Məhkəmə qərarları › İş №2(104)-1352/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1352/2025

28.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1352/2025 28.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: sığorta hadisəsi; sığorta hadisəsi nəticəsində dəymiş ziyan məbləği; ziyan məbləğinin sığortaçı tərəfindən zərərçəkmişə ödənilməsi; maddi ziyan Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2, həmçinin digər etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 07 may 2025-ci il tarixli 2(066)-313/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 oktyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. BB seriyalı 329567 nömrəli nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Sprinter” markalı **-HZ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X3r;

2. Gəncə şəhəri ASAN xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ƏN-Vİ seriyalı 806551 nömrəli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X1 Nicat Adil oğluna “X9” yük markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2033-cü il tarixədək idarə etmək səlahiyyətini etibar etmişdir;

3. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:00-da Bakı-Qazax yolunun 374 kilometrliyində X2 Araz Həsən oğluna məxsus “VAZ 2107” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində İddiaçı idarə etdiyi “X9” yük markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi əzilmişdir, nəqliyyat vasitəsindəki 270 qutu üzüm əzilmişdir;

4. TP seriyalı ******* nömrəli qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:00 da Cavabdeh “VAZ 2107” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir;

5. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “X9” yük markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği görüləcək işlərlə birlikdə 4550 manat məbləğdə müəyyən edilmişdir;

6. xx.xx.2025-ci il tarixli sığorta aktının surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “X9” yük markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı 4550 manat zərərçəkmiş şəxs İddiaçı hesabına köçürülmüşdür;

7. xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən 4550 manat sığorta ödənişi İddiaçı hesabına köçürülmüşdür;

8. “Avtomotoservis və Ticarət” Gəncə müəssisəsinin 03 sentyabr 2024-cü il tarixli, rəyində qeyd edilmişdir ki, qəzaya uğramış “X9” yük markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər sərbəst satış bazar qiymətləri ilə hesablanaraq cəmi 5953 manat məbləğində müəyyən edilmişdir;

9. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 165 nömrəli sorğuya cavab məktubundan görünür ki, ticarət bazarında satışa çıxarılan merlot sortu üzümün kiloqramı 1 manat, redblok sortu üzümün bir kiloqramı 1,5 manat, tayfu sortu üzümün bir kiloqramı 1,2 manat təşkil edir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtonəqliyyat qəza hadisəsi nəticəsində dəymiş zərərin əvəzi olan 4250 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə idarə etdiyi “VAZ 2107” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Göygöl rayon ərazisində yol hərəkət qaydalarını pozması nəticəsində onun idarə etdiyi “Mercedes Sprinter” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə qəza törətmişdir. Cavabdeh idarə etdiyi “VAZ 2107” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yol hərəkət qaydalarını pozduğuna görə AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati məhsuliyyətinə cəlb edilmişdir. Qəza nəticəsində onun idarə etdiyi “Mercedes Sprinter” markalı **-HZ-*** dövlət qeydiyyatlı nişanlı avtomaşına və avtomaşında olan meyvə məsuluna (üzüm) zərər dəymişdir. Onun idarə etdiyi “Mercedes Sprinter” markalı **-HZ-*** dövlət qeydiyyatlı nişanlı avtomaşına dəyən zərərin bir qismi sğorta şirkəti tərəfindən ödənilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixində o, avtomaşınla 3500 (üç min beş yüz ) kq üzüm məsulunu Gəncə şəhərinə aparmışdır. Qeyd etdiyi 3500 (üç min beş yüz ) kq üzüm məhsulunun 1700 (min yeddi yüz) kq-ı məhv olduğu üçün atılmışdır. O, cavabdehdən dəfələrlə 3500 (üç min beş yüz ) kq üzüm məsulunun 1700 (min yeddi yüz) kq-ı məhv olduğu üçün bazar qiymətinə uyğun 1 (bir) kq 2.50 (iki manat əlli qəpik) manat olmaqla cəmi 4250 (dörd min iki yüz əlli) manat dəyərinin ödənilməsini tələb etsə də, cavabdeh üzüm meyvəsi məhsuluna vurduğu zərərinin əvəzini ödəməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

12. İddiaçı iddianın həcminin artırılması barədə ərizə verərək iddia ərizəsində avtomaşınına dəymiş zərəri qeyd etmədiyini, həmin zərərlə bağlı cavabdeh tərəfindən ona bu günədək heç bir ödəniş olunmadığını, həmin ziyanın məbləğinin 1700 manat təşkil etdiyini bildirərək hazırkı dəymiş ziyanla bağlı iddia ərizəsinin həcminin artırılmasının nəzərə alınmasını xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən cavabdeh X8 izahatında göstərmişdir ki, yol nəqliyyat hadisəsi sentyabr ayının 2-si günü baş vermiş, hadisə nəticəsində onun ayağı əzilmiş, qulağının arxası zədələnmişdir. Hadisədən sonra analiz verilməsi ilə bağlı narkoloji xəstəxanaya aparılmış və beləcə hərə bir tərəfə dağılmışdır. Hadisə nəticəsində ayağının şişməsi səbəbindən yeriyə bilməmiş, 3-4 gün evdə qalmışdır. Həmin ərəfədə hadisə ilə bağlı heç bir səs-soraq çıxmamışdır. Aradan xeyli müddət keçəndən sonra yanvar ayının 14-ü günü məhkəmə bildirişi ilə tanış olmuş və hazırkı iddia ilə bağlı barəsində məhkəməyə müraciət olunması barədə xəbərdar olmuşdur. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəf sığorta şirkətinin vermiş olduğu məbləğlə razılaşmasa belə sığorta şirkəti rəsmi şəkildə avtomobilə dəymiş zərəri 4550 manat məbləğində müəyyənləşdirmişdir. Həmçinin iddiaçı qəza nəticəsində avtomobilində olan üzümə zərər dəydiyini bildirsə də, hadisə baş verəndən sonra saat bir radələrində o, həmin yoldan keçən zaman yol kənarında bir üzüm yeşiyi belə görməmiş, hadisə yerində olan tanışları üzüm yeşiklərinin başqa avtomobilə yığılaraq təyinatı üzrə daşındığını ona bildirmişlər. Həmçinin iddiaçı hadisə sonrası zəng edib malına dəymiş zərəri görməsi üçün onu dəvət edib həmin zərərlə bağlı ödənişi tələb etsə, o, həmin ödənişi etməkdən imtina edəcəyi halda, bununla bağlı məhkəməyə müraciət edə bilərdi, lakin iddiaçı bunların heç birini etməmiş, aradan xeyli vaxt keçəndən sonra hadisə nəticəsində malına dəymiş zərərlə bağlı onun barəsində məhkəmədə iddia qaldırmışdır. Bununla belə iddiaçıya köməklik məqsədilə 1000 (min) manat pul verə biləcəyini bildirmişdir. Əlavə olaraq maddi vəziyyətinin çətin olduğunu, atasına məxsus “VAZ 2107” markalı nəqliyyat vasitəsilə günlük qazanca işlədiyini bildirərək iddiaçıya dəymiş zərərlə bağlı köməklik məqsədilə, iddiaçı ilə aralarında olan məsələnin sülh yolu ilə yekunlaşması üçün 1000 manat məbləğində köməklik göstərə biləcəyini bildirərək, iddiaçının 1000 manat məbləğində sülh təklifi ilə razılaşmasını, razılaşmayacağı halda iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

14. Göygöl Rayon Məhkəməsinin 07 may 2025-ci il tarixli 2(066)-313/2025 nömrəli qətnaməsi ilə (hakim Rəşad Mustafayev) İddiaçı Cavabdeh qarşı “avtonəqliyyat qəza hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi; Məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi mövqeyini “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.15 və 14.3.2.2-ci maddələrinə, “İcbari sığortalar haqqında” Qanunun 13.1, 13.2, 13.5, 15.1, 15.2, 15.3, 15.3.1, 15.3.2, 15.3.3, 15.3.4, 16.2, 16.3, 16.4, 20.3, 20.4, 20.5, 20.6 və 20.7-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 2.1, 4.1, 9.1, 9.3, 14.2, 76.1, 76.2, 77.1, 88, 217.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, X13nin tərtib etdiyi sənəddən 270 qutu üzüm əzilərək yararsız vəziyyətə düşdüyü görünür. Elektron qaimə fakturadan da görünür ki, üzüm məhsulun satışı baş tutmuşdur. Həmçinin “Avtomotoservis və Ticarət” Gəncə müəssisə tərəfindən verilmiş akt-rəydən görünür ki, 5953 manat ona ziyan dəymişdir. Eyni zamanda, iş üzrə şahidlərin dindirilməsi baş tutmamışdır. Hadisə ilə bağlı müvafiq orqanların araşdırılması olmuş və avtonəqliyyat hadisəsinin olması və dəymiş ziyan işin mübahisəsiz halıdır. Cavabdeh tərəfin məhkəmədə izahatında həqiqətən də hadisə zamanı iddiaçıya aid olan üzüm yeşiklərinə ziyan dəyməsi faktını qəbul etmiş, çünki bildirmişdir ki, tanışlarının dediyinə görə üzüm yeşikləri yoldan yığışdırılmışdır. Necə ola bilər ki, üzüm yeşikləri yolda səpələnsin zərər görməsin. Üzüm özlüyündə çox həssas bir giləmeyvədir və əzildikdən sonra necə təyinatı üzrə istifadə oluna bilər. Həm də cavabdeh tanışları necə müəyyən etdilər ki, həmin məhsul təyinatı üzrə daşınıb. Bu kimi halların tam araşdırılmasına ehtiyac vardır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Əvvəlki məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı başqasına məxsus avtomobili etibarnamə əsasında idarə edərkən avtonəqliyyat hadisəsi baş verib və nəticədə avtomobilə və avtomobildə olan yükə ziyan dəyib. Avtomobil başqasının olsa da, avtomobildə olan mal, yəni üzüm iddiaçıya məxsus olub. Qəza zamanı üzümlər yerə tökülüb, bir hissəsi məhv olub, satışa çıxara bilməyib. Bu halı şahidlər də təsdiq edə bilərlər. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, üzüm qutularının sayı barədə polis idarəsində qeydiyyat aparılsa da, üzümlərin çəkisi, qiyməti barədə məlumat qeyd olunmayıb. Şərait yaradılarsa bu barədə sübutları təqdim edə bilər. İddiaçının dediyinə görə avtomobildə olan ümumi çəkisi 3500 kq olan üzümdən 1700 kq hissəsi yararsız olub. Yəni, həmin üzümləri sata bilməyiblər. İddiaçının bildirdiklərinə əsasən həmin vaxt üzümün bir kiloqramının qiyməti 2.50 manat olub.

20. Hazırkı məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, yol nəqliyyat hadisəsi zamanı yük avtomobilində 270 qutu üzüm olmuşdur. Hər qutu isə təqribən 10-12 kiloqram civarında olur. Avtomobildə 3 növ – merlot, redblok və tayfu sortu üzüm olmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində 1700 kq üzüm məhv olmuşdur. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

21. Hazırkı məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, yol nəqliyyat hadisəsi zamanı iddiaçının idarə etdiyi yük avtomobilində 700 kiloqram merlot, 400 kiloqram redblok, 600 kiloqram isə tayfu sortu üzüm olmuşdur. Baş vermiş hadisə ilə bağlı X13 şöbəsi tərəfindən tərtib edilmiş forma 4 sənədində yük avtomobilindəki 270 qutu üzümün xarab olduğu göstərilmişdir. Onlar dəymiş ziyan olaraq 1700 kiloqram üzümün dəyərini və avtomobilə dəymiş ziyana görə 1700 manat tələb edirlər. Çünki, sığorta şirkəti tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq 4550 manat ödəniş edilsə də, lakin qiymətləndirmə aktında dəymiş ziyan məbləği 5953 manat müəyyən edilmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

22. Hazırkı məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdiyini və nümayəndəsi olduğu şəxsin verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

27. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu

29. Maddə 1.1.15. sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir; 1.1.21. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

30. Maddə 14.3.2.2. avtomobil nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələrinin sığortası əmlak sığortasına aiddir;

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu

31. Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.

32. Maddə 13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır.

33. Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır.

34. Maddə 20.5. Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur.

35. Maddə 24.1.4. Zərərçəkənin müvafiq hallarda, o cümlədən sağlamlığa və (və ya) əmlaka dəyən zərərin sığortaçı tərəfindən müəyyənləşdirilmiş həcmi ilə razılaşmadıqda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq müstəqil ekspertin təyin edilməsini tələb etmək hüququ vardır.

36. Maddə 24.1.6. Zərərçəkənin sığortaçının sığorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda Mərkəzi Banka və məhkəməyə şikayət etmək hüququ vardır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 37 Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

43. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

44. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

45. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

Apellyasiya baxışının hədləri

46. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, dəymiş maddi ziyanın əvəzi olaraq 2020 manat, iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 40,2 manat, cəmi 2060,2 manat Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

50. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, “Mercedes Sprinter” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X3r. Həmin avtomobilə dair mülkiyyətçi X7 tərəfindən İddiaçı xx.xx.2033cü il tarixədək idarə etmək səlahiyyəti etibar edilmişdir. Bununla belə, “Mercedes Sprinter” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" ASC-də mülki məsuliyyətin icbari sığorta növü üzrə sığortalanmışdır. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni xx.xx.2024-cü il tarixdə saat 22:00-da Bakı-Qazax yolunun 374 kilometrliyində Cavabdeh idarə etdiyi “VAZ 2107” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı idarə etdiyi “Mercedes Sprinter” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə İddiaçı idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir (yol nəqliyyat hadisəsi zamanı avtomobildə 270 qutu üzüm mövcud olmuşdur, hadisə nəticəsində meyvələrin bir qismi yararsız hala düşmüşdür). Yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılmış və Cavabdeh hadisənin baş verməsində təqsirli bilinərək İXM-nin 327.1-ci maddəsilə hüquqi məsuliyyətə cəlb edilmişdir. Hadisə ilə əlaqədar sığortaçı "xxxx" ASC tərəfindən zərərçəkmiş İddiaçı hesabına 4550 manat sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı yol nəqliyyat hadisəsi nəticəsində avtomobilinə dəymiş ziyanın daha yüksək məbləğdə olduğunu və avtomobildə olan üzüm məhsulunun da yararsız vəziyyətədə düşdüyünü əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

51. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin onun avtomobilinə sığorta məbləğindən daha çox zərər vurulmasını və həmin avtomobildə üzüm məhsuluna zərər vurulmasını iddia etsə də məhkəməyə iddia tələbini təsdiq edəcək sübutları təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin bu hallarla bağlı mövqeyi qətidir. Belə ki, həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla Cavabdeh İddiaçı avtomobilinə sığorta məbləğindən daha çox zərər vurulması və həmçinin üzüm məhsuluna zərər vurulması faktı öz təsdiqini tapmamış, iddiaçı tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin avtonəqliyyat hadisə barədə "xxxx" ASC-dən götürülmüş sənədlərdə “X9” yük markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği görüləcək işlərlə birlikdə 4550 manat məbləğində zərər vurulduğu müyyən edilməsinə baxmayaraq, avtomobilə daha çox zərər vurulması və avtomobildə üzüm məhsuluna zərər yetirilməsi müəyyən edilməmişdir.

52. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

53. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İrəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir.

54. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə tələb maddi ziyanın əvəzinin ödənilməsi barədədir və iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin mülki hüquq pozuntusu (delikt) məsuliyyəti və zərərin əvəzinin ödənilməsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.

55. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

56. Mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

57. Nəzərə alınmalıdır ki, MPM-in 81-ci maddəsinə müvafiq olaraq qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

58. Bu mənada, konkret şəxsin, o cümlədən, cavabdehin hər hansı hüquq pozuntusuna görə təqsirli olması yalnız səlahiyyətli orqanın qanunvericiliyin tələbinə uyğun qəbul etdiyi müvafiq qərarla təsdiq oluna bilər.

59. Bu aspektdə araşdırma aparıldıqda müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı dövlət yol polis şöbəsi tərəfindən araşdırma aparılmış və Cavabdeh hadisənin baş verməsində təqsirli bilinərək İXM-nin 327.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilmişdir.

60. Bu halda, yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın əvəzinin ödənilməsi öhdəliyi yüksək təhlükə mənbəyi olan “VAZ 2107” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş Cavabdeh üzərinə düşür.

61. Artıq, növbəti araşdırılmalı məsələ - sözügeədən yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş ziyanın olub-olmamasıdır.

62. Kollegiya ilk növbədə hadisə nəticəsində avtomobilə dəymiş ziyanla bağlı qeyd edir ki, işin müəyyən olunmuş faktiki hallarına əsasən “Mercedes Sprinter” markalı **-HZ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəyməsi müəyyən olunsa da, İddiaçı hadisənin baş verməsində təqsirli bilinən Cavabdeh avtomobilə dəymiş ziyan məbləğinin ödənilməsini tələb etməkdə haqlı deyildir; əslində avtomobilə dəymiş ziyan məbləğinin sığorta şirkətinin müəyyənləşdirdiyi məbləğdən daha yüksək məbləğdə olması barədə arqumentləri isə əsassızdır. Ona görə ki, icbari sığorta haqqında qanunvericilikdə zərərçəkənin əmlaka dəyən zərərin sığortaçı tərəfindən müəyyənləşdirilmiş həcmi ilə razılaşmadıqda müstəqil ekspertin təyin edilməsini tələb etmək, habelə zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda Mərkəzi Banka və məhkəməyə şikayət etmək hüquqları təsbit edilmişdir (İcbari sığortalar haqqında Qanunun 24-cü maddəsi).

63. Hazırkı işin hallarından isə görünür ki, yol nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan “VAZ 2107” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də mülki məsuliyyətin icbari sığorta növü üzrə sığortalı olmuşdur. Sığorta şirkəti tərəfindən də İddiaçı idarə etdiyi “Mercedes Sprinter” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın qiymətləndirilməsi aparılmış və ziyan məbləği 4550 manat hesablanaraq zərərçəkən İddiaçı ödənilmişdir. İddiaçı (zərərçəkən) İddiaçı isə sığorta şirkəti tərəfindən hesablanmış sığorta məbləği ilə razılaşaraq sığorta ödənişini qəbul etmişdir. Başqa sözlə, iddiaçı nə sığorta şirkətindən əmlaka dəyən zərərin müəyyənləşdirilməsi üçün müstəqil ekspertin təyin edilməsini tələb etmiş, nə də ki, sığorta ödənişinin məbləği barədə Mərkəzi Banka və məhkəməyə şikayət etməmişdir.

64. Odur ki, sığorta hadisəsi ilə bağlı sığorta şirkəti tərəfindən edilmiş 4550 manat ödənişdən əlavə sığortalının özündən əmlaka dəymiş ziyan məbləğinin tutulması mülki və icbari sığortalar haqqında qanunvericiliyin tələbləri baxımından yolverilən deyildir.

65. Kollegiya bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər (İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqe). Lakin, hazırkı işdə sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği mülki məsuliyyətinin icbari sığorta məbləğindən (5000 manat) az olduğundan iddiaçının (zərərçəkən) cavabdeh qarşısında belə bir hüququ yaranmamışdır.

66. Bundan başqa, İddiaçı yol nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi yük avtomobilindəki üzüm məhsullarına dəymiş ziyanın əvəzinin cavabdeh tərəfindən ona ödənilməsini tələb etməkdə haqlıdır; Belə ki, hadisə ilə əlaqədar dövlət yol polis şöbəsi tərəfindən tərtib edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışda (forma 4) iddiaçıya məxsus nəqliyyat vasitəsindəki 270 qutu üzümün əzildiyi qeyd edilmişdir.

67. İddiaçı tərəf də apellyasiya baxışı zamanı verdiyi izahatında yol nəqliyyat hadisəsi zamanı avtomobildə 270 qutu üzüm olduğunu, hər qutunun təqribən 10-12 kiloqram civarında olduğunu, hadisə nəticəsində əzilmiş (satış üçün yararsız vəziyyətə düşmüş) üzümlərin 700 kiloqram merlot, 400 kiloqram redblok, 600 kiloqram isə tayfu sortu üzüm olduğunu bildirmişdir.

68. Yol nəqliyyat hadisəsi nəticəsində əzilmiş üzüm sortlarının bazar dəyərinin müəyyənləşdirilməsi üçün "xxxx" MMC-yə müvafiq sorğu verilmiş və sorğuya cavab olaraq ticarət bazarında satışa çıxarılan merlot sortu üzümün kiloqramının 1 manat, redblok sortu üzümün bir kiloqramının 1,5 manat, tayfu sortu üzümün bir kiloqramı 1,2 manat təşkil etdiyi məlum olmuşdur.

69. Göstərilən bazar qiymətlərinə uyğun hesablandıqda üzüm məhsullarının əzilməsi (satış üçün yararsız vəziyyətə düşməsi) nəticəsində iddiaçıya dəymiş ziyan məbləği 2020 manat (700 x 1.00=700; 400 x 1,50=600; 600 x 1,20=720, 700+600+720=2020) manat olmuşdur.

70. İddiaçı üzüm məhsullarının əzilməsi nəticəsində ona dəymiş ziyan məbləğinin 4250 manat olduğunu iddia etsə də, lakin ziyan məbləğinin məhz həmin məbləğdə olmasını təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

71. Beləliklə, Cavabdeh İddiaçı üzüm məhsullarının məhv olmasına görə vurduğu maddi ziyanın əvəzi olaraq 2020 (iki min iyirmi) manat ondan alınıb İddiaçı verilməlidir. Birinci instansiya məhkəməsi isə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri ilə bağlı yanlış nəticəyə gələrək iddianı təmin etməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir.

72. Bundan əlavə, iddia ərizəsi verilməsi üçün iddiaçı tərəfindən 72 manat dövlət rüsumu ödənilmişdir. Kollegiyanın qənaətinə görə, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40,2 (qırx manat iyirmi qəpik) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan məbləğdə dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

73. Məhkəmə kollegiyası həmçinin izah edir ki, MPM-nin 403-cü maddəsinin tələbləri nəzərə alınmaqla qətnamənin iddiaçı tərəfindən mübahisələndirilə biləcək hissəsi üzrə iddianın qiyməti 3930, cavabdeh tərəfindən mübahisələndirilə biləcək hissəsi üzrə isə iddianın qiyməti 2020 (iki min iyirmi) manatdır ki, bu hissələrdə iddianın qiyməti MPM-nin 402-ci maddəsində nəzərdə tutulmuş (5000 manat) iddia qiymətindən az olduğuna görə qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.

74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 07 may 2025-ci il tarixli 2(066)-313/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Dəymiş maddi ziyanın əvəzi olaraq 2020 (iki min iyirmi) manat, iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 40,2 (qırx manat iyirmi qəpik) manat, cəmi 2060,2 (iki min altmış manat iyirmi qəpik) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar