Məhkəmə qərarları › İş №2(104)-1351/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1351/2025

04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1351/2025 04.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 12 may 2025-ci il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı bildirir ki, cavabdehə başqa şəxslərə satması üçün 18.000 manat dəyərində ev əşyaları vermiş, cavabdeh həmin əşyaları tam olaraq satmış və həmin əşyaların dəyərindən 5.000 manat ödəniş etmişdir. Ödənilməmiş 13.000 manat borcun 6.000 manat hissəsi cavabdehin əmisi qızı X1 məxsus olan, Samux rayonu Əhmədbəyli kəndində yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsi ilə əvəzləşdirilərək ödənilsə də, qalan 7.000 manat ödənilməmiş qalmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7.000 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tanışlıqlarına əsasən cavabdehlə bir sıra ev əşyalarının satışı ilə razılaşmışlar. Cavabdehlə tanışlıqları cavabdehin əmisi qızı X2 vasitəsi ilə olmuşdur. Cavabdehlə aralarında olan şifahi səyyari ticarət nəticəsində cavabdeh ondan 18.000 manat məbləğində ev əşyaları aparmış və həmin əşyaları tam olaraq satmış və 18.000 manatdan cavabdeh ona hissə-hissə 5.000 manat ödəniş etmişdir. Bundan sonra o, cavabdehə qarşı Gəncə şəhər Kəpəz Rayon Məhkəməsində iddia qaldırmış, iddia qaldırdıqdan sonra cavabdeh ona pulu ödəyəcəyini, iddiasını geri götürməsini bildirmişdir. Lakin iddia ərizəsini baxılmamış saxlatdıqdan sonra cavabdeh, ona 0,06 ha torpaq sahəsini aralarında qiymətləndirərək 6.000 manata razılaşmış və yerdə qalan 7.000 manat pulu ödəyəcəyini bildirsə də ödəməmişdir. Bu baxımdan məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – Şəhər Məhkəməsi) 2(125)-616/2025 nömrəli iş üzrə qəbul etdiyi 12 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim Z.İmanov) iddia tələbinin rədd edilməsi, ödənilmiş 90 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Şəhər Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehə ümumilikdə 18.000 manat məbləğində 2018-ci ildə nisyə qaydada mal satdığını, həmin malın pulundan hazırda 7.000 manat ödənilmədiyini iddia etsə də, sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçının qeyd edilən məbləğdə cavabdehə nisyə qaydada mal satmasını, həmin malların dəyəri, malların nədən ibarət olması, satılan maldan cavabdehin iddiaçıya hazırkı vaxta 7.000 manat borcunun qalmasını sübut etmək yükü qanunla iddiaçının üzərinə düşür. Lakin iddiaçı qeyd edilən xüsusatları təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Şəhər Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 567, 600.1, 600.2, 600.3, 600.4 600.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 115.0.9, 119.1, 217.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinin dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, 7.000 manat məbləğində pul vəsaiti bu günədək icra edilməmiş, cavabdeh tərəfindən öz üzərinə götürülmüş öhdəlik tam yerinə yetirilməmişdir. Bununla bağlı olaraq məhkəməyə təqdim edilmiş səs yazısı və video görüntü bu faktı təsdiq etsə də, məhkəmə bu sübutlara düzgün hüquqi qiymət verməmişdir. Bunun əksinə olaraq iş üzrə əhəmiyyətli sübutlara uyğun olmayan yekun nəticəyə gəlmiş və iddia tələbini əsassız hesab etmişdir. Belə ki, cavabdehlə iddiaçının danışığını əks etdirən səs yazısında qeyd edilmişdir: -Ay Nailə xala, nə 13.000 manat pul. Mənim sənə 11.000 manat borcum qalmışdı, onu da torpaqla hesablaşdıq” deyə qeyd etmiş, həmin torpaq sahəsinin verilməsi ilə bütün pul vəsaitini ödədiyini iddia etmişdir. Danışıqlar zamanı isə həmin torpaq sahəsinin dəyərinin 6.000 manat olduğu cavabdehə bildirilmiş, qalan 7.000 manat məbləğində pulun qaytarılması tələb edilmişdir. Göründüyü kimi, cavabdehlə iddiaçının danışığının əks olunduğu səs yazısı iddia tələbinin əsaslı olmasını təsdiq etmişdir. Lakin məhkəmə qərəzli olaraq həmin səs yazısının kimə məxsus olmasını müəyyən etməyin mümkün olmamasına əsaslanmış, həmin halların iddianın təmin edilməsinə kifayət etmədiyini qeyd etmişdir. Bundan başqa, cavabdehin mərhum atası ilə iddiaçının danışığını əks etdirən video-görüntüdə, cavabdehin mərhum atasının qızının bu qanunsuz əməlindən peşman olduğu, ona görə xəcalət çəkməsi aydın müşahidə olunur. Bundan başqa, sözügedən torpaq sahəsinin tez bir zamanda verilməsi də bildirilmişdir. Bütün bu faktlar məhkəmə tərəfindən gözardı edilmiş, iddiaçının haqlı tələbi təmin edilməyərək hüquqlarının pozulması ilə müşayiət olunan əsassız qətnamə qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Cavabdeh apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən Məhkəmə qətnaməni tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Ööhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçının bildirdiklərindən müəyyən olunur ki, onunla cavabdeh arasında şifahi razılaşma olmuş və razılaşmaya əsasən o, 18.000 manat dəyərində ev əşyalarını cavabdehə vermiş, cavabdeh isə öz növbəsində həmin əşyaları sataraq dəyərini iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Cavabdeh bütün əşyaları satsa da, həmin əşyaların dəyərindən 5.000 manat ödəniş etmişdir. Ödənilməmiş 13.000 manat borcun 6.000 manat hissəsi iddiaçının əmisi qızı X1 məxsus olan, Samux rayonu Əhmədbəyli kəndində yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsi ilə əvəzləşdirilərək ödənilsə də, qalan 7.000 manat ödənilməmiş qalmışdır. Məhkəmə hesab edir ki, sübutetmə yükünü daşımasına baxmayaraq, iddiaçı iddianın əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. İddiaçı apellyasiya şikayətində torpaq sahəsinin yalnız 6.000 manat borcun əvəzində verildiyini, 7.000 manat məbləğində borcun hələ də ödənilmədiyini bildirmiş və iddiasını əsaslandırmaq üçün məhkəməyə səs yazısı və video görüntü təqdim etmişdir. Təqdim edilən səs yazısının araşdırılması zamanı müəyyən olunmuşdur ki, cavabdeh torpaq sahəsinin bütün borcun əvəzi kimi verildiyini bildirir. Lakin həmin yazıda borcun məbləği barədə tərəflərin ifadələri uyğun gəlmir: cavabdeh təqribən 11.000 manat borcdan danışır, iddiaçı isə 13.000 manat olduğunu iddia edir. Bu hal tərəflər arasında borcun məbləği və torpaq sahəsinin dəyəri barədə əvvəlcədən tam və dəqiq razılaşmanın olmadığını göstərir. Həmçinin, iddiaçı məhkəmədə verdiyi izahatında torpaq sahəsini alarkən onun dəyərinin bütün borcu (13.000 manat) qarşılayacağını düşündüyünü, lakin sonradan dəyərinin 6.000 manat olduğunu bildiyini ifadə etmişdir. Bu izahat da göstərir ki, torpaq sahəsinin dəyəri və hansı məbləğə əvəzləşdirilməsi məsələsində tərəflər arasında aydın, qarşılıqlı təsdiqlənmiş razılaşma mövcud olmamışdır. Bundan başqa, təqdim edilən səs yazısında səsləndirilən ifadələrin məhz mübahisələndirilən borcun ödənilməməsi faktını birmənalı şəkildə sübuta yetirdiyi təsdiq edilmir. Bununla yanaşı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və cavabdehin atasının görüntüsünün olduğunu iddia etdiyi video görüntüyə münasibətdə Məhkəmə qeyd edir ki, təqdim edilmiş video görüntüdə cavabdehin iddiaçıya yaranmış borcu və həmin borcun ödənməsi ilə bağlı hər hansı münasibət bildirilməmişdir. Bu səbəbdən də təqdim edilmiş video görüntü də həmin məqsədlə birbaşa borc münasibətini və borcun miqdarını təsdiq edən əsas sübut hesab edilə bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün hüquqi əsas yaratmır. Sübutlar iddianın təmin olunması üçün yetərli hesab edilmir. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddiaçının iddiası əsassızdır. Rayon Məhkəməsi iddianı təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar