Məhkəmə qərarları › İş №2(104)-1344/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1344/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1344/2023 06.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Niftaliyev Rəsul Fərrux oğlunun katibliyi, İddiaçı1 ASC-nin Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(061)-47/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 ASC Cavabdeh1 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 7378.54 manat, faiz borcuna görə 1315.38 manat, cəmi 8693.92 manat və dövlət rüsumuna görə 106.94 manat pulun tutularaq İddiaçı1 ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(061)-47/2023 nömrəli (hakim: T.Qubadov) qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 əsas borca görə 7378.54 manat, faiz borcuna görə 1315.38 manat, dövlət rüsumuna görə 106.94 manat, cəmi 8800.86 manat məbləğində pulun tutularaq İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(061)-47/2023 nömrəli qətnaməsinin faiz borcuna görə hesablanmış 1315,38 manat hissəsində ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddiaçı1 ASC tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK4661546A145 saylı kredit müqaviləsinə əsasən cavabdehə kredit verilmiş, lakin, cavabdeh müqavilənin şərtinə uyğun olaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, krediti və hesablanmış faiz məbləğlərini müqavilə ilə müəyyən olunmuş müddətdə ödəməmişdir. Nəticədə cavabdehin banka əsas borca görə 7378.54 manat, faiz borcuna görə 1315.38 manat, cəmi 8693.92 manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən cavabdehə şifahi xəbərdarlıq edilməsinə və rəsmi bildiriş göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Mülki iş materiallarında olan: İşdə olan İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK4661546A145 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə illik 20 % ödəmək şərti ilə, 33 ay müddətinə 7378.54 manat məbləğində kredit verməyi, cavabdeh isə kredit borcunu və hesablanmış faizləri müqavilə ilə müəyyən olunmuş müddətdə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı1 ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka xx.xx.2022-ci il tarixli, RGTK4661546A145 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il il tarixə əsas borca görə 7378.54 manat, faiz borcuna görə 1315.38 manat, cəmi 8693.92 manat borcu vardır. İşdə olan xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddia ərizəsinə məhkəmədə baxılması üçün İddiaçı1 ASC tərəfindən dövlət büdcəsinə dövlət rüsumuna görə 106.94 manat ödənilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci ildə "xxxx" ASC-dən illik faiz dərəcəsi 20 faiz olmaqla 33 ay müddətinə 7378,54 manat kredit götürmüşdür. Kredit götürdüyü zaman pensiya alırdı və həmin vaxt krediti ödəyə bilirdi. Lakin, ona verilən pensiya dayandırıldığından kredit borcunu ödəyə bilməmişdir. Hesab edib ki, kredir borcunu ödəyə bilmədikdə bank onu məhkəməyə verər və kredit müqaviləsinə xitam verilər. Bank isə özü qəsdən iddia ərizəsi məhkəməyə gec müraciət etmişdir. Birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun yəni 1315,38 manat pul məbləğinin ondan tutulması hissəsində düzgün nəticəyə gəlməmişdir. Çünki, onun ödəmə qabiliyyəti olmadığı halda bank iddianı gec vermiş və həmin dövr üçün ondan bankın özünün müəyyən etdiyi məbləğdə faiz borcu hesablanmışdır. Hansı ki, həmin gecikdirilmiş məbləğ Mərkəzi Bankın müəyyən etdiyi qaydada 5 faizdən çox olmamalıdır. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Lakin, iddiaçı bankın nümayəndəsi Elsevər Əkbərov ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılması və birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İlkin olaraq qeyd edilməlidir ki, cavabdeh iddia tələbinin təmin olunmuş faiz hissəsini mübahisələndirir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz apellyasiya şikayəti həddində mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, Tərtər Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(061)-47/2023 nömrəli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK4661546A145 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 20 faiz dərəcəsi ilə, 33 ay müddətinə 7378.54 manat məbləğində kredit verilmişdir. Bank müqavilənin şərtinə uyğun olaraq üzərinə düşən öhdəliklərə əməl etsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə Cavabdeh1 banka əsas borca görə 7378.54 manat, faiz borcuna görə 1315.38 manat, cəmi 8693.92 manat məbləğində borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh həmin borcun ödənilməsini təmin etməmişdir. Ona görə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin iddiaçı kredit təşkilatından kredit götürdüyü zaman pensiya alması, daha sonra pensiyasının dayandırılması ilə əlaqədar ödəniş edə bilməməsi ilə bağlı dəlilini əsassız hesab etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cavabdehin həmin dəlilləri birinci instansiya məhkəməsinin qanuni qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməməsinə əsas ola bilməz. Göründüyü kimi cavabdeh özü də borcunu olmasını qəbul edir, eyni zamanda onun maddi durumunun pis olması müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini lazımınca və vaxtında icra etməməsinə əsas verə bilməz. Belə ki, Cavabdeh1 iddiaçı bank qarşısında borclu kimi onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa cavabdehin apellyasiya şikayətinin əsas dəlili kredit borcuna hesablanmış faiz məbləği ilə bağlı olmuşdur ki, bununla bağlı kollegiya ilk öncə qeyd edir ki, iş materiallarında olan İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK4661546A145 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə illik 20 % ödəmək şərti ilə, 33 ay müddətinə 7378.54 manat məbləğində kredit verməyi, cavabdeh isə kredit borcunu və hesablanmış faizləri müqavilə ilə müəyyən olunmuş müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin iş materiallarında olan ödəniş cədvəlindən də görünür ki, cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2022ci il tarixdən 14.102024-cü il tarixədək hər ay 292.50 manat ödəməyi öhdəsinə götürmüş, lakin kredit müqaviləsinin şərtlərinə əməl etməməklə ümumiyyətlə kredit müqaviləsi üzrə ödəniş etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh1 banka xx.xx.2022-ci il tarixli, RGTK4661546A145 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il il tarixə əsas borca üzrə 7378.54 manat, faiz borcu üzrə 1315.38 manat olmaqla, cəmi 8693.92 manat borcunun olması müəyyən edilmişdir ki, həmin maliyyə arayışında iddiaçı bankın hesablamalarının düzgün olmamsı və faiz məbləğinin doğru hesablanmamasını şübhə altına alan hər hansı əsas olmamışdır. Bundan başqa kollegiya cavabdehin faiz məbləğinin bank tərəfindən müəyyən edilmiş məbləğdə hesablanmasını, həmin gecikdirilmiş məbləğin Mərkəzin Bankın müəyyən etdiyi qaydada 5 faizdən çox olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə görə, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.1-ci bəndindən görünür ki, kreditdən istifadəyə görə borcalanının illik 20 faiz (faktiki 20.8 faiz) ödəməsi şərti qeyd olunmuşdur ki, borclu Cavabdeh1 isə iddiaçı bank ilə kredit müqaviləsi bağlayan zaman müqavilənin bütün şərtləri ilə razılaşaraq onu imzalamış və müqavilədə nəzərdə tutulan şərtlərə əməl edəcəyi barədə öhdəlik götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2. maddəsinə görə isə, borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1. maddəsinə əsasən isə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni olmaqla, qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Tərtər Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(061)-47/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Tərtər Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(061)-47/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(061)-47/2023 nömrəli qətnaməsi yoxlanılan hissədə yəni, Cavabdeh1 faiz borcuna görə 1315.38 manat məbləğində pulun tutularaq İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul olunuğu andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar