Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1341/2025 14.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X1 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, iddiaçı “X1 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra- BOKT) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 29 aprel 2025-ci il tаrixli qətnaməsindən BOKT tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları BOKT ilə cavabdeh arasında 15 dekabr 2016-ci il il tarixli, 275/2016 nömrəli təminatsız kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən BOKT tərəfindən cavabdehə illik 27 % dərəcəsi ilə, 12 ay müddətinə 1600 manat məbləğində kredit verilmişdir. BOKT tərəfindən verilmiş maliyyə arayışına əsasən xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2024-cü il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 1513,2 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 490,48 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2016-cı il tarixli, 275/2016 nömrəli kredit müqaviləsi üzrə 1513,20 manat, 490,48 manat faiz borcu olmaqla, cəmi 2003,68 manat kredit borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsinin şərtləri pozaraq öhdəliklərini icra etməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə ödəniş etmişdir. Cavabdeh iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qazax Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) e-2(023)-236/2025 nömrəli iş üzrə 29 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim N.Musayev) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinad edərək mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə başa çatmışdır. İddiaçı isə kredit müqaviləsinin müddətinin başa çatdığı vaxtdan sonrakı dövrdə cavabdeh tərəfindən ödəniş edilməsini təsdiq edən sübutunu məhkəməyə təqdim etməmişdir. Belə olan halda sözügedən kredit müqaviləsi üzrə iddia müddətinin axımı xx.xx.2017-ci il tarixdən başlamışdır. İşin materiallarından görünür ki, iddia ərizəsini xx.xx.2024-cü il tarixdə elektron məhkəmə portalı vasitəsilə məhkəməyə daxil olmuşdur. Buna görə də iddia müddətinin axımının xx.xx.2017-ci il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2, 385.1, 442, 448.1, 739.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. BOKT apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə iddia müddətinin xx.xx.2017-ci il tarixdən başladığını əsas götürmüş, lakin iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən 20 manat ödənişin həyata keçirildiyini sübut etmişdir. Bu ödəniş iddia müddətinin axımına yenidən başlanması üçün əsas olmalıdır. Cavabdehin ödənişi inkar etməsi, iddiaçının hesabdan çıxarışın təqdim edilməsi ilə bu ödənişin sübuta yetirilməsi iddia müddətinin uzandığını göstərir. Cavabdeh iddiaçı tərəfindən təqdim olunan ödəniş çıxarışını əsassız olaraq inkar etmiş, lakin bu ödənişin əslində onun tərəfindən edilmədiyinə dair heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumnun xx.xx.2013-cü il tarixli Qərarında göstərildiyi kimi, iddia müddəti yalnız borclunun öhdəliyi icra etmədiyi andan başlayır. xx.xx.2022-ci il tarixli ödəniş iddia müddətini kəsir və yeni müddətə başlanır, bu halda iddia müddəti 2022-ci ildən hesablanmalıdır. Bu isə 2024-cü ilin dekabrında verilən iddia ərizəsinin vaxtında olmasını təsdiq edir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin hüquqi əhəmiyyətini və sübut dəyərini yetərincə nəzərə almamış, işə birtərəfli yanaşma nümayiş etdirmişdir. İddiaçı tərəfindən təqdim olunmuş arayış, çıxarış və digər sənədlər cavabdehin borclu olduğunu sübut etmək üçün yetərlidir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, BOKT apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən birinci instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi tərəflər arasında mövcud mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış “kredit müqaviləsinə” əsasən BOKT cavabdehə 1600 manat borc vermiş, cavabdeh isə həmin məbləği faizi ilə birlikdə BOKT-a vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşin hallarından müəyyən edilir və cavabdeh tərəfindən mübahisə edilmir ki, cavabdeh müqavilə üzrə BOKT qarşısında üzərinə götürdüyü öhdəlikləri lazimi qaydada icra etməmiş, BOKT-a olan borcunu ödəməmiş və nəticədə onun BOKT-a 1513,20 manat əsas və 490,48 manat faiz olmaqla, ümumilikdə 2003,68 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdehin iddiaçı BOKT qarşısında icra edilməmiş öhdəliyi mövcuddur. Lakin buna baxmayaraq, həmin öhdəliyin icra edilməsi üçün qanunla müəyyən edilmiş iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən hazırki iddia tələbinə iddia müddəti tətbiq edilməli və bu səbəbdən iddia təmin olunmamalıdır. BOKT apellyasiya şikayətində qeyd edir ki, iddia müddətini ötürməmişdir. Belə ki, cavabdeh 02 noyabr 2022-ci ildə kredit borcu üzrə ödəniş etmişdir ki, bu da iddia müddətinin axımının kəsilməsinə səbəb olur. Yəni iddia müddətinin axımı xx.xx.2022-ci ildən başlamalıdır, iddia ərizəsi isə məhkəməyə 2024-cü ilin dekabr ayında, iddia müddəti ötürülmədən verilmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı kredit müqaviləsi ilə müəyyən edilmiş on iki aylıq müddət bitdiyi tarixdən- 12 dekabr 2017-ci il tarixdən hesablanmalıdır. BOKT tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan müəyyən olunur ki, cavabdeh kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində sonuncu ödənişi 24 may 2017-ci il tarixdə etmişdir. 12 dekabr 2017-ci ildə başlayan iddia müddətinin axımı isə 3 il sonra, yəni 12 dekabr 2020-ci ildə bitmişdir. Qeyd olunan müddət aralığında cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. Bu işin mübahisələndirilməyən halıdır. Bokt isə bildirir ki, cavabdeh xx.xx.2022-ci ildə kredit müqaviləsi üzrə 20 manat ödəniş etmişdir ki, bu da iddia müddətinin axımının kəsilməsinə səbəb olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia müddəti bitdikdən sonra borclu, hazırki iş üzrə cavabdeh tərəfindən öhdəliyin icrasına yönələn hər hansı hərəkətin yerinə yetirilməsi(borcun ödənilməsi kimi) iddia müddətinin axımının kəsilməsinə səbəb olmur. Göründüyü kimi iddia müddəti xx.xx.2017-ci il tarixdə başlanmış və xx.xx.2020-ci il tarixdə bitmişdir ki, iddiaçı iddia müddəti ərzində məhkəməyə müraciət etməmiş və sonuncunun hazırki iddia tələbi ilə məhkəməyə müraciəti xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. İddiaçı məhkəməyə müraciət edərkən onun müraciəti iddia müddətinin bitməsindən sonra baş verdiyindən bitmiş iddia müddətinin axımına təsir etməmiş və iddia müddətinin kəsilməsinə səbəb olan halların(cavabdehin borcu iddia müddətində ödəməsi) baş verməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. İşə birinci instansiyası məhkəməsində baxıldığı zaman cavabdeh “iddia müddətinin tətbiqi barədə ərizə” ilə birinci instansiyası məhkəməsinə müraciət edərək iddiaçının borc tələbinə dair iddiasına iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Birinci instansiyası məhkəməsi də iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən halların, yəni iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının mövcud olmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq iddianı təmin etməmişdir. Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi iddianı təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı “X1 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Qazax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 aprel 2025-ci il tаrixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1341/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1341/2025
14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver