Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1342/2023 06.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: “borcun tutulması” tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-860/2023 saylı mülki iş üzrə 07 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış GTKR4661555A299 saylı Kredit müqaviləsinə əsasən onun kartına 35 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 4000 manat məbləğində pul mədaxil edilmişdir.
2. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, GTKR4661555A299 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 3471,56 manat əsas; 390,22 manat faiz; cəmi 3861,78 manat borcu yaranmışdır.
3. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3471,56 manat əsas; 390,22 manat faiz; cəmi 3861,78 manat pul vəsaitinin və 58,62 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış GTKR4661555A299 saylı Kredit müqaviləsinə əsasən onun kartına 15 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 4000 manat məbləğində pul mədaxil edilmişdir. Daha dəqiq deyilsə kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və hesabdan çıxarışdır. Cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 3471,56 manat əsas; 390,22 manat; cəmi 3861,78 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır.
7. Şəmkir Rayon Məhkəməsinin 2(076)-860/2023 saylı mülki iş üzrə 07 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 3471,56 manat əsas; 390,22 manat faiz borc olmaqla cəmi 3861,78 (üç min səkkiz yüz altmış bir manat yetmiş səkkiz qəpik) manat borc məbləği və məhkəmə xərci qismində 58,62 (əlli səkkiz manat altmış iki qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu yaranmışdır. Cavabdeh əsas borcunu vaxtında ödəməmiş, bununla da iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq faiz borcu hesablamış və tələb etmək hüququ yaranmışdır. İddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin 2(076)-860/2023 saylı mülki iş üzrə 07 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi ədalətsizdir. Belə ki, iddiaçı ilə aralarında kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən o, 4000 manat pul götürmüşdür. Həmin puldan bir qismini ödəmişdir. Məhkəmə tərəfindən düzgün araşdırma aparılmadan cəmi 3861.78 manat dəyərində kredit müəyyən edilmişdir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməmişdir. Məhkəmə sübutlara obyektiv və qərəzsiz qiymət verməmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş İddiaçı ASCnin nümayəndəsi və Cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 12.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 385.1 – öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 390.5 - müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
15. Maddə 399.1 - müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
16. Maddə 442 - Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə 443.1 - Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
18. Maddə 739.1 - Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Prosessual hüquq normaları
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 76.1 - tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
20. Maddə 76.2 - bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
21. Maddə 77.1 – hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88 - məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 106.1 - işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
Apellyasiya baxışının hədləri
24. Maddə 372.1 - apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
25. Maddə 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Maddə 385.2 - birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
27. Maddə 402.1 - mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, işin məhkəmədə müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış GTKR4661555A299 saylı Kredit müqaviləsinə əsasən onun kartına 15 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 4000 manat məbləğində pul mədaxil edilmişdir. Daha dəqiq deyilsə kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və hesabdan çıxarışdır. Cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 3471,56 manat əsas; 390,22 manat; cəmi 3861,78 manat borcu yaranmışdır. Cavabdeh banka borclu olduğu kredit borcunu ödəmədiyi üçün iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, cavabdeh bankla bağladığı kredit müqaviləsinin şərtlərini yerinə yetirmədiyindən, borclu kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Beləliklə, iş materiallarına əsasən, işin faktiki halları kimi müəyyən olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir.
32. Apellyator şikayətində kredit borcunun düzgün hesablanmadığını, borcunun bir qismini ödədiyini qeyd etmiş, lakin iş materiallarından müəyyən edilir ki, cavabdeh aldığı kredit borcundan iddiaçı Bankın iddia ərizəsində göstərdiyindən daha çox məbləğdə ödənişlər etdiyi barədə apellyasiya şikayətinə heç bir sübut əlavə etməmişdir. Apellyator həmçinin məhkəməyə gəlməmiş, borcundan etdiyi ödənişlər barədə sübut təqdim etməmişdir. İşin qeyd edilən faktiki hallarını önəçəkən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı Bank tərəfindən cavabdeh tərəfin kredit borcu düzgün müəyyən edilmişdir, cavabdeh tərəfin kredit borcunun yenidən müəyyən edilməsi üçün iş üzrə məhkəmə mühasibat ekspertizasının keçirilməsinə əsas verə bilən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir və irəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar mövcuddur.
33. Ona görə də məhkəmə kollegiyası iş materiallarında olan sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-860/2023 saylı mülki iş üzrə 07 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Hazırki işdə iddianın qiyməti 5000 manatdan az məbləğdir. Ona görə də bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPMnin 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq,
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-860/2023 saylı mülki iş üzrə 07 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.