Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-135/2025 01.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-2795/2023 saylı 15 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Məhkəmə kollegiyasının iş üzrə təyin edilmiş məhkəmə-fonoskopik ekspertizası qərardadına əsasən əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1627-4/1638 saylı ekspert rəyindən görünür ki, xarici baxış və ilkin tədqiqat DL Ekspertizaya 01 ədəd üzərində "Tural" xüsusi qeydi olan "Ahuang" markalı CD-R disk 01 ədəd zərfdə təqdim olunmuşdur. İ. Təqdim olunan zərfin bütövlüyü pozulmamışdır. Təqdim olunan 01 ədəd üzərində "Tural" xüsusi qeydi olan "Ahuang" markalı CD-R diskdə olan materiallar haqqında məlumatların görünüşü aşağıdakı kimidir: WhatsApp Audio 2023-08-28 at 15.15.53 (1) Date modified: xx.xx.2023 15:18 Size: 101 KB Type: OGG File WhatsApp Audio 2023-08-28 at 15.15.53 (2) Date modified: xx.xx.2023 15:18 Size: 39,5 KB Type: OGG File WhatsApp Audio 2023-08-28 at 15.15.53 Date modified: xx.xx.2023 15:18 Size: 10,3 KB Type: OGG File Aparılmış ilkin tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, tədqiqatı tələb olunan fayllarda xarakterinə görə səsli mesaj xarakterli azərbaycan dilində aparılan monoloq danışıqlar - mübahisəli fonoqramlar qeydə alınmışdır. İİ. Mübahisəli fonoqramlardakı danışıqların yazılı mətnlərinin müəyyən edilməsi Yazılı mətnlərin müəyyən olunmasında danışıq materialına dəfələrlə qulaqasma metodundan istifadə olunmuşdur. İstifadə olunan proqram kompleksləri tədqiq olunan materiala qulaq asmaqla yanaşı kompüterin ekranında yaranan pəncərədə həmin hissəni vizual müşahidə etməyə, danışığa hissə-hissə (səs, heca, söz və cümlə səviyyəsində) və dəfələrlə qulaqasmağa, sürətə görə korreksiya etməyə imkan verir. Mətnlərdə aşağıdakı şərti işarələmələr qəbul olunmuşdur: *çoxnöqtələrlə - müəyyən olunmayan söz və ifadələr; *K1kişi cinsinə məxsus səslə danışan diktor; *İİl - işarəsi ilə yarımçıq qalmış söz və ifadələr; *ekspertlərə məxsus kommentariyalar mötərizədə verilmişdir; *mötərizədə sual işarəsi ilə dəqiq müəyyən olunmayan söz və ifadələr verilmişdir. Təqdim olunmuş tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların yazılı mətnləri əldə olunmuş və həmin mətnlər aşağıda verilmişdir: "WhatsApp Audio 2023-08-28 at 15.15.53 (1)" K1 - Salam məllim, nə var nə yox? Məllim səə zəng elədim, götürmədin, nəsə dəyən başın qarışığıydi. Məllim səə opşi min manat pul göndərəjəm, Allaha and olsun vəziyyətim çooox-çox pisdi dana, yəni çox pidi haaa. Seravno sağlığ olsun da gələjəm azərbaycana görüşəjiyik. Onun beş yüzünü həftənin üçüncü günü göndərəjəm məllim, beş yüzünü də bir üç-dört günə gənə qayıdıf göndərəjəm. Yəni məni Allah haqqı düz başa düş məllim. Vəziyyət çox pidi e, çox. İnanırsan onu da borc alıf göndərəjəm, bir yaxın adam var ona demişəm. O da büyünə demişdi,day burda yoxdu, gələjəkdi, birsüyün gələjək. Yüz faiz həftənin üçüncü günü abeddən sora beş yüz göndərəjəm. Beş yüz də bir üş-dört günə düzəldif göndərəjəm məllim. "WhatsApp Audio 2023-08-28 at 15.15.53 (2)" K1 - Ad-familyanı məllim atarsan, intaası onu urus dilində atsan yaxşı olardı, burdan vurajam, zalatoy karonadan, gedif poşdan götürərsən. Gənə məni düz başa düş e, məllim, Allah haqqı heşnə, nə qədər ziyan elədim gəldim də burda. "WhatsApp Audio 2023-08-28 at 15.15.53" K1 - Məllim salam. Səni bir 10-15 dəyqəyə yığıram məllim, həll eliyirəm narahat olma. İİİ. Fonoqramda yazılış vaxtı və ya sonradan edilmiş dəyişikliklərin olub-olmadığını müəyyən etmək üçün auditiv-linqvistik və instrumental analizlər aparılmışdır. Tədqiqat zamanı fonoqramdakı danışıqların əvvəlinin kommunikatıv aktın əvvəli üçün xarakterik olan formada başlayıb-başlamadığı, sonunun isə kömmunkativ aktın sonu üçün xarakterik formada qutarıb- qutarmadığı analiz olunmuş, danışıqlarda məntiqi ardıcıllıq, diktorların emosional vəziyyətinin və sayının dəyişməsi tədqiq olunmuşdur. Akustik şərait tədqiq edilərək analiz olunmuşdur. Danışıq siqnallarında kəskin fon sıçrayışları, akustik şəraitin dəyişməsi, sözlərarası və cümlələrarası əsaslanmamış pauzaların olub-olmaması yoxlanılmışdır. Müqayisəli tədqiqatlar zamanı fonoqramların start/stop siqnalları, fonoqramların qeydə alındıqları faylların strukturları, inteqral spektrləri və digər parametrləri müqayisə olunmuşdur. Fonoqramda diktorların emosianal vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi, akustik fonun kəskin şəkildə dəyişməsi qeydə alınmamışdır. Mübahisəli fonoqramların müxtəlif hissələri üçün qeydə alınan inteqral spektrlər bir-biri ilə eynilik təşkil edir. Aparılmış tədqiqatlar nəticəsində aşağıdakılar müəyyən olundu: -mübahisəli fonoqramların qeydə alındığı faylın atributları dəyişdirilməmişdir; -mübahisəli fonoqramlardakı danışıqların əvvəli və sonu komunikativ aktın əvvəli və sonu üçün xarakterik formadadır; -mübahisəli fonoqramların qeydə alındığı fayllar mesencer (Whatsapp mesencer proqramı) proqram vasitəsilə emal olunmuşdur; - mübahisəli fonoqramlardakı danışıqlarda məntiqi rabitənin pozulması, diktorların sayının və emosional vəziyyətinin situasiya ilə əlaqəli olmayan şəkildə dəyişməsi kimi montaj əlamətləri müəyyən olunmadı; Aparılmış tədqiqatlar nəticəsində mübahisəli fonoqramlardakı danışıqlarda məntiqi ardıcıllığın pozulması, kəskin fon sıçrayışları, audosiqnalın itməsi və harmonikalarda faza kəsilmələri qeydə alınmamışdır. Mübahisəli fonoqramın qeydə alındığı faylın struktur analizi zamanı heç bir redaktə proqramlarının izləri aşkar olunmamışdır. Beləliklə, təqdim olunmuş mübahisəli fonoqramda montaj əlamətləri müəyyən olunmadı. Auditiv, linqvistik və instrumental tədqiqatların nəticələrini qiymətləndirərək aşağıdakı nəticəyə gəlmək olar: TƏDQİQATİN NƏTiCƏLƏRİ:
1. Ekspertizaya təqdim olunmuş 01 ədəd üzərində "Tural" xüsusi qeydi olan "Ahuang" markalı CD-R diskdə olan tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların yazılı mətnləri tədqiqi hissədə qeyd olunmuşdur.
2. Ekspertizaya təqdim olunmuş 01 ədəd üzərində "Tural" xüsusi qeydi olan "Ahuang" markalı CD-R diskdə olan tədqiqatı tələb olunan mübahisəli fonoqramlarda montaj əlamətləri müəyyən olunmadı.
3. Adından eyniləşdirici tədqiqat tələb olunan Cavabdeh eksperimental səs və nitq nümunəsi ekspertiza tədqiqatına təqdim olunmadığından ekspert qarşısında qoyulmuş 3cü sual üzrə tədqiqat aparılmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat
2. İddiaçı Cavabdeh qarşı– cavabdehdən iddiaçıya olan 1000 manatın, əldən çıxmış faydaya görə 200 manatın və dövlət rüsumu üçün ödənilmiş 34 manatın, cəmi 1234 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, təxminən 2023-cü ilin sonralarına yaxın cavabdeh Zəyəm qəsəbəsində yerləşən iddiaçıya məxsus olduğunu bildirdiyi yol kənarında yerləşən ticarət üçün əlverişli olan 0,6 ha torpaq sahəsini iddiaçıya 3000 manata satmaq istədiyini bildirdi. İddiaçı da, həmin torpaq sahəsini bir müddət sonra baha sata bilmə ehtimalının olmasını nəzərə alıb onunla razılaşmışdır. O sənədləşmə və bəzi xərclər üçün iddiaçıdan ilkin olaraq 1000 manat istəmişdir. İddiaçıda razılaşıb ona vermişdir. Amma sonradan cavabdeh vədinə əməl etməmişdir. İddiaçı da, ondan pulunun geri qaytarmasını tələb etmişdir. O da, pulu verəcəyini bildirsə də, vədinə əməl etməmişdir. Bununla bağlı cavabdehlə aralarında səsli whatsapp yazışmaları vardır. Cavabdeh həmin səs yazılarında pulu verəcəyini bildirir. O, iddiaçının 1000 manat pulunu uzun müddət özündə saxlamaqla iddiaçını həmin puldan əldə edə biləcəyi 200 manat faydadan məhrum etmişdir.
4. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2795/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova) İddiaçı Cavabdeh qarşı– cavabdehdən iddiaçıya olan 1000 manatın, əldən çıxmış faydaya görə 200 manatın və dövlət rüsumu üçün ödənilmiş 34 manatın, cəmi 1234 manatın tutularaq iddiaçıya ödənilməsi barədə iddiasının təmin edilməməsi qət olunmuşdur.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehin ona pul borclu olmasını sübuta yetirə bilməmişdir.
6. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1 və 442 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
7. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2795/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ndən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasının xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Cavabdeh qarşı 1000 manatın, əldən çıxmış faydaya görə 200 manatın və dövlət rüsumu üçün ödənilmiş 34 manatın, cəmi 1234 manatın cavabdehdən alınaraq ona verilməsinə dair Şəmkir Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. O, iddianın sübutu kimi məhkəməyə cavabdehlə arasında olan cavabdehin ona 1000 manat borcu olmasını və həmin pulu ödəyəcəyinə dair cavabdeh tərəfindən WhatsApp proqramı vaitəsilə ona göndərilmiş səs yazıları məhkəməyə təqdim etmişdir və cavabdehin ondan 1000 manat almasını təsdiq edən cavabdehin tanışı şahid Amin Seyidovu məhkəməyə gətirmişdir. Məhkəmə isə onun iş üzrə təqdim etdiyi sübutları məcmu halında qiymətləndirərək hesab edib ki, iddia tələbi əsassızdır. Buna görə də iddianı rədd etmişdir. Məhkəmənin qənaətinə görə onun tərəfindən cavabdehə 1000 manat məbləğində pulun verilməsi mötəbər sübutlar ilə öz təsdiqini tapmamışdır. Cavabdehin ona 1000 manat borcu olmasını cavabdehin tanışı Amin Seyidov da təsdiq etmişdir. Onun çıxışı məhkəmənin iclas protokolunda olsa da, onun izahatına qiymət verilməmişdir. Bundan əlavə CD diskdə cavabdehin ona borcu olmasını cavabdeh aydın şəkildə qeyd edir və həmin borcun 500 manatını bazar ertəsi və qalan 500 manatını isə sonra göndərəcəyini həm səs yazısı ilə, həm də, krill qrafikalı əlifba ilə yazaraq bildirmişdir.
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayəti ilə oxşar məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, cavabdehlə aralarında 3000 manata torpaq sahəsinin alqı-satqısına dair razılaşma olmuş, cavabdehə 1000 manat pul ödəmişdir, lakin sonra məlum olmuşdur ki, torpaq sahəsi ona yox, qohumuna məxsusdur. Aralarında olan şifahi razılıq pozulmuşdur. Cavabdeh Rusiya Federasiyasına gedəcəyini və borcunu göndərəcəyini bildirsə də, sözünə əməl etməmişdir.
11. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəyi təqdirdə işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
12. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
13. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
14. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
15. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
16. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
23. 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
24. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
25. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
26. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
27. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
28. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2795/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
33. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, 2023-cü ilin sonralarına yaxın cavabdeh Zəyəm qəsəbəsində yerləşən 0,6 ha torpaq sahəsini iddiaçıya 3000 manata satmaq məqsədi ilə sənədləşmə və bəzi xərclər üçün iddiaçıdan pul almışdır. Amma sonradan iddiaçı ilə cavabdeh arasında razılıq pozulmuşdur. İddiaçı da, ondan pulunun geri qaytarmasını tələb etmişdir. O da, pulu verəcəyini bildirsə də, vədinə əməl etməmişdir.
34. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair razılıq əldə edilsə də, torpaq sahəsinin alqı-satqısı barədə müqavilə notarial qaydada təsdiqlənməmiş, bununla da, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin forma və məzmununa dair Mülki Məcəllənin tələblərinə riayət olunmamışdır ki, bu da tərəflər arsında bağlanmış əqdin etibarsızlığına səbəb olmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında əqd etibarsız olduğundan tərəflər əqd üzrə aldıqlarını qaytarmalıdırlar.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı apellyasiya şikayətində CD diskdə cavabdehin ona borcu olmasını cavabdehin aydın şəkildə qeyd etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iş üzrə təyin edilmiş məhkəmə-fonoskopik ekspertizası qərardadına əsasən əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1627-4/1638 saylı ekspert rəyindən görünür ki, təqdim olunmuş tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların yazılı mətnləri əldə olunmuş və həmin mətnlər aşağıda verilmişdir: "WhatsApp Audio 2023-08-28 at 15.15.53 (1)" K1 - Salam məllim, nə var nə yox? Məllim səə zəng elədim, götürmədin, nəsə dəyən başın qarışığıydi. Məllim səə opşi min manat pul göndərəjəm, Allaha and olsun vəziyyətim çooox-çox pisdi dana, yəni çox pidi haaa. Seravno sağlığ olsun da gələjəm azərbaycana görüşəjiyik. Onun beş yüzünü həftənin üçüncü günü göndərəjəm məllim, beş yüzünü də bir üç-dört günə gənə qayıdıf göndərəjəm. Yəni məni Allah haqqı düz başa düş məllim. Vəziyyət çox pidi e, çox. İnanırsan onu da borc alıf göndərəjəm, bir yaxın adam var ona demişəm. O da büyünə demişdi,day burda yoxdu, gələjəkdi, birsüyün gələjək. Yüz faiz həftənin üçüncü günü abeddən sora beş yüz göndərəjəm. Beş yüz də bir üş-dört günə düzəldif göndərəjəm məllim. "WhatsApp Audio 2023-08-28 at 15.15.53 (2)" K1 - Ad-familyanı məllim atarsan, intaası onu urus dilində atsan yaxşı olardı, burdan vurajam, zalatoy karonadan, gedif poşdan götürərsən. Gənə məni düz başa düş e, məllim, Allah haqqı heşnə, nə qədər ziyan elədim gəldim də burda. "WhatsApp Audio 2023-08-28 at 15.15.53" K1 - Məllim salam. Səni bir 10-15 dəyqəyə yığıram məllim, həll eliyirəm narahat olma.
36. Göründüyü kimi, tərəflər arasında olan danışıqlarda cavabdeh iddiaçıya 500 manat bir, 500 manat isə sonradan göndərəcəyini ifadə etmişdir. Bu hal iddia tələbinin 1000 manat tələb hissəsinin əsaslarının həqiqətə uyğun olduğunu və iddianın həmin hissədə əsaslı olduğunu göstərmişdir.
37. Məhkəmə kollegiyası borcun əldən çıxmış fayda hissəsinə münasibətdə isə qeyd edir ki, bununla bağlı iş materiallarına heç bir təsdiq edici və mötəbər sübut əlavə edilməmiş, həmin hallar mövcud iş materialları ilə sübuta yetirilməmişdir.
40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.
41. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2795/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Cavabdeh 1.000 (min) manat pul və ödənilmiş 34 manat dövlət rüsumu alınaraq, İddiaçı ödənilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi: Şəmkir Rayon Məhkəməsinin 2(076)-2795/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2795/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1.000 (min) manat pul və ödənilmiş 34 manat dövlət rüsumu alınaraq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.