiş 5 saylı binanın 41 saylı mənzilinə, həmin mənzilin üst mərtəbəsində yerləşən 43 saylı mənzildən su axıdıldığı və nəticədə 41 saylı mənzilin dəhliz və mətbəx tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. 43 saylı mənzildə təmir-bərpa işləri aparıldığından, 41 saylı mənzilə su sızmasının texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Qeyd olunur ki, su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 41 saylı mənzilə su sızması 43 saylı mənzilin su-kanalizasiya xətlərində yaranmış nasazlıq səbəbindən baş verə bilər. İddiaçı məxsus, Gəncə şəhəri, Məhrəsə bağı ünvanında inşa edilmiş 5 saylı binanın 41 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1605 manat müəyyən olunmuşdur.

37. Yuxarıda qeyd olunan ekspert rəyində 41 saylı mənzilə su sızmasının texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Ona görə də apellyasiya icraatı zamanı iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2025-ci il tarixli, 3-16-16/2-10/6968/2024 nömrəli (əlavə məhkəmə tikinti-texniki ekspertiza) rəydə ekspert qeyd etmişdir ki, İddiaçı məxsus 41 saylı mənzilin mətbəx və dəhliz tikililərinin tavan və divarlarında yaranmış qüsurların, Cavabdeh2 yaşadığı 43 saylı mənzilin dəhliz və mətbəx tikililərinin tavan və divarlarında yaranmış qüsurlarla eynilik təşkil etməsini, həmin qüsurların eyni proeksiyada olduğunu nəzərə alaraq, Gəncə şəhəri, Məhrəsə Bağı ünvanında inşa edilmiş 5 saylı binanın 45 saylı mənzilində 43 saylı mənzilinə, 43 saylı mənzildən isə 41 saylı mənzilə su axıdıldığı müəyyən edilmişdir.

39. İddiaçı mülkiyyətində olan 41 nömrəli mənzilin dəhliz və mətbəx tikililərinə 43 saylı mənzildən su sızması nəticəsində zərər dəyməsi müəyyən olunsada, lakin kollegiya hesab edir ki, həmin zərər 43 saylı mənzilin mülkiyyətçisi, eləcədə həmin mənzildə yaşayan digər şəxslərin təqsirli, yəni hüquqa zidd hərəkət və ya hərəkətsizliyi səbəbindən baş verməmişdir. 41 saylı mənzilə dəyən zərər binanın 45 saylı mənzildən 43 saylı mənzilə suyun axıdılması, oradanda 41 saylı mənzilə keçməsi nəticəsində yaranmışdır. Bu halda, 43 saylı mənzilin mülkiyyətçisi 41 saylı mənzilə dəyən zərərə görə delikt məsuliyyəti daşımır. Bu da onu deməyə əsas verir ki, 41 saylı mənzilə dəyən zərərin əvəzinin 43 saylı mənzilin mülkiyyətçisindən tutulması özlüyündə istisna olunur.

40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair 09 fevral 2024-cü il tarixli 3-16-16/2-10/7587 nömrəli və 28 yanvar 2025-ci il tarixli 10/6968 nömrəli bildirişlərindən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 150 manat (50+100=150) manat təşkil edir.

41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Həmin Məcəllənin 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

43. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 150 manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ ******************** SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir.

44. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2(125)-166/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh2 qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının ümumi dəyəri 150 manat İddiaçı tutularaq Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142545, büdcə səviyyəsinin kodu 3 hesaba keşirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar