Məhkəmə qərarları › İş №2(104)-1349/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1349/2025

14.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1349/2025 14.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “avtomobilə dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları “Tofaş” markalı, ** ZM *** qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında X1 məxsusdur. Sonuncu həmin avtomobili idarə etmək hüququnu 31 yanvar 2023-cü il tarixdə iki il müddətinə iddiaçıya vermişdir. 08 oktyabr 2024-cü il tarixdə iddiaçının idarə etdiyi həmin avtomobil iri buynuzlu mal-qara ilə toqquşmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyatı hadisəsi zamanı cavabdeh barəsində İXP seriyalı ******* nömrəli inzibati protokol tərtib edilmişdir. “Serviz” kiçik müəssisəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, “Tofaş” markalı, ** ZM *** qeydiyyat nişanlı avtomobilin təmirə ehtiyacı olan ehtiyat hissələrinin dəyəri və təmiri ümumilikdə 1691 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobilə vurulmuş ziyanın əvəzi kimi 1651 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 37,40 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə axşam saat 19:20 radələrində qaranlıq vaxtı Ağstafa rayonu, Saloğlu qəsəbəsindən üzü Ağstafa şəhəri istiqamətində hərəkət edərkən qaranlıqda qəfildən iri buynuzlu bir baş mal-qara istifadəsində olan avtomobilə dəymiş və vaxtında əyləci (tormozu) basaraq avtomaşını dayandırmaq istəsə də bütün cəhdləri alınmamışdır. Cavabdehə məxsus iri buynuzlu malqara həyati təhlükə yaratmaqla qalmamış, üstəlik istifadəsində olan ** ZM *** nömrəli “Tofaş” markalı avtomobilə 1691 manat maddi ziyan vurmuşdur. Ağstafa rayon Yol Polis şöbəsində saxlanılmaqla günahkar olduğu üçün xx.xx.2024-cü il tarixdə cavabdehin barəsində İXP ******* saylı inzibati protokol tərtib edilmişdir. Bundan başqa Ağstafa rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 313b3/2-16696/24 saylı arayışı ilə təsdiq edilir ki, Cavabdeh məxsus mal-qara səbəbindən onun istifadəsində olan “Tofaş” markalı avtomobilə 1691 manat məbləğində maddi ziyan dəyişmişdir. Heyvanın sahibi və çobanı Cavabdeh ilə dəymiş ziyanın könüllü ödənilməsi barədə söhbətləri olmuşdur. Əvvəlcə razılaşsalar da, sonradan cavabdeh sözündən imtina etmişdir. Ağstafa Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(015)- 163/2025 nömrəli iş üzrə qəbul etdiyi 21 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim H.Mürsəlova) iddia tələbi təmin edilmiş, Cavabdeh **-ZM-*** nömrəli “Tofaş” markalı avtomaşına vurduğu 1651 manat məbləğində dəymiş ziyan və 37,40 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1688,40 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı heç bir əsas gətirmədən cavabdehi heyvan sahibi hesab edərək ziyanı ondan tələb edir. Məhkəmə zamanı cavabdeh bildirmişdir ki, mal-qaranın sahibi o deyil, o günlük çobanlıq edir. Cavabdeh bu işdə cavab verməli olan şəxs deyildir. Cavabdehin özünə məxsus mal-qarası yoxdur. Ona görə də ziyanın onun tərəfindən ödənilməyi barədə qərar verilməsi qanunsuzdur. Cavabdehin heyvan sahibi ilə hansısa müqaviləsi olmayıb, üzərinə öhdəlik göürməmişdir. Belə olan halda cavabdeh niyə məsuliyyət daşıyıb, ziyan ödəməlidir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Rayon Məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən olunur ki, “Tofaş” markalı, ** ZM *** qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında X1 məxsusdur. Sonuncu həmin avtomobili etibarnamə əsasında idarə etmək üçün iddiaçıya vermişdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda birinci əsas olan zərər fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmalıdır. Hazırkı işdə isə müəyyən edilir ki, iddiaçının idarə etdiyi avtomobil onun mülkiyyətində deyildir. Belə olan halda həmin avtomobilin zədələnməsi iddiaçının əmlakına dəyən zərər kimi qəbul edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddiaçının istifadəsində olan avtomobilin onun mülkiyyətində olmadığını və Mülki Məcəllənin qeyd olunan maddələrinin tələblərini nəzərə alaraq Məhkəmə hesab edir ki, iddiaçı öz adından müvafiq subyektiv hüquqa, yəni onun istifadəsində olan avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi barədə tələbləri irəli sürmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Belə ki, bu iddianı qaldırmaq hüququ avtomobilin mülkiyyətçisinə məxsusdur. Mülki Məcəllənin 158-ci maddəsinə münasibətdə Məhkəmə qeyd edir ki, əmlakın istifadəçisi tərəfindən hazırkı iş üzrə irəli sürülmüş iddianın qaldırılması mümkün ola bilər. Lakin həmin tələblər əmlaka dəymiş zərərin əvəzinin ödənilməsi barədə mülkiyyətçi tərəfindən irəli sürülmüş tələblər kimi deyil, qanuni istifadə və sahiblik hüquqlarının bərpa edilməsi və bundan yaranmış zərər tələbi kimi irəli sürülməlidir. Bu növ iddiaların təmin edilməsi üçün isə müəyyən edilməlidir ki, iddiaçı qanuni istifadə və sahiblik hüquqlarının bərpa edilməsi üçün avtomobili təmir etmiş və pul vəsaiti xərcləmişdir. Belə olan halda maddi zərər kimi tələb olunan məbləğ həmin hüquqların bərpa edilməsinə sərf olunmuş məbləğ kimi qiymətləndirilir. Lakin hazırkı işdə iddiaçı avtomobilin təmiri üçün 1651 manat məbləğində pul vəsaiti xərclədiyini bildirməmiş və ya pul vəsaiti xərclədiyini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi bu iddianı təmin etməkdə haqlı olmamışdır. Beləliklə, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv esilməli və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Ağstafa Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 yanvar 2025ci il tarixli qətnamə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “1651 manat məbləğində vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar